post-title

Nərmin Kamal - Torpaq

Hekayə

Birinci dəfə yoqaya gedəndə hindistanlı kirayənişin dedi “Getmə, o əsl yoqa deyil”. Raceş bizim həyətə hələ təzə köçmüşdü, Nataşanı, məni yaxşı tanımırdı, hələ bilmirdi ki, bizə heç əsil yoqa gərək deyil.

Yoqa salonu düz bizim “Obşiy dvor”da açılmışdı. Qapısının üzərində neon lampa yanıb sönürdü: “Yoqa. Bədəniniz və ruhunuz üçün xoşbəxtlik. İlk gün pulsuz.” İçəri gün ərzində cürbəcür sarışın, qaraşın qızlar girib-çıxırdılar. Nataşayla həyətdə gəzib dolaşanda görürdük kimsə pilləkənlə qalxır yuxarı, qapını arxasınca örtür. Gün ərzində yeddi qız, on qız... Hələ bir qara çarşablı qadın da gəlirdi. Nahardan sonra kandarda oturub çənə vuran həyət arvadları yalan-doğru deyirdilər ki, bu qadının şəhərin başqa yerində öz yoqa salonu var. Amma könlü yoqa istəyəndə öz halal salonuna getmir, deyir “mən işçilərimin yanında yoqayla məşğul olmaram”.

Nataşa da deyirdi, özüm də belə fikirləşirdim ki, pis yer olsaydı çox adam gəlməzdi bura. Əgər onlar uzaqlardan durub gəlirdilərsə, burdan-bura biz niyə getməyəydik. Raceşə qulaq asmadım, şənbə günü Nataşayla ora yollandım.

***

Kimin ağlına gələrdi? Nə mənim, nə Nataşanın. O gün orda Qaçqın məhləsinin arvadlarını görəcəyimiz ağlımızın ucundan da keçməzdi. Onları mavi yoqa xalılarının üzərində farağat dayanmış görəndə elə şaqqanaq çəkdik ki, sanki kibrit çöpüylə kibrit qutusunu qəfil bir-birinə çəkdilər. Onlar dönüb bizə, sakitliyi pozan iki avara uzunburun qıza baxdılar. İxtiyar əllərində olsa gah bunun, gah onun, indi də Qaçqın məhləsinin ən fağırı Toma xalanın oğlanlarını damda quşbaz Balarza əminin göyərçinlərinin gözü qabağında yoldan çıxaran Nataşanı it kimi qovardılar burdan. Qaçqın məhləsində ən birinci qapıda yaşayan Şərqiyə xala bizə elə baxdı ki, həyətinə düşən topumuzu bıçaqla cırıq-cırıq edəndə elə baxırdı. Bəlkə doğrudan da müharibədən sonra onlara yoqa lazım idi. Amma bizim də xoşbəxtlik, dinclik söz verənlərə inanmağa haqqımız vardı. Lap yalan vəd idisə də, bu cırhacırda məhəllədə veyllənməkdənsə burda veyllənmək yaxşı olardı. Yoqa müəllimi, adını sonralar öyrənəcəyim İrina bizə arxa cərgədə yer elədi və yalnız bu vaxt hər xalının yanında yerə qoyulmuş belləri gördüm.

***

“İndi isə bir səyahətə çıxacağıq” - İrina görünür bizdən əvvəl də nəqədərsə danışıbmış və indi davam edirdi. “Gözlə görünməyən, yalnız hiss edəcəyimiz bir səyahətə. Gəlin bellərimizi götürək və gözlərimizi yumaq” – o, Qafqaz məclislərinin tamadaları tost deyər kimi dedi, özü də əyilib döşəmədən belini götürdü, gözlərini yumdu:

“Elə bilin ki, həyatınızı ortadan iki yerə bölürsünüz. Sol tərəf keçmişinizdir, sağ tərəf gələcəyiniz. Fikrən sola doğru gedin. Orda çoxlu pis hadisələr olub. Çox pis hadisələr. Onların olduğu yerlər qara kölgələrdir. Onların olduğu yerlər qaranlıq çuxurlardır. O çuxurların dibindən zülmət püskürür. Hər dəfə keçmişə baxanda zülmət sizi bürüyəcək. Bellə torpaq götürün və çuxuru örtün. Dolana kimi torpaqlayın. Torpaqladınızmı, üstünü hamarlayın. Üzərinə yaşıl gözəl bir ağac əkin.” - İrina bunu deyib beli qarşısında havaya sancdı, guya torpaq götürdü və guya torpağı beldən boşaltdı.

Görəsən, arvadlar da gözlərini yumublarmı, bunu bilmirdim, çünki hamıdan arxada dayanmışdım. Özüm gözlərimi yummaq istəmirdim, cin kimiydim. Heç otaqda səslənən ecazkar hind musiqisi də məni xumarlatmağa qadir deyildi. Qaçqın məhləsinin güllü xalatlı arvadları olan yerdəsə gözləri yummaq heç mümkün olası iş deyil, gənc qəlbim elə hey onlara tamaşa edib

Nataşayla baxışmaq, gülüşmək istəyirdi. Məndən üç addım aralı dayanmış Nataşaya baxdım. Gözlərini yummuşdu. İndi yəqin ki, sola doğru getməkdədir. Necə belə tez yumdu gözlərini, necə belə tez getdi gözəgörünməz aləmə. Nataşa tək burda yox, hər şeydə məndən fərqlidir, sanki hərəmiz öz irqimizi təmsil edirik. O vaxt Uşaq evindəsə deyirdilər ki, guya bizi bura iki bacı təhvil verib. Biz hələ körpə olanda. Əgər analarımız bacı olubsa, belə çıxır ki, biz xalaqızıyıq. Bir cəhd də etdim. Gözlərimi yumdum. Xeyli belə dayandım. Gördüyüm yalnız göz qapaqlarımın içi, qırmızımtıl pərdə, uçuşan dairəciklər oldu. Gözlərimi açdım, zalda həmin mənzərəydi. Uzun ağ pərdələrdən gah biri, gah da o biri küləkdən hamilə qalır, qarnı şişdikcə şişir, qəfil külək balasından azad olur, sustalıb sallanırdı. Arvadlar da, Nataşa da dayandıqları yerdə bellərini ayaqlarından bir az aralı havaya sancır, havadan torpaq götürürmüş kimi edib xəyali çuxura boşaldırdılar. Getdikcə cəld tərpənirdilər, belləri qaldırır, salırdılar, nəfəsləri təngiyirdi. Onlar öz çuxurlarını doldururlar, təkcə mən baxa-baxa qalmışam. Məndə niyə alınmır? Məgər mənim çuxurlarım yoxdurmu? Əlbəttə, var. Lap yarğanlarım var. Amma nə olsun!

***

Nataşa, indi sən haradasan? Hansı çuxuru yamayırsan? Çox uzaq keçmişəmi getmisən, yoxsa yaxın keçmişə? Uzaq keçmişdirsə, bəlkə də Yaponiyadasan. Yadına gəlir, bir dəfə mənə dedin ki, sevişəndə qorxuram arxadan kimsə kürəyimə bıçaq saplayacaq. Demişdin, keçmiş ömrümdə yapon olmuşam, Yaponiyada müəllimə olmuşam, məni bıçaqlayıb öldürüblər. Hansısa jurnalın arxasındakı cədvəllə hesablamışdın keçmiş həyatını. Ay səni, Nataşa. Yapon Nataşa. Hesablamaqla bilinsəydi nə vardı ki. O qədər uzaqlaramı getmisən indi, görəsən? Yoxsa yaxına, yaxın keçmişə, burdan bura, bizim uşaq evinə? Bəlkə orda bizim bufetçini, tərbiyəçini, Kira ananı torpaqlayırsan indi. Mənim də əvəzimə torpaq at...

***

Qaçqınlar da işləyirlər, əcəb təpərlə qaldırırlar bellərini, havaya batırırlar, torpaq götürürlər, torpaq boşaldırlar. Mən də onlar kimi gözlərimi yuma, sol tərəfə gedə bilsəydim, ən birinci keçən yay gözəllik müsabiqəsinin axırında başıma gələnləri basdırardım.

Yayın əvvəli Qızıl Xaçdan iki qız gəldi, Qaçqın məhləsinin yerini soruşdular və gedib orda belə sözlər danışdılar: “Problemləri üzrə beynəlxalq fondu... Nazirliyi ilə birgə və... Nazirliyinin dəstəyi ilə... Respublikanın şəhər və rayonlarında qaçqınların və məcburi köçkünlərin... nəzərə alınaraq... sağlam həyat tərzinin təbliği, qadınların ruhi müvazinətinin qorunması... qarşı mübarizənin gücləndirilməsi... depressiyanın profilaktikası... məqsədilə böyük layihələr... gözəllik müsabiqəsi... silsilə tədbirlər... İştirakçılara hədiyyələr...”

Səhərlər qaçqın məhləsinin xoxmaç arvadları, üç-beş uşaqlı analar, gonbullar, arıqlar, hündürlər, balacalar bellərini əyib yeri süpürürdülər, axşamsa dikdaban ayaqqabılarda çıxıb podiumda gəzən gözəllər kimi ortalıqda yeriyirdilər. Bizim həyətdəkilər evlərindəki stulları, taburetləri aparıb orda tamaşaçılar üçün düzmüşdülər, itib-batmasın deyə stulların altına öz adlarının baş hərflərini yazmışdılar: S., Z., T. Bizim kimi həmişə darıxanlar gedib o stullarda oturur, arvadların çıxardığı oyunlara tamaşa edir, alqışlayırdılar. Gözəllərdən və mahnılardan başqa hər şey doğruçu müsabiqələrdə olduğu kimiydi.

