Üçüncü dünya ölkəsində alkoqol və sənət

Литература

Dostum bir rəssama verdiyi borcu götürməliydi. Rəssamla görüşmək üçün məni özüylə Bakının yeraltı pablarından birinə apardı. Qaranlıq məkanda 5-6 nəfərin bir-birlərinə yaxın oturduqları, üzərində içki qədəhləri, pivə parçları, çərəzlər olan masaya yaxınlaşdıq. Siqaret dumanı arasından dostumun məni tanış etmək istədiyi rəssam əlimi tapıb sıxdı və yanındakıları göstərib dedi: “Tanış ol, əməkdar alkoqoliklər!” “Əməkdar alkoqoliklər” dediyi 20 yaşlarındakı gənclər iltifatdan sifətlərində yaranmış qürurlu gülümsəmə ilə əlimizi sıxdılar. 

Dostumuzla mənim qabağıma pivə parçları qoyulanda, üzündə alkoqoliklərə məxsus küt ifadə, saçları erkən ağarmış, dişləri erkən tökülmüş və artıq sərxoş olan rəssam əzik-üzük kəlmələrlə danışmağa başladı: məkandakı musiqi barədə nəsə qırıldatdı, masaya yaxınlaşan ofisiant qızın qolundan cəsarətsizcə tutub kompliment deməyə cəhd etdi, qız fikir vermədən çönüb gedəndə isə, gözlərini onun iri arxasından çəkmədən qadınlar barəsində  nəsə bir kəlam buyurdu, gənclər gülüşdülər. Sonra rəssam, sənət mövzusuna keçdi. Sərxoşluğunu yığışdırıb ciddi görünməyə çalışaraq bəyan etdi ki, Azərbaycanda sənət boş şeydir! Sənətə qiymət verilmir, Pikasso da olsan, xeyri yoxdur! Rəssamın duruşundan, danışığından bunu oxumaq olardı: mən də dahi ola bilərdim, amma burda istedada qiymət verilmədiyindən başını buraxdım, belə də ki, vecimə deyil... 

Rəssam ayrılarkən bizi qarşıdakı günlərdə emalatxanasında keçiriləcək içki məclisinə dəvət etdi. Pivəmizi içib, borcu alıb, rəssamı və müridlərini siqaret tüstüsünün içində qoyub çölə çıxdıq. 

***

Yol boyu dostum mənə rəssam barədə danışdı. Dediyinə görə, bir vaxtlar həqiqətən də istedadlı, gələcəyi parlaq hesab edilən rəssam imiş, amma özü üzərində işləməyib, içkiyə qurşanıb, indi hansısa bir emalatxanada ona içki almağa pul qazandıracaq qədər xırda-xuruş işlər görüb gün keçirir, ciyərləri dağıldığından bir-iki parç pivədən sərxoş olur, üstəlik yanındakı gəncləri də pozur...  

Azərbaycanın sənət çevrələrində bu tip adamlara nə qədər desən, rast gəlmək olar. Bu rəssam obrazı əksər alkoqolik sənətkarlar üçün keçərlidir: bir vaxtlar ümidlər vəd edən istedadları olub, amma öz üzərlərində işləməyiblər, içkiyə qurşanıblar, istedadları korşalıb, sonda isə şəxsiyyətləri də deqradasiyaya uğrayıb. İndi bu adamlara qalan quruca adlarıdır, kimlərsə onların keçmişində şölələnən istadadlarına hələ də hörmət bəsləyir, kimlərsə də heç bəsləmir. Əgər o rəssamdırsa, hansısa çirkli emalatxanada xırda-xuruş işlər görüb başını girləyir, şair, yazıçıdırsa hansısa saytda, mətbuat orqanında gün keçirib (əksərən onlara dözülür) qazandığını içkiyə verir. 

Bu alkoqolik sənətkarlar bir qayda olaraq yuxarıda təsvir olunan rəssam kimi müdrik qurban obrazını imitasiya edirlər, özləri barəsində belə bir obraz yaradırlar ki, guya cəmiyyət tərəfindən başa düşülməyiblər, dahiyanə istedadlarına qiymət verilməyib, qurban olmaq onları müəyyən qədər incidir incitməyinə, amma o qədər də narahat etmir, çünki onlar haqsızlığın, ədalətsizliyin çox fövqündədirlər, dünyanın gərdişini çözüblər və sair və ilaxır. 

Alkoqolik sənətkar sənət haqqında adətən ondan-bundan eşitdiklərini danışır (çünki özü demək olar ki, oxumur, sənətlə maraqlanmır, ya da ona sərf edən, komfort zonasına uyğun gələn şeylərlə maraqlanır), hansısa böyük sənətkar barəsində o, əgər yazıçıdırsa, durduq yerdə belə bəlağətli ifadələr işlədə bilər: ““Qara Kitab”ı oxudum, dəli oldum!” “Folkner dahidir!”, “Toman Mann bir qəpiklik yazıçı deyil!”. 

Alkoqolik sənətkarın ətrafında bir qayda olaraq özünün müridləri hesab etdiyi bir dəstə gənc olur. Bu gənclər bir-iki iş görüb müəyyən bir çevrədə ad çıxarırlar. Bəziləri onlara istedadlı deyir. Bu gənclər adətən xam və dünyagörüşsüz olurlar. İçkidən, tənbəllikdən, psevdo-intellektual söhbətlərdən istedadlarını inkişaf etdirməyə, öz üzərlərində işləməyə vaxt tapmırlar. Əllərinə pul keçən kimi hansısa ucuz kafeyə araq içməyə cumurlar, məclislərdə mürşidlərinə diqqətlə qulaq kəsilir, öz aralarında mürşidlərini öyür, ondan sitat gətirirlər. 

Vaxt keçdikcə bu gənc alkoqoliklər mürşidlərinin yerini tutmağa başlayırlar, indi də onların ətrafında müridlər peyda olmağa başlayır. Bəzən mürid mürşid mövqeyinə yüksəlməyə macal tapmır. Hansısa bir məqamda ilişir, sıradan çıxır, ya da hər şeyi atıb başqa işlə məşğul olur, nadir hallarda isə səmərəsiz həyat tərzindən bezib real fəaliyyətlə məşğul olmağa başlayır.  

***

Yerli sənət yayımlarında tez-tez yaradıcı gənclərə irili, xırdalı, yerli və xarici sənətkarların sənət barəsində verdiyi tövsiyyələr yayımlanır. 

Bu tövsiyyələrdə özünü təsdiq etmiş sənətkarlar yaradıcı gənclərə müxtəlif məsələlər barədə öz təcrübələrini çatdırırlar. Ancaq çox nadir hallarda bu tövsiyyələrdə gənclərə alkoqoldan uzaq durmağın vacibliyindən bəhs olunur. Halbuki alkoqol yaradıcı gəncin asanlıqla düşə biləcəyi və adətən düşdüyü bir tələdir, ən azından Azərbaycanda. Alkoqol romantikası ölkədə o qədər istedadın evini yıxıb ki, təkcə serrozdan gedən yazıçıların böyük bir panteonunu qurmaq olar.  

Ona görə də Azərbaycanda bu xəyali panteonun qarşısında duraraq, sənətlə məşğul olmaq istəyən gəncə veriləsi ən birinci məsləhətlərdən biri böyük ehtimalla budur: “Alkoqoldan bacardığın qədər uzaq dur! Onun romantikasına uyma!” 

Amerikalı yazıçı Con İrving deyirdi ki, “içən yazıçılar avara romanlar yazırlar”. İrving yazıçı üçün yaddaşın həyati əhəmiyyət kəsb etdiyini söyləyir və maraqlı bir müşahidəsini bölüşür, dediyinə görə, Heminquey və Fitscerald ən dəyərli əsərlərini gənc yaşlarında, hələ alkoqolizmə yuvarlanmamışdan əvvəl yazıblar, sonra isə beyinlərini içkiylə qurudublar.

Üçüncü dünya ölkəsində şərtli dövlət imtiyazlarından kənarda yaradıcılıqla məşğul olmaq əzablı məşğuliyyətdir. Məişət problemləri, cəmiyyətin etinasızlığı, zəhərli mühit, özünü yetişdirməyə fürsət tapmadığından həyatda buraxdığı kobud səhvlər sənətkarı boğur, onu əqli və mənəvi deqradasiyaya uğradır. Bunlar ağır həqiqətlərdir, barışmaq asan deyil, lakin təsəlli, əyləncə, romantika, çıxış yolu sanılan alkoqolizm sənətkarın dünyasını daha da sarsıdır. Əyyaşlıq onu getdikcə qaranlıq quyunun dərinliklərinə göndərir, sənətkar batdıqca batır, səsi getdikcə avazıyır, bir gün isə tamamilə eşidilməz olur...

Cavid Ramazanlı

Azlogos.eu
Kultura.az | Developed by Samir Yahyazade