Rəşad səfər: Zərrəlik qorxusu və böyüklük xəyalı

Альтернатива

Bir neçə həftə öncə hərarətli bir məlumat yayıldı. 1.5 milyard işıq ili qədər uzaq məsafədən bizə radio dalğaları gəlib. Həm də dəfələrlə təkrarlanıb. Əvvəllər də belə bir həyəcanlı hadisə yaşanmış, amma sonra dalğaların ulduz partlayışlarından gəldiyi təxmin edilmişdi. İndi də bəlkə nəsə belə bir şeylə yekunlaşacaq. Amma hələ ki, başqa bir sivilizasiyadan bizə siqnal göndərilməsi ehtimalı insanları həyəcanlandırıb. Bu versiya möhkəmlənsə, həyəcan gizli məyusluğa da çevrilə bilər. İnsan qüruruna növbəti zərbə. Günəşin və planetlərin bizim başımıza dolanmadığını, kəsib yediyimiz, önünə ot-ələfə atdığımız, bir-birimizi təhqir etmək üçün istifadə etdiyimiz heyvanlarla qohum olduğumuzu, dünyanın əşrəfi olan insanı tanrının hədiyyəsi olan şüurundan daha çox şüuraltının, instinktlərin idarə etdiyini güclə həzm etmişdik (bir xeyli həzm edə bilməyənlər də var hələ), kainatımızı bizimlə bölüşmək hardan çıxdı? Gəl indi səksəkədə yaşa ki, bir gün səhər əcaib məxluqun biri enəcək yerə, milyardlarla insanın inandığı inancları, ideyaları, bilgiləri yerlə-yeksan edəcək.

Bilgi çoxaldıqca, kainat haqqında məlumatlarımız artdıqca, onun nəhəngliyini, özümüzünsə zərrəliyimizi dərk etdikcə, bizi depressiv duyğular basır (Təbii ki, söhbət həqiqi elm adamlarından getmir, onlar həyatlarını şövqlə elmə həsr edir və əldə etdikləri nəticələr onları yeni araşdırmalara ruhlandırır. Burada söhbət elmi elmi-populyar kitablardan, internet məlumatlarından öyrənən insanlardan gedir). Üstəgəl, süni intellektlə bağlı pessimist proqnozlar. İnsan növünün yaşama olan ümidini azaldır. İnsan faniliyi gözləri ilə görməyə başlayır sanki. Öncələri bunu bizə ancaq əsrarəngiz təbiət və ölüm xatırladırdı. Və hər ikisi də tanrının qüdrətini gücləndirməyə xidmət edirdi. Nəticədə tanrı da bizim uydurmamız olduğuna görə, onu da özümüzə xidmət etməyə, bizi kainatın əşrəfi elan etməyə məcbur edə bilmişdik. Biz onu, o da bizi tərifləyir, baş-başa verib şad-xürrəm yaşayırdıq. Amma bu lənətə gəlmiş insan ağlı hər dəfə oyun qaydalarını pozur. Eqomuza zərbə vuran baltaların sapı elə öz zehnimizdir. Mənzərəni daha geniş görə bilənlər daha dərin böhrana düşür, faniliyin gətirdiyi fənalığın altından çıxa bilmirlər bəzən. Dünənə qədər dünyanı xilas etmək haqqında düşünən birisi bu gün artıq özünü kainatın zərrəsinin zərrəsi və bununla da gücsüz, cılız hiss edir.

Bu daxili bədbin hissiyyatı azmış kimi, ətrafa da təlqin etməyə çalışır ki, ey bəni-adəm, bu dünyada heç nəyin mənası yoxdur, böyük bir xaos var və biz bu xaosun içində bir neçə saniyəlik görüntüyük, özünə əzab verib dərin söhbətlərə girmə, ədəbiyyatı-mədəniyyəti filanı boş ver getsin, biz heç kimik, biz çox cılız, kainat üçün heç bir əhəmiyyəti olmayan bir varlığıq. Artıq neçə müddətdir azad iradənin sorğulanması da var işin içində. Xarakterimizi, gündəlik davranışlarımızı və bununla da həyatımızı müəyyənləşdirən hormonlar, genetika, şüuraltı, özümüzün seçmədiyimiz ailəyə məhkumluq, hətta iqlim və coğrafi mövqe. Bəzən elə faktla qarşılaşırsan ki, adamı divardan divara çırpır, indiyədək bəzi düşüncələrinin nə qədər axmaqcasına olduğunu anlayırsan və bir müddət yeni şeylər düşünməyə qorxursan.

Bunlar böyük ölçüdə həqiqətdir. Zərrəyik. Cılızıq. Kainat bir yana, öz planetimiz üçün milyonlarla növdən sadəcə biriyik. Milyard illərdir gəlib-keçmiş varlıqlardan biriyik. Amma bir zərrə ikən, sanki hər şeyin fövqündə dayanmış bir varlıq kimi dünyanı, həyatı mənasız görməyə haqqımız, ya da belə bir lüksumuz varmı? Bu nə özündənrazılıq, bu nə dikbaşlıqdır? Bu özünü alçaltma, mənasızlaşdırma, bir küncə çəkilib ölümü gözləmək elə böyük eqo partlayışının nəticəsi deyilmi? Həzm etməyin çətinliyidir bu duyğuları yaradan: bir halda ki, kainatı tam dərk edə bilmirik, çox cılızıq (halbuki çox güclü olduğumuzu düşünmüşdük), o zaman, əlimizi-ayağımızı uzadıb ölümü gözləyək.

Bu məqamda, kontekst oxşar olmasa da, təsbit oxşarlığına görə fransız filosof, antropoloq və ədəbiyyat tənqidçisi Rene Jirarın (Rene Girard) Dostoyevski və onun yeraltı qəhrəmanları barədə dediklərini xatırlayıram. Dostoyevskinin qəhrəmanları bəzən özlərini alçaldılmış duruma salırlar, özlərini zəif, cılız, gücsüz, xaraktersiz kimi göstərməyə çalışırlar. R.Jirarın fikrincə, Dostoyevskinin özündən gələn bu xarakterin səbəbi həddən ziyadə qürur, böyüklük duyğusudur. Bu insanlar özlərini insanüstü varlıq, mükəmməl, dahi hesab edirlər. Bizimçün sıradan olan səhvləri özlərinə bağışlamırlar, onların böyüklüyünə azca xələl gəldisə, artıq hər şey bitmişdir, bundan sonrası yeraltına dəfn edilməkdir, özünü ən alçaq, ən dib nöqtəyə qədər endirməkdir. Hədsiz təvazökarlıq, özünü sındırılmış kimi təqdim etmənin səbəbi məhz böyüklük duyğusudur. Bu insanlar üçün böyüklük anlamında başqa rənglər yoxdur, yalnız ağ və qara var. Ya böyüksən, ya heçsən.

Kainatın böyüklüyü qarşısında depressiyaya düşüb, öz cılızlığını gözə soxmağa çalışan insan düşüncəsi də oxşar qürur və böyüklük tutqusunun nəticəsidir. Bu qədər güclü olduğunu düşündüyümüz varlıq necə ola bilər ki, bu qədər zəif olsun? Ya kainatın ən güclüsü, ya da heçlik. Orta mövqeni həzm etmək üçün zaman lazımdır.

İki il öncə bir təcrübə yaşadım. Bir müddət yalnız elmi-populyar kitablar oxudum. Sonda qəribə duyğular yarandı. Hər şey mənasız gəlməyə başladı. Milyardlarla qalaktikanın içində kiçik bir planetin Azərbaycan adlı kiçicik bir məmləkətində ədəbiyyatla məşğul olmaq, yazmaq, sənəti önəmli hesab etmək nəyə lazımdı? Bircə dənə ortabab təbii fəlakətlə məhv oluna biləcək bir məkanda hərflər yığını, not sırası, rənglərin kətan üzərinə yaxılması kimə lazımdır? Ədəbiyyatdan, filmdən, ümumiyyətlə, sənətdən uzaq gəzib ancaq elmi-populyar, fəlsəfi, siyasi kitablarla qidalananların ədəbiyyata, sənətə qarşı barmaqarası münasibəti yəqin ki, bu səbəblərdəndir. Elmi təcrübələrdən keçməyən, akademik mənbələrə söykənməyən nəsnələri əhəmiyyətsiz hesab edirlər. Hətta bəzən ədəbi esseləri, ovqat yazılarını, bədii mətnləri akademizm nöqteyi-nəzərindən təhlil edirlər.

Elmi-populyar kitablar oxumaq, cari elmi xəbərlərlə maraqlanmaq yaxşıdır, hətta çox vacibdir. Sənətlə məşğul olan insanlar üçün bu, ikiqat vacibdir. Məsələlərin bir də o biri qatını, görünməyən tərəfini görmək üçün. Bir nöqtədə ilişib qalmamaq üçün. Amma bu bilgilərin bizdə bədbinlik yaratmasına, emosiyalarımızı bloklamasına imkan verməməliyik. Əks halda, süni intellekt haqqındakı proqnozlar özünü doğrulda bilər. Özümüzdən asılı olmasa da, bir halda ki, doğulmuşuq, yaşamağa qərarlıyıq, o zaman çalışmaqdan, yaratmaqdan başqa yolumuz qalmır. Ola bilər ki, fəzada özbaşına veyllənən bir cism qəfil yerə dəyib hər şeyi məhv eləsin. Ola bilər, supervulkanlardan biri cuşa gəlsin, aləmi qatsın bir-birinə. Amma o zamana qədər həyatımızı kim maraqlı edəcək? Kim yaşamımıza məna qatacaq? Kainatın çox vecinədir bizim digər insanlarla münasibətlərimiz? Yaşadığımız müharibələr? Çəkdiyimiz iztirablar? Ölüm qorxusu? Bütün bu xaosda fiziki cəhətdən çox gücsüz zərrə olsaq da, hələ ki, bilinən ən emosional, duyğuları ən mürəkkəb varlıqlarıq.

Əslində, zərrəlik qorxusu böyük bir enerjiyə çevrilə bilər. Hətta bu enerjinin güclənməsinə dini inancın, o biri dünya inancının olmaması da yardım edir. Uca kosmosun vecinə deyilik. Uca tanrının da vecinə olmadığımızın tez-tez şahidi oluruq. O zaman ümid qalır yalnız özümüzə. Kainat tarixi üçün gözqırpımı, bizimçünsə qarışıq duyğularla – daha çox, iztirabla dolu uzun bir yolu xatırladan həyatımızı tələsmədən, cəlbedici daş binaların, bizi cansız əyləncə ilə təmin edib, gizli-gizli duyğularımızı tükədən texnologiyaların ağuşuna sığınmadan yaşamaqla bəlkə özümüzə yardım edə bildik.

Emosiyalarımızı əldən verməmək, xırda şeylərə sevinə bilmək, gözəlliklərə heyrətlənə bilmək bacarığını bərk-bərk qoruyub saxlamaq. Sənəti sevmək, romanlar oxumaq, filmə baxmaq, musiqi dinləmək, bir rəsmə zillənib ilk dəfə rəsm görürmüşcəsinə, rəssamın bunu necə çəkdiyinə heyrətlənmək, fürsət tapdıqca təbiətlə canlı təmas qurmaq. Hər gün duyğularımızı bir az təmizləmək ehtiyacı var.

Yalnız belə olan halda texnologiyaların, boyumuzu aşan elmi araşdırmaların, kainatla bağlı gerçəkliklərin bizdə yaratdığı bədbinliyi, yorğunluğu, zərrəlik duyğusunu aşa bilər, içdən-içə arzuladığımız böyüklük xəyalını, heç olmasa, zehnimizdə yenidən canlandıra bilərik. Yenilik, informasiya, texnologiyalar, sosial şəbəkələr, daş binalar, dəmir maşınlar, siyasət, iqtisadi problemlər planetimizdəki “yaxşı və pis toxumları” bir-birinə qarışdırıb. Balaca şahzədənin planetindəki kimi, öz dünyamızı “zəhərli baobab ağaclarından hər gün təmizləməliyik. Həm də xırda ikən. Baobabı vaxtında tanımasan, ondan yaxanı qurtara bilməzsən. O bütün planeti tutar. Kökləri ilə torpağı deşik-deşik edər. Əgər planet çox kiçikdirsə, baobablar çoxdursa, onlar planeti parçalayıb dağıdarlar... Səhər durdun, əl-üzünü yudun, özünü qaydaya saldın, dərhal planetini də qaydaya sal. Baobablar qızılgül kolundan fərqlənən kimi – onlar təzə çıxanda bir-birilərinə çox oxşayırlar – hər səhər mütləq onları dartıb çıxarmaq lazımdır. Bu bir az bezdirici iş olur bəzən, amma qətiyyən çətin deyil.”

Kultura.az | Developed by Samir Yahyazade