Mənim adım Naxış bacıdı,

Qarabağlı Naxış bacı

Çəmənlərdə sürüm vardı,

İtdi sürüm, yalqız qaldım

İtdi sürüm, yalqız qaldım...

İndi derlər, dur rəqs elə,

Bacarmıram, bacarmıram

Üz vururlar dur rəqs elə,

Öyrənərəm, öyrənərəm…

Nağara, tütək, saz gətir,

Oynayaram, oynayıram

Çiyinlərindən çəpəki lent asılmış arvadlar oxuyub oynayırdılar. Bir gün ən gözəl rəqs, o biri gün ən gözəl mahnı, başqa gün ən gözəl saç yarışı olurdu. Nataşayla nə qədər gülürdük. Toma xala “arsız yetimlər” deyirdi bizə. Fira xala deyirdi elə demə, günahdı. Bir dəfə mənim qolumun altını arı sancmışdı, Fira xala evindən qatıq gətirib qolumun altına sürtdü. Kaş ki, o, qalib olardı, amma müsabiqə qurtarmadı. Bilinmədi ən gözəl kimdir. Bizim məhlədən Anuş xala gözəllik yarışına çıxan arvadlara paltarlar tikirdi.

Bir axşam Anuş xala onları evinə yığdı. Gördük hamı ora gedir, biz də getdik. Anuş xalanın qonaq otağında bir dənə də əşya yox idi, nə televizor, nə də Allahın bir divanı. İki üzbəüz divara mıx vurulmuşdu. Mıxdan mıxa otağın ortasıyla uzun bir kəndir çəkilmişdi. Kəndirin belinə Anna xalanın iri dərzi qayçısıyla kəsdiyi çoxlu-çoxlu yarımçıq paltarlar üst-üstdən salınmışdı. Birinin qolları, o birinin boynu kəsik paltarlar.

Qucaq-qucaq paltarlar. Anuş xala dedi ki, səhər tezdən buralardan gedir, ara sakitləşəndən sonra qayıdacaq. Heç kəs öz yarımçıq paltarını götürmədi. O da, arvadlar da elə bilirdilər ki, üç-beş həftəyə Anuş xala öz evinə qayıdacaq. Arvadlar gözəllik müsabiqəsində geyəcəkləri yarımçıq əlvan, zərli paltarları əyinlərinə tutub güzgüləndilər və onları yenə ipin üstünə qoydular. Onlar danışdıqca mən əllərimi paltarların üzərindəki parlaq biserlərə sürtürdüm, gözlərim xumarlanırdı. Onda zərrə boyda bənövşəyi biser məni xoşbəxt edə bilirdi, indisə yoqanın da gücü çatmır.

O gün Nataşayla gəzməkdən qayıdanda gördük Qaçqın məhləsində təcili yardım maşınları. Arvadlar bir-birinə xəbər verirdilər ki, Fira xalanın balaca oğlu Firuz küçədən tapdığı təlim qumbarasını oynadanda “mükəvva qapağını bir az, bir cıqqılı” aralaya bilib. Qonşular S., Z., T. həyətə düzdükləri stulları tələsik evlərinə daşıyırdılar. Firuz parça-parça olub divarlara, dama yapışmışdı. Çilçıraq çiliklənib döşəməyə səpilmiş, pəncərələr sınmışdı. Fira xala elə çığırırdı ki, Balarza əminin uçub getmiş göyərçinləri partlayışdan sonra da qayıda bilmirdilər.

Səhəri gün yük yenə bizə düşdü. Fira xala Nataşayla mənim hərəmizə üç manat verdi ki, damı, divarları təmizləyək. Divarlardan, damdan Firuzun hansı nahiyəsi olduğu bilinməyən qanlı parçalarını silib qurtara bilmirdik. Sonradan dedilər ki, silib təmizlədiyimiz tək Firuz deyilmiş, həm də onun balaca bacısı imiş. Elə mən də şübhələnmişdim ki, bir uşaq o qədər olmaz. Ortası pavidlalı biskvitlər, qazlı sular, İran saqqızları aldıq. Pul yuxuda gələn nemət kimi bir göz qırpımında sovruldu, qanlı ət parçalarının iyi əllərimdən indi də getməyib. Elə vaxtda kimin yadına düşərdi gözəllik müsabiqəsi. Qızıl Xaç könüllüləri yenə gəldilər, qadınlara şirəçəkən maşınlar paylayıb birdəfəlik getdilər. Bəlkə də Fira xala indi o günü torpaqlayır. Əgər müharibədən də əvvəlki həyatını torpaqlayırsa, onu bilmərəm. Yəqin orda da pis günləri olub. İrina demiş, qaranlıq çuxurlar. Nə çox çuxur.

İrinanın öz çuxurları da olmamış olmaz. O ki belə ürəklə torpaqlayır. Raceş deyirdi ki, o, əsl yoqa müəllimi deyil. Əsl yoqa müəllimi ət yeməz, içki içməz, qəşəng pal-paltar geyməz. Əsl yoqa müəllimi sadə yaşayar, hamıdan sadə. İrina isə hər gün işə çox qəşəng paltarlar geyib gəlirdi. Gözlərim onun ətli qolunda nəlbəki boyda üç peyvənd izinə sataşdı. Sanki uşaq vaxtı təkcə İrinanı qorumaq üçün vurulmamışdı bu peyvəndlər, təkcə qızılçaya, tauna qarşı deyildilər, bizi də qoruyacaqdılar, tək xəstəliklərdən yox, hər şeydən, hər mümkün bəladan, hər mümkün müsibətdən. Gözlərimi yumdum...

***

Gördüm uşaq evindəyəm. Axşamdır, qəmli bir axşam. Burdan çıxacağım günləri sayıram. On altı yaşım nə vaxt olacaq. Birdən uşaqlar arasında çaxnaşma düşür. “Uçan boşqab, uçan boşqab!”. Səs gələn tərəfə yüyürürəm. Elədir ki, var. Pəncərənin qarşısında havada uçan boşqabdır. Balacalar qorxub ağlayırlar, böyüklərsə qollarını ona tərəf uzadırlar: “Məni apar, məni apar” - çığırışıb uçan boşqaba yalvarırlar. Mən də qollarımı irəli uzadıram: “Məni apar burdan, məni!” Birdən Kira ana gəlib işığı söndürür. Uçan boşqab yox olur. Kira ana işığı yandırır, uçan boşqab yenə peyda olur. “Ay sarsaqlar!” - Kira ana deyir, “O uçan boşqab deyil, çilçırağın pəncərədə əksidir”.

Bellə torpaq götürürəm və uçan boşqabın üstünə atıram. Yenə torpaq götürürəm, Kira ananın üstünə atıram. O, sakit durub üzümə baxır. Bir də götürüb atıram. O boyda Kira ananı necə asan torpaqlayıram. Torpaqdan götürüb kim qarşıma çıxsa üstünə atıram, uşaqların üstünə, müəllimlərin üstünə. Birdən görürəm Nataşa. Görürəm, o da əlində bel uşaq evini torpaqlayır. Alnından tər axır. Biz bir-birimizə heyrətlə baxırıq. Dinmədən, danışmadan, bir-birimizdən başqa bu evdə hər nə varsa torpaqlayırıq. Üstünü qollarımızla hamarlayırıq. Üzərində yasəmən əkirik uşaq evinin. Bir ağac bəs etmir, söyüd əkirik, palıd əkirik, akasiya əkirik. Bağ salırıq. Öz bağımızda ağacların kölgəsində gəzməyə çıxırıq. Bizim bağımızdan başqalarının da ağacları görünür. Fira xalanın ağacları, Toma xalanın ağacları, Şərqiyə xalanın ağacları. Bizim də üstümüzə qum dənəcikləri uçuşur. Məni də, Nataşanı da torpaqlayır kimsə. Bu vaxt İrinanın səsi gəlir. İrinanı da burada görəcəyimi sanıb ağacların arasına baxınıram. Pərdələrin sürtünən təkərciklərinin səsinə gözlərim açılır. Görürəm, hamı dönüb yan-yörəsinə baxır. Bellərimizi döşəməyə qoyuruq, alnımızın tərini silirik. İrina pərdələri açır:

- İndi isə səmaya baxın, elə bilin ki, səmada iri şəffaf şarlar süzür. Şarlar asta-asta sizə tərəf enir, yaxınlaşır, yaxınlaşır, hərəniz onlardan birinin içinə girirsiniz. Şar sizi içinə alır. Burda da, burdan gedəndə də şar üstünüzdə qalır. Şarın içində qalın, şarın içində yaşayın. O şar sizi qoruyacaq.

***

Hərəmiz bir böyük şarın içində zaldan çıxırıq. Dəhlizdə, pilləkənlə həyətə enərkən şarlarımız bir-biriylə toqquşur, hoppanıb düşür. Nataşayla mən şarlarımızın içindən donuq gözlərlə bir-birimizə baxırıq. Gözlərimizi başqalarından qaçıraraq həyətə çıxırıq. Şarlarımızın içində şəhərin içərilərinə səpələnirik. Mən də dar ara küçələrlə, şarım şəhər divarlarına toxunub atıla-atıla bulvara tərəf gedirəm.

Kultura.az
Yuxarı