post-title

Abidələr və xarabalıqlar


Bu yaxınlarda İraq əsilli yazar Sənan Antunun ˝Meyit yuyan˝ əsərindən bir parça qarşıma çıxdı. Əsərin qəhrəmanı Cavad İraqda bir şiə ailəsindədir. Cavadın ata-babaları əzəldən meyit yuyan olublar. Elə atası da ondan eyni peşəni davam etdirməyi gözləyir. Ancaq Cavad ölülərə qayğı göstərməkdənsə dirilərə faydalı olmağı üstün tutur. Ailəsinin kəskin etirazına baxmayaraq incəsənətə yönəlir və 1980-ci illərin sonlarındaBağdad İncəsənət Akademiyasına daxil olur. O artıq bir arzu ilə yaşayır – Akademiyanı bitirmək və ölümü deyil həyatı heykəlləri ilə tərənnüm etmək. Lakin ölkədəki hadisələr onun idealist arzularını darmadağın edir. İraq Amerika tərəfindən işğal olunur və Cavadın ölkəsi nəhəng bir morqa çevrilir. Bir gün Cavad məzunu olduğu akademiyanı ziyarət edir. Bir zamanlar Kandinksi, Degas və Modiglianinin əsərlərindən feyziyab aldığı incəsənət məbədinin yerində dağıntılar görür. Xarabalığa çevrilmiş akademiyanı ağır addımlarla gəzdikcə gözündə tələbəlik illəri, sevimli professorları və tələbə yoldaşları ilə keçirtdiyi xoş anlar canlanır. Keçmişin xatirələri ilə biraz vaxt geçirdikdən sonra Cavad təhsil aldığı yeri tərk edib həyat və ölümün çuğlaşdığı evinə geri qayıtmalı olur.

Yunan ədəbiyyatındakı Odissey və hind dəbiyyatındakı Mahabharatadan fərqli olaraq ərəb ədəbiyyatında təməl rolunu oynayan nəhəng bir əsər yoxdur. Ancaq İslamdan-əvvəlki ərəb ədəbiyyatında sonrakı ədəbi intibahı tətikləyən bir neçə mövzu diqqəti cəlb edir. Bəlkə də həmin mövzulardan ən əsası xarabalıqlar mövzusudur. Mübaliğəsiz demək olar ki, bəlkə də heç bir ədəbi ənənədə ərəblərinki qədər xarabalıqlar tərənnüm olunmayıb. ˝Vüquf al atlal˝ - yəni xarabalıqda ayaq saxlamaq səhnəsi İslamdan öncəki şairlərin işlədiyi başlıca mövzulardan olub. Kəbəni Quran ayələri bəzəməmişdən öncəonun divarlarında ərəblərin yeddi böyük şairinin şerlər toplusu olan Muallaqat asılmışdı. Həmin böyük şairlərdən biri də Tarafa idi və onun Thahmad xarablıqları ilə bağlı şeiri erkən ərəb ədəbiyyatınümunəsi kimi günümüzə gəlib çatmışdır. Bu tip şerlərdə bir qayda olaraq səyyah karvan yolunun kənarındakı xarabalıqda ayaq saxlayır. Xarabalıqlar adətən keçmişdəki sevgililəri və eşqləri xatırladır. Ya da ki, dostlarla keçirilmiş məzmunlu xatirələri. Dağıntılar bir qayda olaraq artıq olmayan keçmişin nişanlarıdır və səyyah onları ˝ölmüş˝keçmişin başdaşı olaraq görür. Odur ki, qədim ərəb şairləri heç bir zaman xarabalıqları bərpaya çağırış etməyiblər. Əksinə xarabalıqlar keçmişin simvolları idi və onlar elə o şəkildə qalmalı idi.

Bizim ədəbiyyatda bəlkə də ən təsirli xarabalıq səhnəsi Xaqani Şirvanin ˝Mədain Xərabələri˝qəsidəsindədir. Şirvani də ərəb ədəbiyyatının təsiri altında ˝İbrətlə bax, ey könlüm, bu aləmə, gəl, bir an...Biz ədl sarayıykən, zülm ilə xarab olduq, zalimlər olan qəsrə, gör, neyləyəcək dövran˝ deyərək həmsöhbətinin fikrini xarabalığın ehtiva etdiyi mənaya yönəldir.

Əslində ədəbiyyat və bəlkə də bütövlükdə incəsənət həyatı tərənnüm etdiyi qədər ölümü də tərənnüm edir. Qəribə olsa da insanlıq Tanrı ilə Şeytanı, ağ ilə qaranı, şər ilə xeyiri və xaos ilə nizami hər zaman vəhdəttə görüb. Bu vəhdətin bəlkə də ən məşhur təsviri Taoizmdəki Yin-yang simvoludur. Yin-yang simvolu buta şəklindəvə burulğana oxşar ağ və qara hissələrdən ibarətdir. Qara hissə tənəzzülü və qaranlığı, ağ hissə isə işığı və inkişafı tərənnüm edir. Ancaq eyni zamanda ağ hissədə qara dairə və qara hissədə ağ dairə mövcuddur. Yəni əslində hər bir nizam özlüyündə başqa bir xaosun toxumunu daşıyır və hər bir tənəzzül gec-tez yerini inkişafa verir. Beləcə həyat ağla qaranın növbələşməsi ilə davam edir.

Viktor Hüqo 1831-ci ildə ˝Notre Damın Qozbeli˝ əsərini çap edəndə Fransa tarixinin xaoslu periodlarından birini yaşayırdı. Bir il əvvəlki İyul İnqilabı çoxlu can almışdı və ölkə bir daha alt-üstolmuşdu. İnqilablar dövründə, bir çox tikili kimi Notre Dam kilsəsi də inqilabçıların talanına məruz qalmış və içindəki bir çox heykəl məhv edilmişdi. Sonradan onun tavanındakı qurğuşundan mərmilər və zəngindən də top güllələri düzəldilmişdi. Hüqo əsərində xarabalığı xatırladan Notre Dama iki fəsil həsr edir və tarixin eləcə də insanlığın əlindən ˝əziyyət görmüş˝ məbəd üçün dərin kədərini ifadə edir. Onun bu təsirli əsəri sayəsində Fransız toplumu hərəkətə gəlir və məbəd yenidən bərpa olunur. Beləcə Notre Dam kilsəsi Fransız millətçiliyinin də əsas simvoluna çevrilir.

Keçən həftə hər kəs kimi məni də diz çökmüş parislilər təsirləndirdi. Düzünü deyim Notre Damın şəxsən mənim üçün xüsusi bir dəyəri yoxdur. Ancaq insanların alovlara baxışındakı kədər məni qəribə hisslərə qərq etdi. Abidələrin və hətta onların dağıntılarının insanlara yaşatdığı hisslərin ədəbiyyat qədər qədim olduğunu xatırladım. Düşüncəm səhradakı xarabalıqlar və yanmış kilsə arasında gedib-gəldi. Ölkəmizdəki abidələr gözümdə canlandı. ˝Görəsən bizim abidələrin yanğından mühafizə sistemləri nə qədər effektiv qurulub?˝ sualı məni narahat etdi. Odur ki, bu fürsətdən istifadə edib aidiyyatı orqanları Şəki Xan Sarayı başda olmaqla bütün mədəniyyət irslərimizə qarşı daha diqqətli olmağa çağırıram.

Samir Hüseynov

Kultura.az

Yuxarı