“Salaam Cinema”

Публицистика

Baş verən hadisələri hekayələşdirəndə, onların mahiyyətinə daha dərindən varmaq mümkün olur. İnsanlar məhz buna görə hekayələrə ehtiyac duyurlar. “Salaam Cinema”nın ətrafında baş verənlərə də biz ola bilsin, müəyyən mesajları özündə ehtiva edən bir hekayə kimi baxmalıyıq.

Beləliklə.

Bakıda yaradıcı gənclərin yaratdığı “Salaam Cinema” klubunun yerləşdiyi 100 illik Malakan məbədinin söküləcəyi xəbəri çıxır. Gənclərə deyilir ki, bina qəzalı vəziyyətdədir, buradan dərhal çıxmalıdırlar. Amma böyük ehtimalla, məqsəd məbədi söküb yerində göydələn tikməkdir. Çünki cəmi bir neçə ay qabaq Bakıda Cəfər Cabbarlının ev muzeyini də beləcə “qəzalıdır” deyib sökmək, yerində də göydələn tikmək istəyirdilər, özü də Cəfər Cabbarlının 150 illik yubileyinin qeyd olunduğu bir ildə! O zaman mədəniyyətə həssas insanların sayəsində ev muzeyinin söküntüsünün qarşısı alındı. Lakin cəmi bir neçə ay keçmədi ki, oxşar hadisə bu dəfə Malakan məbədinin başına gətirildi.

Malakan məbədində qanuni icarədar olan gənclər onlara müvafiq sənəd göstərilməyincə, binadan çıxmayacaqlarını deyirlər, sadəcə əmin olmaq istəyirlər ki, Bakının daha bir tarixi abidəsi, bir vaxtlar şəhərin bir parçası olan malakan xalqına məxsus məbəd sökülməyəcək. Polisin, rəsmi qurumların nümayəndələri məkana gəlib bir ağızdan deyirlər ki, binadan çıxın! Gənclər isə geri çəkilmək niyyətində deyillər. Bu ərəfələrdə binanın sahibi olduğunu deyən şəxsin qoçusu yanında bir neçə nəfərlə gəlib gəncləri zorla məkandan çıxarmağa cəhd edir. Qoçu və dəstəsi içərini zorla “təmizləmək” istəyir, gənclərə fiziki təzyiq göstərir. Qarşısına çıxan qızlara “qə..bə” deyir, hamını söyür: “s…m sizin nəslinizi!”

Qoçu heç nədən çəkinmir, nə kameralardan, nə də ictimai qınaqdan. O, sahibinin göstərişinə əməl edir, bəlkə də onun sahibinin də hansısa sahibi var, onun da sahibi. Ola bilər. Amma bir şey dəqiqdir ki, bunlar heç nəyə məhəl qoymadan şəhərin mərkəzindəki tarixi binanı sökəcək qədər pullu və nüfuzlu adamlardır… Nəysə ki, gənclər köməkləşib ən birinci qoçunu bir təhər binadan uzaqlaşdırırlar. Qoçu və dəstəsinin gənclərə fiziki xəsarət yetirdiyi deyilir.

Kilsəyə təşrif buyuran daha bir nəfər, belçikalı kinorejissor Robert Rombout mətbuata açıqlama verir. Rejissor Bakıya Avropa İttifaqı və Azərbaycan hökumətinin birgə əməkdaşlığı ilə baş tutan “Imagine” Avropa Tolerantlıq Festivalına rəsmi qonaq kimi dəvət olunub. Tədbir proqramı çərçivəsində Rombout “Salaam Cinema”da kino ilə bağlı master-klass keçməli imiş. Ancaq buna imkan verilməyib. Robert açıqlamasında belə deyir: “Mən festival çərçivəsində tolerantlıq mövzusu ətrafında çıxışlar etməliydim. Master-klassımın ortasında elektrik kəsildi. Amma təkcə bu deyildi, az qalmışdı ki, binanın özünü də dağıtsınlar, ilk dəfə idi başıma belə bir şey gəlirdi…”

Bunun özü ayrıca bir hekəyə mövzusu ola bilər. Tolerantlıq festivalı çərçivəsində tolerantlıq mövzusunda təlimlər keçmək üçün Bakıya dəvət edilən kinorejissor tolerantlıqdan dərs dediyi bir vaxtda tarixi abidənin dağıdılmasına təşəbbüs göstərilir!

Mohsen Maxmalbaf olsaydı, bütün bunları kinoya çəkərdi. Yeri gəlmişkən, məbəddə fəaliyyət göstərən “Salaam Cinema” klubu bu adı Maxmalbafın eyniadlı filmindən götürüb. Rejissor filmində bizdəki kimi real hadisələr əsasında kino şedevr yaradıb. Ümid edək ki, Bakıdakı “Salaam Cinema”nın ətrafında baş verənləri də kimsə kinoya çəkəcək, bu, ələdüşməz bir fürsət idi!

Artıq neçə gündür ki, “Salaam Cinema” ətrafındakı ajiotaj davam edir, müxtəlif qurumlara müraciətlər edilib. Baş verənlərin fonunda yaşanan hekayədən dərs çıxarılası əsas məqamlardan biri budur ki, ölkədə ciddi sistem problemi var və sistem artıq dalana dirənib. Amma məsələ əlbəttə, təkcə bundan ibarət deyil.

***

Bakıda “Salaam Cinema”nın ətrafında baş verən hadisələr zamanı Azərbaycan hökumətinin başı Gürcüstanla onların David Qareja, bizim isə Keşikçidağ adlandırdığımız məbəd üzərindəki mübahisəyə qarışmışdı. Problemin aradan qaldırılması istiqamətində hər iki ölkənin dövlət komissiyalarının məşğul olmasına baxmayaraq, gürcü tərəfi məsələni qəfildən prezident səviyyəsində gündəmə gətirdi. Gürcülər abidənin onlara məxsus olduğunu və Azərbaycanın mübahisəli abidəni onlara verməli olduğunu deyirlər. Hətta vəziyyət o yerə çatdı ki, Gürcüstan prezidenti Salome Zurabişvili bugünlərdəki çıxışlarının birində Azərbaycan tərəfə iri bir daş atdı,açıqlamasında dedi ki, bizim neftimiz-qazımız yoxdur, amma mədəniyyətimiz var!

Gəlin Gürcüstanın belə hərzə-hərzə danışmasına qəzəblənməzdən əvvəl, onların niyə belə etdiklərini elə “Salaam Cinema” hadisəsi fonunda aydınlaşdırmağa çalışaq. Azərbaycanda azad və yaradıcı gəncliyin demək olar ki, toplaşacağı, özünü ifadə edəcəyi bir məkan yoxdur. Ölkədə elə bir vəziyyət mövcuddur ki, xüsusilə kollektiv yaradıcılıqla məşğul olmaq üçün mütləq hansısa hökumət  və ya “saray” qurumunun boyunduruğunun altına girməli, onların tapşırıqlarına, istəklərinə əməl etməlisən. Yalnız bundan sonra sənə yaşıl işıq yandırıla bilər. Bir qrup müstəqil yaradıcı gənc keşmiş malakan məbədinin sınıq-salxaq binasına girib yaradıcılıqla məşğul olmağa çalışırdı, bunun nə ilə nəticələndiyi artıq məlumdur. Bəs Gürcüstanda vəziyyət necədir?

Gürcüstanda azad və yaradıcı gənclərin fəaliyyət göstərəcəkləri istədikləri qədər məkan var, təki məşğul olmaq istəsinlər. Hələ üstəlik bizim gənclərin sığındığı köhnə məbəd binasından dəfələrlə böyük bir bina da gürcü gəncliyinin ixtiyarındadır. Qraffitilərlə bəzədilmiş “Fabrika” adlı bu azad və yaradıcı məkanda sənətkarlıq emalatxanaları, zallar, konseptual pablar, kafelər və hostel fəaliyyət göstərir (hosteldə cütlüklərdən nigah kağızı tələb olunmur!). “Fabrika” Gürcüstanda azad və yaradıcı gəncliyin mədəni mərkəzidir. Və ən əsas məsələ, bu mərkəzi ölkə gəncliyinə Gürcüstan rəhbərliyi hədiyyə edib!

Azərbaycanda yaradıcı gəncliyi sığındığı məbəddən qovmaq, tarixi abidə olan binanı söküb yerində göydələn tikmək istədinildiyi halda, Gürcüstanda Malakan məbədindən qat-qat böyük binanı ölkə rəhbərliyi azad və yaradıcı gürcü gəncliyə hədiyyə edib!

Elə yol verilən bu səhvlərə görə, hər yerindən duranın Azərbaycana torpaq iddiası irəli sürməsi, azərbaycanlıları mədəniyyətsiz, gəlmə xalq adlandırması təsadüf deyil…

***

Mən “Salaam Sinema”nı ilk dəfə ziyarət etməyə gedəndə, binanın giriş qapısında gənclər toplaşmışdı. İkinci mərtəbəyə qalxarkən, yanımca bir nəfər tez-tez yuxarı qalxırdı və yanındakına deyirdi ki, çıxışda siyasi söhbətlər olmasın, burada siyasətdən uzaq, birinci dəfə gələn gənclər var.

Pilləkənlər məni ikinci mərtəbədəki böyük zala apardı. Elektrik kəsilmişdi, içərisi qaranlıq idi, gənclər telefon işıqlarıyla məkanı aydınlatmağa çalışırdılar. Zalın ən başında qurulmuş səhnədə “Salaam Cinema” klubundan olan gənclər qələbəliyin önünə çıxıb çıxış etməyə başladılar. Danışanlar məbədin taleyi ilə bağlı ən son yeniliklərə toxunurdular.

Çıxışların sonunda belə qənaətə gəlmək olardı ki, “Salam Cinema”da toplaşanları ən çox narahat edən məqam məsələyə siyasi çaların verilməsi və alkoqollu içkilərlə bağlıdır. Gənclər məsələnin siyasiləşməsindən başları ağrıya bilər deyə ehtiyat edirdilər, kimlərəsə buna görə ziyan dəyəcəyindən çəkinirdilər. Alkoqollu içkilərə qaldıqda isə bunun provakasiyaya səbəb ola biləcəyindən və onlara qarşı hansısa bəhanə kimi istifadə ediləcəyindən qorxurdular. (Dərdə bax!)

Çıxışlardan sonra məkanda pianonun müşayiətiylə mahnılar çalınmağa və oxunmağa başlandı. Gənclər binanın gecə söküləcəyindən ehtiyat etdikləri üçün məkanda qalmağı qərarlaşdırdılar. Ortaya su butulkaları, çərəzlər, şirniyyatlar qoyulmuşdu, hətta deyəsən çay da verirdilər. Amma pivə olmadığına görə ünsiyyət yetərincə yaxşı alınmırdı, güman etmək olardı ki, gənclər tezliklə dağılışacaq. Hərçənd əksi oldu, gecə məkana daha çox adam gəldi. Məbədin hər iki mərtəbəsində insan əlindən tərpənmək mümkün deyildi, mahnılar çalındı, oxundu, səhnəciklər göstərildi. Ətrafda hansı tipdə desən gənc var idi: qız, oğlan, rusdilli, azərbaycandilli, başıbağlı, başıaçıq, açıq geyimli, qapalı geyimli, müstəqil, liberal, yaradıcı, qeyri-yaradıcı və b…

Baş verən nə idisə, bundan əvvəl heç vaxt olmamışdı və bu, Azərbaycanda bir ilk idi.

Sistemin artıq köhnəldiyi və artıq dalana dirəndiyindən savayı, “Salaam Cinema” hekayəsindən çıxarılacaq başqa dərslər də var: Azərbaycan tarixində ilk dəfə idi ki, müxtəlif təbəqələrdən olan gənclər tarixi, mədəni bir abidəni qorumaq üçün bir araya gəlib bir ağızdan  etiraz edirdilər. Bu gənc nəsil seçilir. Onlar hökumətdən ev, maşın, fəxri ad, titul istəyən köhnə nəsildən fərqlənirlər və özləri ilə yeni dildə danışılmasını, yeni cür rəftar edilməsini tələb edirlər.

“Salaam Sinema” hekayəsinin necə yekunlaşacağından asılı olmayaraq, baş verənlərin özü artıq bir qələbədir. Ola bilsin, “Salam Cinema” Azərbaycanda formalaşan yeni gəncliyin ilk addımıdır. Və bu gənclik dediyi ilk sözlə peyda olduğunu artıq söyləmiş oldu: “Salam!”

Cavid Ramazanlı

Azlogos.eu


Kultura.az | Developed by Samir Yahyazade