Sinqapur nağılı

Альтернатива

Azərbaycanı uzaq şərqin ölkələriylə müqayisə etmək yeni hadisə deyil.

Hələ yüz il əvvəl Əhməd bəy Ağaoğlu Azərbaycan müsəlmanlarının Yaponiyanın modernləşmə yolunu tutmalı olduqlarını deyəndə, “Molla Nəsrəddin” jurnalı müsəlmanların yapon qiyafəsində karikaturalarını dərc etməklə, Ağaoğlunu məsxərəyə qoymuşdu. O vaxtlar Yaponiya geridəqalmış ölkələrin intellektualları üçün şirin bir röya idi.

Zaman keçdi, vaxt-vədə yetişdi və məlum oldu ki, “Molla Nəsrəddin”in Ağaoğlunu “yapon arzusu”na görə məsxərəyə qoymasından 100 il sonra, Azərbaycanın bəzi intellektual çevrələrində Yaponiyanı olmasa da – çox güman, zaman baxımından bizdən xeyli uzaqlaşdığına görə – nisbətən yaxın dövrdə uğur qazanan Cənubi Koreya və Sinqapuru yerlilər üçün model kimi göstərmək yayğındır. Bəlkə də 100 il keçəcək, uzaq şərqin daha bir ölkəsi nailiyyət qazanacaq, onda da həmin ölkəni model kimi göstərmək dəbdə olacaq. Belə yerdə deyirlər: fələk yazıbsa da, pozsun…

Sinqapur təkcə bizim deyil, bir çox üçüncü dünya ölkələrinin yuxusuna girən yağlı  əppəkdir. Azərbaycan digər ölkələri qabaqlayıb doğrudan da Sinqapur və ya Cənubi Koreya ola bilərmi? Bizim cəmiyyətimiz Cənubi Koreyadakı kimi bir cəmiyyət qura və “Samsung”, “LG Electronics”, “Hyunday” kimi texnologiyalar istehsal edə bilərmi? Xəyalını belə qurmaq çətindir. Mən politoloq, tarixçi, iqtisadçı filan deyiləm, özümü mədəni mövzulara daha yaxın bilirəm, amma Azərbaycanın nə yaxın gələcəkdə, nə də uzaq gələcəkdə Cənubi Koreya və Sinqapur kimi parlaya biləcəyini heç cür təsəvvürümə sığışdıra bilmirəm. Xəyal gücümün müqavimət göstərməsi üçün təkcə bir səbəb yetərlidir: biz disiplin cəmiyyəti deyilik.

***

Xəritənin qarşısında durub qərb və şərq coğrafiyalarına baxanda, oraların inkişafının təməlində disiplin ənənəsinin həlledici rol oynadığını görürsən. Bu disiplinlər əsasən spiritual mahiyyətlidir, əgər Qərbdəki protestant etikasına əsaslanırsa (Maks Veberin məlum və məşhur “Protestant etikası” yada düşür), uzaq şərqin disiplin fəlsəfəsi də Konfutsizm, Buddizm və bunlar kimi digər cərəyanlara əsaslanır.   

Müasir Çin dövləti və cəmiyyəti 2000 ildən çoxdur ki, Konfutsizmin disiplinləri əsasında idarə olunur. Yaponiyanın inkişafında isə itaət ənənəsi və samuray disiplini böyük rol oynayıb. Yaponlarda idarəçilikdə bu qaydaların necə vacib olduğunu kiçicik səhvə yol verən rəsmilərin istefa verməsindən və ya xarakiri etməsindən tutmuş, dəqiqəbaşı əllərini birləşdirərək əfv diləyən sıravi işçilərin iş etikasından bilirik. Yeri gəlmişkən, deyilənə görə, dünyanın ən dəqiq milləti yaponlardır, almanların adı çıxıb.

Sinqapurda əhalinin böyük əksəriyyəti buddizmə inanır (33%), sonrakı yerlərdə isə Taoizm və xristianlıq qərarlaşıb. Cənubi Koreyada əhalinin 20%-i protestantdır, böyük əksəriyyət isə yenə disiplin fəlsəfəsini özündə ehtiva edən Koreyanın digər dinlərinə inanırlar.

