post-title

Oksigenin və mədəniyyətin dəyəri

Qorxulu səyahət

Mən gözlərimi möhkəmcə sıxıb ölümü gözlədiyim zaman, qulaqlarım ətrafdakıların yüksək səsli söhbətlərini, çay, qəhvə, kola və sendviç sifarişlərini eşidirdi. Ölümü gözləməkdən bezib gözlərimi açdım. Hər kəs bir əli ilə oturacağının kənarından yapışıb bir-birilərinin söhbətini kəsir, arabir önünə çevrilib plastik stəkandan nəsə içir, sonra yenə söhbətə qayıdırdı. Növbəti sərt silkələnmədə qarşımdakı oturacağın arxasından tutmaq istədim, oturacağın başı qopub qucağıma düşdü. Oturacaqda əyləşmiş əzabkeş surətli yaşlı kişidən üzr istədim, heç nə olmayıbmış kimi, başlığı məndən alıb yerinə bərkitdi. “Problem yoxdur”, deyib əvvəlki vəziyyətinə qayıtdı. Bayaqdan üstümə dağılıb-dağılıb lap azca qalmış kolanı başıma çəkdim, boş plastik stəkanı dişimlə xeyli çeynəyib pəncərədən bayıra boylandım. Uzaqdan İllimani zirvəsi görünürdü artıq. İşgəncəli uçuşun sonuna az qalmışdı. Amma yenə də təyyarənin qanadları ilə And dağlarının kobud qol-budaqları arasındakı məsafə qorxunc idi. Köhnə, oturacaqlarının boltları belə yoxa çıxmış təyyarə şiddətlə bir sağa, bir sola sürüşür, bu saniyə dağa çırpılacaq, deyə iç çəkdiyin anda yenidən geri qayıdır, Bakının təhlükəli ikitəkər manevrini uğurla etmiş sürücüləri kimi, fəxrlə dağların arasından öz yoluna davam edirdi.

Təyyarə La Pasın 4100 metr hündürlükdəki El Alto hava limanına endi. Salamat enə bildiyimizə görə Paçamamaya təşəkkür etdim. Təyyarənin başqa sakinləri salamat çatdıqlarına görə dua edənə oxşamırdılar. Ya bir az öncə təyyarənin dəhşətli manevrlərinə çox öyrəncəli idilər, burda elə bir təhlükə görmürdülər, ya da işlərini əvvəlcədən ehtiyatlı tutub, ulu Paçamamaya təşəkkür haqq-hesabını öncədən həll etmişdilər.

Amma bir neçə dəqiqə sonra hiss edəcəyim iztirab bayaqkı təyyarə təhlükəsini unutduracaqdı. Təyyarədən enib yüksəkliyin qoxusunu içimə çəkərək addımladım. 50-60 addım getmişdim ki, qəfil üstümə çökən yük nəfəsimi boğazımda qoydu. Çox çalışdım, ciyərdolusu bir nəfəs istədim, alınmadı. Addımlarım tamam öləziyib ərincəyin hərəkətlərini yamsılamağa başladı. Sanki günlərdir nəhəng bir stadionda dayanmadan qaçıram, indi son addımları atıb stadiondan çıxmaq lazımdır. Amma gücüm çatmır. Yüksəkliyin, xüsusilə də La Pasın bu effektini öncədən bildiyim üçün təlaşa düşmədim, lakin yenə də bilmək ayrı, yaşamaq ayrı. Yenə də öncədən bildiyimə görə, hava limanının içərisində koka yarpaqlarından dəmlənmiş çay verirdilər, ora özümü çatdırmaq üçün səbirsizləndim. Ayaqlarsa, sözün həqiqi mənasında, sözə baxmırdı.

İztirablı dəqiqələrdən sonra hava limanının içindəki kafelərdən birinə yaxınlaşıb koka yarpağından çay istədim. İki fincan dalbadal içdim. Sonra içindəki yarpaqları acgözlüklə çeynədim. Oturacağa söykəndim və iyirmi dəqiqə gözlədim. Az da olsa, təsiri gəlməyə başlamışdı. Özümü qismən həyata qayıtmış hiss edirdim. Hər addım, əlin hər hərəkəti, başın hər tərpənişi bədənimdəki enerjini şiddətlə sovurub çıxarırdı. Xəstə addımlarla bayıra çıxdım, bir taksiyə oturub otelin yerini söylədim. Bir və yarım maşınlıq dar, asvaltı tamam uçulub-dağılmış dağ yolları ilə vadinin ortasındakı La Pasa enməyə başladıq. La Pas da 3700 metrlik hündürlüyü ilə El Altonun əzablı oksigensizliyini unutdurmadı. Taksinin marşrutu bitirib dayandığı yerdən otelin girişinə, oradan da otel otağına qədər məsafə sonsuz görünürdü. Amma sonsuzluğu geridə qoyub otağıma yerləşdim. Otaqda gözlərimin axtardığı yeganə şey koka yarpaqları idi. Onu da, sağ olsunlar, hər formada qoymuşdular masanın üstünə: qurudulmuş halda, təzə-tər yarpaq halında, toz halında. Yenə iki fincan içib asta hərəkətlərlə yatağıma uzandım. Hərəkətsizcə tavana baxıb bədənimin bu əcaib şəhərə tabe olmasını gözlədim. Yarım saatlıq ağır gözləntidən sonra yuxuya getdim.

La Pas



Coğrafiya dərslərində dünyanın ən hündür şəhəri deyə beynimizə həkk edilən La Pas Boliviyanın And dağlarının yüksək ərazilərində yerləşən və ən tanınmış şəhəridir. Andın 6400 metrlik İllimani zirvəsinin kölgəsi La Pasın üzərindən əskik olmur. Şəhərə gələn təyyarənin And dağlarının ortasından keçib gəlməkdən başqa çarəsi olmadığı üçün, bu dağlararası məkanın yaratdığı kəskin hava fərqi buradan keçən təyyarələri şiddətlə silkələməsə, şəhərə buraxmır. Şəhərin qoruyucuları olan bu dəli dağ küləkləri dağların ruhları – apuların nəfəsidir.

El Alto hava limanının yerləşdiyi ərazilərdə və La Pasın özündə kəskin hündürlük fərqinə görə ala biləcəyimiz oksigen normal ərazilərdə almağa öyrəşdiyimiz oksigenin miqdarından xeyli azdır. Bizim bədənimizin bu fərqə qismən öyrəşməsi üçün iyirmi bir gün, tam uyğunlaşması üçünsə üç aydan artıq vaxt lazımdır. Təyyarədən düşdüyünüz andan hündürlük xəstəliyi yaranır. İlk üç gündən sonra oksigensizliyin yaratdığı əzab cüzi də olsa, öləziyir. La Pasın hava limanındakı girişindən başlayaraq hər yerdə - otellərdə, kafelərdə, dövlət idarələrində və s.- koka yarpağından çay təklif edirlər. Yaxud kokanın yarpağını elə birbaşa çeynəyə də bilərsiniz. Tərkibində az miqdarda psixoaktiv alkaloid olan koka bitkisinin yarpaqları təzyiq və oksigen fərqini bir az yumşaldır. Deyilənə görə, kokanın təsiri, əslində plasebo effektidir, bura gələn insanlar öncədən koka haqqında oxuyub öyrəndiklərinə görə, kokanın təsiri fiziki deyil, psixolojidir. Hər bir halda, Cənubi Amerikanın bəzi yerlərində, əsasən də Boliviyada koka mistik bitki kimi məşhurdur. Boliviyada koka bitkisi artıq həm də milli dəyərdir, kimlik rəmzlərindən biridir. Ölkənin prezidentindən tutmuş şairinə, bəstəkarına, sıradan insanlarına qədər hər kəs əcnəbi ilə ilk söhbətdə kokadan bəhs edir, kokanın tanrının boliviyalılara hədiyyəsi olduğunu söyləyir. Koka haqqında kitablar yazılır, konfranslar keçirilir. Bir az münbitliyi olan böyük torpaq sahələrində koka becərirlər. Koka bitkisi torpağın suyunu həddən ziyadə özünə çəkdiyinə görə onun əkildiyi ərazilərdə artıq ciddi quraqlıq problemləri yaşanır. Bunu anlayan insanların, elm adamlarının çaldığı həyəcan təbilinə isə qulaq asan yoxdur.

La Pasda ilboyu hava temperaturu gündüzlər ortalama müsbət 10-15, gecələr ortalama mənfi 1-2 dərəcədir. Şəhərin çox hissəsi qayalıqlar, quraq torpaqlar, dar küçələrdir. Müasir iri avtobusların hərəkət etməsi üçün yollar əlverişsizdir. Buna görə də son illərdə şəhərin mərkəzini kənar rayonlarla birləşdirən kanat sistemləri çəkilməyə başlayıb. Bu coğrafiyanı, bu iqlimi, Boliviyanın dünyanın başqa mədəni və zəngin ölkələrindən bu cür təcrid olunduğunu görəndə, Cared Daymonda haqq verməmək olmur. Təkamül üzrə bioloq, antropoloq və tarixçi Cared Daymond (Jared Diamond) məşhur “Tüfəng, mikrob və polad” kitabında xalqların inkişafında coğrafiyanın, iqlimin, ümumilikdə, ətraf mühitin rolunu çox mükəmməl izah edir. Cared Daymond coğrafi determinizmdə ittiham edilməkdən ehtiyat etsə də, insanlıq tarixində bütün inkişaf xəttini coğrafi amillər üzərindən araşdırmağa çalışır və kifayət qədər ağlabatan arqumentlər söyləyir. Daymondu öz elmi-kütləvi kitabları və oxucuları ilə baş-başa buraxaraq, qayıdaq La Pas sakinlərinə və ənənələrinə.

La Pas sakinlərinin dalaqları, ağciyərləri bizimkilərdən fərqli inkişaf etdiyinə görə, artıq bu oksigen azlığını hiss etmirlər. Mən hər addımımı zərgər dəqiqliyi və astalığı ilə atdığım halda, yanımdan sürətlə keçib gedən yaşlı qadınlar, başlarında onlarla kiloqram yük, təpələr boyunca sürətlə dırmaşırlar. Simmetriyası pozulmuş bədən quruluşları, dünyanın bu qorxunc coğrafiyasında yaşamağı onlar üçün sıradan həyata çevirir. Mənsə yatağımda canımla əlləşirəm.

Milli-mənəvi dəyərlər

İki fincan koka çayının köməyi ilə yarım saat gözləyəndən sonra yuxuya getmişdim. Bir neçə saat sonra ayıldım, başımda şiddətli ağrı, dodaqlarım qupquru, bədənimdə illərin yorğunluğu. Qusmaq istəyirdim. Amma yerimdən qalxmağa taqətim yoxdu. Birtəhər telefona uzanıb otelin işçilərinə zəng etdim. Durumumu anlayıb, indi gəlirik, dedilər. Bir az sonra qapı döyüldü. Yarı yuxulu, yarı ayıq vəziyyətdə güclə qapını açdım. Bir gənc oğlan soroçi həbləri gətirmişdi. Yüksəklik fərqindən yaranan problemləri bu həblər xeyli yüngülləşdirir. Kokanın təsiri olmayanda, soroçi atmaq lazımdır bir müddət. İkisini atdım. Gənc oğlan tövsiyələrini də verdi: sürətli hərəkət etməyin, təpəlik ərazilərə çox dırmanmayın, axşam çox yeməyin və alkoqol qəbul etməyin.

Yeməyi, ümumiyyətlə, düşünmürdüm. Tək istədiyim hərəkətsiz halda yataqda uzanmaqdı. Amma axşam dəvət olunduğum məclisə getməliydim. Narkozdan yeni ayılmış insanın keyliyi içində, təyin olunan vaxtda, təyin olunmuş məkana getdim.

Məclisdə müxtəlif milli yeməklər gətirdilər. Şərablar süzüldü. Heç birinə toxunmağa cəsarət etmirdim. Azca yesəm, ölə bilərdim sanki. Məclisin sahibi hesab olunan şəxs ayağa qalxdı. Şərab dolu qədəhini götürdü. Boliviya və boliviyalılar haqqında söhbət açdı. Kokadan, qədimlikdən, ulu tanrılardan, yerli xalqlardan, qaz yataqlarından, dünyanın ən qədim sivilizasiyalarından biri olduqlarından, keçmiş əzablı günlərdən, müstəmləkəçilikdən, bəyazların hökmranlığından, müstəqillikdən, Boliviyanın dünyadakı rolundan xeyli danışdı. Sonra qədəhini azca əyərək yerə bir az şərab tökdü. Elə bildim, ağzı söhbətə qarışıb, qədəhi dağıtdı. Amma arxasınca digər boliviyalılar da qədəhdən yerə şərab tökdülər. Yanımda əyləşmiş Avropa əsilli bir boliviyalı gənc oğlanın üzünə baxdım təəccüblə. Gülümsədi. Sual dolu baxışlarımı hiss edib, birazdan izah edərəm, dedi. Sonra da qulağıma yaxınlaşıb, hələ harasıdır, burda belə qəribəliklər çoxdur, dedi.

Yeməkdən sonra bayırda həmin gənc oğlan mənə yaxınlaşdı. Bayaqkı şərab söhbətini izah etməyə başladı. Boliviyada yerli xalqların çoxu Paçamama ilahəsinə – Kosmik Anaya inanır. Kosmik Ana həm də Yer ilahəsidir. İnsanlar şərab içməzdən öncə Paçamamaya təşəkkür üçün yerə bir neçə damla şərab tökürlər. Bunu gənc oğlan söylədi. Qalanını da mən əlavə edim:


Paçamama

Peru, Ekvador, Boliviya kimi ərazilərdəki yerli xalqlar dağların ruhu olan “Apu”ların varlığına inanırlar. Bu apular insanları qayaların, mağaraların, dağların təhlükələrindən qoruyur. İnk sivilizasiyasından bəri bu inanc davam edir. On iki müqəddəs apu var. Apulardan başqa, “Tekse Apu” deyilən qlobal ruhların da olduğuna inanılır. And ənənələrində Paçamama (Kosmik Ana), Viraqoça (Kosmik Ata), Taita İnti (Günəş Ata), Taita Vaira (Külək ata) və s. kimi “tekse apu”lar var. Bunların qlobal ruh olmalarının səbəbi odur ki, inanışa görə, bu apular təkcə yerli xalqları deyil, bütün dünyadakı insanları da himayə edir. İsa Məsih və Müqəddəs Məryəm də “tekse apu” hesab olunur.

Daha çox yerli xalqların (aymara, keçua və s.) yaşadığı La Pas qəribə təbiəti ilə bərabər qorxunc milli ənənələri və şəhər əfsanələri ilə də məşhurdur. Bu ənənələrin bəziləri müqəddəs ruhlara verilən qurbanlarla bağlıdır. Ən çox qurban tələb edən ilahə Paçamama yerli xalqların sevimli ilahəsidir. Boliviya ailələri Paçamamaya “cha’lla” adlandırılan qurbanlar təklif edirlər. Bunlar bəzən xırda ianələr, bəzənsə canlı qurbanlar formasında olur. Boliviyalılar yeni ev, mağaza, restoran tikəndə bünövrəsində lama dölü – hamilə lamanın bətnindən çıxarılmış körpəni basdırırlar. Dəhşətli söhbətlərdən biri budur ki, böyük layihələr, alış-veriş mərkəzləri, binalar, körpülər tikilən zaman lama dölü kifayət etmir, bünövrədə insan basdırırlar. Bu insanlar kimsəsiz, evsiz-eşiksiz əyyaşlar, narkomanlar, küçə sakinləri olurlar. Bunun həqiqət olduğunu bir neçə boliviyalı da söylədi. Bu haqda insan hüquqları üzrə bir neçə təşkilat araşdırıb aşkar etməyə çalışsa da, hələ ki, nə dövlət, nə də dünya səviyyəsində ciddi reaksiya yoxdur. Lakin bəzi danılmaz faktlar dövləti qismən də olsa, etirafa məcbur etdi. Bu yaxınlarda bir oğlan uşağı itkin düşmüşdü. Bir neçə gün sonra ölü halda tapıldı. Şahidlərin söylədiyinə və artıq polisin də etirafına görə, uşaq dağ mədənlərinin birində dini qurban kimi öldürülüb. Daha sonra Boliviya ədliyyə naziri də dini rituallarda uşaqların qurban edilməsinə qarşı ciddi tədbirlərin görüləcəyini söyləyib.

Başqa bir ənənəyə görə, hər il keçirilən qorxunc bir bayram var. Boliviyanın qərb yüksəkliklərində yaşayan aymara xalqı ölmüş insanların kəllə sümüklərini bəzəyərək, həmin insanların ruhlarının onları qoruyacağına və yardım edəcəyinə inanırlar. Ailənin sağ qalan üzvləri, adətən, ailənin digər ölmüş üzvlərinin kəllələrini bəzəyirlər. Bu ənənə səbəbindən, qəbirstanlıqlarda kəllə oğurluqları çox olur. Oğrular kəllələri qazıb çıxarır, təmizləyib ehtiyacı olan başqa insanlara satırlar.

Fil məzarlıqları

Yanından keçərkən bozarmış-qırmızımtıl kərpicli, dəmir qapılı, pəncərəsi çərçivəli adi bir obyekt görürsünüz. Lakin o dəmir qapıdan içəridə, o kərpic divarların arxasında nə qədər insan dəhşətli iztirablarla, dünyaya dair bütün ümidlərini itirmiş halda can veriblər, bəlkə də. Cırılıb dağılmış matraslar soyuq beton döşəmələrin üzərində uzanıb sizin ölüm üçün bilet almağınızı gözləyir. Fil məzarlıqları bu cür gizli, yeraltı otel-barlar – intihar guşələridir.

Boliviya yazıçısı, “boliviyalı Bukovski”, ya da “Viskarrovski” ləqəbli Viktor Huqo Viskarra həyatını Boliviyanın səfillər dünyasında, əyyaşların, kələfin ucunu itirmişlərin, yalqızların, anadangəlmə yoxsulların arasında keçirirdi. Bu həyat tərzi onu bir gün “fil məzarlıqlarına” gətirib çıxardı. Özü bu məzarlıqlara girib indiyədək şəhər əfsanəsi kimi dolaşan söhbətləri təcrübədən keçirmək istəyirdi. Təcrübənin nəticəsində “Fil məzarlıqları” adlı qısa hekayə yazdı.

Deyilənlərə görə, Boliviyanın, xüsusilə də, La Pasın kənar məhəllərində yeraltı intihar guşələri mövcuddur. Şəhərin alkoqola aludəlikdən əziyyət çəkən, dünyaya dair bütün ümidlərini itirmiş və nəhayət həyatın başını buraxıb ölmək qərarına gəlmiş insanları bu yeraltı intihar guşələrinə - sirli otellərə təşrif buyururlar. Qeyri-qanuni, çox adamın xəbərdar olduğu, amma hər kəsin görməzdən gəldiyi bu məkanlarda bir vedrə 96 dərəcəlik təmiz spirti bir az meyvə suyu ilə qarışdırıb “quabira” kokteyli hazırlayır və ölümü qərarlaşdırmış müştəriyə verirlər. Sonra müştərini yarıqaranlıq, soyuq beton döşəməli otağa aparıb, cırıq matrası təkadamlıq lüks yataq kimi təklif edirlər. Müştəri bədəninin gücündən asılı olaraq, bir neçə saatdan bir neçə günə kimi, iri parçla bu vedrədəki kokteyli içir. Ta ki içalatı bu hücuma dözməyib dəhşətli aqoniya ilə məhv olana qədər. Müştəri fikrini dəyişsə, zəngi çalıb “otel” sahibini çağıra və ölməkdən vaz keçdiyini söyləyə bilər.


Fil məzarlıqlarından biri

Polislər əvvəllər belə yerlərin mövcudluğunu inkar edirdilər, lakin sonradan “fil məzarlıqları”nın tamam aradan qaldırılması üçün əllərindən gələnləri etdiklərini söylədilər. 2014-cü ildə “Telemundo”şirkəti fil məzarlıqlarının içindən reportaj hazırlamış, bəzi müştərilərlə müsahibələr götürmüşdü.

2009-cu ildə Boliviya rejissoru Tonçi Antesana Viktor Huqo Viskarranın hekayəsi əsasında “Fil məzarlıqları” adlı tammetrajlı film çəkdi. Filmdə 33 yaşlı alkoqol aludəçisi fil məzarlığında intihar etmək qərarına gəlir. Film boyunca qəhrəmanın on dörd yaşından etibarən necə alkoqola qurşandığı, yaşadığı miskin həyat, Boliviyanın səfil məhəllələrindəki insanlar göstərilir. Qəhrəmanın bədəni alkoqola çox öyrəşdiyindən, 96 dərəcəlik spirt tezliklə onu öldürə bilmir. Dəhşətli sonun gəlməsi üçün yeddi gün gözləməli olur. Filmdən sonra fil məzarlıqları məsələsi yenidən gündəmə gəlmişdi.

Amma nə Viskarranın hekayəsi, nə də Antesananın filmi bu yeraltı dünyanın sənətdə ilk işıqlandırılması deyil. Rene Baskope Aspiasu adlı digər bir boliviyalı yazıçı 80-ci illərdə yazdığı “Qısır məzar” adlı romanında fil məzarlıqları söhbətlərinə də toxunur.

Deyilənə görə, bu fil məzarlıqlarından dördü hələ də fəaliyyətdədir.


Cənub saatı
La Pasda dolaşarkən

La Pasa səfərimin sonuncu gün, bədənimin bu şəhərin iqliminə barışmaq üçün əl uzatdığı gün son dəfə şəhəri dolaşdım. Enişli-yoxuşlu dar küçələrdən keçdikcə, müstəmləkə dövrünün binalarının önündən ötdükcə, aşağıda qırxillik, köhnə balaca avtobusları, yuxarıda isə Avstriya şirkətinin La Pasda dağlar arasında çəkdiyi kanat xətlərini və kabinlərini izlədikcə, başlarında iri həsir şlyapa, əyinlərində rəngbərəng enli don, ətrafa spesifik qoxu yayan “cholita” qadınlarına tamaşa etdikcə, küçə dükanlarının vitrinlərindən qurudulmuş lama dölləri boylandıqca, yolda getdiyim zaman birdən ayağım yerə düzülüb satılan “İphone” şunurlarına ilişdikcə, sonrakı döngədə koka yarpaqları ilə fala baxan yerli “cadugər həkimləri” gördükcə beynim karıxır, içindəki zaman anlayışı parçalara bölünür. Hansı zamanda olduğumu dərk etməyə təzəcə başlayıram ki, qarşıma Boliviya Konqresinin binası çıxır. Gözlərim binanın fasadındakı “Cənub saatı”na sataşır. Saat bildiyimiz normal saatlardan fərqlidir. Əqrəblər sağdan sola hərəkət edir. Rəqəmlər 12-dən 1-ə doğrudur. Əslində, qeyri-adi deyil - yerli xalqların, aymaraların, keçuaların inanclarına uyğun hazırlanıb. Onlar bizi qarşıda keçmişin gözlədiyinə, gələcəyin isə keçmişdə qaldığına inanırlar. Boliviya prezidenti bir dəfə bu saatın fərqliliyi ilə bağlı suala belə cavab vermişdi ki, “saatın yalnız bir istiqamətdə hərəkət etməli olduğuna kim qərar verib? Biz niyə dünyaya itaət etməliyik? Biz niyə özümüz yaradıcı ola bilmərik?” Haqlıdır. Dünyaya itaət etmək lazım deyil, xalq özü yaradıcı olmalıdır. Amma yaradıcılığın, fərqliliyin, inkişaf etmiş sivilizasiyanın əlaməti saatı tərsinə hərəkət etdirmək deyil. İnsanları hələ də tanrılara, ənənələrə, keçmişə hər hansı formada qurban verən xalqların saatları tamamilə dayansa, daha yaxşı olar.


Çolitalar

Şəhərin mərkəzində bir dövrə vurub otelə dönərkən bədənimin hələ də oksigensizliklə mübarizə apardığını hiss edirəm. Addımlarım hələ də insanın həyatdakı ilk addımları qədər kövrək və zəifdir. Başımda hələ də ağrılar, sızıltılar var. Oksigenin həyatımızdakı əhəmiyyətini bilirdim, amma indi oksigenin əsl dəyərini anlayıram. Sonra yadıma yolboyu gördüklərim, bəyaz dərili, Avropa əsilli gənc boliviyalının söylədikləri, Paçamama qurbanları, fil məzarlıqları düşür. Mədəniyyətin həyatımızdakı əhəmiyyətini bilirdim, anlayırdım, mədəniyyətin əsl dəyərini indi bir daha anlayıram.

Rəşad Səfər
Bilge.az
Yuxarı