post-title

Jose Saramago: Ədalətdən Demokratiyaya




Bundan dörd əsr əvvəl Florensiyanın bir kəndində yaşanmış maraqlı bir hadisəni sizə üç-beş sözlə təsvir edərək söhbətə başlayacağam. İcazənizlə, bütün diqqətinizi bu önəmli tarixi hadisəyə çəkmək istəyirəm, zira, alışdığımızın əksinə, bu hadisədən dərs çıxarmaq üçün hekayənin sonunu gözləməyə gərək yoxdur; ideya özünü tez bir zamanda aşkara çıxarır.

Kənd sakinlərinin bəzisi evindəydi, digərləri tarlada çalışırdı, hamısı öz işinə dalmışdı ki, qəfildən kilsənin zəngi eşidildi. Həmin dindar dönəmlərdə (16-cı əsrdə baş verən bir hadisədən söhbət açırıq) kilsə zəngləri gün ərzində bir neçə dəfə çalardı, bunda təəccüblü heç nə yox idi. Ancaq bu dəfə yas zəngiydi, qəmgin eşidilirdi və bu təəccüblüydü, çünki kənd insanlarının bildiyi qədər kənddə heç kim ölüm döşəyində deyildi. Qadınlar küçələrə töküldülər, uşaqlar toplaşdılar, adamlar tarlalarını və işlərini boş buraxdılar; bir müddət sonra hamısı kilsənin həyətində toplaşıb, kiminçün ağlayacaqları barədə xəbərdarlığı gözləyirdilər. Zəng bir neçə dəqiqə də çalıb, susdu.

Sonra qapı açıldı və girəcəkdə bir kəndli göründü. Bu adam həmişəki zəngçi olmadığına görə, həmin vəziyyətdə dayanan kəndlilərin, onu gerçək zəngçinin harada olduğu, ölənin kim olduğu barədə sorğu suala tutması təbiiydi. “Zəngçi burada deyil, kilsə zəngini çalan məniydim” deyə kəndli cavab verir. Kənd sakinlərinin israrla soruşduqları “Yaxşı, bəs, ölən kimdir, yoxdumu?” sualına kəndli belə cavab verdi: “Xeyr, adı olan, insan görünüşlü bir kəs üçün deyil, ədalət üçün yas zəngini çaldım, çünki, ölən ədalətdir.”

Nə baş vermişdi? Bölgənin acgöz dərəbəyi (hansısa qraf, ya da markiz) uzun müddətdir ki, torpaqlarının sərhədlərini dəyişdirir və kəndlinin kiçik torpaq parçasının içində irəliləyərək hər dəfə daha bir qismini öz torpaqlarına qatırdı. Məğdur kəndli əvvəlcə etiraz edib haqsızlığa qarşı çıxdı, sonra yalvarıb-yaxardı və nəhayət səlahiyyətli qurumlara şikayət edib ədalətin himayəsini tələb etdi. Heç biri işə yaramadı və soyğun davam etdi.

Buna görə kəndli ümidini itirib ədalətin öldüyünü bütün dünyayi-aləmə (həmişə orada yaşamış bir kəndli üçün öz kəndi dünya qədər böyükdür) bildirməyə qərar verdi.

Kəndli qızğın qəzəbini ifadə edən bu davranışının bəlkə də irq, inanc və ənənə fərqinə baxmadan dünyanın bütün zənglərini hərəkətə keçirəcəyini və istisnasız olaraq bütün zənglərin ədalətin ölümünə tutduğu yasa ortaq olub, ədalət dirilənədək susmayacağını düşünürdü. Evdən evə, kənddən kəndə, şəhərdən şəhərə yayılan, çayların, dənizlərin üzərində səsdən körpülər yaradan bu hay-haray istər-istəməz dünyanı yuxudan oyandıracaqdı... Sonu necə oldu bilmirəm. Sərhəd daşlarını əvvəlki yerinə qaytarmaq üçün xalq kəndlinin yardımına qaçdımı, yoxsa kəndin sakinləri ədalət öldü deyə sadəcə yas tutub, qüssəlli və düşüncəli halda yenidən öz iş-güclərinə qayıtdılarmı, bilmirəm. Ancaq aydın olan budur ki, tarix bizə əsla hər şeyi danışmır...

Dünyanın hər hansı yerində, o zamanadək insan ölümlərini xəbər vermək üçün çalan bir zəng, cansız və tunc gövdəsiylə, sanıram ki, ilk və son dəfə ədalətin ölümünə ağladı. Floransiya kəndinin bu ələmli zəng səsi daha heç vaxt duyulmadı, ancaq ədalət ölməyə davam etdi və hər keçən gün davam etməkdədir. Bu gün, sizinlə söhbət etdiyim bu anda belə, burdan uzaqlarda, ya da elə yaxınlığımızda, evimizin qapısı yanındaca kimsə onu öldürməkdədir.

Teatrvarı qılıqlara bürünən və içiboş mühakimə bəlağətinin çiçəkləriylə bizi sarıb sarmalayan ədalətdən danışmıram. Gözlərinin bağlanmasına və tərəzi gözlərinə hiylə qatılmasına səs çıxarmayan ədalət də deyil haqqında danışdığım. Etdiyi işlərdə ancaq öz xeyrini güdmək üçün ortaya çıxan ədalət duyğusu da bu ədalət anlayışından uzaqdır. Söhbət açdığım duyğu təvazökar ədalətdir, mövcudluğunu hər gün insanla birgə daşıyan, adil sözüylə səsləşən, ruhun xoşbəxtliyi üçün, bədənə ömür boyu gərəkli olan qida qədər vazkeçilməz olmağı bacaran ədalətdir. Qanunların müəyyən etdiyi hər vəziyyətdə, heç şübhəsiz məhkəmə orqanları tərəfindən uyğulanacaq və aktiv bir cəmiyyətin öz bağrında yetişdirdiyi, hər insanın yaşama haqqına hörmət etməyi qaçılmaz bir zəruriyyət kimi öz varlığında daşıyan ədalətdən danışıram.

Ancaq bu zənglər sadəcə ölənlərin arxasınca ağı oxumaq, fəryad qoparmaq üçün çalınmırdı. Gündüzün və gecənin saatlarını bildirmək, insanları şənliyə, ya da ibadətə çağırmaq üçün də çalınırdı. Bizə yaxın dövrlərdə, insanların sel, yanğın kimi fəlakət anlarında, cəmiyyəti təhdid edəcək hər cür bəlaya və təhlükəyə qarşı xəbərdar olmaqdan ötəri siqnal zəngləriylə oyandırıldığı zamanlar da oldu. Dövrümüzdə kilsə zənglərinin ictimai rolu mərasim qaydalarının yerinə yetirilməsiylə məhdudlaşmış vəziyyətdədi və Florensiyalı kəndli eyni parlaq davranışı bu gün həyata keçirsəydi, buna ya dəli çılğınlığı, ya da bəsit bir cinayət gözüylə baxılardı. Ancaq dövrümüzün başqa təbil zəngləri də mövcuddur, bu zənglər, bizim, insanın himayədarı və dostu olan, ruhun xoşbəxtliyini təmin edən ədaləti müdafiə etməyimiz və onun bütün dünyada kök salacağının mümkünlüyünü bizə hiss etdirmək üçün səslənir.

Bu ədalət varlığımıza yerləşib bərqərar olduqda, aclıqdan, yaxud bir kəsin müalicəsinə imkan tapdığı, digərininsə tapmadığı bütün o çarəsi bəlli xəstəliklərdən ölən heç bir kişi olmayacaq. Bu ədalət təmin edildikdə, həyat, bundan belə yer üzündə yaşayan insanların çoxu üçün qorxunc bir məhkumiyyət sayılmayacaq. Hər dəfəsində bütün dünya üzərində güclü əks səda yaradan bu yeni zənglər, bütün insanların “mənim ədalətim” adlandırdığı, azadlığın, hüququn qoruyucusu olan və bu dəyərləri heçə sayanlara əsla qol-qanad açmayan, dağıdıcı və yaradıcı yeni bir ədalətin hakim olması üçün mücadilə edən, müxtəlif ictimai səfərbərlik və dirəniş hərəkatlarıdır.

Məncə, bu ədalətlə bağlı, hər kəsin anlaya biləcəyi, praktik və tətbiq olunası qanun əlimizin altında mövcuddur. Əlli ildir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi içində yer tutan bu qanun otuz təməl haqdan ibarətdir. Bu təməl haqlar günümüzdə xeyli dərəcədə alçaldıldı, görməzdən gəlindi və tapdandı. Florensiyalı kəndlinin mülkiyyət hüququ və azadlığı belə bu dərəcədə xor görülməmişdi. Ancaq yenə də mənə görə, İnsan Hüquqları Bəyannaməsi, bircə vergülü belə dəyişdirilmədən, prinsiplərinin doğruluğu və hədəflərinin aydınlığı baxımından, yerüzündəki bütün siyasi partiya proqramlarının yerini layiqincə tuta bilər.

Xüsusən də sol sifətiylə xatırlanıb tanınan siyasi proqramlar barədə düşünürəm, işləkliyini itirmiş formullar arasında sıxışıb qalıblar, müasir dünyamızın qaba gerçəklərinə qarşı sinə gərməkdə aciz ya da maraqsızdılar; məncə, yüksək idealizmə - düşüncəli və həssas insanlıq şərəfinə qarşı gələcəyin dəzgahında hazırlanan və indidən özünü bəlli edən təhlükələri görməzdən gəlirlər. Siyasi partiyalardan söz açmağıma yol açan səbəbləri tək-tək ölkələrdəki sindikatlar (satış bazarlarına hakim olmaq və ifrat qazanc götürmək üçün sahibkarların inhisarçı birləşmə formalarından biri- tərc.) və dolayısıyla, bütöv şəkildə üzə çıxan beynəlxalq sindikat hərəkatı üçün də sıralaya bilərəm. Bizə qalan üzüyola və burokratlaşmış sindikatçılıq mövcud iqtisadi qloballaşma prosesinin yaratdığı ictmai ətalətdən, istəsə də, istəməsə də məsuliyyət daşıyır. Bunu söyləmək xoşuma gəlmir, ancaq demədən də qala bilmirəm: izninizlə, La Fontenin (fransız yazıçısı) nağıllarından təsirlənərək demək istəyirəm ki, əgər zamanında müdaxilə etməsək, insan haqları siçanı, sonda iqtisadi qloballaşma pişiyi tərəfindən acımasızcasına udulacaq.

Bəs, həmin saf Afinalıların min illik icadı olan demokratiya hansı vəziyyətdədir? Afinalılar üçün demokratiya, o dövrlərin ictimai və siyasi şərtləri çərçivəsində, xalq üçün xalq tərəfindən yönəldilən xalq iqtidarını ifadə edirdi. Xeyirxah niyyəti isbat edilmiş insanların səmimiyyətlə, qeyri-səmimi insanların isə xoş niyyətli görünmək adına irəli sürdükləri bir mülahizəylə tez-tez qarşılaşıram. Bu qənaətə görə, planetimizin bir çox qorxunc təhlükələrlə üz-üzə qaldığı inkaredilməz gerçək olsa da, insan haqlarına tam mənasında ya da ən azından təminedici formada sayğı göstərilməsinə imkan yaratmaq, ancaq ümumi bir demokratik sistem çərçivəsində mümkündür.

Bu çox doğru mülahizədir, ancaq bir şərtlə: əgər halhazırda demokratiya adlandırdığımız dünya düzəni həqiqətən də demokratik keyfiyyətə malikdisə. Fəqət, tam mənasında belə hesab edə bilmərik. Doğrudu, səsvermədə iştirak edə bilirik, seçici yurddaşlar kimi bizə tanınan hakimiyyəti hüquqi yolla davam etdirəcək və partiyalar vasitəsiylə parlamentdə bizi təmsil edəcək insanları seçə bilirik. Əksəriyyətin siyasi birliyi nəticəsində həmişə yeni bir hakimiyyət yaranacağı ehtimalı da doğrudur. Bütün bunlar doğrudur, ancaq demokratik davranış imkanlarının burada başlayıb burada bitdiyi də doğrudur.

Seçici xoşlanmadığı hakimiyyəti başqasıyla əvəzləyə bilər, ancaq seçici səsinin dünyanı, ölkəsini və fərdiyyətini idarə edən yeganə gerçək güc üzərində hər hansı bariz təsir göstərdiyi indiyə qədər görülməyib, görülmür və görülməyəcəkdir. Yeganə gerçək güc deyərkən, təbii ki iqtisadi gücü, xüsusən də, çoxmillətli şirkətlər tərəfindən və demokratiyanın tərif edib izlədiyi ortaq mənfəətimizlə heç bir əlaqəsi olmayan hökmranlıq strategiyalarına görə idarə edilən, sürəkli inkişaf halında olan sektoru nəzərdə tuturam.

Bunun belə olduğunu hamımız bilirik, ancaq dilimiz və ağlımız sanki bu faktları bütün çılpaqlığıyla görməyimizə izn verməyən bir cür avtomata bağlanmış vəziyyətdə bizi demokratiyadan danışmağa vadar etməkdədir. Canlı və təsirli bir nəsnəymiş kimi haqqında gəvələyib danışmaqdayıq, halbuki, ondan bizə qalan sadəcə bu rituallaşmış qaydalardan ibarət zərərsiz paslaşmalar və bir növ sekulyar ayin davranışlarıdır.

Və fərqində deyilik ki, gözümüzün önündə, yaxşı və pis olan günlərimiz üçün seçdiyimiz hökümətlər də, iqtisadi gücün xeyrinə olan qanunlar hazırlamaq kimi obyektiv missiyayla yüklənmiş bəsit “siyasət komissarına” çevrilirlər. Sonra da bu qanunlar, rəsmi ya da özəl şəkildə reklam dadlandırıcılarına bürünmüş vəziyyətdə, kiçik bir azlığın təsirsiz etirazı istisna olmaqla heç bir maneəylə qarşılaşmadan ictimai bazara yeridilir...

Bəs nəcə etməli? Bu dünyada ədəbiyyatdan ekologiyaya, qalaktika proseslərindən istixana effektinə, tullantıların istifadəsindən tıxaclara qədər hər şey müzakirə edilir. Ancaq demokratiyaya gəldikdəsə, sanki o, mütləq şəkildə qəbul edilmiş, mahiyyətcə sonsuzluğa qədər toxunulmazlığı olan bir nəzəriyyəymiş kimi müzakirə predmetinə çevrilmir. O zaman, əgər yanılmıramsa, əgər ikiylə ikini toplamaqda acız deyiləmsə, söyləyirəm ki, gərəkli və qaçılmaz sayılan bir çox müzakirəylə birgə iş-işdən keçmədən demokratiya da dünyəvi səviyyədə müzakirəyə çıxarılmalı və bu müzakirə, demokratiya, demokratiyanın çöküş səbəbləri, yurddaşların siyasi və ictimai həyatdakı rolu, dövlətlərlə qlobal-iqtisadi güclər arasındakı münasibətlər, demokratiyanı qüvvətləndirən amillər və demokratiyanı inkar edənlər, insanlıq qüruruna yaraşacaq bir həyat və xoşbəxt olmaq haqqı, bəşəriyyətin ya da daha sadə ifadəylə söyləsək, tək-tək ya da toplu halda yaşadığı iztirablar və bəslədiyi ümidlər barədə aparılmalıdır. Özünü aldadan insanın içinə düşdüyü illuziya qədər bərbad aldanış yoxdur. Ancaq biz belə yaşayırıq.

Əlavə edəcəyim heç nə qalmadı, deyəsən. Yox, yox, yenə də sözüm var, sizdən bir an səssiz qalmağınızı rica edirəm. Florensiyalı kəndli yenidən kilsə qülləsinə qalxıb, kilsə zəngini çalacaq. Xahiş edirəm sizdən, bu səsi dinləyək.

Bilge.az
Yuxarı