Dərdləşmə

Альтернатива

  Bir dostla, yoldaşla istirahət məqsədiylə görüşəndə söhbət etmək istədiyim mövzular əsasən kitablarla, yazıçılarla, mütəfəkkirlərlə, sənətlə bağlı olur. Fəqət görmüşəm və görməkdəyəm ki, bu söhbətlər onları xüsusi ehtirasla, vəcdlə maraqlandırmır. Söhbətə candərdi reaksiya göstərməkləri, güclə də olsa, hiss olunur. Onları qınamaq olarmı? Olmaz. Bu seçimləri, münasibətləri yanlışdımı? Deyil. Çünki ən müxtəlif insanların maraq dairələri də çeşidli ola bilər. Hər insanı qıcıqlandıran yaşantılar, proseslər, hadisələr digər insanlarınkından fərqlənə bilər və hər insan da istər-istəməz, necə deyərlər, instinktiv olaraq həmin nəsnələr barədə danışıb-eşitmək istəyir. Əslində tamamiylə təbii haldı və bu məqamla bağlı dəyişiləsi nəyinsə olmadığını düşünürəm. Çünki bir insanın formalaşma prosesinin, gələcəkdə necə fərd olacağının kökləri ana bətninə qədər uzana bilər. Orqanizm ana bətnində olarkən belə qeyri-ixtiyarən cürbəcür qıraq təsirlərə məruz qala bilər və bu, onun gələcəkdə yetkin fərd olarkən bir çox şəxsi keyfiyyətlərini dəyişilməz dərəcədə, hələ ana bətnindəcə müəyyənləşdirə bilər. Belə olduğu halda kimisə dərindən necə dəyişəsən və niyə dəyişmək istəyəsən?


(Fəqət nadirən həmsöhbət olduğum insanlar arasında intellektual sahələrdə çalışan yoldaşların da olduğunu nəzərə alanda, düşüncə sənətiylə məşğul olmağa iddia edən və bunu bildirən həmin insanların əksəriyyətinin təfəkkür aləmiylə bağlı söhbətlərdən darıxması hərçənd xeyli təəccüblü görünür. Oxucu istəsə bu məsələ barədə düşünə bilər. Bəs onlar nə üçün belə söhbətlərdən sıxılırlar, görəsən? Mənəvi məntiqə görə əksi olmalıdı axı, elə deyil?)


Söhbət edərkən görürsən ki, həmsöhbətin fikri, məsələn, ağıllı telefonunda qalıb. Bu onun həmsöhbətinə qarşı nəzakətsizliyə yol verdiyini göstərə bilərmi? Bəlkə də hə. Ancaq, yeri gəlsə, bu halı qeyri-təbii saymaya da bilərik. Deməli, onun daha çox marağını çəkən mövzular telefonunun içindədir. Deməli, həmsöhbətimiz dövrün texnoloji mühitinin bizi əhatələdiyi qaçılmaz manipulyasiyanın aşırı təsirindədir. Bu halət, amerikalı alim və musiqiçi Jaron Lanyenin təbirincə söyləsək “pis işlər həyata keçirmək istəyən pis insanların” fəaliyyətinin istənilən, gözlənilən, hədəflənən nəticəsi deyildi, ola bilər ki,  əvvəlcədən təxmin olunmayan, proqnozlaşdırıla bilməyən gəlişatın nəticəsiydi. Kimsədə günah axtarmağa gərək yoxdur. Üstəlik, sözügedən texnoloji gəlişmənin xeyli sayda insana bəxş etdiyi avantajlar da var axı (Aşağıda biri barədə qısaca söhbət açacağam).


Həm də kimsə oturub, 21-ci əsrin ətrafımızı zahirən əlvanlaşdıran (zahirən cazibədar nəsnələr daha cəlbedici olur) və deyəsən stressqovucu effekt göstərən qlamur-əyləncə bolluğu içində yaşamaq varkən, qədimi kitablar, hansısa əski müəlliflər, təkliyindən uzaqlaşıb təptəkliyə çəkilən və qıraqdan, çalışmaqla məşğul olan biləyinin yaxınlığına sakitcə qoyulan fincandakı isti kofenin buxarlanmasını seyr edirmiş kimi görünən, fəqət fikri-zikri ayrı yerdə olan və zehnində yaranmağa başlayan mənzərənin təsirindən öz-özünə həzlə gülümsünən yazarlar barədə uzun-uzun ürəkboşaltmaları dinləmək məcburiyyətində deyil.


Xüsusi əhəmiyyəti olmayan xırda bir məqamı bölüşüm: əvvəllər məni qardaş adlandırıb xətrimi çox sevdiyini söyləyən, sonralar karyerasında artmaq məqsədilə daha üstün və faydalı hesab etdiyi insanların əhatəsinə yönələn və bu dəfə onları özünə qardaş sayan, lakin bu gözləntisində xeyli yanılan  əski bir yoldaş uzun zamandan sonra məni görüşə çağırdı. Keçmiş yoldaşlıq xatirinə görüşə getdim, o isə oturub ancaq yenicə ayrıldığı xanımdan və proses zamanı yaşadığı hansısa iztirablardan danışdı.


Həmsöhbət olan insanları imkan olduğu qədər dinləməyi sevsəm də, əski yoldaşımın dərdlərini bu dəfə nəzakət xatirinə dinləyirdim. Məgər onun bu dərdi mənimçün maraqlı idimi? Maraqlı olmalıydımı? Bu cür şəxsi problemlər nə üçün cəlbedici olsun? Söhbət bunda deyil, başqa məqama diqqət çəkmək istəyirəm: yəni demək istəyirəm ki, bax, bu keçmiş yoldaşın açdığı həmin mövzu mənə görə əslində necə maraqsız idisə, yaxud belə deyim, ən azından mənimçün heç bir estetik anlam daşımadığı üçün cüzi dərəcədə maraq daşıyırdısa, mənim kitablar, yazıçılar, filosoflar barədə açacağım söhbət də onunçün eyni dərəcədə maraqsız olacaqdı. Təbii hal sayılmazmı?


"Hamı kitab oxumalıdır!" (çox maraqlıdır ki, tutalım, bədii ədəbiyyatla ümumi maarifləndirmə prosesi necə həyata keçir və keçə bilər? O mexanizm, görəsən, necə işləyir? Məgər bədii ədəbiyyat kütləvi maarifləndirmə vasitəsidirmi?), "Dünyanı ...... xilas edəcək!" və bu kimi sayları xeyli olan hökmlər, iddialar, imperativlər də  mənə görə çox dayaz mülahizələrdir (Qənaətimi necə bölüşüm ki, əksini düşünən oxuculara kobud gəlməsin deyə bir az düşündüm, fəqət ifadə üçün “dayaz” kəlməsindən başqa kəlmə tapmadım. Bu gərgin vəziyyətdən sivişmək üçün belə təklifim var: qənaətimə zidd mövqedə dayanan oxucular istərlərsə bu mövqeyimi könül rahatlığıyla dayaz hesab edə bilərlər, heç bir problem yoxdur).


Adamda aldanış, illüziya təəssüratı oyadırlar. Həqiqi  kitabsevərlərin, kitablar vasitəsiylə şüurunu gerçəkdən aydınlatmaq istəyənlərin, bu çox şəxsi, məhrəm fəaliyyətə macəra tipli əyləncədən də xali olmayan zəhmətli çalışma kimi yanaşanların, düşünməyi öyrənmək istəyən insanların hər zaman dar bir çevrəylə məhdudlaşdığını düşünürəm və vəziyyətin, kobud bir öncəgörmədə bulunaraq (üzrlü bil, əziz oxucu), gələcəkdə də eynilə belə olacağını təxmin etdiyimi bildirmək istəyirəm. Yeri gəlmişkən, sevdiyim iki qədimi filosofun mövzuyla bağlı söylədiyi, doğru və aktual saydığım üç düşüncəsini bölüşmək istəyirəm:


“Mərhəmət və nəciblik də eynilə dahilik kimi öyrədilə bilməz. Anlayış və məfhumlar bu sferada da səmərəsizdir. Buna görə də bütün əxlaqi sistemlər və etik məktəblərimizin dünyaya çox sayda alicənab, işıqlı və mərhəmətli insanlar bəxş edəcəyini gözləmək, estetikayla bağlı yazılmış kitabları oxuyan hər kəsin dahi şairlərə, musiqiçi və heykəltaraşlara çevriləcəyini gözləməyimiz qədər yanlışdır.

 

Onları (filosof kitabları nəzərdə tutur-m.q) anlamayan insanlar tərəfindən çap edilir, anlamayan insanlar tərəfindən satılır, anlamayan insanlar tərəfindən oxunulur, hətta analiz və tənqid edilirlər. Və indi də onları anlamayan insanlar tərəfindən artıq qələmə alınırlar.

 

O kitabın təsiri də yaxşı kitabların adətən göstərdiyi təsirin eynisiydi. Axmaqları daha da axmaqlaşdırır, zəkiləri daha da zəkiləşdirir, bunlardan uzaqda duran minlərlə insan isə dəyişmədən olduqları kimi qalırdılar.”

 

Qısası, insanın məcburən gedib kitab oxumamalı olduğunu, əksinə, sevdiyi əyləncəni özgürcəsinə seçməli olduğu qənaətindəyəm. Cəmiyyətin ümumi xeyrinə olan dissiplinlər istisna olmaqla, qalan hallarda təzahür edən məcburiyyətlərin, təzyiqsevərliyin, zülmkarlığın insana yaraşmayan cəhətlər olduğunu düşünürəm.


Ancaq məsələnin qəlizliyi bundadır ki, həqiqi bir kitabsevər xoşuna gələn kitablar barədə danışmaq istəyir. Bu dərin və bəlkə də ifadəolunmaz mənəvi ehtiyacdır. Və bu ehtiyacın təminatının ilk növbədə bu ehtiyacını təmin etmək istəyən həmin kitabsevərin özü üçün çox vacib və önəmli olduğunu düşünürəm. "Mən filan hərəkəti edirəm ki, kiməsə xeyir verim, filan fəaliyyətlə məşğul oluram ki, xalqa xeyir verim" kimi fikirləri də ürəkbulandırıcı dərəcədə dayaz və riyakar (deyəsən, bu dəfə barıtı bir az çox qoydum) hesab etdiyimi söyləmək istəyirəm. Tanıdığım, müşahidə etdiyim insanların fəaliyyət göstərərkən ilk növbədə özlərinin mənfəətini düşündüyünün şahidi olduğum üçün bu qənaətə gəlmişəm.


İlk növbədə şəxsi mənfəətə hesablanmış ictimai bir fəaliyyətin yan təsirlərindən bəs digər insanlar da xeyir götürürlərmi? Həmin işin sosial baxımdan yaxşı nəticələr yaratmaq ehtimalı çoxdur, yoxsa pis nəticələr yaratmaq ehtimalı? Bax, bu cür suallar isə başqa mövzunun suallarıdır. Məsələnin praktik yönlərini bir qırağa qoysaq belə, əgər, tutalım, bədii ədəbiyyatın mənəvi baxımdan arınmaqla, saflaşmaqla, ruhani qurtuluşla bağlı hansısa aspekti varsa da, onda başqa sual da yaranır: bu mənada öz-özünü xilas etməyən bir kəs başqa insanı necə xilas edəsidir ki? Özü xilas olmayan insan başqasını xilas edə bilərmi? Süniliyə nə gərək var? Sünilik bezdirib yormadımı? Sünilik hansısa köklü mənəvi dirçəlişə, oyanışa rəvac verdimi indiyədək? Nəticəsi, xeyri nə oldu? Bayaq üzrxahlıq etmişkən, ay oxucu, qoy, daha bir öncəgörmə də gəlsin, ziyanı yoxdu: Heç zaman da təməlli bir ictimai xeyri olmayacaq! (kifayətdi, kifayətdi, bu qədər teatrallıq bəs edər).


Bəs kitablar barədə danışmaq, dərdləşmək (Bəli, dərdləşmək. Mənə görə yaxşı ədəbiyyat və fəlsəfə barədə söhbətlər də, yeri gəlsə kifayət qədər ciddi yan təsirləri olan intellektual dərdləşmələrdir. Yəni, şəxsi, maddi, praktiki problemlərdən və umacaqlardan ziyadə hansısa bir kitaba, müəllifə, sənətkara, onun zehnindəki həyat parçalarına, dünyəvi modelə duyduğun heyranlıqdan söhbət edərək ürəyini boşaldırsan) və bu söhbətləri dinləyəcək bir kəsi tapmaq istəyən insanın əlində köməkçi vasitə kimi nə qalır? Axı insanlar arasında gözəl saydığı nəsnələri, yaşantıları ərk etdiyi digər insanlar qarşısında bəyan edib sərgiləməyə ehtiyac duyan insanlar da var və hər zaman olmuşdular. Bəs bu cür insanların mənəvi ehtiyacı necə ödənsin?


Müasir texnologiyanın bəxş etdiyi avantajlardan biri məhz bu məqamda ortaya çıxır. Hansısa virtual sosial şəbəkələr, ədəbi saytlar və bənzər məkanlar barədə danışıram. Diqqət etsək görərik ki, həqiqi bir kitabsevər sözügedən virtual məkanlarda heç kimi zorla oxumağa məcbur etməz, heç kimin zorla gözünə girməz. Kefi istəməyən onu oxumaz, dinləməz, ona diqqət etməz, kefi istəyən oxuyar, dinləyər, diqqət göstərər. Mənə elə gəlir ki, bu vəziyyətə çox məxsusi aydınlıq və anlayış xasdır. Burada zorakılıq nəzərə çarpmır, hiss olunmur, kifayət qədər seçim azadlığı atmosferi yaranır (Maddiyyat qarşılığında özünü reklam etdirən, yaxud oxşar vasitələrə əl ataraq zorakılıqla adamın gözünə girən müxtəlif tiplər istisnadır. Barıtı bollaşdıraraq deyim ki, bu orqanizmlər o dərəcədə həyasız və kobud tiplərdi ki, heç onlar barədə danışmağa dəyməz.)


Lakin elə insanlar da ola bilər ki, həmin bilgisevərlərin söhbətlərini eşitmək, oxumaq, görmək istəsinlər. Sözügedən dərdləşməyə ehtiyac duysunlar, ondan xoşlansınlar. Deməli, onun da ehtiyacını təmin etməkdən ötrü üz tutduğu məkanlardan bəziləri virtual dünyanın bu məkanları olacaq. Ehtiyac içində olan o insan bunu, bu da onu məcburiyyətsiz şəkildə özgürcəsinə tapacaq. Yaxşı, bəs onlar arasındakı vasitəçi Tanrı kim olacaq? Redaktor. Redaktor ya bu bilgisevərin dərdləşməsini qəbul edəcək, ya da etməyəcək, həmin kitabsevər də gedib, xeyir-dualarını və dərdləşmələrini qəbul edən və onları onlara ehtiyac duyacaq digər fərdlərə ötürən başqa Tanrılar axtarışına çıxacaq.


Əgər redaktor həmin dərdləşməni qəbul edərsə, deməli iş yaxşı mənada bitmişdir, bilgisevərin dərdləşməsini hər halda kimsə tapacaq. İndi bir nəfər tapar, iki nəfər tapar, hər halda elə də təfavütü yoxdur. Çünki ürəyini bu mənada boşaltmaq istəyən insana elə bircə nəfər onu ürəkdən dinləyən və anlayanın olması da bəs edər. İnan ki, elə bu da bəs edər, əziz oxucu.

Rüstəm Ayaks

Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade