Yeni insan tipləri

Публицистика

Ənənəvi Azərbaycan ailəsi modeli dağılır. Özü də yavaş-yavaş da deyil, sürətlə və qarşısıalınmaz şəkildə. Əksər insanlar siyasi, iqtisadi mövzulara o dərəcədə aludə olublar ki, baş verməkdə olan prosesi görmürlər və fərqində deyillər ki, yüz illər ərzində formalaşan ənənəvi ailə artıq yeni dövrün şərtlərinə müqavimət göstərə bilmir və təslim olur. 

Professor Həsən Quliyev ənənəvi azərbaycanlıların mental xüsusiyyətlərini araşdırdığı “Arxetipik azərilər: mentalitetin simaları” kitabında ailə kultu barədə belə yazır: 

“Azərbaycanlılar üçün ailə həyatın başlanğıcı, əsası və məqsədidir. Onları ailədən kənarda təsəvvür etmək çətindir: yeri gəlmişkən, onlar ailədən kənarda başqa bir həyatı təsəvvür də etmirlər – bunun hətta xəyali mümkünlüyü onları daha ağır mental lənətlərlə qorxudur. Ailəni azərbaycanlının əlindən alın, onu ailə vəzifəsi kontekstindən təcrid edin, şüurunu ailə kultundan təmizləyin, o həmin an göylərin (tanrının) lənətlədiyi, həyata bütün marağını itirmiş bədbəxt məxluqa çevriləcək. Belə bir azərbaycanlı cəmiyyət üçün faydasızdır, heç nəyə yaramayan fərd qismində heç kimə gərək deyil. O, yalnız ailə daxilində kamil həyata nail ola bilər...

Hər bir azərbaycanlı öz taleyini yalnız ailə vəzifəsi prizmasından təsəvvür edir: o yeni ailələrə həyat vermək və kürü tökmüş qızıl balıq kimi sakitcəsinə ölmək üçün doğulmuşdur”.

Həsən Quliyevin yazdıqlarına parlaq müşahidə demək olar, amma bu müşahidənin indiki dövrdə nə qədər keçərli olduğu və yaxın gələcəkdə nə qədər keçərli olacağı artıq şübhələr doğurur. Ona görə ki, indi Azərbaycanda qurulan hər dörd ailədən biri dağılır və ildən ilə yeni rekordlar qeydə alınır. 2018-ci ildə Ədliyyə Nazirliyi ölkədə 13,655 boşanma halı qeydə alıb, halbuki 2000-ci illərdə bu rəqəm 2-3 dəfə az idi. Üstəlik bunlar  hələ rəsmi rəqəmlərdir, ölkədə çox sayda insan sadəcə kəbin kəsdirməklə kifayətlənir, çox ehtimal, onlar arasında da ayrılıq halları artıb. Bütün bu problemlərə görə bu il Azərbaycanda “Ailə Strategiyası”nın qəbul olunacağı gözlənilir, qanun ailə institutunu gücləndirmək və nigaha daxil olmaq şərtlərini sərtləşdirmək məqsədi güdür. 

Sual yaranır: bununla total ayrılıq prosesinin qarşısını almaq mümkün olacaqmı? 

Çətin. 

***

Bu yazının məqsədi sosial bir problemi dartışmaq deyil əslində, məqsəd başqa bir fenomenə nəzər yetirməkdir: yeni dövrün reallıqları, sosial şəbəkələr, seriallar Azərbaycanda yeni insan tipləri əmələ gətirir, boşanmaların artması isə yeni tiplərin yaranması prosesini biraz da gücləndirir.  

Ailələrin dağılmasına başlıca səbəb kimi ailədaxili zorakılıq göstərilir, amma faktiki olaraq, tarix boyu Azərbaycan ailəsində kişi zorakılığı olub, amma qadınlar boşanmağa üz tutmayıblar, indi isə tuturlar. Ayrılıqların əsas təşəbbüskarı belə görünür ki, qadınlardır. Dövr dəyişib - müasir qadın patriarxal ailənin üzvü, evinin sahibəsi, uşaqlarının anası qismində xoşbəxt kölə həyatı yaşamaq istəmir daha...  

Əvvəllər boşanmalarda yeganə qurban tərəf qadın olardı. Onun öz doğma ailəsinə geri qayıtması həm qadın adına, həm ailə, həm də icma adına böyük bir bədbəxtlik idi. Lakin artıq bu tendensiya da dəyişir. İndi boşanmadan sonra kişi də özünü aciz qurban kimi hiss etməyə başlayıb. Ailə daxilində onun hərəkət imkanları məhdudlaşıb, xəyanət, zorakılıq, hətta romantikanın başa çatması boşanma ilə nəticələnə bilir. 

Ənənəvi azərbaycanlı kişilər gözləmədikləri bir sınaqla üzləşiblər indi, qadınlar onları sürətlə tərk edir. Cəmiyyətdə artıq boşanmış kişi ordusu yaranıb və bu kişilərin öz icması, çevrəsi, ailəsi qarşısında və itirdikləri övlada görə (maraqlı bir nüans: Azərbaycanda boşanan ailələrin əksəriyyəti uşaqlıdır) necə əzab çəkdiklərini təsəvvür etmək olar. Ölkədə kişilərin geyim tərzindən tutmuş davranışlarına qədər, düşüncə tərzindən tutmuş qərarlarına qədər zamana uyğunlaşmaqda çətinlik çəkdikləri, qadınlara nisbətdə arxaik qaldıqları aşkar görünür. Minilliklərə gedib çıxan genetik yaddaşına və cəmiyyətin zahiri görüntüsünə arxayınlaşan kişi bir gün ayılıb görür ki, hadisələr artıq onun iradəsi xaricində baş verir, hər şey əlindən sürüşüb çıxır.

Azərbaycanda indi xəbər lentlərində tez-tez kişilərin keçmiş arvadlarını qətlə yetirməsi və yaxud onlara xəsarət törətməsi ilə bağlı xəbərlər çıxır. Bu cinayətlərin bir çoxuna səbəb isə qadının boşanandan sonra başqası ilə görüşməsidir. Beləcə, kişi hakimiyyətinin əldən çıxmasına dözə bilmir və hadisələrə kəskin, bəzən də radikal reaksiya verir. Dəyişən reallıqlar bir çox kişilərin başlarını itirməsinə gətirib çıxarıb...

Həsən Quliyev yenə eyni kitabında ənənəvi azərbaycanlı qadının ailəyə münasibətini belə xarakterizə edir:

“Hər bir azərbaycanlı qadın öz ailəsini qurmaq və bütün həyatını onun səliqə-sahmana salınmasına həsr etmək imkanından məhrum olduğu təqdirdə onu gözləyən total bədbəxtliyin arxetipik obrazını beynində canlandırır. Ənənənin köləsi qismində lazım olmaması təhlükəsi damokl qılıncı kimi qadın taleyi üzərindən asılmışdır. Buna görə də hər bir qız özünü əbədi köləliyə məhkum etməsi haqqında fikirləşmədən mümkün qədər tez xoşbəxt gəlin olmaq istəyir. Dünyaya gələn kimi qız uşağına valideynləri tərəfindən ərə getmək zəruruliyi hissi aşılanır: ailə köləliyi bir sıra narahatlıqlardan azad olmağın yeganə imkanı kimi təqdim olunur. Ailə köləliyinin toruna düşməmək onun üçün taleyin ən dəhşətli cəzası – bədbəxtliyinin mənbəyidir”. 

Bu, bir vaxtlar belə idi, indi isə təbii ki, bu tendensiya da dəyişməkdədir. Müasir bir çox qızlar artıq özlərini “ailənin xoşbəxt köləsi” kimi görmürlər. Hətta Azərbaycanda artıq belə bir qadın tipi meydana gəlib: o evliliyə, kişiyə bir vasitə, alət kimi baxır: evlənir, uşaq dünyaya gətirir və boşanır. Bundan sonra artıq ona heç kim söz deyə bilmir: o, uşaqlı, karyeralı, azad bir qadına çevrilir, həyatı ilə bağlı qərarları da şəxsən özü verir. 

Ənənəvi azərbaycanlı ailəsinə daha bir təhdid ölkədə baş verməkdə olan gizli və səssiz seksual inqilabdır. Bir çox gənc qızlar arasında bakirəlik əvvəlki kimi kult mövzu deyil daha. Üstəlik, hər il bu qədər boşanan qadın varsa, aydındır ki, onların heç də hamısı rahibə həyatı yaşamırlar. 

Qısası, hələ indiyə qədər Azərbaycan cəmiyyətində belə qadın tipləri olmayıb...   

Ən maraqlı nüans isə başqa bir detalda gizlənib. Hazırda ölkədə sosial həyatın yaxşılaşması üçün cəmiyyət tərəfindən ciddi bir müqavimət var. Bu müqavimət siyasi hakimiyyətdə dəyişikliklərə və gözlənilməz yeniliklərə belə səbəb oldu. Lakin əgər ölkədə sosial vəziyyət həqiqətən yaxşılaşsa, bu o deməkdir ki, qadınların maliyyə vəziyyəti də yaxşılaşacaq. Maliyyə azadlığı əldə etmiş qadınların isə patriarxal ailəyə bağlılığı daha da azalacaq, bununla ənənəvi Azərbaycan ailəsi modelinə daha böyük zərbələr dəymiş olacaq. Bu proses min illik bir ənənəyə, sıravi və ənənəvi azərbaycanlı üçün hər şeydən dəyərli olan bir məfhumun – ailə təsisatının tənəzzülünə gətirib çıxaracaq. Dilemma da məhz burdadır: cəmiyyət bu prosesin həqiqətən fərqində olsa, sosial vəziyyətin yaxşılaşmasını istəyərmi? Valideynlər, icma və cəmiyyət qadınların qızların ürəkləri istədiyi şəkildə azad həyat yaşamalarına razılıq verərlərmi? Bunu nə dərəcədə rahat həzm edərlər?

***

Belə görünür, Azərbaycan cəmiyyətində hazırda ciddi bir transformasiya baş verməkdədir, onun aparıcı qüvvəsini isə qadınlar təşkil edir. Və bu transormasiya prosesi yeni insan tipləri və yeni bir cəmiyyət formalaşdırır. Ancaq əfsuslar olsun ki, nəinki sıravi vətəndaşların, hətta elm, mətbuat və sənət sahəsində fəaliyyət göstərənlərin belə gözündən yayınır bu proses. Əgər doğru-düzgün humanitar elmlərimiz, mətbuatımız, ədəbiyyatımız, kinomuz olsaydı, biz bu məsələlərə dair emal edilmiş elmi düşüncələrlə, bədii təfəkkürün məhsulu olan yanaşmalarla, analizlərlə tanış olar, nə baş verdiyini daha dərindən qavraya bilərdik. Bütün bunlar olmadığına görə də, Azərbaycan cəmiyyətinin tarixdə keçirdiyi ən əhəmiyyətli proseslərdən biri əksəriyyət üçün qaranlıq qalır. Biz indi nə baş verdiyindən tamamilə xəbərsizik, ona görə də gələcəyə hazırlıqlı deyilik...

Cavid Ramazanlı

Azlogos.eu

Kultura.az | Developed by Samir Yahyazade