Herbert Spenser: Bioloji inkişafın gedişi ilə bağlı hipotez

Альтернатива



(“ELMİ, SİYASİ VƏ FƏLSƏFİ TƏCRÜBƏLƏR”kitabından bir parça)
 
 Bu yaxınlarda dostlarımdan biri, bioloji inkişafın gedişi ilə bağlı hipotez üzərində gedən söz çəkişməsinə qatılanlardan birinin belə bir söz işlətdiyini dedi: “biz apardığımız elmi təcrübələrin heç birində yeni növlərin doğulmasına gəlib çıxmırıqsa, onda növlərin hansısa inkişafın gedişində və nəvaxtsa yaranmasından danışmağın heç bir elmi əsası ola bilməz”. Mən bu söz çəkişməsinin gedişində orada olsaydım, doğrudan da, növlərin yaranması ilə bağlı hipotezə tənqidi yanaşıla biləcəyini deyib, sonra dediklərimə bunu da artırardım: apardığımız elmi təcrübələrin heç birində biz fərdi olaraq yaradılmış hansısa bir növlə də qarşılaşmamışıq, ona görə də, növlərin, nəvaxtsa, indi olduğu kimi yaradıldığını və heç vaxt dəyişikliyə uğramadığını demək də, fəlsəfi baxımdan düzgün sayıla bilməz. 

İnkişaf nəzəriyyəsi ilə bağlı hipotezi hörmətsizcəsinə danan və bunu inkişafın gedişi ilə bağlı hipotezin faktlarla yetərincə təsdiq oluna bilməməsi ilə əsaslandıran kimsələr bir şeyi unudurlar: onların özlərinin də bu məsələ ilə bağlı inandıqları nəzəriyyə, ümumiyyətlə heç bir fakta əsaslanmır. Beləliklə də, faktlara əsaslanmayan bir inama bağlı olan adamlar, başqa bir inama bağlı olan adamlardan öz inamlarının doğruluğunu göstərən çox ciddi faktlar tələb edirlər və bu vaxt özlərinin bağlı olduqları inamın heç bir fakta əsaslanmağa ehtiyacı olmadığını da deyirlər. Biz yer üzündə (Humboltun araşdırmasına görə) üçyüz iyirmi minə yaxın bitki növünün və (Karpenterin araşdırmasına görə) iki miloyondan artıq heyvan növünün olduğunu bilirik; keçmişlərdə yaşamış və sonradan aradan çıxmış bitki və heyvan növlərini də buraya artırsaq, onda indiyədək yer üzündə yaşamış və yaşamaqda olan növlərin sayının on milyondan artıq olduğunu çəkinmədən deyə bilərik. Sizcə, bu on milyondan artıq növün mənşəyi ilə bağlı hansı nəzəriyyə daha ağlabatan görünür? Bu on milyon fərqli növlərin ətraf mühitin yaratdığı təsirlər nəticəsində ardıcıl olaraq baş verən dəyişilmələrə uğrayaraq yarandığı ağlabatan deyilmi?–təbiətdəki bu müxtəlifliklərin yaranmasının bugün də davam etdiyini düşünmək daha doğru olmazdımı? 

Sözsüz, rəyini soruşduğumuz adamların böyük çoxluğu, onlar üçün bu on milyon növün bir dəfəyə yaradılmasının daha asan anlaşılan olduğunu bildirəcək, bütün bunların ardıcıl dəyişilmələr yolu ilə meydana çıxmasının isə özləri üçün aydın olmadığını deyəcəklər. Ancaq bu cənabların kimliyini araşdıranda onların demək olar hamısının öz sağlam düşüncələrinə arxalanmadıqları, kimlərinsə onlara aşıladığı fikirlərin cazibəsinə düşdükləri də bəlli olacaqdır. Bu, bizim çox sıx-sıx üzləşdiyimiz bir durumdan soraq verir: adamlar əslində hansısa bir mühakiməyə inanmasalar da, ancaq özlərini buna inandıqlarına inandırırlar. Doğrudan da, onlar bu on milyon növün hər birinin ayrıca olaraq yaradıldığını anlaya bilməzlər: ancaq onlar bunu anladıqlarını düşünürlər. Bu adamların növlərin hər birinin ayrıca olaraq yaradıldığına olan inamlarını araşdırmağa başlayanda isə, onların heç bu on milyon növdən bircəciyinin də necə yaradıla biləcəyini özləri üçün aydınlaşdırmadıqlarını da görürsən. Yox, birdən onlar bu prosesi yetərincə anlayırlarsa, onda qoy bizə bunu izah etsinlər: yeni növlər necə yaranır və onlar yer üzünə necə gəlirlər? Yoxsa, buludların üstündən uçub yerə düşürlər? Ya da biz onların yerin altından sıyrılaraq çıxdıqlarına inanmalıyıq? Bu növlərin bədən üzvləri və daxili orqanları birdəfəyəmi yaradılır? Yoxsa biz tanrının öz yaratdıqlarını gildən yoğurduğunu deyən keçmişdən qalma yəhudi nağıllarınamı inanmalıyıq? Bu adamlar yeni yaradılan növlərin heç birinin bu gülünc görünən və inanılası olmayan üsullarla yaradılmadığını desələr, onda onlar bu növlərin başqa necə yaradıldığını təsvir edən sözlər tapıb deməyə borcludurlar və bu sözlər də gərək yaradılışla bağlı olan bundan qabaqkı mühakimələri kimi gülünc olmasın. Bu adamlarla danışanda, onların növlərin hansı üsulla yaradıldığını qavramağa çalışmadığını və istəsələr belə, qapıldıqları bu dardüşüncəliklərinə görə, bunu qavramaq gücündə olmadıqları da bəlli olur.   

Ola bilsin, yer üzündəki növlərin bir dəfəyə və hər birinin ayrıca olaraq indi gördüyümüz şəkildə yaradıldığına inananlar, onlardan bu növlərin hanıs üsulla yaradıldığını izah etməyi soruşmağımızı mərifətsizlik adlandırsınlar; belə olan halda bunları demək istəyərdim: belə bir sorğuya cavab verməyi tələb etmək, onların inkişafın gedişi ilə bağlı hipotezə inanan adamlardan cavablandırmağı tələb etdikləri sorğuya baxanda olduqca mədəni bir davranışdır. Onlardan yalnız növlərin dedikləri sayaq necə yaradılmasını açıqlayan ağlabatan bir üsul göstərmək tələb olunur. Onlar isə, öz rəqiblərindən, ağlabatan üsul göstərməkdən başqa, üstəlik, bu üsulun necə işlədiyini konkret olaraq göstərməyi də tələb eləyirlər. Onlar bunu demirlər: bunun necə ola biləcəyini bizə göstər; onlar belə deyirlər: bunun necə baş verdiyini əyani olaraq bizə göstər. Baxmayaraq, onların qarşısında belə bir soğru qoymaq ağlabatan deyil, ancaq onlardan ayrı-ayrı növlərin yaradılması üsulunu soruşmaqdan başqa, bunun sübutunu da soruşmaq yersiz görünmür; onlar öz rəqiblərindən belə bir sübut tələb edirlərsə, onda özləri də belə bir suala cavab verməyə borcludurlar. 

Gəlin indi də, yeni təlimi doğrultmağın köhnə təlimi doğrultmaqdan nə qədər əlverişli olduğuna baxaq. Əgər, bioloji inkişafın gedişi ilə bağlı irəli sürülən hipotezin müdafiəçiləri növlərin mənşəyinin arasıksilməz dəyişikliklərlə bağlı olduğunun anlaşılan yozumunu verə bilsələr, bu elə onların rəqiblərindən üstünlüyü demək olardı. Ancaq onlar bundan artığını da edə bilərlər. Onlar ətraf mühitdə yaranmış şəraitin təsiri altına düşmüş bütün orqanizmlərdə dəyişikilərin baş verdiyini və verməkdə olduğunu göstərə bilmək gücündədirlər. Düzdür, üstündən olduqca çoxlu vaxt keçdiyindən, mövcud növlərin öz indiki vəziyətinə gəlib çıxanadək hansı inkişaf fazalarından keçib gəldiyini və onları ilk olaraq dəyişiklikliyə uğradan mühitin özünün də o uzaq keçmişlərdə necə olduğunu aydınlaşdırmaq üçün bu təlimin müdafiəçilərinin əlində olan faktlar bəzən dəyişikiliklər prosesini ardıcıl olaraq izləyə bilmək üçün yetərli olmur, ancaq buna baxmayaraq, onlar indi mövcud olan bütün bitki və heyvan növlərinin olduqlarından fərqli yeni şəraitə düşən kimi, onların quruluşlarında, çox keçmədən, yeni şəraitə uyğunlaşmaq üçün baş verən bir sıra dəyişikliklərin yaranmağa başladığını dəqiqliklə göstərməyi bacarırlar. Bunu da göstərmək mümkündür ki, dəyişikliklərin baş verməsi bu növlərin sonra gələn nəsillərində də davam edir və yeni yaranmış şərait bu növlər üçün təbii bir mühitə çevrilənə kimi, bu dəyişikiliklərin baş verməsi davam edir. Bu dəyişikliklərin gedişini yabanı bitkilərin əkin şəraitinə uyğunlaşdırıla bilməsində, öncələr vəhşi olmuş heyvanların ələ öyrədilməsində və insan irqlərinin yaranmasında izləmək mümkündür. Yaranmış yeni şəraitə uyğun olaraq baş verən dəyişikliklərin miqyasının hansısa canlının – bunu itlərin örnəyində çox aydın görmək olur – onu mənsub olduğu növdə başqa tipli canlılardan ayran fərqlərin miqyasından daha böyük olduğunu da göstərmək mümkündür. Üzərində gedən mübahisələr davam etsə də, yeni şəraitə uyğunlaşmaqla yaranan dəyişikilərdən sonra bu dəyişikliyə uğrayan canlının indiyədək mənsub olduğu növün bir çeşidimi olaraq qaldığını və ya yeni bir növə çevrildiyini də araşdırıb aydınlaşdırmağa dəyər. Elə özümüzdə gündəlik baş verən dəyişikiliklərə də, baxmaq olar: tutalım, uzun müddət eyni bir işlə məşğul olmaqla bağlı hansısa vərdişin yaranması və bu işdən uzun müddətə ayrılanda buna yadırğamaq, hansısa ehtirasların cilovunu buraxmaqla onların şiddətlənməsi, bir başqalarının isə sıxışdırılmaq yolu ilə zəifləməsi, özünü ardıcıl olaraq çalışdırmaq yolu ilə istənilən: bədənlə, əxlaqla və ağılla bağlı olan qabiliyyətlərin inkişaf etdirilməsi kimi örnəklər də, elə bu prinsiplərlə aydınlaşdırıla bilər. Beləliklə də, bütün üzvi təbiətli varlıqlarda bəlli dəyişdirici bir faktorun olduğunu demək olar və elə inkişafın gedişi ilə bağlı hipotezin tərəfdarları da öz mülahizələrini bu faktora əsaslanaraq yürüdürlər – bu faktor olduqca yavaş təsir etsə də, ancaq yaranmış əlverişli şəraitlərdə, uzun bir zaman müddətində, köklü dəyişikiliklər yarada bilir – elə bu faktor da, milyon illər boyunca, geoloqların tapıb üzə çıxardıqları çox müxtəlif şəraitlərin təsiri altında, böyük ehtimallarla, canlı orqanizmlərdə bəlli miqdarda dəyişikiliklərin yaranmasına gətirib çıxarmışdır.   

Bütün bu deyilənlərdən sonra hansı hipotezi daha ağlabatan saymaq olar? – növlətin fərdi qaydada yaradılıb dəyişilməz olaraq qalması kimi anlaşılmaz və öz doğruluğunu göstərmək üçün heç bir fakta əsaslana bilməyən hipotezimi, yoxsa növlərin dəyişikliyə uğramasını deyən və anlaşılan olması ilə yanaşı, həm də, mövcud orqanizmlərdə vərdişlərin yarana bilməsi ilə özünün doğruluğunu göstərə bilən hipotezimi düzgün saymalıyıq?

Zoologiya ilə tanış olmayan və buna görə də, ən sadə canlılarla mürəkkəb varlıqlar arasındakı qohumluğun çox aydın və asan bir şəkildə sübut olunduğunu bilməyən birisi üçün, bu sadə quruluşlu varlıqlarda baş verən bir sıra dəyişikiliklərdən yaranan aralıq canlıların tədricən məməliləri doğurduğunu eşitmək, sözsüz, çox gülünc görünəcəkdir. Şeyləri yalnız onların dayanıqlı formalarında görməyə alışmış, onlarda baş verən dəyişiklikləri izləməyə öyrəşməmiş  bu adamlar, uzun müddət ərzində yığılan kiçik dəyişikliklərin toplanaraq, yeni bir canlı növünə başlanğıc verə biləcəyi faktının mümkünlüyünə inana bilmirlər. Onların bununla bağlı yaranan təəcübü, sonuncu dəfə uşaqlıq çağında gördükləri birisini gözlənilmədən qocalıq çağında görməkdən yaranan təəcübə çox oxşayır, ancaq dediyimiz durumda onlarda hansısa canlıda çox böyük dəyişikiliklərin yaranmasından doğan bu təəcüb, anlaşılmaz bir inamsızlığa çevrilir. Buna baxmayaraq, ilk baxışda sezilməyən dəyişikiliklərin toplanaraq ən müxtəlif gözəçarpacaq dəyişikiliklər yarada bilməsinin çoxlu örnəkləri vardır. Bir neçə müddət öncə, bu mövzunu bir tanınmış professorla araşdıranda, mən öz mövqeyimi belə anlatmışdım: - Siz dairə ilə hiperbola arasında heç bir qohumluq əlaqəsinin olmadığını düşünürsünüz. Onlardan biri qapalı, o birisi isə sonsuzluğa gedib çıxan əyridir. Birincinin bütün hissələri biri-birinə uyğundur, ikincinin isə, qarşılıql simmetrik olan hissələrini qırağa qoysaq, heç bir hissəsi o birisi ilə uyğun deyildir. Onlardan biri bəlli bir müstəvi hissəsini öz içinə alır, o biri isə sonsuzluğa qədər uzanıb getsə də, müstəvinin heç bir hissəsini öz içində saxlamır. Ancaq bu əyrilər özəlliklərinə görə, nə qədər də, biri-biri ilə tərs olsalar da, onları biri-birindən hiss olunmayacaq dərəcədə fərqlənən çoxsaylı vasitəçi əyrilərin köməyi ilə biri-birinə bağlamaq olar. Beləliklə də, biz konusu onun oxu ilə düz bucaq əmələ gətirən bir müstəvi boyunca kəssək onda dairə alacağıq. Birdən, konusu onun oxunu 890 59/  bucağı altında kəsən müstəvi götürsək onda bu kəsişmədən ellips alınacaqdır, ancaq heç bir iti göz və dəqiq ölçən pərgar da, bu ellipsi bundan öncəki çevrədən fərqləndirə bilməyəcəkdir. Konusu kəsən müstəvinin onun oxu ilə kəsişmə bucağını belə, çox kiçik intervallarla azaltmağa davam elədikcə, biz getdikcə bir mərkəzdən eyni uzaqlıqda olan nöqtələri üzərində saxlamayan bir qapalı əyri alacağıq və kəsişmə bucağı seziləcək dərəcədə böyüyəndə artıq bu ellips, dairəyə əsla oxşamayacaqdır. Bu prosesi başladığımız qaydada, kəsişmə bucağını cüzi dəyişməklə davam elətdirdikcə, bu ellips, öncə, sezilmədən parabolaya, daha sonra kəsişmə bucağının daha da kiçilməsindən isə hiperbolaya çevrilir. Beləliklə də, bu prosesin gedişində biz hərəsinin özünəməxsus özəllikləri olan: dairə, ellips, parabola və hiperbola kimi dörd fərqli fiqurlar almış oluruq; ancaq onlardan öz təbiətlərinə görə biri-biri ilə kəskin əksliklərdə olan dairə ilə hiperbolanı – sezilməyəcək şəkildə baş verən dəyişilmə prosesi ilə bağlı olaraq yaranan çoxsaylı əyrilər sırası biri-birinə qırılmaz tellərlə bağlayır.        

Ancaq mürəkkəb üzvi formaların çox sadə üzvi formaların ardıcıl olan dəyişmələrindən yaranması düşüncəsini gülünclük sayan adamlar, öz korluqları ucbatından, belə bir prosesin demək olar, hər gün baş verdyini görə bilmirlər. Ağac onu yaradan toxumdan ölçüyəgələməz dərəcədə fərqlənir, burada ölçülər, quruluş, rəng, kimyəvi tərkib baxımından olan fərqlər hədsiz böyük olduğundan, onlardan birinə baxıb o birisi ilə hansısa uyğunluğunun olduğunu göstərə bilmək mümkünüsüzdür. Ancaq bir neçə il ərzində bunlardan sadə formalısı tədricən daha mürəkkəb üzvi quruluşa çevrilir və bu çevrilmə çox yavaş baş verdiyindən, dəyişilmənin heç bir anında toxumun artıq toxum olmaqdan çıxıb bitkin bir ağaca çevrildiyini də demək olmur. Yeni doğulmuş körpə ilə ananın kürəşəkilli, olduqca kiçik, yarımşəffaf yumurtalığı arasındakı fərqdən də böyük olan bir müxtəlifliyi başqa haradan tapmaq olar? Körpə çox mürəkəb quruluşlu olduğundan, onun bədən üzvlərini təsvir eləmək üçün bütöv bir ensiklopediya yazmaq gərək olur. Onun dölləndiyi bu kiçik qovuq olduqca sadə bir quruluşda olduğundan, onu bir cümlə ilə də təsvir eləmək mümkünüdür. Ancaq bir neçə ayın içində döllənmənin baş verdiyi bu qovuq sezilməyəcək bir şəkildə dəyişərək doğulacaq körpənin yaranmasına gəlib çıxır və bu zaman ən güclü mikroskopla belə burada baş verən tədrici dəyişikliyin yaratdığı sonrakı momentin gözəçarpan məqamlarını müşahidə etmək mümkün deyildir. Bütün canlıların, o sıradan insanın da, bəlli bir vaxt ərzində sadə bir hüceyrənin inkişafı nəticəsində yaranması hipotezinin savadsız və ya yetərincə savadı olmayan adama gülünc görünməsində qəribə heç nə yoxdur. Ancaq hər bir fərdi varlığın yalnız bu yolla yaranıb inkişaf elədiyini öyrənən fizioloq bunu yaxşı bilir: bütün bitkilərin və heyvanların rüşeyimləri özlərinin ilk başlanğıc çağında, biri-birinə ayırdedilməyəcək qədər oxşar olurlar və baxılan rüşeyimin yosunmu, yoxsa palıdmı, birhüceyrəli canlımı, yoxsa insanmı olduğunu fərqləndirmək üçün əlamətdar bir fərq tapmaq, demək olar ki, mümkün deyildir. Əlbəttə, əgər bir hüceyrəyə iyirmi il ərzində bir sıra təsirlər etdikdən sonra, ondan şüurca yetkin bir insan yarana bilirsə, onda milyon illər ərzində hansısa hüceyrənin inkişaf edərək insan soyuna başlanğıc verməsi ilə bağlı hipotezdə də, heç bir ağlasığmazlıq ola bilməz.   
 
Bir sıra alimlərin də qatıldığı bu, “Qanunlar Möcüzələrə qarşı” adlanan mübarizənin gedişində biz mövhumatın necə bir inadkarlıq və tərsliklə yaşamağa çalışdığının şahidi oluruq. Bizim istənilən qabaqcıl geoloqumuzdan və ya fizioloqumuzdan onun dünyanın tanrı tərəfindən yaradılması əfsanəsinə inanıb-inanmadığını soruşsanız, o bu sualla onu ələ salmaq istədiyinizi düşünüb sizdən inciyəcəkdir. O bu yaradılış əfsanəsini ya büsbütün danır, ya da bütün bu danışıqların hansısa qeyri-müəyyən və qeyri-təbii bir anlamda olduğunu düşünür. Ancaq buna baxmayaraq, bu danışılanların bir bölümünü o, qeyr-şüuri olaraq qəbul edir. O bu danışıqlardan növlərin “fərdi yaradılışı” ilə bağlı deyilən fikri əsaslı şəkildə mənimsəyir və bu ideyanı qorumaq uğrunda bütün gücü ilə savaşa atılmağa da hazırdır. Görünür, o növlərin necə inkişaf edib yaranması ilə bağlı başqa bir mənbə görmədiyindən, özünün də dandığı bu mifdən yararlanmağa başlayır. O, təbiətdə bu inandığı nəzəriyyənin doğruluğunu sübut edə biləcək bir dənə də olsun tutarlı fakt tapa bilmir; onun çalışmalarında bu yanlış nəzəriyyəni doğrulda biləcək və biri-biri ilə qırılmaz tellərlə bağlı olan hansısa mücərrəd doktrinalar da yoxdur. Siz onu səmimi etirafa məcbur eləsəniz, onda o, bütün bunların onun başına uşaqlıqdan yeridilən və indi çox hissəsini gülünc saydığı hekayətlərdən mənimsədiyini boynuna alacaqdır. Ancaq onun bu danışılan gülünc yaradılış hekayətlərində deyilənlərdən, demək olar, hamısını dansa da, yalnız bu sonuncu hissəsini, sanki, hansısa etibarlı mənbədən götürübmüş kimi qəbul etdiyinin və böyük bir qızğınlıqla onun müdafiəsinə qalxdığının səbəbini soruşsanız, o sizə cavab verməkdə çətinlik çəkəcəkdir.  
 
Tərcümə: Araz Gündüz
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade