post-title

Ser Attenboronun səsi və bilgisinin köməyiylə, primatlar haqqında yaranan esse

(1-ci hissə)

Heyvanlar, Devid Attenboronun səsiylə təsvir ediləndə insana daha yaxın hiss olunurlar. Budur, danışıq tərzindən, tembrindən, yaşamı duyuş formasından işini və təbiəti, soyuqqanlı zəkanın müşayiətiylə ürəkdən sevdiyi görünən qocaman təbiətşünas və teleaparıcı primatlardan bəhs etməyə başlayır və onları cana yaxınlaşdırır, doğmalaşdırır.

Digər canlılar Devid Attenboronun səsi və qəlbiylə adamın nəzərində, sanki, daha da insaniləşirlər.

Cəngəllikdəki yamyaşıl yarpaqlı ağacların uzun budaqları, Homo Sapiensin ağacın şaxələrini əyib, çırpdığı şəkildə yellənir, tutulub çəkilir, dartılır. Sıx yarpaqlar aralanıb, günəş şəfəqlərini altıbucaq-beşbucaq şəklində ağardıb, parladır. Göz qamaşır. Yağmurdan təravətlənmiş yarpaqlar yenidən sıxlaşır. Qəhvəyi-narıncı tüklərlə örtülmüş uzundraz qollar, bir əl bu budaqdan, digəri ondan xeyli aralıda qalan o biri budaqdan fərasətli barmaqlarla yapışaraq, məsafə boyunca, genişliklə açılır və Həyat Ağacının, məməlilərdən ibarət ailələrindən biri, bizim üçün məxsusi olaraq cazibədarlaşır. Axı, biz özümüz də o ailəyə aidik- Primatlar ailəsinə. 

Primatların əlləri möhkəm məngənə şəklində formalaşıb, gözləri isə çöhrələrinin yuxarı-orta hissəsində yerləşdiyindən, yaşamaq üçün zəruri olan məsafə uzaqlığını diqqətlə, səliqəylə hesablaya, müəyyənləşdirə bilirlər. Bu cəhətlərin hər ikisi, ağaclarda başlayan həyat stili üçün çox vacibdir. Primatların zəkası digər bütün heyvanlarınkını üstələyir. Primatlar ən müxtəlif və çətin problemləri həll etməyi bacarır, fikir-zikir edir, ideyalar ərsəyə gətirir və uzunmüddətli qohumluq əlaqələri yarada bilirlər. Lakin, ən əhəmiyyətlisi budur ki, primatlar yaşam boyunca öyrəndiklərini həm də xatırlayır, yadda saxlayırlar. Həyat çətinliklərinin öhdəsindən gəlməkdə zəkamızın köməyindən istifadə etmək, bizim olduğu qədər, ən yaxın qohumlarımızın da ən spesifik özəlliyidir.
Yer üzündə üç yüz əllidən çox primat növü yaşayır. İlk dəfə 65 milyon il əvvəl ortaya çıxdıqlarından bəridir ki, bu ağıllı heyvanlar planetin müxtəlif bölgələrinə yayılıb, bir-birindən fərqli, fövqəladə çeşidli təbii mühitlərə uyğunlaşmağı bacarıblar.

Cənubi Efiopiyanın Avaş regionu. Ucqarlarda yerləşən sərt, ağır mühitli,  kol-koslu quraq sahələr. Lakin, primatlar buranı belə öz evlərinə çevirməyi öyrəniblər. İçlərində, cavanların başında bit-birə kimi xırda canlıları axtaran diqqətli və yekəbaşlı ataların, başını arxaya əyib, ləzzətdən gözlərini yumub, cavan və incə anaların uzunsov döş gilələrindən yapışıb süd sovuran cılız balaların gözə dəydiyi Hamadril Pavianları, gecələdikləri sıldırım qaya üzərində yuxudan oyanıblar. Bu meymunlar 400 nəfərlik qruplar şəklində yaşayırlar. Qrupların başçısı bir nəfər olmur. Əksinə, bu qruplar xeyli sayda kiçik hərəmxanadan ibarət mürəkkəb cəmiyyətdi və hər hərəmxanə bircə erkək pavian tərəfindən idarə edilir. Təhlükəsizlikdə yuxulasınlar deyə axşam dırmaşdıqları qayalardan səhər-səhər aşağı düşürlər ki, yemək axtarıb tapsınlar. 

Zirək barmaqlar qaya çıxıntılarından yapışır, ayaq barmaqları bir-biri üzərində qalaqlanmış daşlar arasındakı qaranlıq boşluqlara soxulur, növbəti addım düzgün atılsın deyə çevik boyunlar aşağıya doğru çevrilir, bir-birinə yaxın xırda və hərəkətli gözlər sürətlə hesab aparır. Bədənləri, qabaqdan çiyinlərə, arxadan çanağa qədər gur tüklərlə örtülmüş, şişkin-dolğun sağrıları gözə girib çəhrayılaşan, vücudları hərəkətləndikcə tünd çəhrayı, uzun, nazik penisləri özgüvənlə yellənən, başlarının ortası dazlığa meyilli, üzün yanlarından ətrafa doğru genişləyən bakenbardlarıyla zəhmliləşən ən yüksək rütbəli erkəklər yolda düşüşata nəzarət edirlər (Nədənsə onların görünüşü, kəlləsinin ortası dazlaşmış və bu dazlığı, gicgahlarından fışqıran ağ tüklər ucbatından daha da qabarıqlaşmış babamı mənə xatırladır. Kənddə coğrafiya müəllimi işləyərdi. Şorgözdü, arvadı vəfat edəndən üç il sonra evinə, dağlarda böyüyən möhkəm bədənli, ətli-budlu, yaşılgöz, təndir qalayarkən atəşin təsirindən yanaqları lap pənbələşən cavan bir arvad gətirmiş, kəbin kəsdirmişdi. “Gülü, ay Gülü” deyə çağırdığımız bu göyçək xanım qoz ağacını baltayla kəsər, odun doğrayar, inək saxlayar, bizi çox istər və bizimçün təndirdə, ətrafları kırçlaşmış yumrufason “kukalar” bişirərdi. Həyətdə tərəvəz-göyərti, çiyələk əkib becərərdi. At yoxuydu, olsaydı, at da çapardı. Gülü on bir il babamla yaşadı, sonra arzusunda olduğu ailəni qurmaq umuduyla babamı tərk edib yenə dağlara qayıtdı. Babam palçıqdan tikilən alçaqdamlı evində, odun peçi üstündəki qəhvədanın bezgin zümzüməsi eşidilən və içəri girəndə doğma istiliklə birgə siqaretin, nəmişliyin, şirinçay-pendirin qarışıq qoxusunun da adamı vurduğu tək otağında, nöyüt lampasının işığında  onunçun darıxıb ağlayardı. Bəlkə də öz tərkedilişinə ağlayırdı, başqa arvad da aradı, tapammadı, çox yaşamadı, tezcə xəstələndi və öldü).     

Deməli, qayadan enən erkək pavianlardan biri yarı yolda arxadan narazı çığırtı eşidib dayanır, başını çevirib səs gələn tərəfə baxır. Görür ki, yuxarıdan düşən bir dişi, aşağıdakı başqa dişinin yanına enərkən aralarında dava-dalaş yaranıb, mübahisədən qızışan başqa bir dişi də fürsətdən istifadə edib məsələyə yuxarıdan müdaxilə etməkdədir..Yüksək rütbəli erkək qəzəblənib cumur onlara doğru, qabağa doğru uzanmış möhkəm çənəsiylə dişilərdən birinin peysərindən yapışır ki, “kəsin səsinizi!”. Bu dəfəki bəxtigətirməyənin - döyülən yazıq arvadın çığırtısı ürək ağradır..Neynəmək olar, belədi, bu rütbəli erkəklər, hərəmxanəlarında ən cüzi bir yaramazlıq gördüklərində belə, öz dişiləriylə çox qəddarcasına davrana bilirlər. 

Erkəklərin individual qüvvətinə rəğmən, hamadril pavianları qoşun formasında irəliləməyi üstün tuturlar. Belənçi davranış seçimi onların həyatını daha təhlükəsiz hala gətirir. Lakin, bu əlahiddə səhərçağında, deyəsən, kimlərsə onların addımını güdməkdədir. Hamı çevirlib arxadan eşidilən qalibanə hayqırtılara təlaşla diqqət kəsilir. Demə, nəymiş? Digər pavian sürüsü bu pavian sürüsünün məskəni olan qayalıqları özlərinin kazarmasına çevirməyə gəliblər. 

Burada mindən artıq pavian gecələyə bilər və indi hər iki tərəf məskən uğrunda rəqabət ixtilafıyla qarşı-qarşıya qalıblar. Qoşunlar bir-birinə doğru hücuma keçir və müharibənin xaosunda, hər iki tərəfin erkəkləri köhnə haqq-hesabları çürütməyə başlayırlar. Azyarpaqlı, cılız kolların arası, ayaqların sürətli qaçışından, əllərin hirsli pəncə atışından, meydanoxuyuşdan, əsəbi mırıltı-xırıltıdan quraq zəmindən qalxan toz dumanlarına bürünür. Qəfil yaranan bu hadisə, həm də, rəqib cəmiyyətin qadınlarını oğurlamaq üçün ən yaxşı fürsətdir. Nəhayət ki, müharibə səngiyir. Əzilənlər, yaralananlar, qanayanlar var. Bir dişinin budunun dərisi cırılıb, əzələsi görünür. Nalə çəkir. Digəri axsayır. Qaçıb cəsarətlə döyüşə atılarkən tükləri dalğalanan bir erkəyin gözünün altı cırmağın şiddətindən parçalanıb, içindəki qanlı ət çıxıb pırtlayıb.

 Müharibə bitdikdən sonra hərəmxanələr yenilənir. Və bu proses boyunca, lider kişilər, azca əvvəl yolunu azmağa cürət edərək digər dəstəyə keçməyə çalışan arvadlarının üzərinə şığıyıb, “sən necə cürət edib başqa kişi xəyalına düşərsən?” ədasıyla onları cəzalandırırlar. Göz önündəki erkək dişisinin başını tutub yerə sıxır, sürütləyib əzir. Dişi nazik səslə ümidsizcəsinə ciyildəyir. Kişi onu buraxır, keçir qabağa, qürurlu yorğunluqla addımlamağa başlayır, arvadı da sakitcə düşür onun arxasınca. Bəs necə, burada qayda-qanunun qorunması üçün sərt dissiplin önəmlidir! Bu əzazil bir sosial sistemdir. Lakin effektivdir və hamadril pavianlarının həyat sürdüyü bu quraq düzənliklərdə məhz belə sistem işləyir. 

Lakin dünyanın, bu bölgədən xeyli uzaqda qalan digər bölgəsindəki primatlar isə öz cəmiyyətlərini, fərqli həyati çətinliklərin öhdəsindən gəlməkçün, ayrı cür təşkilatlandırırlar. Yapon Alplarında qışın ortalarıdır. Kamikoçi Vadisi, ən şimali bölgədə yurd salmış meymunların vətənidir. Burada yaşamaq üçünsə, gərək minus 20 dərəcəyə qədər düşən temperaturda mücadilə aparmağı biləsən. Üzərinə qar topaları yığılmış iynəyarpaqlı ağacın budağında bir-birinə qısılıb soyuqdan qorunan qalınxəzli, qırmızısifətli primatları- Yapon makakalarını görürük.  Sulu qar yağır, aşağıda, tükləri üzərinə narın qar dənələri səpələnmiş ana-bala makaklar qollarını çayın buz kimi suyuna salır, qalıb pəlüşgəmiş köhnə bitki artıqlarını dartıb, çıxarıb yeyirlər. Xəzləri, ətraf mühitin ağır şəraitində bu qar meymunlarını qoruyur. Ancaq istənilən halda hava çox soyuqdur. Balası belində, təzə qarda xırpıltıyla addımlayan ana makak dözəmmir, ayaqları üzərinə dikəlib əllərini ovuşdurur ki, qızışıb hərəkətinə davam edə bilsin. İlin bu vaxtında qida həmişə kasad olur. Ancaq makaklar uyğunlaşabilən və ağıllıdırlar.

Örnəyi, bu makaka dəstəsi artıq öyrənib ki, bu çay il ərzində buz bağlamır. Balasını belinə almış ana, qışa xas olan qarlı sükut səbəbindən şırıltılı axışının səsi adama xüsusən zövq verən çayın daşları üzərində gəzişərək, çoxyönlü əlləri və yeyin barmaqlarının köməkliyilə, altda gizlənən böcək süfrələrini tapmaqdan ötrü daşları yerindən çıxarıb devirir. Onun da aid olduğu meymun dəstəsi qış aylarında vaxtının çoxunu qida axtarışında keçirir. Bu çayı buzlaşmağa qoymayan eyni yeraltı təbii qüvvələr isə digər meymun dəstəsinə böyük komfort bəxş etmiş olub. İndi bir az da onlardan bəhs edək. 

Yapon Alpları vulkanların yaxınlığında meydana gəliblər və həmin vulkanların əksəri hələ də aktivdir. Və bu aktivliyin nəticəsində, Cəhənnəm Dərəsi adlanan regionun bəzi qar meymunları özlərinə mükəmməl qış kurortu tapıblar- temperaturu müsbət 41 dərəcəyə qədər yüksələn həzzverici, ipisti bir spa mərkəzi. İsti suya dalmış makaklar buxarlar içində xumarlanır, dincələn baş-boyunları qeyri-ixtiyari şəkildə arxaya doğru əyilir, vücudları yumşalaraq axdıqca axır. Bir bala anasının tüklərini aralayıb döş giləsini tapır, süd əmməyə başlayır. Filmin bu yerində hansısa antik yapon melodiyalarına bənzər musiqi səslənir və balasını əmizdirən ana makaka, isti suyun göstərdiyi təsirdən rahlayaraq gözlərini qapayır. Görünən mənzərəylə uzaq şərq musiqisinin harmoniyası, adama, qızğın iradəsini yatışdıraraq özünü meditasiyaya buraxmış hansısa buddist monaxının sakit görünüşünü xatırladır. Hər kəs suya girmək, təbiətin bu lütfündən faydalanmaq istəyir, fəqət primatlar primat olalı, hər zaman yaşamlarında “hovuzkənarı politika” təzahür etmişdir. 

Bəli, bu keyf mənbəyi əslində eksklüziv nümayəndələr klubudur. Və hovuza yalnızca yüksək təbəqənin dişiləri uşaqlarıyla birgə girib dincələ bilərlər. Burada bir nəfər lider erkək vardır, hər kəs ona itaət edir. Hovuzu məhz o qoruyur və hovuza daxil olmaq istəyənləri yoxlayır. Girmək istəyənin yad olduğunu sezdimi, onu dişləyib döyərək bayıra qovur. Hovuzda oynaşan, suyu şappıldadan, sifətlərinə çırpan, tənbəl-tənbəl baş-qulaqlarını qaşıyan kiçikyaşlı makakalar isə “üstün qan” daşıyıcısı olduqlarına görə necə bəxtiyar, seçkin və imtiyazlı olduqlarından hələ xəbərsizdilər. Aşağı təbəqədən olan fərdlər isə sözün həqiqi mənasında soyuqda saxlanılır, şaxtada tərk edilirlər. Yapon makakalarının toplumu ayrı-seçkiliyə çox meyillidir. Orada da dünyadan nəşə duyan rifahıyüksək ailələr və şaxtalı daşlar arasında, qar-yağış altında büzüşüb titrəyən, onların həyatını lentə alan kameraya yazıq-yazıq nəzər salıb adamın könlünü mütəəssir edən yoxsullar vardır. Belənçi bölünmə zalimanədir, çünki, buğlu suyu dondurucu kənar aləmdən ayıran həmin 60 dərəcə, bu meymunların yaşamında ölümlə həyatın təyinedicisi olur. 

Bu yerdə klassik ingilis şairinin misraları yada düşür: 

Bu dünyanı yaradan mən deyildim, deyildim
Sərgərdanam burada, yabançı, tək və yetim.

Lakin primat növlərinin əksəri hərarətli tropik meşələrdə yaşayırlar. Onlar arasında ən nəhəngi olan qorillalar stabil ailə qrupları şəklində ömür sürürlər və ailənin bircə lideri olur- Gümüşübelli erkək qorilla. Məsələn, Konqo Çökəkliyində yaşayan bu gümüşübelli erkək, beş dişi (arvad) və onların balalarından ibarət olan ailəsinin qoruyuçusudur. Meşənin zəngin qidalarla dolu zəminində bəslənməklə məşğul olan ailəni mümkün təhlükələrdən qorumaq onun məsuliyyətidir. Lianalarla sımsıxcasına bürünmüş digər ağaclara nisbətən boşluqda qalan, sarmaşıqsız qalın gövdəli  ağacdan, hərəkətinə azman qollarıyla təkan verə-verə sürüşüb düşən və düşdükcə də geniş kürək əzələləri, onurğasının açıcı əzələləri, irilikdən başıyla boynu arasındakı ayırdı az qala itirən trapesiya əzələləri heyranedici şəkildə gərilib boşalan bu erkək öndər, özünün heyvərə vücudunu yaşatmaq və qüvvətli formada saxlamaq üçün gərək gün ərzində 30 kiloqramdan artıq yemək yesin. 

Qidalarının əsas hissəsi bitkilərdi, ancaq Qərb qorillaları, torpaq yuvalarında qaynaşan termitləri yeməkdən də həzz alırlar. Məsələn, belini pöhrələrə söykəyib anasını izləyən balasının yanında yan üstə əyləşən həmin sallaqdöş və dombaqarın ana, belə yuva topalarından birini götürür, əzib parçalayır, sanki narı bölərcəsinə iki hissəyə ayırır, birini sağ əlinə alır və sol əlinin ovcuna çırpır ki, ora tökülüb təlaşla oyan buyana qaçan zavallı termitləri dodaqlayıb-dilləyib həzmi rabedən keçirsin. Elə bil bu mənzərədə öz uşaqlığımı görmüş kimiyəm: bankadakı qorğanın (Azərbaycanın bir çox regionlarında, Novruz bayramı ərəfəsində, yeddi növ dəndən qovrulan bayram çərəzidir) iri dənələrini xırçıldadıb udduqdan sonra, dibdə qalan küncüd-çətənəni ovcuma boşaldar, yalayar, boş bankaya razılıqla nəzər salıb, ruzimi yeyib sona çatdırmağı bacarmağın ləzzətini yaşayardım.

 Qorilla balaları da gərək atalarının yaxınlığında gəzişib yemlənsinlər. Biz uşaq olarkən oynamağı necə sevərdiksə, bu balacalar da eyni səbəbdən bir-biriylə oynaşmağı xoşlayırlar- əyləncə xatirinə və indilik sadəcə bəsit əyləncə olan bu oyunlar, əslində, onları gələcəkdə quracaqları uzunmüddətli ailəvi münasibətlərə öyrəşdirib hazırlayır. Yenə də, eynilə bizdə olduğu kimi. Himayədarın nəzərləri balalarının üzərindədir. Buğumlu barmaqları arasında, adamda iştah və maraq oyadan sarı-narıncı lətli hansısa tropikal meyvənin tikələrini tutan ata duruxur, çənəsi də işləyişini saxlayır, anlıq diqqətlə üzünü bu yana çevirib balalarına baxır: “Görəsən, yaxşı hiss edirlərmi?”. Görür ki, balalar güləşib dombalaq aşır. “Yox, yaxşıdılar, vəziyyət yaxşıdı, yaxşıdı, şükür, narahatlığa gərək yox, ”. Və zorba baş-sifətətiylə yenidən o yana çevrilib təamına girişir. 

Gör necə də ailəcanlı atadır!
 İndi isə onunçun siesta zamanıdır. 

Mürgüləyəndə, oyunbaz, dəcəl bala onun boynuna hoppanıb yumruqlayır. Rahat xəzəllər üzərində, yaşıllıqlar kölgəsində yanpörtu uzanmış ata əvvəl azca səbir edir, sonra yuxusunu haram edən balacaya acıqlanır (ağzı hirslə açılanda görünən köpək dişləri cana vəlvələ salan tiplilərdəndi).  

Homo Sapiens növündən olan özünəqapanıq balaca oğlanın da oxşar yaşantısı olmuşdu. İndi, keçmişin dumanları içindən aramla zühur edən bulanıq cizgili bayram axşamlarından birində, bayramın yaratdığı nadidə sevinc hissinin təsiriylə, işdən qayıdıb pencəyini soyunan atasının böyrünə arxadan yaxınlaşıb uşaqcasına, gülə-gülə zəif yumruq vurmuşdu. Gözlədiyinin əksinə, narazı səs tonuyla, buz kimi soyuq, laqeyd gözağartmayla üzləşmişdi. Ata Homo Sapiens ailəsini şübhəsiz çox istərdi, gecə birə-ikiyə qədər onlardan ötrü çalışardı, bəlkə də həmin gün kiminləsə küsüşmüş, dalaşmış, kimdəncə incimiş, ya da aşırı sosial stressə tuş gəlmişdi, fəqət bala Homo Sapiensin də məhz bu gözlənilməz halətdən ürəyi qaralıb yadlaşmışdı. Ən doğmalar belə, bu qədər yaxın ola-ola, gör, həm də nə qədər də uzaq hiss oluna bilərmişlər. Beləcə qəlb zaman-zaman hüznə batmış, yalqızlaşmış, içəriyə sığınmışdı.

Nəysə ki, qayıdaq uzaq Afrikaya, qorillaların dinc yaşamına. Fəqət, deyəsən, bu məftunedici əmin-amanlıqla dolu həyatı təhdid edən nələrsə eşidilib sezilir. Gümüşübellinin ailəsiylə birgə məskunlaşdığı ərazi meşənin ən yaxşı bölgələrindən biridir, ancaq bu yerin, digər səkkiz qorilla qrupunun yaşadığı bölgələrlə  sərhədləri var. Ata gözlərini açır və dikəlir. 

Dikəliş nə dikəliş! Lap mərhum Maykl Klark Dunkanabənzər əzələ dağıdır ki! Əgər Gümüşbellinin vücudundakı tükləri qırxıb təmizləsək, çiyninin qabaq, orta, arxa delta əzələlərinin, köksünün ortadan ayrılan pektorallarının, triçepsi-biçepsinin, hətta ayaq arxasındakı aşağı biçepslərinin necə bütün möhtəşəmliyiylə və qabarıq biçimlərdə aydınlığa çıxacağını təxmin etmək olur. Yəqin, bircə sanballı zərbəsiylə adamın sür-sümüyünü xıncım-xıncım edər. Gəl ki, evolyusiya xoşbəxtlikdən, ya da bədbəxtlikdən, (yaxud da heç birindən) bizə, yəni, Homo Sapienslərə, müəyyən qədər digər primatlardan əsirgədiyi genləri bəxş etdi, onlardan bir neçəsi bunlardı: nitqi, danışmağı əmələ gətirən FOX2 , əllərimizlə alətləri digər primatlardan daha yaxşı idarə etməyimizə imkan yaradan HAR2 və beynimizdəki qabiliyyətlərin sıçrayışlı təkamülünə səbəb olan ASPM geni. Və budur, bu genlərin varlığı nəticəsində biz Homo Sapienslər, fiziki baxımdan bizdən qat-qat güclü olan bu əzəmətli və alicənab heyvanları, zooparklarımızda dustaq etməyi bacarırıq.

Ata qorillanın, ucları aşağıya doğru dartılmış dodaqları kip formada bir-birinə sıxılmış. Ulartıya bənzər səs-küyü əndişəli sakitliklə dinləyir. Və aramla, əvvəlcə pəsdən, sonrasa, sanki, pillə-pillə yüksələn səsiylə “uh-huh-huh-uh-huh” deyə nəriltisini yüksəldir. Nəriltinin son və titrək çalarlarına isə sinəyə sürətlə və zərblə çırpılan yumruqlarının səsi eşlik edir. Qorilla naturasına xas olan sinədöymənin sədası, bir mil uzaqlıqdan belə cəngəllikləri keçib gəlir, eşidilir. Bu hərəkət territorial davulçırpmadır. Əgər oralardakı erkəklər ona, “hey, bura mənim ərazimdi!” deyə təhdidkar bir xəbərdarlıq göndərirlərsə, bəs o niyə geri çəkilsin ki? Qoy ətrafdakı bütün özündəndeyən kişilər də mütləq agah olsunlar ki, bu evin, yuvanın, xanədanın Bossu kimdir! 

(1-ci hissənin sonu)
Rüstəm Ayaks

Kultura.az



Yuxarı