Rəqəmlər və statistikalar barədə uzun-uzadı danışmaq mümkündür, amma bu, həm darıxıdırıcı olar, həm də məqsəd deyil. Məqsəd bu bəxtiyar ölkələrdə bəlli bir disiplin fəlsəfəsinin mövcudluğunu vurğulamaqdır: birinə pis sistemi versən, ortaya Şimali Koreya çıxacaq,  yaxşı sistemi versən Cənubi Koreya.

İndi papağımızı qarşımıza qoyub sual verək: Azərbaycanda Cənubi Koreyanı, Sinqapuru ortaya çıxaracaq bir disiplin ənənəsi varmı?

***

Bizim ölkəmizdə disiplin ənənəsinin olub-olmadığını bilmək istəyən əcnəbiyə nəticə çıxarmaqçün ən bəsit müşahidələr kifayət edər: istənilən iş yerində müdir işdən gedəndən sonra nələr baş verir; qoyulan bütün qadağalara və cərimələrə rəğmən Bakı sakinləri necə yol keçir; və ya hansısa mağazada növbəyə necə riayət olunur? Belə yüzlərcə, hətta minlərcə misal gətirmək olar, amma bu üç misalda gözümüzün qarşısında yaranan mənzərələr hər şeyi deyir zənnimcə.

Həsən Quliyev “Arxetipik Azərilər” kitabında azərbaycanlıların disiplin anlayışı barədə belə yazır:

“Kantın gündəlik həyat ritminə görə şəhərin sakinləri vaxtı dəqiq bilirdilər: almanın həyat tərzi saatla müəyyən olunmuşdur: o heç vaxt heç yerə gecikmir, tələsmir, vurnuxmur. Belə həyat dəqiq qrafikə əsaslanır – zaman və hər bir addım uyğunlaşdırılır. Alman üçün dəqiq vaxt həyat fəlsəfəsidir: onlar zamana ciddi münasibətləri ilə, dəqiqlikləri ilə fərqlənirlər.

İndi də tipik azərbaycanlını təsəvvür etməyə cəhd göstərək. Onu dəqiq zaman idealına qeyri-ciddi münasibəti ilə elə o dəqiqə tanımaq olar; sadəcə olaraq dəqiqlik ona yaddır. Azərbaycanlılar üçün zaman amorf poetik fenomendir və onları dəqiq “alman saatları”na alışdırmaq son dərəcə çətindir. Heç bir hibrid alına bilməz; alman görüşə düz vaxtında “öz saatı”na uyğun gələcək və azərbaycanlının zaman hissi və əhval-ruhiyyəsi işə düşüb onu görüş yerinə gətirənə kimi gözləyəcək…”

Ümumiyyətlə, müəyyən qədər yol qət etmiş istənilən cəmiyyətə diqqət yetirəndə, təməldə hansısa disiplin ənənəsinin olduğunu görürsən. Bizim coğrafiyamızda bizə bənzər olsa da, müəyyən irəliləyişə nail olan tək-tük ölkələrdən biri Türkiyənin formalaşmasında hərbi disiplin böyük rol oynayıb. Müasir Türkiyənin əsasını qoyan şəxs də hərbiçi idi.

Bəs bizdə hansı disiplin fəlsəfəsi var? Bəlkə də unudulmuş, yadırğanmış nələrsə var, yada salmaq lazımdır, amma bu asan deyil. İndi “Asan Xidmət” kimi yerlərdə disiplinə müəyyən qədər riayət edilir. Amma hər evdə, hər təhsil olacağında, hər ofisdə, hər idarədə, hər yol ayrıcında, hər kassanın qarşısında da “Asan Xidmət” qurmaq mümkün deyil. Bunun üçün ənənədən gəlmə bir disiplin olmalıdır. Hələlik yoxdur, bəlkə də zorla yaradılmalıdır, bu isə həm çətindir, həm də vaxt tələb edir.

Azərbaycandakı bunca qeyri-peşəkarlığın, hərc-mərcliyin, dağınıqlığın at oynatmasının kökündə həm də disiplin ənənəsinin olmaması dayanır. Hamı nəsə istəyir, amma heç kim disiplinə riayət etmək istəmir. Sonra da deyilir ki, biz hələlik demokratiyanı, azadlığı, insan hüquqlarını filan boşlayaq, ondansa Cənubi Koreya, Sinqapur kimi ölkə qurmağa çalışaq. Axı necə? Sehrli çubuqlamı?

Cavid Ramazanlı

Azlogos.eu

Kultura.az | Developed by Samir Yahyazade