Taleh Yüzbəyovun tuluğundan tökülənlər

Публицистика

“Zəhər tuluğu “ youtube məkanında 1 milyondan artıq izlənilib. Söhbət sonuncu-üçüncü tuluqdan gedir. Hara gedirsənsə, kiminlə danışırsansa, ən azı adı çəkilir və ya hansısa ifadəsi sitat kimi gətirilir. Biri tənqid edir, biri əhsən deyir. Yerli tamaşaçı üçün “Çernobıl” qədər əhəmiyyətləşib desək bəlkə də yanılmarıq. Sosial şəbəkələrin, internet kanallarının tüğyan elədiyi dövrdə yaşayırıq, normaldır. İndi kimsə deyəcək ki, 1 milyondan artıq izləyici nədir ki, bu məgər göstəricidir? Mən də bəri başdan o kimsəyə deyirəm ki, vallah düz deyirsən. Bu göstərici zad deyil. Odee, məsələn “Kazbekə şey basım,” da elə bir o qədər izlənib. Özü də bir
paylaşımda. Adam bəlkə də haqlı. Sözümün canı onda deyil. Odur ki, keçirəm mətləbə. 

Taleh Yüzbəyovun müsahibəsini dinlədim. Bəri başdan deyirəm ki, bəyəndim. Onun cəmiyyətə mesajlarına əks arqumentlərlə də tanış oldum. Onlar da maraqlıdır. Amma daha maraqlı odur ki, əks arqumentlər Talehin özü demiş süjetin içindən əziyyət çəkərək çıxarılır. Əsas iradlar da gender bərabərliyi balansının pozulması, anti-feminist düşüncənin ötürülməsi, qadının aşağılanmasıdır. Niyə belə qənaətdədirlər , bilmirəm, amma mən məhz bizim cəmiyyətdə 
deformasiya olunaraq dəbə minən feminism barədə düşündüklərimi yazmaq istədim. Yəni bir sözlə “Zəhər tuluğu ”bəhanə oldu. Bizim kişilər feministdirlərmi ? Bu sualı bir az qurdalayaq görək ortalığa nə çıxır.

Neçə vaxtdır fikirləşirdim ki, yahu, götürüm elə yaxın tanıdığım birini-məsələn özümü, görüm mən feministəm yoxsa yox? Yəni feminist olub nə eləmişəm, olmayıb nə eləmişəm. Deməli, bu yaxınlarda Azərbaycanın kişi feministləri adı altında bir süjetə baxdım. Öz-özümə dedim ki, əgər feminizm budursa mən yekəsindənəmmiş ki ? Hətta deyərdim ki, gözümü açandan feminizm  görmüşəm, sonra da tale elə gətirib ətrafıma dost tanış da özümə bab olanlardan toplanıb, yəni bir sözlə onlar da feministdirlər beş də artıq. Deməli, anladığım bu oldu ki, feministik süjet hazırlamaq üçün müsahibəni verən kişi qucağında körpə uşağını tutmalı, onu dizi üstə tərpədə - tərpədə danışmalı , bununla da cəmiyyətə uşaq saxlamaqda qadına dəstək olun mesajını verməlidir. Elə bu? Əziz bacılar və qardaşlar, dostlar və yoldaşlar,bəylər və müəllimlər, feministlər və maskulinistlər. Allah cəmi balaları saxlasın, bizim də iki övladımız var. İkisini də xanımımla mən birgə böyütmüşük.(yaza-yaza gic gülmək tutur məni, elə bil fenomenal bir olaydan danışıram) Gecə yatmayanda beşiyini o da tərpədib, mən də. Elə vaxt olurdu ki, gecəni növbələşdirirdik. Bu gecə o baxır, mən yatıram, növbəti gün mən baxıram o yatır. Ciddi əsgəri qaydalara riayət edirmişik kimi. Gəzməyə də birgə çıxarmışıq, birgə çimizdirmişik də. Bütün qayğılarını çəkməkdə dəstək olmuşam. Əlbəttə ananın zəhməti daha böyükdür, bunu danmaq olmaz. Ən azı hamiləlik və doğuşu bir həkim kimi deyə bilərəm ki, feminism ,feminism deməklə kişinin üzərinə ata bilməyəcəksiniz. Məsələnin burası aydındır.
Uzatmayaq, bir sözlə övladın qayğısı birgə çəkilib bizim ailəmizdə. Mən belə olmuşam. Çünki, atamı da belə görmüşəm, əmimi də, dayımı da. Heç kim evdə xanımı ilə əşya kimi davranmayıb.

Bizim xanımlar başımızın tacı olublar. Ətrafımdakı dostlar da eyni cür. Feminizm budursa mən FEMİNİSTƏM. Daha sonra süjetdə qabardılan ikinci məsələ qadının işləməsidir. Əzizim, mənim anam da işləyib, xalalarım, bibilərim də. Hətta nənəm belə işləyib. Babamla da elə dərs dedikləri məktəbdə qarşılaşıblar. İndi də bacım da işləyir, xanımım da. Ətrafımızda olan dostların ailələrində də durumlar aşağı yuxarı eynidir. İşləməkdən də əfzəl təhsildir ki, qadınına , kişisinə
baxmaz . Göndərin balalarınızı təhsil almağa. Qorxmayın, çəkinməyin. Pisliyə bulaşacağını düşünməyin də. Bulaşmaq arzusunda olan elə burada da o pisliyi tapacaq. (bəzən də bizim pislik bildiyimizə baxışlarımızın dəyişməsi vacibdir. Burası da var.) Həyatda ayaq üstə durmağa təhsil çox kömək olur.

Bu yaxınlarda soyumuz, kökümüzlə bağlı bir hadisə də eşitdim. Sən demə nənəmin din xadimi olan əmisini elə öz kəndliləri güllələyibmişlər. Səbəb də bilirsiniz nə olub? Minbərdən çıxıb xalqa deyib ki, ay camaat göndərin qızlarınızı Hacının şəhərdə açdığı Qızlar məktəbinə. Qız uşaqlarının təhsil almağı şəriən vacibdir. Bu sözlər kifayət edib ki, adamın ölümünə fərman verilsin. Bunu duyub da necə feminist olmayasan. Feminizm budursa mən FEMİNİSTƏM.

Keçək yemək bişirmək məsələsinə. (çünki süjetin digər qəhrəmanı məhz mətbəxdə makaron süzə-süzə müsahibə verirdi. Makaronu mən də süzərəm, get aş süz eee) Bizdə yeməyi evin xanımı bişirir. Amma kefimə düşəndə mən də nəsə maraqlı bir şey hazırlayıram. Hələ sonra uşaqlar müqayisə də aparırlar. İndi deyəcəklər ki, bax görürsən, niyə yeməyi xanım bişirir, qabları xanım yuyur, niyə onu mətbəxə buxovlayırsınız? O kəslərə demək istəyirəm ki, yəqin ki, yuxarıda sadaladıqlarımı oxudunuzsa aydın olmalıdır ki, burada bu sadəcə qəbul olunmuş qaydadır. Hansının ki, müzakirəsi belə getməyib. Bir növ bu gen yaddaşıdır. Kişi gətirir, qadın bişirir. Amma, yuxudan mən erkən qalxmışamsa çayı da qoyaram, yeməyimi də hazırlayaram.
Hələ üstəlik dərsə gedənlərin də qulluğunda dayanaram. Çünki uşaqlıqdan belə görmüşəm. Feminizm budursa mən FEMİNİSTƏM. 

İndi deyəcəksiniz ki, əşşi bu sadaladıqların bəlkə sənə aiddir və ya tanıdıqların tək-tük ailələrə. Əksəriyyət qadını söyür,döyür,oxutmur və s. Yox, elə deyil. Əksəriyyət ailələrdə bu tərz oxşardır, bir tək təhsillə bağlı öz yazdıqlarımı sona qədər müdafiə edə bilməyəcəyəm. Çünki elə öz tanıdığım kifayət qədər insan var ki, qız uşağının evindən uzaqda təhsil alması fikrini heç cür həzm edə bilmirlər. Bəziləri isə ümumiyyətlə bunu mənasız sayırlar. Bu məsələdə məncə çox
geridəyik. Amma digər məişət səviyyəsində olan problem kimi sadaladıqlarım çox abartılır məncə. Demirəm ki, hər şey bu sahədə əladır, amma heç yerdə hər şey əla deyil. 

Həəə, dostlar, dərd orasındadır ki, hazırda meydanda olan feminism bunlarla məhdudlaşmaq istəmir axı. XVIII əsrin məhsulu olan bu cərəyanın XXI əsrdə irəli sürdükləri fikir çox fərqlidir. Əslində bu da başa düşüləndir, zira, zaman hərəkətdədirsə, fikirlər də, düşüncə də statik qala bilməz. İndi feminizm seçmək və seçilmək, cinsəl bərabərliyin insan haqqları müstəvisində eşit dəyərli olması və s. kimi məsələlərdən daha da irəli gedir. Bəzən də bu bərabərliyin özü artıq
bərabərlikdən çıxmış kimi görünür. Yəni hüquqi bərabərlik bəzən az qala fiziki bərabərliyə də iddialı görünür. Bax elə götürək gender bərabərliyini. Qadınla kişi eyni hüquqlu olmalıdır. Bir mənalı razılaşıram. Eyni hüquqlu olmalıdır, amma eyni yükün altına girməli deyil axı. Boğazdan yuxarı razılaşıram deməklə alınmır axı bu iş. Axı ümumi olaraq götürəndə kişi və qadın fizioloji fərqli yaradılışlardır. Bundan dolayı eyni işi hər ikisi eyni cür görə bilməzlər axı. Bəs bunun harası
bərabərlik oldu? Götürün qadın idmançılarla kişi idmançıların sayını, qadın cərrahlarla kişiləri, qadın elm adamları ilə kişi həmkarlarının nisbətini. Nə bilim əşşi, qadın və kişi kosmonavtları. Nə olar mübahisə etməyin, axı real olanlar bunu deyir. Hər qadın atom buzqıran gəmini idarə edə bilər deyirsiniz? Hansını ki, heç hər kişi də sürə bilmir? ”Kərimov, utanmaz, sən almanı tumları ilə yemisən” deməklə olmur axı. Bir də ki, siz bir qadınların özündən soruşun,görün onların nə
qədəri belə abstract bərabərliyi arzulayırlar? Neçə faizi əlini bu daşın altına qoymağa hazırdır? Budur feminizm? Budursa mən FEMİNİST deyiləm, haşa.

İndi də deyirsiniz ki, fahişələrə seks işçisi ,fahişəliyə də seks xidməti deyək. Səbəb də bu olmalı ki, onlar da bu yolla iş görüb pul qazanırlar. Yəni bu da bir işdir, bunu aşağılamaq olmaz. Bax, orada durun daha. Bu ovçuluqdan sonra yəqin ki, ən qədim peşədir, bunu danmaq olmaz. Amma elə qədimliyindən bu yana hörmətsiz olaraq qalır. Qalacaq da. Anlayıram ,bu yolu xoş güzəranından seçməyən, sevmədən addımlayan qadınlar çoxdan da çoxdurlar. Bəziləri
qurbandırlar. Onlar aşağılanmamalı, dışlanmamalıdırlar. Zəhər tuluğunda deyildiyi kimi, elə bilməyin ki, bu onlara xoşdur. Və ya onlar öz peşələrini hörmətli sayırlar. Fahişənin alçaldılması, əlbəttə yol verilməzdir. Amma bu peşə artıq varlığında alçalmanı tərənnüm edir. Cəmiyyət belə insanlara qayğını, yardımı, dəstəyi əsirgəməməli, onlara qurtuluş üçün dayaq olmalıdır.Amma daha onların da işləri budur, bu yolla çörək qazanırlar, bu da bir peşədir, işdir demək fahişəliyə elə fahişəlik kimi baxan düşüncənin üzünə həyasızcasına tüpürməkdir. Bu hər yerdə belədir.

Fahişəliyi hər hansı peşə ilə-fərq etməz istər küçə təmizləyən MKTB əməkdaşı olsun istərsə də elmi tədqiqat institutunda kiçik elmi işçi eyniləşdirmək yanlış deyil, artıq tərbiyəsizlikdir. Əgər bu yolla çörək pulu qazanmaq normal qəbul edilməlidirsə, o zaman rüşvət almaq da normal qəbul edilməlidir. Onlar da rüşvət alıb evinə çörək aparır axı, hələ üstəlik kiminsə işini də aşırırlar. İndi nə deyək o oturduqları məqamın fahişəsinə çevrilənlərə?

Mən bilirəm ki, bu düşüncə sahibləri cəmiyyətdə çoxluq deyil. Və mən cəmiyyətin ümumi, ənənəvi düşüncəsinə qarşı çıxan bir qrup yeni fikirçiliyin qətiyyən əleyhinə deyiləm. Zira ənənəvi düşüncənin o qədər kiflənmiş tərəflərini görürəm ki, çox zaman özüm qarşı səfin cərgəsində dururam. Hər yeniliyin də əvvəl ciddi maneələrə dirənməsini tarix bizə öyrədib. Amma, məntiqsiz nihilizm də bir şey deyil. Ən doğru olan isə İNSANCIL (humanist) olmağımızdır,əsas
budur.

Taleh açıq saçıq danışır. Əslində bu tərzini bəyənmirəm. Amma bəlkə də bəyənmirəmdən çox qəbul edə bilmirəm sözü bura daha uyğundur. Bu onun stilidir. Daha doğrusu bu tərz ədəbiyyat janrında və kinoda illər öncə yaransa da bizim yaradıcı mətbəxə yeni gəlir. Bunun üçün yaddır.

Yaddır, amma bu hələ doğru deyil anlamına da gəlmir. Bəlkə də öz təstiqini tapacaq. Yaşayarıq, görərik. Hərçənd daha ciddi fəsadlara da yol aça biləcəyinı düşünürəm. Yeni nəsilin danışığının vulqar ifadələrlə dolu olması bunu düşünməyimə əsas verir. Digər yandan da zərurət bunu tələb edəcəyi təqdirdə” olacağı labüddür “fikrini qəbul etmə zorundayam. Bizim zəmanədə aristokratiyanın leksik bazası deyiləcək bir anlam qalmayıb. Bunun nisgilini çəkəndə Turgenyevin
”Atalar və oğullar” ını oxumaq yerinə düşər. 

Talehin “Zəhər tuluğu “ nun süjeti də obrazları da realistikdir. Hərçənd Taleh özü Adilə gördüyümüz yox, əslində etmək istədiyimiz təxəyyül məhsulu kimi baxırsa da məncə içi Adil qarışıq bütün obrazları məhz elə gördüklərimizdir.

P.S. Sonda Taleh Yüzbəyova elə “Zəhər tuluğu” Adilin təbirincə müraciət etmək istəyirəm. Sən deyirsən ki, bu filminə 16- yaşından kiçik uşaqların baxmasını tövsiyyə eləmirsən? Düz demirsən, hamısı baxıblar. Sən də bunu çəkəndə artıq baxacaqlarını bilirdin.

Rüfət Hüseynli

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade