Yeni həyat

Публицистика

Orxan Pamukun “Yeni Həyat” romanı “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi” cümləsi ilə başlayır. Bir kitab oxumaqla insanın həyatı, taleyi dəyişə bilərmi? Pamukun qəhrəmanı kimi “bir kitab oxudum, həyatım dəyişdi” deyən adamlar hər zaman olub və olacaqlar da, amma çətin ki, “bir gün bir qəzet oxudum və bütün həyatım dəyişdi” deyən kimsə tapılsın. Mən istisnalardan biriyəm.  

Bir neçə gün əvvəl “ictimai fəal Zülfiyyə Səfxanova dövrün kult qəzeti “Alma”nın 2006-2008-ci illərdə nəşr olunmuş demək olar, bütün nüsxələrini toplayaraq M. F. Axundzadə adına Mərkəzi Kitabxanaya təhvil verib” xəbərini oxuyandan sonra, “Alma”nın redaksiyasına ayaq basdığım ilk günü və bu qəzeti oxumaqla həyatımın necə dəyişdiyini xatırladım.

İnanmaq olmur, 13 il keçib.

2006-cı ilin 3 avqustu idi. 18 yaşım təzəcə tamam olmuşdu, universitetə imtahan vermişdim və isti evdə oturub balların çıxmasını gözlədiyim adi günlərdən biri olan bu gündə günortanın keçməsini gözləyirdim ki, haqlarında heç nə bilmədiyim, qrup halında dayandıqları cəmi bircə şəklini gördüyüm təşkilatın üzvləriylə görüşə gedim. Onlarla görüşməyimi artıq təşkilata üzv olan yaxın tanışlarım istəmişdi. Əvvəlcə getmək fikrim yox idi. Amma gördüyüm şəkil məni tutmuşdu. O dövrün basmaqəlib dəbindən daha fərqli geyinən və saç düzümləri saxlayan bir dəstə oğlanla qız fotokameraya baxıb gülümsəyirdilər. Fotokameranın çəkiliş bucağına girməyən, qarşıdakı açıq pəncərədən şəkildəkilərin üzərinə Günəş şüaları düşürdü, hamısı çox gənc, gözəl və parlaq görünürdülər. “Kaş mən də bu şəkildə olardım”, – dediyimiz şəkillərdən biri idi.

Vaxt tamam olanda, dayanacağa gedib 52 nömrəli marşrut avtobusuna mindim. Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki dayanacaqda düşməliydim. Burada məni iki nəfər gözləyəcəkdi, geydiyim qara köynəklə mavi cinsdən tanıyacaqdılar məni. Dayanacağa çatanda, şəkildə gördüyüm uzunsaçlı oğlanları dərhal tanıdım. Biri əyninə Babəkin təsviri və yanılmıramsa, “40 il qul olmaqdansa, bir gün azad yaşamaq yaxşıdır” yazısı olan köynək geyinmişdi.  

Yəqin ki, 500 metrlik yolu, oradan-buradan, havadan-sudan danışmışıq. Həsən Əliyev küçəsindəki balaca ağ qapını açıb içəri – şəhərin başının üstünü kəsdirən tikinti canavarından necəsə gizlənmiş geniş bir həyətə girdik. Cığırı da keçib divarları ağardılmış balaca evin qarşındakı üzüm talvarının altına gələndə, masanın ətrafında bəzilərini şəkildə gördüyüm bir dəstə gəncin oturduğunu gördüm. Bir-birimizi təqdim etdik, salam-kalam, xoş-beş-on beşdən sonra gənclər öz söhbətlərinə qayıtdılar. Dalğa Gənclər Hərəkatının üzvləri bunlar imişlər, təzə açacaqları qəzetə “Alma” adının verilməsindən, bunun uyğun ad olub-olmamasından danışırdılar.

Başımın üzərindəki ağ şanının salxımları yetişmək ərəfəsindəydi, həyətdə başqa xeyli mer-meyvə ağacları da vardı: nar, əncir, yapon əzgili və s. Bura Həsən Əliev küçəsindəki beton qurğuların arasında bir vadi idi sanki.

Bir nəfər qalxıb yaxınlıqdakı kiçik masanın üzərindəki musiqi mərkəzinə disk qoydu. “Beatles”ın hansısa mahnısı çalınmağa başlayanda, bir neçə oğlanla qız ortalıqda ayaqyalın rəqs etməyə başladılar. Adi bir mənzərəyə baxırmış kimi, adi baxışlarla baxırdım. Amma içimdə sarsılmışdım. İlk dəfə idi belə sərbəstlik görürdüm…

Mən yaxşı oğlanlarla başıaşağı qızlar dünyasından gəlirdim, təzəlikcə başlasam da, namaz qılırdım, mühafizəkar dünyagörüşlüydüm, o dövrün populyar “Yeni Fikir” gənclər hərəkatına qoşulmaq niyyətindəydim. Çünki başqa alternativlər yoxuydu, ən azından mən xəbərsiz idim. Və indi gözlərimin qarşısında tamamilə fərqli gəncliyi görəndə, heyrətlənməyə bilmirdim. Bəlkə dəyişərəm, təsirlənərəm deyə, tanışlarım bura gəlməyimi məsləhət görmüşdülər. İndi özümə mənimlə o qədər də maraqlanmırmış kimi görünən bu gənclərin gözüylə baxır, “böyük ehtimalla, mən onlar üçün xilası müşkül bir eksponatam”, – deyə düşünür, özümə acığım tuturdu.

Sonra məni evin içinə apardılar. Bir neçə otaqda müxtəlif avadanlıqlar, kompüterlər, divan, stol-stul gözə dəyirdi. Dedilər ki, bura birazdan nəşrə başlayacaq “Alma” qəzetinin ofisidir. Uzunsaçlı bir adamla da tanış etdilər, dedilər, bu da qəzetin redaktoru.

“Alma”… yəqin, “Tumurcuq” kimi qəzet olar deyə saflıqla düşündüyümü xatırlayıram.

Ofislə tanış olandan sonra çölə çıxdıq, “Beatles” oxumaqda davam edirdi. Masanın ətrafındakılar azadlığın sərhədləri, Dostoyevskinin əsərləri, tanrının olub-olmaması kimi gurultulu mövzularda söhbətlər edirdilər. Tolstoyu, Puşkini, Çexovu oxumuşdum, Dostoyevskidən isə xəbərim yoxuydu. Axşam düşürdü, evə getmək istəmirdim, yerdə hərəkət edən çılpaq ayaqlara baxırdım.

3 avqust günü evə gec getdim. Bir neçə gündən sonra Həsən Əliyev küçəsindəki ağ qapıdan içəri təkbaşıma çəkinərək girib üzüm talvarının altındakılarla göz-gözə gələndə isə, ürpərərək hiss etdim ki, indi mənə xilası mümkün bir eksponat kimi baxdılar.

Tezliklə mən bu həyətin və evin əsas sakinlərindən birinə çevrildim.

***

17 sentyabr, 2006-cı il, bazar günü. Universitetə daxil olmağım münasibətiylə mənə hədiyyə olunan “Sony Ericsson K750” telefonumu çıxarıb dostlarıma zəng edirəm. Bu gün “Alma” qəzetinin ilk sayı çıxıb. “Kapellhaus”da ədəbiyyat müzakirəsi var. Əvvəlcə görüşüb köşkdən qəzet almağı, sonra tədbirə getməyi qərarlaşdırırıq.

Olduqca gözəl gündür, yay sınıb, soyuq meh əsir, amma yaşıl yarpaqlar hələ də ağaclardadır, axşama yaxın binaların arxasındakı Günəşin parça-parça şüaları divarlara, yollara, maşınların üstünə, sifətimizə düşür.

Dostumla köşkdən “Alma” qəzetinin ilk nüsxəsini alıb “Kapelhaus”a doğru gedirik. Qəzetin necə çıxdığı barədə böyük-böyük danışırıq, bir-birimizə öz mülahizələrimizi bildiririk. Gecikmişik. “Kapelhaus”da yerlər demək olar ki, dolub. Bir çoxlarının əlində “Alma” qəzeti var. Ürəyimizdə gizlincə sevinirik. Axır vaxtlar belə bir zarafat yayılıb ki, “dalğaçılar ancaq cırıq şalvar geyinməyə, tədbirlərdə yer olsa da, yerdə oturmağa söz veriblər”. Boş oturacaq tapıb otururam, qulağım tədbirdəki çıxışda, əlimlə isə qucağımdakı qəzeti xışıldatmadan vərəqləməyə çalışıram. Maraqlı görünən ilk yazıları oxuyuram. Çox gənc, ümid dolu və xoşbəxt olduğumun fərqində deyiləm. Vərəqləri çevirirəm, yazıları bir-bir oxuyuram və xəbərim də yoxdur ki, həyatım dəyişir…

Cavid Ramazanlı
Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade