Rəşad Səfər: Təbiət tarixində bir siçovulun və bir göyərçinin taleyi

Литература


(hekayə)


Kağıza yazılmış cadular

 

Doğulduğum evin yerində indi təmirsiz tualet yerləşir. İri mişar daşları ilə hörülmüş, üstünə kənarları qırıq iki şifer atılmış bir tualet. Təxmin edirdim, amma əmin deyildim. Yaxınlarda getdim, yenidən baxdım. Bəli, doğul­duğum evin – yatdığım otağın yerində bir tualet vardı. Anamdan soruşdum, beşiyimi hansı tərəfə qoyurdun? Əli ilə göstərdiyi yer tualetin düz ortası – unitaz idi. Mənim bir zamanlar baş qoyub mışıl-mışıl yatdığım yerə indi insanlar arxalarını qoyub təbii ehtiyaclarını ödəyirlər.


Divarlarından saman çöpləri çıxan, çiy kərpicdən tikilmiş o ev bütün dünya idi və dünyada tanıdığım bütün insanlar o evdə yaşayırdı. Ən böyük üstünlüyü iqlimə nəzarət etməsiydi. Yayda evin içi xeyli sərin, qışda isə xeyli isti olurdu. İki otağı, bir aynəbəndi vardı. Bir otaqda babamla nənəm, bir otaqda biz qalırdıq – atam, anam, biz, yəni uşaqlar. Qonaq da gələndə bizim otaqda qalırdı. Hələ otağımızın başqa sakinləri də vardı, amma o sakinlər haqqında bir az sonra.


Beşikdə gözlərimi açıb otağa boylandığımda gör­düklərim yaşıl boyalı divarlar, divarların tavana bitişik hissəsində paralel qırmızı xətlər, küncləri oyulub tökül­müş pəncərələr, pəncərənin birinin üstündə isə içinə fotolent taxılıb fəaliyyəti dondurulmuş qara işıq sayğacı idi. Zaman keçdikcə otağın divarları boya qarışıq ovulub tökülməyə başladı. Balaca oyuqlara qəzet kağızları bükülüb soxuldu. İri oyuqlara isə sulu xəmirlə qəzet səhifələri yapışdırıldı. Bəzən qəzetlər də cırılırdı, yaşıl divarın ortasında çirkdən qaralmış xəmir parçaları qalırdı. Divarların döşəməyə bitişən hissəsi, pəncərələrin altı isə ovulduqca ovulur, dağıldıqca dağılır, qarşısında çarpayı, şkaf olduğuna görə oraları yamamağa heç kəs ehtiyac görmürdü. Amma bəzən anam dinc dayanmır, hardansa tapdığı oboy parçasını, ya böyük qəzet səhifələrinin altını bol-bol xəmirləyib divarların həmin görünməyən hissə­lərinə yapışdırırdı.


Bəzən çarpayının arxasındakı divarın dibindən qal­xan qəzet o qədər böyük yeri bəzəyirdi ki, gecəyarı ayılanda üzünü qəfil divara çevirsən, saqqallı bir kişinin, yaxud əlində kalaşnikov, hərbçi paltarında üç-dörd adamın, ya da bığlı, keçəl bir şairin şəklini görə bilərdin. Gözlərin iti olsa, ay da otağı bir az işıqlandırsa, gecələr oturub dörd-beş bənd şeir, müharibə haqqında son mə­lumatları, ya da, ən azından, ulduz fallarını oxuya bilərdin. 


Sonra gün gəldi ki, doğulduğum ev söküldü. Həyə­tin o biri ucundakı evə köçdük və bu kərpic evi buldozerin iri caynaqları yerlə yeksan elədi. O dövrdə sökülən başqa kərpic evlərdən bir-ikisində guya qızıl küp tapılmışdı. Qızıl küp tapanın kim olduğunu heç vaxt öyrənə bilmədik. Amma biz də evimiz dağılarkən həyəcanla qızıl küplərini axtarırdıq. Buldozerin dağıtdığı yerlərdən heç nə çıxmırdı, atam isə buldozerə güvənmirdi, öz intuisiyasının arxa­sınca gedib sökülmüş evin altını da özü bel ilə qazırdı. Küpdən xəbər yoxdu.


Əvəzində, bir gün nənəmin illərdir dilə gətirdiyi hissiyyatı düz çıxdı. Evin dağılmış divarlarının altından, əzilib bir-birinə qarışmış kərpiclərin içindən dualar, cadular çıxdı. Üçbucaq şəklində parçaya bükülmüş, ərəb hərfləri ilə cızmaqara edilmiş onlarla “dua” vardı. Duaların çıxması nənəmi qızıl küplərindən daha çox həyəcanlandırdı. Duaları bir-bir cırıb kağızları əlində dəfə­lərlə sağa-sola çevirdi. Gözlərini qıyıb baxdı. İşığa tutdu, günəşə tutdu, kölgəyə keçdi, stolun üstünə qoyub oxudu. Hər variantda, həyəcanla kağızları incələdi. Nəticədə, neçə illik müdrik duyğuları doğru çıxmışdı. Bu evdə baş verən bütün bəlaların səbəbini tapmışdı. Əslində, səbə­bini bilirdi və həmişə hər kəsə xəbərdarlıq edirdi ki, üstü­müzdə cadu var. Amma heç kim inanmırdı qadına. Nəha­yət, dedikləri doğru çıxmışdı. Qadın həm də bir az rahatlamışdı, yüngülləşmişdi. Bu evə gələndən sonra öz bədbəxtliklərinin səbəbini həmişə başqa yerdə axtarmış­dı, amma qoymağa uyğun yer tapmadığına görə içində bir nigaranlıq qalmışdı. Bəlkə, həqiqətən də, problem onun özündəydi? Bəlkə, həqiqətən də, zəif, gücsüz, ağılsız və iyrənc bir qadındı, babamın dediyi kimi? İndi evdən tapılan cadular, dualar problemlərin ondan qaynaq­lanmadığını, indiyədək yaşadığı bədbəxtliklərin, əslində, onu sevməyənlərin şər əməllərinin nəticəsi olduğuna onu inandırmış, rahatlatmış, həm də öz müdrikliyinə onu bir daha əmin etmişdi.


Qadın içində cızmaqara edilmiş, saralmış kağızlara çox həssas yanaşdı. Kimin yazmağından və kimə yazılma­ğından, niyyətindən asılı olmayaraq orda allahın dilində kəlmələr yazılmışdı. Cadu kağızlarının büküldüyü ağ, qır­mızı, qara, qəhvəyi parçaları bir yana, içindən çıxan kağız­ları isə səliqəylə başqa bir yana yığdı. Heç kimin toxun­masına icazə vermədi. Sonra tərtəmiz bir torba gətirdi. Hamısını ehmalca torbanın içinə yığdı. Torbanın ağzını bağladı. Ürəyi dözmədi, torbanı açdı, bir daha içinə baxdı. İçindəkilərin salamat olduğuna əmin olandan sonra yenidən bağladı. Torbanı aparıb evin bir küncündə, əlçat­maz yerdə gizlətdi. Sabahkı gün səhər tezdən qalxdı, dəstəmaz alırmış kimi, əlini, qolunu, dirsəyini, üzünü, alnını, boynunu təmiz-təmiz yudu. Şalını başına saldı. Evin küncündə gizlətdiyi torbanı götürdü. Həyətdən çıxdı. Küçənin başından axıb keçən arxın üstünə gəldi. Doda­ğının altında nəsə oxudu. Sonra suya doğru əyildi. Əlin­dəki torbanı yavaşca suya qoydu. Axar su torbanı nənəmdən uzaqlaşdırdı. 

 

Oğru

 

Bazar gününün ləzzətli səhər yuxusu atamla bibi­min mübahisəsi ilə pozuldu. Atam stolun üstündəki pe­çenye qutusunun qapağını açıb içindəki iri peçenyeləri sayır, axşam qutuda daha çox peçenye olduğunu dayan­madan təkrarlayırdı. Bibim də otağın ortasında, döşəmə­nin üstündəki yatağında dirsəklənib peçenyelərdən xə­bərsiz olduğunu deyirdi. Atam dedi, axı gecə hamı yatmış­dı, mən bir dənəsini yeyəndən sonra yerində xeylisi qaldı, indi baxıram, yarıdan da az qalıb. Yemisizsə, deyin, ye­mişik, burda nə problem var. Bibim yarı ciddi, yarı zarafat, “Mənə lazım deyil sizin peçenye, heç xoşuma da gəlmir dadı”, söylədi. Atam qadının incidiyini görüb, çox üstünə getmədi. Bəlkə də, başqa birinin yeyə biləcəyini düşündü.


Oxşar söhbətlər növbəti günün səhəri, daha erkən başladı. Artıq evdə qonaq yoxdu. Amma atam qutunun içində gecə üç peçenye saxladığını söyləyir, səhər tezdən baxanda isə bir dənə də qalmadığından gileylənirdi. Bu dəfə şübhəli şəxs kimi bibim də yoxdu. Evə gecələr oğru gəlirdi, qutunun kip bağlanmış qapağını açırdı, içindəki peçenyeləri götürürdü, sonra qapağı əvvəlki səliqəsi ilə bağlayır və başqa bir şey oğurlamadan çıxıb gedirdi. Nə qəribə oğurluq! 


Atamçün macəra başlamışdı. Danışmağa söhbət, mübahisə etməyə məsələ, tapılmağa oğru vardı. Gecədən xeyli keçmiş, yatmazdan öncə eyni qutunun içinə peçen­ye doldurub, qapağını örtüb stolun üstünə qoydu. Özünü yatmışlığa vurub gözlədi. Hamımız gözlədik. Həyəcandan gözümüzə yuxu getmirdi. Nəfəsimizi içimizdə alırdıq ki, oğru kimdirsə hürküb getməsin. Xeyli zaman keçdi. İki saat, bəlkə bir az da artıq. Bir xışıltı gəldi. Sonra yüngül tappıltı. Başımızı yorğandan çıxarıb sakitçə izlədik. Divarın hansısa tərəfindən, nəyinsə altından iri bir siçovul çıxıb masaya yaxınlaşdı. Əvvəlcə stulun üstünə qalxdı, sonra da masaya dırmaşdı. Hədəfinin dəqiq yerini bilirdi. Sürətlə, kiçik, amma iti addımlarla peçenye qutusuna yaxınlaşdı. Kiçik ön ayaqlarını qutunun aşağısına dayadı. Burnu ilə qapağı qaldırmağa cəhd etdi. Üç-dörd cəhdən sonra alındı. Sona arxa ayaqlarını qutunun aşağısına dirədi, ön ayaqları ilə qapağı burnundan təhvil alıb bir az da yuxarı qaldırdı. Sonra sakitcə sivişib qutunun içinə düşdü. Əməliyyatı sona qədər izləmək qərarında idik. Qutunun içində bir neçə dəqiqə xırçıltı gəldi. Sonra yenə qapaq aralandı. Siçovul burnu ilə qapağı qaldırdı, ön əllərini qutunun bayırına çıxardı. Sivişib tappıltıyla masaya, sonra da döşəməyə düşdü. Bu vaxt atam oğrunu cəzalandırmaq üçün son fürsət olduğunu anlayıb yanında saxladığı ayaq­qabı tayını siçovula sarı tulladı. Siçovula ayaqqabının kiçik bir hissəsi dəydi. Siçovul səndələdi. Sonra yenə sürətli, kiçik addımlarla qaçıb çarpayının altında gözdən itdi. Hamımız heyrətlə bir-birimizə baxdıq, gülüşdük. Oğru tapılmışdı. Atam ağır cinayətin üstünü açmış müstəntiq ədası ilə, yorğun günün ardından doyunca yatmağı təklif elədi. Yatmazdan öncə qərara gəlindi ki, sabah evdə gizlənmiş siçovullar barədə təcili tədbirlər görülsün.

 

Qisas

 

Siçovulun oğurluq əməliyyatını izlədikdən sonra yatdıq. Darıxdırıcı həyatımıza yeni söhbət gəlmişdi. Günlərlə siçovulun bizi heyrətləndirən bu oğurluğundan danışılacaqdı. Ən xırda təfərrüatlara eniləcək, siçovulun hər addımı müzakirə ediləcəkdi. Kimsə razılaşmayıb mü­bahisə edəcək, başqa birisi digərinin səhvini düzəldə­cəkdi. Sonra söhbət ev daxilindən çıxıb tayfa müzaki­rəsinə keçəcəkdi. Başqaları, qohumlardan, qonşulardan kimsə də siçovulları yaxşı tanıdığını deyəcək, bu oğur­luğun siçovullar üçün adi bir şey olduğunu, yaxınlarda filankəsin də başına belə bir iş gəldiyini söyləyəcəkdi. Beləcə, bir siçovul öz kiçik, ağıllı hərəkəti ilə bir ailəni, bir tayfanı, bir məhəlləni darıxmaqdan xilas edəcəkdi. Amma siçovulun həyatımıza müdaxiləsi bununla bitmədi. O kiçik məxluq kürəyinə dəyən ayaqqabının qisasını çox gecik­dirmədi.


Elə həmin gecənin səhərinə çox az qalmışdı. Çığır­tıya yuxudan ayıldıq. Qardaşım yatağının ortasında bağı­ra-bağıra ağlayırdı. Atam hövlənak qalxdı, işığı yandırdı. Hamımız çarpayının divara bitişik tərəfində oturub ağlayan qardaşıma baxdıq. Uşağın qulağından axan qan boynuna tökülmüşdü. Yastığın da üstündə bir neçə damla qan vardı. Uşaq əlini qulağına tutub bağırırdı. Atam tez yaxınlaşdı. Qardaşımın əlini qulağından çəkdi, qanlı oldu­ğuna görə bir şey anlamadı. Yatağın mələfəsi ilə qulağı sildi. Qulaq məməsindən qığırdağına doğru üç-dörd yerdə deşiklər açılmışdı. Divarın dibində qəzetin altındakı quru xəmiri didişdirib, sonra çarpayıya doğru dırmaşan siçovul qardaşımın qulağını gəmirmişdi.


Təcili həkimə apardılar. Quduzluq iynəsi vurdular. Həkimlər dedi, narahat olmayın, bir şey olmaz. Amma biz uşaqlar bir neçə gün qardaşımdan uzaq gəzdik. Quduz olub bizi dişləyəcəyindən qorxurduq.


Qisasın qisası da tezliklə alındı. Evin xırda sakin­lərinin soyqırımı başladı. Hər yer dərmanlandı, ölən öldü, qaçan qaçdı. Divarın bir deşiyindən çıxıb, özünü itirmiş halda otağın içinə doğru yüyürən tanış siçovulun qisməti atamın ona tulladığı ayaqqabının zərbəsi altında ölmək oldu. Atam deyirdi, bu həmin siçovuldur. Uşağın qisasını aldım. Bəlkə də həmin siçovul çoxdan qaçıb canını qurtarmışdı. Amma atam əmindi və bu əminlik onu xoş­bəxt edirdi.

 

İkinci ev və onun nadinc sakinləri

 

Buldozer əzrayıla dönüb doğulduğum evin canını aldıqca, yerində dünyadakı ilk illərimə dair xatirələrin qəbirstanlığını salmaqdaydı. Eyni vaxtda biz də bu qəbirstanlıqdan yüz-yüz əlli metr məsafədəki başqa bir məkanda özümüzə yeni ev, gələcək xatirələrimiz üçün yeni beşik hazırlamaqda idik.


Zaman keçdikcə yeni evimizin rəsmi sakinlərindən başqa, bizimlə daimi yaşayan, hər vaxt başımızın üzərində varlıqlarını hiss etdiyimiz yeni məxluqlar peyda oldu. Köhnə evin üsyankar xırda sakinlərindən fərqli olaraq, bu məxluqların kiminsə qulağını dişləmək, kiminsə peçenye­sini oğurlamaq, divarları deşib içəri girmək və yatağımızı bizimlə paylaşmaq kimi iddiaları yoxdu. Onlar sadəcə yer kürəsində yaşamağa məkan kimi bizim evin damını uyğun görmüşdülər. Bu yabanı göyərçinlər gündüzləri dünyanı dolaşır, gecələri gəlib bizim damdan içəri girir, orda gecə həyatlarına davam edirdilər. Damla tavan arasında özlərinə məskən salmışdılar. Biz onlarla bir damın altında yaşayırdıq. Onlar bizdən daha yuxarıda, biz onların ayaq­ları altında, yollaşıb yola gedirdik.


Getdikcə evi bizimlə bölüşən bu sakinlərin sayı artdı. Say artdıqca aramızda narazılıqlar da başladı. Gecələri cəhənnəmə çevirdilər. Hər gün sabaha qədər qulaqlarımızı məcburən şəkləyib onların gecə həyatını dinləyirdik. Söhbət edirdilər, mübahisə edirdilər, sevişir­dilər, qaçışırdılar, oynayırdılar, uşaqlarını danlayırdılar. Artıq ayaqlarının tavana toxunuşlarından hansı əhvalda olduqlarını, nəylə məşğul olduqlarını anlayırdıq. Nazik dikt tavanla yabanı göyərçin ayaqlarının təması ən yorğun, ölü kimi yatmış istənilən insanı şillələyib oyadırmış kimi oyada bilər. Bir dəfə oyandınmı, yatmaqdan əlini üz. Bəlkə ürəklərinə insaf gələ, səhərə yaxın bir az mürgü­ləyərlər, sən də yuxunun dadına baxarsan.

 

Gecəyarı hücum

 

Bir müddət sonra səsli-küylü nadinc sakinlərimizlə aramızda başqa problemlər yarandı. Tavanın ən xırda, mikroskopik deşiklərindən, kəsişmələrindən quş biti tökülməyə başladı. Sabaha qədər yatmamaq bir yana, qaşınmaqdan əzab çəkirdik. Qollarımız, boyunlarımız, ayaqlarımız qaşınmaqdan yara olmuşdu. Yayın istisində də bürünürdük ki, üstümüzə bit tökülməsin. Bitlərin otağa qanunsuz miqrasiyasının qarşısını kəsmək üçün bütün tavan boyunca görülməyən tədbir qalmadı. Amma faydasızdı. Gecəyarı yabanı göyərçinlər tavanda tappıl­tıyla yeriyəndən on beş-iyirmi dəqiqə sonra dəli kimi qaşınmağa başlayırdıq. Dəhşətli günlərdi. İndi bunları yazdıqca qollarımda, boynumda qaşınma başladı.


Bir gün atam göyərçinlərlə haqq-hesab çəkmək qərarına gəldi. Əvvəlcə onların damdan girəcək bütün yollarını qapadı. Amma xeyri olmadı. Bir həftə keçməmiş əvvəlcə tək-tük, sonra isə ardıcıl addım səsləri gəlməyə başladı. Sonra yenə bitlər. Sonra yenə eyni dəhşətli gecələr.


Atam daha da qəddarlaşdı. Dözməyə səbri qalmamışdı. Bir gün gecə yarı əlində fənər, dama qalxdı. Damla tavan arasına girdi, damdakı giriş qapısını açıq qoydu. Əlindəki taxta parçasını sağa-sola çırpıb göyərçinləri qovmağa başladı. Taxta bəzi göyərçinlərin başını əzdi, bəzilərinin ayağını qırdı, bəzilərini damın divarlarına çırpdı. Qaça bilən qaçdı, tez ölə bilən öldü, işgəncəyə məruz qalmadı. Atam taxtanı hara gəldi çırpır, hirsindən qışqırırdı. Səsə qonşular da ayılmışdı. Sonra taxta parçasını yerə atdı. İri atma taxtaların üstündə o yan-bu yana qaçıb əllərini havada yellədir, qorxudan başlarını itirmiş yabanılara qan uddururdu. Qəfil əlinə bir quş keçdi. Qəzəbdən dəliyə dönmüş atam tutan kimi quşun başını əli ilə qopardı. Sonra bir taxtanın üstünə oturdu. Alnından tər tökülürdü. Barmaqları quşun qanına bulaşmışdı. Əlindəki başsız quşun tükləri pırpızlaşmış bədəninə baxdı. Quşun bədəni hələ də isti idi. Sonra yorğun və kədərli halda damdan düşdü. Əl-üzünü yudu. Yatağına uzandı. Damda səssizlikdi. Arabir zəif, çox zəif bir uğultu gəlirdi. Amma ona səs demək olmazdı. Atam yuxuya getdi.

 

Quşların qarğışı ağır olur

 

Səhər nənəm söhbəti eşitdi. Bircə onu dedi ki, heç düz eləməmisən, quşların qarğışı ağır. Göyərçinlərin qarğışı isə lap pis. Atam dedi, onu ağ göyərçinlər barədə deyirlər, bu vəhşilərə aid deyil o söhbət. Nənəm haqlı çıxdı, deyəsən.


Hadisədən iki gün keçmişdi. Bayırda küləkli, soyuq hava vardı. Damdakı boşluqlardan indi quşların əvəzinə külək girir, uğultu ilə damın altında fırlanır, sonra başqa bir deşikdən özünə yol tapıb bayıra çıxırdı. İsti odun sobasının ətrafına yığışmışdıq. Axşamdı və işıqlar yanmırdı. Odun sobası belə anlarda həm istilik verirdi, həm də işıq. Hər kəs bütün fəaliyyətini sobanın işıqlarının çatdığı məsafədə həyata keçirməyə çalışırdı. Mən də sobanın yanında, yerdəki döşəkçəyə dirsəklənib oturmuşdum. Sobanın üstündəki iri dəmir çaydan pıqqıldayıb qaynamağa başladı. Az sonra anam çaydanın tel kimi nazik qulpundan yapışıb sobanın üstündən götürdü. Hərəkət trayektoriyası üzrə mənim üzərimdən keçən anda çaydanın qulpu qırıldı, qapağı yerə dığırlandı və qaynar su ayağıma töküldü. Həm də bir-iki damla yox, bol-bol, leysan kimi ayağıma şığadı. Ayağımdakı qalın corabı çıxarana qədər sağ ayağım yaxşıca bişdi. Aylarla əzab çəkdim. Ayağımın yanığı məni hər incidəndə, qaysaqlanmış yanıq dəri hər dəfə qopub məni qışqırdanda atam özünü söyürdü. Deyirdi, bir də quşlara daş atmaram. Nənəmsə bir kənarda oturub haqlı çıxmanın və müdrikliyin həzzini yaşayırdı.  

 

"Adalar və Gəmilər" kitabından 

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade