Bekarçılıqdan adam öldürənlər

Сеймур БАЙДЖАН

İstər iyirmi yaşı olsun, istər səksən , öyrənməkdən vaz keçən insan yaşlıdır. Öyrənməyi davam edən istənilən şəxs isə gənc qalır. Edə biləcəyin ən böyük şey odur ki, ağlını həmişə gənc saxlayasan.

- Mark Tven

Ölkənin təəssübü bir tərəfə, indi şərqin təəssübünü çəkən nə qədər adam peyda olub. Reallığı qəbul etmək istəmirlər, qalıblar keçmişdə . Qərb alimləri yaxud da bir məşhur adam şərq haqqında müsbət bir fikir bildirdikdə uşaq kimi sevinirlər. Bununla onlar istər-istəməz əslində gücün və tərəqqinin harda olduğunu yaxşı bildiklərini nümayiş etdirirlər.

Bu cür adamlara baş qoşmağa dəyməz. Onlarla söhbət etməyi, mübahisəyə girişməyi heç kimə məsləhət görmürəm. Onların mənfi enerjisi sizi söndürər. Onlardan uzaq dayanmaq lazımdı. İşləmək, savadlanmaq, dil öyrənmək, çalışmaq , bu kimi adamlara ən yaxşı, ən tutarlı cavabdı. O ki, qaldı yazının müəllifinə, mən yazımı yazıb, qonorarımı alıram. Əlbəttə özümə kiçik bir bioqrafiya düzəldə bilməsəydim, bütün bu məğlubiyyətləri həzm edə bilməzdim. İyirmi il məğlub olmaq asan deyil. Üstəlik bu məğlubiyyətlərin bir neçəsi gənclik dövrünə düşür. Hər dəfə böyük bir ruh düşkünlüyü yaşadıqdan sonra təzədən qüvvəni bərpa etmək öz mövcudluğunu qorumaq sizlərə asan gəlməsin.

O vaxt mənsub olduğum cəbhədə xeyli gənclər vardı. Onların hər biri fərqli tale yaşadı. Hərdən qarşılaşırıq, dayanıb, görüşüb söhbət etdik-etmədik, bir anda nə qədər həyat səhnələri yada düşür. Bəzən görüşəndə heç keçmiş haqda bir kəlmə də danışmırıq. Elə hal-əhval tuturuq necəsən, nə var nə yox, salamatlıqdırmı.. Vəssalam. Nə danışaq, onsuz da hər şey məlumdu. Sağ olsun, müxalifət liderlərimiz, yaxşı üzümüzü ağ elədilər. Nələr yada düşmür. İclaslar, tədbirlər, görüşlər, mübahisələr, davalar, intriqalar, dostluq, çayxanalar, yeməkxanalar, toylar, nəzakət qaydaları, gələcəyə ümidlər, arzular,elə bir ab-hava ki, orda ən vecsiz kişiyə də bəy, ən eybəcər qıza da xanım deyirlər...

Hərə bir tərəfə dağıldı. İndi biri dəli olub, biri ailə qurub, biri xaricdədi, ölənlər var artıq, biri tamam sıfırdadı, biri alver edir, başqası Rusiyada nəyləsə məşğuldu, bilmirsən yaxşı yaşayır, bilmirsən pis yaşayır, biri həkimdi, biri müəllim... Hərə bir tərəfdə, hərə bir işlə məşğuldu. Xeyli adam da yoxa çıxıb. Elə bil heç əvvəldən yox imişlər. Hərdən öz özümə düşünürəm, onlar doğurdan da olublar, yoxsa bu bir ilğım idi...

Sovet dövründə bir adətfason şey vardı. Bir oğurluq, cinayət hadisəsi baş verəndə hamıdan əvvəl avara-uvara, işsiz ortalıqda gəzən adamları çağırıb sorğu-sual edirdilər. Ola bilsin, bu hər yerdə hər zaman belə olub. Lakin sovet zamanı bu sorğu daha açıq-aşkar aparılırdı . Yadımdadı, tanış bir uşaq iki gün dərsə getməmişdi. Məktəbdən evə dedilər. Atası uşağı qorxutmaq üçün bir az da artistizimlə dedi:- istəyirsən, gəlib məni tutsunlar? Uşaq doğurdan da qorxumuşdu ki, məktəbdən qaçsa onun atasını tuta bilərlər. Bir qoca kişi tanıyırdım.. İmkan vermirdi nəsildə bir adam boş- bekar dayansın. Əsgərlikdən gəldi, üç-dörd gün formada özünü ona-buna göstərdi, vəssalam. Basırdı işləməyə. Birini hardasa qarovulçu, birini tikintidə fəhlə, birini sürücü, birini çörək zavodunda nə bilim nə...

Həmişə də deyərdi:- adamın başına nə pis iş gəlirsə, hamısı bekarçılıqdan gəlir.

Sonradan mən bunu Taqorda da oxudum, Volterdə də. Söhbət ondan getmir, adam elə mütləq hardasa işləyib, maaş almalıdı. Yox, insanın ümumiyyətlə avara olması, bekarçılıqdan əziyyət çəkməsi çox pis haldı. İnsan, ümumiyyətlə, boş qalmamalıdı. Nəsə bir hobbisi olmalıdı. Vaxtının dəyərini bilməlidi. Öyrənməlidi. Gözləməmilidir ki, mütləq iş tapandan sonra elə işləməlidi. Zəhmət öz sözünü axır əvvəl deyir. Hemenquey deyirdi ki, inadkarlığım məni yazıçı etdi. Daimilik uğurun vacib şərtlərindən biridi.

İnsanın işdən yorulması bir az yalan söhbətdi. İnsan mənasız işdən yorula bilər. Buna katorqa işi deyə bilərik. O iş ki, heç bir səmərəsi yoxdu. Elə bil mənasız yerə bir vedrədəki suyu qaşıqla o biri vedrəyə tökürsən. İnsan bekarçılıqdan daha çox yorulur. Hansı günü işləyirəmsə, həmin gün yediyim-içdiyim də canıma yatır. Rahat gəzə bilirəm. Başa düşürsən ki, gün boş yerə getməyib. Müşahidə edirəm, həqiqətən də bu gün xeyli insan bekarçılıqdan böyük əziyyət çəkir. Onlar özlərini ifadə edə bilmirlər. Təşviş içərisindədirlər. Söhbət qismən savadlı, mərifətli adamlardan gedir. O insanlar ki, onların hər hansı bir sahədə çalışması cəmiyyət üçün yararlı ola bilər. Onlar ruhdan düşməsinlər. Ən vacib şərt bekar qalmamaqdı. Nəsə faydalı bir işlə məşğul olmaqdı.

Öz şəxsi təcrübəmdən misal gətirə bilərəm. Hər cür axına, hər cür hərəkata qoşulmuşam, xeyli axmaq hərəkətlərim olub, iş tapa bilməməkdən böyük əziyyət çəkmişəm, evdən minnətlə pul veriblər, almaq da çətin olub. Lakin nə baş verirdisə versin, hansı ruhi vəziyyətdə olurdumsa olum, mütaliədən qalmırdım. Düşünürəm ki, bu da az-çox öz təsirini göstərdi. Boşluq, bekarçılıq adamı ruhdan salır. Ölkəmizdə xeyli insanın hobbisi yoxdu. Onlar vaxtını hara xərcləyəcəklərini bilmirlər. Bilmirlər, nə etsinlər. Boşluq və bekarçılıq onları hər cür əmələ əl atmağa sövq edir. Mənəvi dünyaları kasaddır deyə narahatdılar.

Halbuki nə qədər iş görmək olar. Bağ salmaq olar. Gül əkmək olar. Kolleksiya yığmaq olar. Hansısa bir sənətlə məşğul olmaq olar. Öyrənmək istəyən adam üçün bu gün hər bir şərait var. Qalır vaxtın qiymətini bilmək. Vaxt çoxluğundan əziyyət çəkənlər evin mebelini dəyişirlər. Gücləri tikintiyə çatır. Daş, qum, sement, armatur onların sevimli oyuncaqlarıdır.

Bu qədər tikirlər, bu qədər sökürlər yenə də rahat ola bilmirlər. Bekarçılıqdan dava-dalaş salırlar, hətta vurub bir-birlərini də öldürürlər. Ciddi deyirəm. Əgər siz ölkədə baş verən qətl hadisələrinin bir çoxunu bir balaca dərindən analiz etsəniz görəcəksiniz ki, qətli törədən adam bekarçılıqdan əziyyət çəkirmiş.

Torpağa səpilmiş peyin, sandığa doldurulmuş qızıldan qiymətlidi.

Meydan.tv

Kultura.az | Developed by Samir Yahyazade