8 martın Azərbaycanın kölgə iqtisadiyyatına təsiri

Эльмир МИРЗОЕВ

8 mart haqda kifayət qədər çox deyilib, çox da yazılıb. Müxtəlif prizmadan, fərqli optikalardan təhlil edilib, araşdırılıb. Lakin bu gün bəhs edəcəyimiz məsələ bu işin nə gender, nə mənəvi, nə də ki, sosial tərəfi deyildir. Bu gün söhbətimiz bu bayramın sovetlərdə rəsmi bayrama çevrilməsindən sonra, o zaman Azərbaycanda böyük intişar tapmış və şəbəkələnmiş kölgə iqtisadiyyatına necə böyük bir töhvə verməsindən olacaq. 

8 mart, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1965-ci il 8 may tarixli Fərmanı ilə Beynəlxalq Qadınlar Günü kimi rəsmi bayrama, bununla yanaşı təbii ki, həm də sovetlərdə qeyri-iş gününə çevrildi. Məhz həmin dövrdən bu bayram artıq istənilən ictimai-siyasi kontekstini itirib floristika-parfümeriya-qənnadı orgiyası fonunda qlamur-ofisioz xoşməramlı gender diskriminasiyası və "istirahət günü" xarakteri aldı. Beləcə cinsi xüsusiyyətinə görə başqa insanı təbrik etmək mümkünatı açan bu rəsmi tarix qadınlarla bu və ya digər münasibətlər qurmaq istəyən kişilər üçün yeni-yeni şanslar açır və 1966-cı ildən sovetlərin kifayət qədər miskin məişətinə yeni rənglər gətirir. 

Bu məsələnin iqtisadi tərəfi çox-çox önəmli olur. Çünki qadınları təbrik etmək üçün o zaman sovetlərin bərbad günündə olan yüngül sənayesinin istehsal etdiyi məhsullar əsla uyğun gəlmirdi: istənilən qadının azacaq da olsa ruhunu oxşamaq və hədiyyə edəcək erkəklərə yeni şanslar açmaq üçün gərək olan parfümeriya və şokoladı kişilər "altdan" almalıydılar. İndiki gənclər bəlkə bu termini anlamaz, o üzdən bir qədər aydınlıq gətirək - sovetlərdə qapalı iqtisadiyyat hökm sürürdü və xarici ölkələrdən valyuta ilə gətirilən mallar qeyri-proporsional bölüşdürülmə yolu ilə müxtəlif dükanlara paylanırdı. Bu, məşhur Marlboro siqaretindən tutmuş qadın alt paltarına kimi belə idi və bu situasiyada dünkanların "zambax" (Заведующий магазином adlı vəzifənin Azərbaycan jarqonunda qısaldılmış adı) adlanan vəzifəli şəxsləri müstəsna adamlara çevrilir və mallar yalnız "piştaxta altından" lazım olan adamlara üçqat baha qiymətinə satılırdı.  

Sovet iqtisadiyyatının daha iki başqa vacib termini də sexovşik (цеховщик) və parnikovi idi. Əgər birincisi sovet yüngül sənayesinin qüsurlarından yararlanıb cəmiyyətin tələbini xarici mal kimi olmasa da, qismən qane edəcək malları gizlincə yaradılmış sexlərdə istehsal etməyə başlamış daydaylara deyilirdisə, ikincisində əsasən Abşeron yarımadasında fağır-mağmın parnikdə gül yetişdirib malı demək olar ki, bütünlüklə Rusiyaya vuran cayıllardan gedirdi. Цеховщик - çox ciddi söhbət idi, gəlirləri də böyük idi, tutulanlara çox zaman "vışkə" (Высшая мера наказания - ən ağır cəza maddəsindən) verilə bilərdi. Parnikovılar isə çox böyük bir şəbəkələşmə idi, güllər Abşeronda, Bakı ətrafındakı kəndlərdə kütləvi yetişdirilir, Rusiyanın böyük şəhərlərinə aparılıb orada minlərlə azərbaycanlı satıcıların "toçqa"larında çox baha qiymətə realizə edilirdi. 

Qeyd etmək artıq olar ki, Azərbaycanın kölgə istisadiyyatının bu bölümü - parniklərdə gül becərilməsi - məhz 1965-ci ilin 8 mart haqdakı həmin məlum fərmanından sonra xüsusi vüsət almışdı.  

Sual oluna bilər ki, yaxşı, nədən məhz gül? Aydındır ki, parfümeriya və şokolad istehsalı bizim girəcəyimiz kol deyildi, lakin sərhədləri kip-germetik bağlı, bunun nəticəsində qapalı iqtisadiyyata malik olan həddsiz-hüdudsuz ölkənin (əsasən Rusiyanın) başlıca şəhərlərinin güllə təhcizatı tamamilə mümkün vəzifə idi və işgüzar azərbaycanlılar canla-başla bu işə girişmişdilər. 

Şəxsən mən bir dəfə təsadüfən bu prosesin canlı şahidi olmuşdum. Dəqiq xatirimdə deyil, hardasa 14-15 yaşım olardı, bir dəfə atam telefon açıb, "bu gün görüşək" dedi. Onunla ayrı yaşadığımıza görə belə görüşlər yeniyetmə üçün çox sevincli idi təbii ki. Amma görüşəndə atamı tutqun və fikirli gördüm. Maşında mənə "bağışla, bu gün gəzməyə gedə bilməyəcəyik, səninlə danışandan sonra mənə telefon etdilər, indi gərək malı vurmaq üçün aeroporta gedək, yaxşımı?"

O zamana qədər aeroportda heç zaman olmamış yeniyetmə kimi, bu mənə çox maraqlı gəldi. Həm də söhbət hansı "maldan" gedirdi, ağlıma belə sığışdırmırdım. Yol boyu bu haqda daha danışmadıq, atam maşını çox sürətlə sürüb Binəyə çatdırdı, avtomobili kənarda saxlayıb tələsik hansısa anqara daxil olduq. Orada artıq neçə nəfər gətirilmiş yekə yeşiklərin üstünü qalın ağ vatman kağızı ilə örtməkdə idi. İşçilərin başında durub əmrlər verən kişi atamı görcək: "Əli müəllim, paşdi hazırdı, uşağlar ves gecəni işdiyiblər, samalotnan da danışılıb uje, bir azdan başdıyacayıx vurmağa." 

Atam çox əsəbi idi, həmin kişi ilə kənara çəkilib nəsə çox emosional söhbət etməyə başladılar. Söhbətdən "onu da görmək lazımdır?!", "Fərruxun toçqasına nə qədə gedəcək?", "... pulu verilib?" kimi fadələr eşidilir, atamla mükaliməni davam etdirən həmin kişi hərdən-birdən çevrilib cayıllara "ala rozaynan (qızılgül) qvazdikanı (qərənfil gülü) qarışdırmayasuz ha!" kimi əmrlər verirdi. 

Birdən anqara daxil olan Rövşən əmini gördüm. Atamın çox yaxın dostu, jek müdiri idi, göy 06 jiqulisi vardı. Məni görən kimi yekə ondatra papaqlı başını bulaya-bulaya, eyni zamanda hırıldayaraq əl verib: "Ə, bala, görüssən də bu vasmoy mart bizi nə günə qoyuf. Xax evində-eşiyində vurmaxda, bizim də günümüz yox, gecəmiz yox, urusdara gül vururux. Allah kəssin belə çörəyi!" - dedi. 

Söhbəti davam etdirən atam yeşiklərə tərəf dönüb kişiyə "bunnar Leninqrada gedir znaçit, bə Masqvanınkılar haçan gələcək" sualına kişi "Əli məllim, qurban sənə, hazırramışıx, hamsı uje yoldadı" cavabını verdi, o zaman atam çox bərk əsəbi halda "sən elə bil annamırsan ki, bunnar sabaha orda olmasalar uje apar tulla, səhər altıda Fərrux gərək uje çıxartsın bunnarı pradajaya!" ifadəsindən anladım ki, güllər dəqiq 8 martda, səhər 6-dan satışa çıxarılmalıdır, bircə gün də əvvəl olmaz, əks halsa məsələnin iqtisadi mənası batacaqdı.  

Güllər o zaman 8 martdan öncə günlərlə Rusiyanın böyük şəhərlərinə vurulmurdu, çünki malı 3-5 qat baha qiymətə satmaq üçün yalnız bayram günü piştaxtaya çıxmasında məna vardı. Bu zaman isə bütün mexanizm işə salınır, bütün təşkilati işlər, pul paylanmalı şəxslərin dolyası da avtomatik dəfələrlə bahalaşırmış. Bu iş minlərlə insanı əhatə edir, şəbəkələr Moskva və Leninqradla məhdudlaşmır, uzaq Sibirin Tümen, Surqut kimi şəhərlərinə kimi gedib çıxırdı. 

Rövşən əmi mənə, "bala, bu zarafat döy, biznesdi bu (o zaman Yenidənqurma artıq başlanmışdı, bu ifadəni Rövşən müəllim yəqin ki, mərkəzi qəzetlərdən oxumuşdu), indi burda tutulsax hamımız getdih, basaxjaxlar içəri, sora çıx ordan görüm nətər çıxırsan, çörəh belə şeydi bala, şükür sənin yaşın çatmır hələ" deyib atamgilə tərəf yollandı. 

P.S. Yenidənqurmanın yekununda hamının bildiyi kimi SSRİ dağıdı və onun qapalı iqtisadiyyatına son qoyuldu. Nəticədə azərbaycanlıların güclü gül biznesi və 8 martın cəmiyyətimizə gətirdiyi bu iqtisadi səhifə bağlandı. Atamgilin o "biznes"i də təbii ki, sona yetdi, sonrakı zamanlarını isə Rövşən əmi ilə "Allah Qarbaçovun evin yıxsın!" ifadələri ilə müşayiət olunan nərd məclisləri ilə keçirirdilər.

Elmir Mirzəyev

Azlogos.eu

Kultura.az | Developed by Samir Yahyazade