Bir daha Şopenhauer barədə

Альтернатива


                                       
(1-ci hissə)

Əvvəlcə bir qeyd edim ki, gələcəkdə də Şopenhauer və onun yaradıcılığı barədə yazılar yaza bilərəm, əgər oxucu bu cür mövzuları modası keçmiş sayırsa, yazını oxumaqdan bəri başdan vaz keçə bilər.

  Əlvan, qəttəzə və sürüşkən cildinə əlimi sürtdüyüm, açıb yüngülvari heyranlıqla vərəqlədiyim və mənim olmasını çox arzuladığım qalın bir kitab barədə paylaşımımı gördükdən bir neçə gün sonra, ağ-ağ, yumru-yumru xalları olan mavi paltar geyinmiş halda, metlaxlarında yol qırağındakı məxməri ağcaqayınların yarpaqlarının günəş şüalarından yaranan tutqun kölgələrinin xəfifcə tərpəşib-oynaşdığı səki boyunca, dabanı çox da uzun olmayan hündürdabanlarını taqqıldada-taqqıldada, sözügedən kitaba rastladığım mağazaya gəlib, həmin kitabı alaraq mənə hədiyyə edən əziz xanım dostumla bir gün yüngülvari mübahisə edəndə, sözarasında, məni iynələmək üçün "sən Şopenhaueri müqəddəsləşdirmisən, şəxsiyyətə pərəstiş edirsən" ya da buna oxşar sözlər söylədi (hətta ən nəcib xanımlar arasında belə bu cür sancma formaları xeyli yayğın ola bilər, ələxsus da mövzudakı söhbət Şopenhauer kimi “seksist” (ilahi, bu termindən necə də zəhləm gedir) filosofdan gedirsə).

(Onun, ogünki dekoltesinin açıqlığa çıxardığı və günəş vannasından tünd qəhvəyiləşən zərif və geniş çiyinləri, Nefertitinin boynuna bənzər şümal boynu və qatılaşdırılmış süd rəngli dikdabanıyla xüsusən canalıcı görünən dolğun topuqları hələ də unudulmur).

Əlbəttə, xanımın söylədiyi doğru sayılmazdı. "Şəxsiyyətə pərəstiş" anlayışı bu mövzuda yerinə düşmürdü. Çünki, Şopenhaueri müntəzəm oxuyan bir adam kimi, necə deyərlər, onun mətnləri içərisinə girib o yan-bu yana, yuxarı-aşağı gedib-gələrək bu kültürü qazıyıb şumlamağa çalışan bir oxucu kimi deyə bilərəm ki, əgər ürəyim istəsə, onun həm fəlsəfəsində, həm şəxsiyyətində və həyat tərzində xeyli sayda naqis cəhətlər tapıb ikrah dolu bir yazı yaza bilərəm. Bunu edə bilərəm. 
Çox asan işdir.

Ancaq etmərəm. Heç zaman etmərəm. Şopenhaueri ondan xoşlanmayanların ayağına vermərəm. Mütaliə səviyyəsinin, kitab aləmiylə bağlı araşdırma həvəsinin bu qədər düşkün olduğu bir məmləkətdə heç etmərəm. Bu, oxucu şərəfiylə bağlı məsələdir. Elə şərəfsizliyə əsla yol vermərəm.

Əksinə, normal halda Şopenhauer barədə sadəcə xoş əhvalla söhbət açılardısa, bu aktual vəziyyətdə fərdi heyranlığı artırmağın, yeri gəlsə, lap belə ağını çıxarmağın da, nə qədər etsək, yeri olduğunu düşünürəm. Və təkcə Şopenhauer barədə deyil, onun kimi onlarla başqa müəllif barədə də belə davranmağın yeri var və olar. 

Bir müddət əvvəl sosial şəbəkələrdə bir videogörüntü yayılmışdı. Əksəriyyəti xanım olan xeyli sayda gənc, içində "şeyləyim, doldurum, zırranım..." kimi sözləri olan bir ara mahnısını səsləndirib rəqs edirdilər. Əlbəttə, onlar bu hərəkətləriylə, ən azından göründüyü qədərilə, kiminsə ölümünə səbəb olmurdular, eləcə əylənirdilər. Bir kəsin hansı əyləncə növünü seçməsi də onun öz şəxsi işidir. 

Kiminsə, o cümlədən də həmin videodakı gənc insanların zehnini, şüur formasını zorakı üsullarla dəyişdirmək kimi bir iddiadan, arzudan, məqsəddən də söhbət gedə bilməz. Bu yerdə yalnızca dirənişdən, varlığını qorumaqdan, səsini və təsirini canlı saxlamağa cəhd etməkdən söhbət gedə bilər. Bu qədər.

Çünki, zənnimcə, səviyyəsindən, keyfiyyətindən, məzmunundan asılı olmayaraq, bir özünüifadə nümunəsinin ortaya çıxmasına şiddətli şəkildə qadağa qoyularsa, bu, ümumiyyətlə yaradıcılıq azadlığının boğulması ənənəsinin yaranmasına və artmasına təkan verər və zaman keçdikcə vəziyyət elə bir həddə qalxar ki, əsərləri qadağan olunanlar arasında növbə gəlib adi pop mahnı bəstələyənlərə də çatmış olar. 
  
Fəqət, məhz elənçi kültürlərə qarşı, onların populyarlığına, geniş yayılışına, sürətli yoluxuculuğuna qarşı doğru bildiyin, insanlıq ləyaqətinə yaraşdırdığın, nəcibliyinə, həqiqiliyinə, zənginliyinə inandığın, güvəndiyin və çox çətinliklə, zəhmətlə əldə ediləsi kövrək və bəşəri bir kültürü müdafiə etməyi, qorumağı, imkan olduğu qədər yaşatmağı çox önəmli, çox vacib və zəruri sayıram və belənçi fəaliyyətlə məşğul olan hər həmvətənimə sağlamlıq, uzun ömür, enerji və səbir arzulayıram.

Məhz buna görə Şopenhauer (və onun timsalında digər mütəfəkkir və sənətkarlar), qıraqdan bəzi insanların nəzərində şəxsiyyətə pərəstiş təəssüratı oyadacaq dərəcədə ucaldılır. Və düşünürəm ki, inadına daha artıq yüksəldilməlidir.

Ümid bunadır. Harada qırılarsa (deməli, tale belə uyğun bilirmiş), qoy qırılsın.

Keçirəm Şopenhauer mövzusuna. Ola bilər ki, bir insan Şopenhauerin həyat təcrübəsinin bənzərini yaşamadığı üçün onun hansısa mühakiməsiylə, ideyasıyla razılaşmasın. Təbii haldır. Fəqət Şopenhauer nə barədə danışırsa, ürəkdən danışır. Bu filosofun mətnlərində kiməsə yaltaqlanmaq, kimdənsə çəkinmək, xislətindən başqa cür görünməyə çalışmaq (əlbəttə, bir yazar öz mətnində bütün xislətini göstərə bilməz; söhbət dilin, ifadə vasitələrinin yaratdığı imkan çərçivəsindən və elmin bütün pozitiv cəhdlərinə rəğmən kifayət qədər anlaşılmaz qalan insan psixikasının təzahürlərinin maksimumundan gedir), mətləblə bağlı düşündüklərini gizləmək, kiminsə xoşuna gəlmək istəyi yoxdur, yaxud ən azından hiss olunmur. İddia edə bilərəm ki, Şopenhauer qədər dürüst olan mütəfəkkir sayı dünya fəlsəfəsində barmaqla sayılacaq qədərdir. Onun akademik çevrələrdə və oxucu kütlələri içərisində az sevilməsinin əsas səbəblərindən biri də budur. Cəmiyyətdəki “dürüstlük axtaranlar”ın yaydığı gülünc inancın əksinə, dürüst insanlar əslində sevilmir, yaxud cüzi sayda insan tərəfindən sayğı, sevgi görür və adətən iqnor olunurlar. 

(Bottiçellinin sarışınlarına bənzəyən bir dost, Baycanazərdə yaşayan, yazıçı hesab olunan və mətləblə bağlı söylədiyi hər kəlmədən, Şopenhauer barədə ordan-burdan eşitdiyi qulaqdandolma bilgilər əsasında fikir yürütdüyü açıq-aydın hiss olunan cavan bir qadının hardasa Şopenhaueri falş, süni filosof adlandırmasını hələ də xatırlayır və hər dəfə yada salanda, bu mülahizənin gülünclüyünə, bəbəkləri açıq mavi rəngli süzgün gözlərində yaranan hiddət, qüssə və məzə qarışıq ifadəylə gülümsəyir).

Çünki cəmiyyət, dövlət, din və hətta modada olan dəyərlər və ideyalar belə insanı bəlli sosial rollarda, obraz biçimlərində, hazır qəliblərdə görmək istəyirlər. Onların bu istəklərini yerinə yetirməkdən mümkün olduğu qədər uzaq duranda isə adətən qəzəblənir, acıqlanırlar.

Şopenhauerin dürüstlüyünün və dəqiqliyinin digər səbəbi və sipəri də onun maddiyyat əldə etməkdən ötrü deyil, həqiqət ehtirasından, ehtiyacından və aram, səbatlı bir sənətkar ilhamının diqtəsiylə yazmasıdır. Fəqət əsas etibariylə maddiyyat qazanmaq meylindən tətiklənərək yazanlar, ümumiyyətlə hansısa umacaq xatirinə yazanlar adətən publikanın könlünü xoş etmək, yaxud qəsdən qıcıqlandırmaq üçün yazırlar və beləliklə də istər-istəməz özlərini müəyyən yaradıcı ülgüyə məhkum edib sıxır və daxili azadlıqlarından əsaslı şəkildə vaz keçirlər. Çox zaman o azadlığın nə olduğundan belə xəbərsiz qalırlar. Şopenhauer fəlsəfəsi isə başdan-başa intellektual və mənəviyyat özgürlüyüdür. Özüylə birgə sevdiyi filosoflar barədə belə söyləyir: “Biz hürr qadının çocuqlarıyıq, kölə qadının deyil.”  Şopenhauer ruhani azadlığının keyfini, ömrünün sonuna qədər məhrəm və bənzərsiz sevinc duyğusuyla çıxaran mütəfəkkir olub.
 
Əlbəttə, bir sənətkar yaxud mütəfəkkirin ürəyindən gəldiyi kimi yaratdığı əsər əgər ona həm də maddiyyat bəxş edərsə, onun yaşadığı xoşbəxtlik və rahatlıq duyğusu yəqin ki, bəşər övladına xas olan xoşbəxtliklərin ən nadidələrindən olar. Deməli, o, çox sevdiyi işlə məşğuldu və işi ona təkcə mənəvi həzzlər gətirməklə qalmır, üstəlik onu maddi baxımdan yaşadıb orqanizm kimi həyatda saxlayır. Lakin bir sənət adamı sırf fiziki, cismani nəsnələrə yetmək və yüngülməcaz, efemer emosionallıq ehtiyacını təmin etmək məqsədilə alətlərini əlinə alırsa, deməli, əminliklə demək olar ki, işini korlamağa başlayır. Şopenhauerin öz təbirlərincə söyləsək, “bir yazar pul üçün yazmağa başladığı andan etibarən pis yazmağa başlayır.”

Yuxarıda qeyd olunan kimi, Şopenhauerlə bir çox hallarda razılaşmamaq olar, lakin onu mütaliə edərkən bütün varlığınla hiss edirsən ki, sən həqiqi bir insanla ideyəvi ünsiyyətdəsən, təmiz bir insanı dinləyirsən və bu insan səni aldatmır (Bu sonuncu fikrin sırf öz fikrimmi olduğunu, yoxsa əvvəllər dumanlı halda, bulanıq cizgilərlə düşündüyüm və sonralar, hansısa Şopenhauersevər müəllifin aydın nitqi və effektiv intellektinin köməyiylə müəyyənləşən və özgüvənləşən müştərək bir fikirmi olduğunu hal-hazırda dəqiqləşdirməyə çətinlik çəkirəm).

Mən də bu nəticəyə gəlmişəm ki, əsasən iki cür filosof (mütəfəkkir, sənətkar) tipi var: Dünyanı dəyişmək istəyən, dəyişəcəklərinə iddia edən, böyük kütlələrin kollektiv zehnində dərin, fundamental, humanizmə meyilli bir çevriliş etməyin mümkünlüyünə inanan və bununçün müxtəlif təlimlər, nəzəriyyələr və inqilablar hazırlamağa çalışan tipləri birincilər sayaq. Bu tipə örnək kimi Marksı göstərmək olar. O, dünya xalqlarını öz ağlıyca xilas etmək istəyirdi, ancaq nədənsə yaratdığı nəzəriyyələrin tətbiqatı minlərlə, bəlkə də milyonlarla insanın ölümüylə nəticələndi. 

Digər tip filosoflar isə nə dünyanı dəyişəcəklərinə iddia edirlər, nə də böyük kütlələrə üz tuturlar. Onların seçdiyi söhbət növü dərdləşmə xarakteri daşıyır və ümid edirlər ki, kimsə bir gün onların kitablarını götürəcək, tənhalığa çəkiləcək və oraya boşaltdıqları ürək sözlərini dinləyəcək. Bu filosoflara görə dünya metafizik mahiyyətcə öz formalaşmasını çoxdan başa çatdırıb bitirmiş bir yerdir. Əlbəttə, bu filosoflar müxtəlif sivilizasiyalarda, toplumlarda insanlar üçün zaman keçdikcə praktik baxımdan kifayət qədər mənfəətli xarici (!) dəyişikliklərin baş verəcəyini təsdiqləyə bilərlər, hətta ənənəvi mövqelərindən bir müddətlik uzaqlaşıb, oxucularına həyat tərziylə bağlı fərdi mənada müəyyən məsləhətlər də verə bilirlər, fəqət “Bəşəri proqress” qavramına, dış formalara və görüntülərə şübhəylə yanaşır, dünyanın metafizik cövhərinin, içinin və insan naturasının dəyişmədiyinə və əsla dəyişməyəcəyinə qənaət gətirirlər. Bu, onların üzərində durduqları təməl mövqe, yaradıcılıqlarından keçən özül, qalın, sarsılmaz xəttdir.
 
Bu ideyanı daha yaxşı anlamaq üçün xəyali bir illüstrasiyadan istifadə edə bilərik. Gəlin, elmin tapıntılarını- meqantereonu və smilodonu xatırlayıb təsəvvür edək. 
Bu iki heyvan növü qılıncdişli pişikkimilər, yaxud pişiklər fəsiləsinə aid heyvan növləri olublar . Meqantereonun smilodonun əcdadı olduğu, təqribən yeddi milyon il əvvəl ortaya çıxdığı və əsasən erkən Pliosen Çağından Pleystosen Çağının ortalarına qədər qədər Şimali Amerika, Afrika və Avrasiyada yaşamış olduğu güman edilir. Bu yekə pişiklərin köpək dişləri elə iri və uzunuymuş ki, onlar hətta çənələrini bir-birinə sıxıb ağızlarını bağladıqda belə, həmin dişlər ağzın yan tərəflərindən xaricə, aşağıya doğru uzanmış halda qalırmış (Alimlər məhz bu cəhətlərinə görə onları qılıncdışlı pişiklər adlandırıb. Oxucu xatırlaya bilər bəlkə də, “20th Century Fox” studiyasının 2002-ci ildə çəkdiyi “Buz dövrü” animasiyasının Dieqo adlı personajı bu heyvan növünə aiddir). Smilodonun köpək dişləri 20-28 sm-rə qədər uzana bilərmiş. Hər iki pişik növü təbii ki, yırtıcı olub və iri bizonları, atkimiləri, Amerika dəvələrini, mamontları ovlayaraq qidalanarmışlar. Bu gün həmin pişik növləri yer üzərində yaşamırlar, mamontlar da gözə dəymir, fəqət  bu pişiklərin qohumları olan aslanlar, pələnglər, yaquarlar mamontların qohumları olan fillərə, qədimi atların, cütdırnaqlıların qohumları olan modern heyvanlara qida əldə etməkdən ötrü hələ də hücum edir və böyük ehtimal ki, smilodonun, meqantereonun instinktiv davranış formalarına  bənzər hərəkətlər sərgiləyirlər. Modern aslan vücud özəlliklərinin qaba cizgilərinə görə qədimi smilodona bənzəsə də, smilodonun özü deyil, məsələn, köpək dişləri onunku qədər uzun deyil. Aslan pişikkimilər fəsiləsinin digər növüdür, lakin o da, qədimi smilodonun qədimi mamontu ovlayıb parçaladığı kimi modern antilopların ətindən dişləyib oxşar ləzzəti alır. Yəni bu nümunələrin müqayisələndirilməsiylə bir daha onu vurğulamaq istəyirəm ki, zaman keçdikcə formalar, zahiri tərzlər, mənzərələr dəyişikliyə uğraya bilər, ancaq təbiətin, varlığın məğzi, can damarları, iç mexanizmləri ya heç dəyişmir, ya da çox cüzi dəyişikliyə uğrayır. 

Bax, ikinci tip filosoflara görə incəsənətin və fəlsəfənin məqsədi məhz dəyişən zahiri cizgilərin, görkəmlərin altında yatan əzəli və əbədi, dəyişməz daxili məzmunu etik-estetik ideyalar formasında təsvir etməkdir. Yəni onlar dünyanı dəyişmək deyil, daha ziyadə, zatən çoxdan bitkinləşmiş, təşkilatlanmış, strukturlaşmış dünyanı izah etməyə, buranın necə bir yer olduğunu bədii, fəlsəfi, sənət əsərlərində əks etdirməyə can atırlar. 

Onlar adama sanki belə deyirlər: “Bax, mən dünyaya gəldim, ən müxtəlif hadisələr, təcrübələr, ağrı-acılar və sevinclər yaşadım, gördüm, indi isə ürəyimdə, zehnimdə, yaddaşımda yığılan bilgi və yaşantıları səninlə bölüşəcəyəm. Bəlkə danışdıqlarımın sənə hansısa mənada köməyi, xeyri dəyər, hansısa nəticələr çıxararsan, istəyirsən məni dinlə, istəyirsən kitabı qapa, ürəyin necə istəyirsə, elə et, seçim sənindir”. Şopenhauer, filosofların bu ikinci tipinin ən parlaq nümayəndələrindən biridir. 

İnternetdə paylaşılan bir videogörüntüdə Türkiyənin çox hörmətəlayiq bir fəlsəfə professoru fəlsəfi söhbətlərinin birində Şopenhaueri dəli adlandırır. Bu mövzuyla bağlı bir neçə cümlə söyləmək istəyirəm. Əgər ağıl dedikdə sosiallıq mənasında bioloji baxımdan sağ qalmaq üsullarına malik olmaq, cəmiyyətlə sürəkli ünsiyyəti qorumaq və ondan maddi xeyir götürmək qabiliyyətlərini, praktikliyi, işbazlığı, zirəngliyi başa düşəriksə, o zaman bəzi sənətkar və filosofları ağıllı saymaq doğru olmaz. Sözsüz  ki, sözügedən yaradıcılar da aid olduqları toplumun ümumi, zəruri qayda-qanunlarına məcburən riayət etməyə çalışırlar ki, heç nədən lazımsız problemlərlə, sorğu-suallarla, necə deyərlər, ictimai-siyasi totalitarizmin əmələ gətirəcəyi başağrılarla üz-üzə qalmasınlar. Çünki, kütlələrin və ictimai-siyasi sistemlərin, yeri gələndə, nə dərəcədə qorxunc, zülmkar şəkildə təzahür edə biləcəklərinə dərindən-dərinə agahdılar.

Fəqət onlar başlarının daxilindəki aləmdə, yuxarıda təyin etdiyimiz “ağıl” qabiliyyəti nöqteyi nəzərincə yanaşsaq, qətiyyən ağıllı insanlar deyillər. Əksinə, onlar, ingilisdillilərin istifadə etdiyi “common sense” terminini ortaya çıxaran psixi halətə uyğun olan ağıl tipinin- yəqin ki, ən cəmiyyətəuyğun, digər insanlarla münasibətdə ən müvafiq sayılası ağıl tipinin- bəzən hətta tamamilə ziddinə varan düşünüş tipinə malikdilər.

Onlar ağıllı deyillər, yox, deyim ki, bu yayğın və işgüzar ağlın ötəsinə aşmış adamlardılar. Yaxud belə deyək, ağıllı deyillər, fəqət fəlsəfi zəkavilik mənasında o dərəcədə zəkidirlər ki, zahirən xeyli tərbiyəli görünən həmin mədəni, işbaz, sosial, ağıllı adamlara, paradoksal olaraq, dəli təəssüratı bağışlayırlar. Gəlin, mövzuyla bağlı Şopenhauerin öz qənaətinə müraciət edək: öz zəkası barədə təqribən deyir ki, mənim zəkam məişət həyatında fəaliyyət göstərəndə, dovşanın müharibədə istifadə olunan topla vurulması effektini oyadır (bənzətməyə mütləq diqqət edək, kəskin rasionallığıyla seçilən bir filosofun məcazdan istifadə etdiyi o nadir və məftunedici an!). Yəni ki, dovşan ovlamaq istəyirsənsə, gərək ova tirlə, tüfənglə, oxla gedəsən ki, vurduğun dovşanın vücudu bütöv qalsın. Onu topla vurmaq yaramaz, uyğunsuz bir iş olar, çünki dovşanı topla vursan, onun bədənini elə cırıq-cırıq edərsən ki, heç bəlkə tikələrini də tapmazsan. Bu mövzu barədə hələlik bu qədər.

Yazının əsas yolundan çıxıb daxil olduğum ikinci kiçik haşiyəni isə sələflərin axtarılıb tapılmasına həsr edərək ərkyanə bir məsləhəttə bulunmaq istəyirəm: Bəşər kültüründə yüzlərlə filosof, alim, sənətkar, ictimai xadim var. Və hər birinin müşahidə etdikləri, duyduqları dünyaya dair öz baxışları, yanaşmaları, modelləri və təklifləri var. Əgər bir gənc oxucu, yaşam yoluna dair dünyabaxış qurmaq məqsədilə onların hamısına pənah aparmağa meyil edərsə və son qənaətini, onların hamısının yaradıcılığına bələd olandan sonra əldə edəcəyini fikirləşərsə, o zaman onun bu yolda özünü itirmək, istiqamətləri səhv salmaq, yaşamından və özündən bezmək, boşluq duyğusu içində çaşıb qalmaq ehtimalı da artar. Çünki, olur ki, bir filosofun dediyini digəri inkar edir, digərinin fəzilət saydığına bu biri şübhəylə yanaşır və s. Hətta dünyanın fiziki mənzərəsiylə bağlı həqiqətlərinə ən çox güvəndiyimiz elmi sferalarda belə fikir ayrılıqlarına, tərəddüdlərə, yanılıb-yenilənmələrə rast gəlmək olur.

Bəs, bu haldan çıxış yolu nə ola bilər? Yəqin ki, belə yollar çoxdur. Mənim təklifim budur: Qoy, həmin gənc hər şeydən öncə özünün nə olduğunu dərk etməyə çalışsın- qabiliyyətlərini, ehtiraslarını, ehtiyaclarını, nədən zövq alıb nədən incidiyini, zəif-güclü tərəflərini, maraqlarını, valideynlərini, hətta imkan olarsa əsil-nəcabətini öyrənməyə, anlamağa çalışsın. Bu məsələlər barədə müəyyən fikirlər toplusu əldə etdikdən sonra isə onlara tən gələn intellektual mənbə axtarışına çıxsın və o bazislə naturasına uyğun gələn mövqeyini, təfəkkür və mənəvi prinsiplərini möhkəmlədib cilalasın. Və məhz bu mərhələdən sonra o, zənn edirəm ki, oxuduqlarına, gördüklərinə, eşitdiklərinə kortəbii olaraq boyun əyməyəcək, onları qüvvətləndirdiyi kritik təfəkkürüylə ələ alıb analiz edə biləcək və bu prosesin məntiqi nəticəsi olaraq da bu müxtəlif, xaotik ideyalar dəsgahında özünü itirməyib, onlarla cəsarətlə, çəkinmədən toqquşub, kəllə-kəlləyə gəlməyi gözə ala biləcək.
Və beləliklə bu gənc də artıq özünün dünyabaxış modelini (fəlsəfi simulyasiyalarını) yaratmaqda ilk müstəqil addımlarını atacaq və başqaları tərəfindən irəli sürülmüş ən çeşidli fikir və yönləndirilmələrdən asılı oluban girinc qalan, yaxud komfort zonaya sığınan qeyri-müstəqil oxucudan fərqli olaraq, üzləşdiyi ideyaların hansının çürük, hansının süni, hansının həqiqi, hansının məntiqli, hansının faydalı, hansının yersiz, hansının yanlış, hansının seçkin, hansının yayğın olduğunu özü üçün müəyyənləşdirməyi bacaracaqdır.

(1-ci hissənin sonu)

Rüstəm Ayaks

Kultura.az


Kultura.az | Developed by Samir Yahyazade