post-title

Azərbaycanda hər şeyin müxtəsər tarixi


1

1660-cı ilin oktyabr ayının 20-də gənc və perspektivli ingilis məmuru, 26 yaşlı Semyuel Pips (Samuel Pepys) öz evinin zirzəmisinə düşür və qəfildən ayağı bir yığın p*xa batır. Mütəmadi olaraq düz 10 il ərzində tutacağı və son nəhayətdə bir milyon sözdən ibarət olacaq şəxsi gündəliyində Pips yazır ki, qonşusu cənab Törnerin tualeti dolub və çirkab düz onun zirzəmisinə axır. Sonra da stereotipik ingilis nəzakəti ilə əlavə edir: “which do trouble me, but I shall have it helped”.

Bu qeydi oxuyanda insanı istər-istəməz maraq bürüyür – bir azca da mədəni adamlara yaraşmayan maraq – görəsən 1660-cı ilin oktyabr ayında Bakıda nələr baş verirdi? Həmin dövrün Bakısında hansı məişət problemləri yerli məmurları narahat edirdi? Bakının tarixi haqqında indiyə qədər yazılmış ən təməl tədqiqatlardan birini, Sara xanımın kitabını açıram və peşman olmaq üçün çox da gözləmək lazım deyil. Nə qədər paradoksal görünsə də, orta əsrlər Bakısına dair ən təfsilatlı məlumatlar buraya ötəri səfər etmiş Pyetro della Valle, Ceffri Deket və Engelbert Kempfer kimi avropalı səyyahlar, tacirlər və casuslar sayəsində tarixə düşüb. 1660-cı ilin oktyabr ayında isə deyəsən Bakıda bir nəfər də olsun firəng yox imiş.

Əslində, bu yazıda sizə iki diqqətəlayiq kitabdan danışmaq istəyirəm, amma lütfən bir az da səbrinizi basın. Çünki heç bir müxtəsər tarix müfəssəl müqəddiməsiz olmur.

Müqəddiməyə davam etsəm, deməliyəm ki, artıq bir xeyli təhlükəli sularda səyahətə çıxırıq. Yuxarıda yazdığım ilk iki abzas kifayət edər ki, kimsə məni çox rahatlıqla oriyentalizm və hətta – Allah göstərməsin! – ingilis liberal humanizmində ittiham edə bilsin. Özüm bu cür yarlıq yapışdırmağın ustası olduğum üçün, çox yaxşı bilirəm. Necə deyərlər, oğru oğrunu uzaqdan tanıyar, canavar da canavarı.

Həqiqətən, bir mədəniyyətin dəyərlər sistemi və dəyər prioritetləri digər bir mədəniyyətin sistem və prioritetləri ilə üst-üstə düşməyə bilər. Niyə də üst-üstə düşməlidir ki? Müasir mədəni dünya bu fərqləri pis və yaxşı, mütərəqqi və geridəqalmış kimi binar nəzər nöqtəsindən qiymətləndirməyi heç də təqdir etmir.

Gəlin kiçik fikir təcrübəsi aparaq. Belə düşünək ki, çoxsaylı paralel dünyaların mövcudluğu təcrübədə öz təsdiqini tapıb və hətta onlar arasında nəqliyyat dəhlizi açmaq imkanı yaranıb. Budur, bizdən fərqli inkişaf istiqaməti seçmiş paralel dünyaların birindən ilk nümayəndə heyəti bizim dünyaya təşrif gətirir. Onları təmtəraqla Misir ehramlarına aparırlar və ekskursiya təşkil edirlər. Ekskursiyanın sonunda paralel dünyadan qonaqlar öz təəccüblərini gizlədə bilmirlər. İlk iradlar səslənir: “Siz niyə hər hansı bir tikilinin dəyərini onun yaşı ilə ölçürsüz? Bizdə hər hansı bir tikilinin dəyəri onun inşası zamanı insanlara gətirdiyi çətinliklərin dərəcəsi ilə bağlıdır. Bu baxımdan, sizin bu tərifli ehramlarınız bizim dünyamızda ən utancverici, ən dəyərsiz və hətta ən təhqiramiz artefaktlar olardı.”

İndi kim iddia edə bilər ki, paralel dünyadan qonaqlar yanlış düşünürlər?

Çox da ola bilər ki, ingilislərin mənsub olduğu mədəniyyət öz bugününü təfsilatı ilə qeydə almağı və tarixi məlumatları qoruyaraq gələcək nəsillərə ötürməyi doğru hesab edib. Ona görə də Pipsin gündəliyi və minlərlə digər bu formada tarixi sənəd və salnamələr dövrümüzə qədər gəlib çatıb. Bizim mənsub olduğumuz mədəniyyət isə dünyanı fani hesab etdiyi üçün heç metrika dəftərləri tutmağı da lazım bilməyib. 

Lakin icazə verin, bəşəriyyətin vahid inkişaf yoluna sarsılmaz inamın mainstream olduğu zamanda təhsil almış və formalaşmış bir şəxs kimi öz asta etiraz səsimi ucaldım və sizdən soruşum: 1660-cı ilin oktyabrında Bakı şəhərində gənc və perspektivli məmur Hacı / Kərbəlayi / Məşədi Kimsə öz şəxsi və dövlət işləri haqda gündəlik tutsaydı, onu bu gün oxumaqdan kim könüllü surətdə imtina edərdi və dəyərsiz sayardı?

2

Gənc İsveç müəllifi Niklas Natt-o-Daq 2017-ci ilin ən əlamətdar ədəbi debütlərindən sayılan “1793” adlı tarixi detektiv janrında romanı haqqında yazır:

“1793-cü ili ona görə seçmişdim ki, həmin il baş verən iki hadisə diqqətimi çəkmişdi: Nils Henrik Aşan Lilyensparreni polismeyster vəzifəsində Yuhan Qustav Norlin əvəz etmişdi və ilin sonunda Norlin vəzifədən təcili azad olunmuş və yerinə bədxərc Maqnus Ulholm təyin olunmuşdu.

Yalnız romanın üçüncü hissəsini yazanda mənə aydın oldu ki, il seçimi necə uğurludur: Longholmen haqqında Qunnar Rudstedtin yazdığı nəfis və hərtərəfli monoqrafiyada “ip əyirənlər evi” adlanan qadın həbsxanasında həyat şərtləri bir o qədər hərtərəfli təsvir olunur. Sonradan sadizmə görə məhkum ediləcək nəzarətçi Pettersson ilə həbsxana müfəttişi Byorkman və onun barışmaz düşməni keşiş Neander arasında münasibətlər də həmçinin. Onların münaqişəsi 1793-cü ildə öz apogeyinə çatdı: Neanderi işdən çıxardılar, Byorkmanı isə Finlandiyaya göndərdilər. Həmçinin öyrənmiş oldum ki, hava temperaturunun XVIII əsrin ortalarından başlayaraq mütəmadi ölçülməsinin bütün tarixi ərzində Stokholm 1793 kimi sərt qış görməmişdi. Görün necə bir dramaturji hədiyyə!”

Natt-o-Daqın əsərinin bədii keyfiyyətlərini bir kənara qoysaq – kitab tarixi detektivdir – insan onu oxuduqca paxıllıqdan özünə yer tapa bilmir. 1793-cü ilin Stokholmunun ən xırda detallarına qədər rekonstruksiyası sanki bir möcüzə təsiri bağışlayır. Doğrudan da yazıçıya “dramaturji hədiyyə” veriblər. Bu hədiyyə isə heç də ilahi vergi deyil, Natt-o-Daqdan öncə yaşamış çoxsaylı nəsillərin öz tarixlərini detallı şəkildə yaddaşa köçürməsinin əməli nəticəsidir.

Biz öz zəngin və keçməkeşli tariximizin salnamələrini tutmaq imkanlarını çoxdan əldən buraxmışıq. Amma heç də maraqsız keçməyən bugünümüzü qeyd etmək üçün bizə heç nə mane olmur. Bəlkə tənbəllikdən başqa.

Bu gün tənbəllik etməyib gələcək yazıçılar üçün “dramaturji hədiyyə” qoyan bizim müəlliflərdən biri daha çox müasir yunan dilindən tərcüməçi kimi tanıdığımız Səid Riaddır. Səid Riadın 2018-ci ildə Başla* tərəfindən buraxılan “#Intro: Repin Tarixi” kitabı bu baxımdan lap göydəndüşmədir. 

Kitabın birinci və ikinci hissələri dünyada repin yaranması və inkişafını qısa şəkildə nəql edir və azərbaycandilli oxucu üçün qiymətli mənbədir. Kitabın üçüncü və dördüncü hissələri isə Azərbaycanda artıq 25 illik yaşı olan rep mədəniyyətinin ətraflı və detallı xronologiyasıdır.

Bizim ölkədə bu 25 ildə çoxsaylı reperlər səhnəyə gəlib və səhnədən gedib, onlarla qruplar və alyanslar yaradılıb və dağılıb, kommersiya baxımından uğurlu albomlar buraxılıb və konsertlər keçirilib. Səid Riad bütün bu yeraltı labirinti uğurla naviqasiya edərək adlar, tarixlər, albomlar, verilişlər və bir çox hallarda reperlərin səhnədən sonrakı taleyi barəsində ən xırda təfərrüatlarına qədər danışır. Müəllifin həm də özünün Azərbaycan rep səhnəsində aktiv iştirakı bu tarixçəni qiymətli edən daha bir amildir.

Mən musiqiçi deyiləm, nə də musiqi tarixi və ya rep kimi ixtisaslaşmış sahələrə bələd deyiləm. Ona görə də Səid Riadın kitabına ətraflı tənqid və ya rəy verə bilməyəcəm. Mən Səidi daha çox Platonun dialoqlarının Azərbaycan dilinə tərcüməçisi kimi tanıyırdım, bu kitabla isə onun underground tərəfinin olduğunu da öyrəndim. Platondan tərcümələri kimi Səidin bu işi də tarix baxımından hədsiz əhəmiyyətli və əvəzsizdir. Kitabının sonunda verdiyi “...ardı olacaq...” vədini isə səbirsizliklə gözləyənlərdən biri mənəm.

3

Sizə haqqında danışacağım digər kitab təsadüfən bu yaxınlarda əlimə keçdi. Beş il öncə nəşr olunanda xəbərim olmamışdı. Nə də müəllifin adı mənə bir şey demirdi. Hətta ilk baxışdan bir az çaşdım – elə bildim Əli Əkbərin mənə naməlum kitabıdır. Amma yox, mən bu cavan oğlanı tanımırdım. Əgər Bakıdaydısa, onda Amerika təhsilli məzunların ildə bir dəfə keçirilən qəbul-ziyafətində təsadüfən rastlaşmış olardıq. İnternetdə qısa axtarış verdim. Xeyr, indi Bakıda deyil, Birmingemdədir. Amma qarşıma çıxan bir fotosu qəfil yadıma saldı: axı lap bu yaxınlarda Yarat-da bu cavan oğlan mühazirə ilə çıxış edirdi. Qaraqan və Cəlil Məmmədquluzadənin yaradıcılıqlarında “kiçik adam” fenomeninin müqayisəli təhlili. Soyadı əvəzinə qəribə təxəllüsü vardı: Buludlar. 

Burada zəruri haşiyə çıxım. Qaraqan Milli Kitab Mükafatının ilk laureatıdır. Deyilənlərə görə, kitablarının tirajı çoxdan tükəndiyi üçün Bakıda mətbəələr hələ də onun kitablarını qeyri-qanuni yollarla çoxaldırlar. Mirzə Cəlil isə, yenə deyilənlərə görə, ömrünün sonlarına doğru evini qızdırmaq üçün əlyazmalarını və şəxsi kitablarını odun sobasında yandırardı. Ona görə də bu iki şəxs arasında hər hansı müqayisəli təhlili doğru hesab etmirəm. Bu təhlildə mütləq bir tərəf uduzacaq. 

Lakin burada mütləq dayanmalıyıq, çünki məni 2018-ci ilin ədəbi tənqidçisi Əkbər Buludlar yox, 2014-cü ildə “Müəllim” nəşriyyatında rus dilində çıxmış bu maraqlı kitabın üz qabığında adı yazılmış 20 yaşlı gənc Əkbər Əliyev maraqlandırır. Bu kitab – orijinalda “Его Америка” – ABŞ Dövlət Departamentinin UGRAD təqaüd proqramını qazanması nəticəsində Bakıdakı “ali təhsil ocağından” ABŞ universitetinə bir il müddətinə atılmış gəncin gündəlikləri daha bir “dramaturji hədiyyə” olmaqla bərabər, ən azından mənim üçün hədsiz maraqlıdır.

Azərbaycan müstəqillik əldə edəndən sonra müxtəlif xarici fondların maliyyə dəstəyi ilə minlərlə gənc xarici universitetlərdə təhsil almaq şansı qazanıb. Bir çox müşahidəçinin gözündən yayınmadığı kimi, bu gənclərdə həm müsbətə, həm də mənfiyə doğru keyfiyyət dəyişiklikləri baş verib. Hətta desəm ki, buradan yola saldığımız nə qədər şəxsin əvəzinə tamamilə yeni şəxsiyyətlərin qayıtdığını görmüşəm, heç mübaliğə etmərəm. Bu gənclərin dəyişməsi, inkişaf etməsi, dünyagörüşlərində baş verən irəliləyişlər və paradiqma yenilənmələri olduqca maraqlı fenomendir. Bəlkə də Azərbaycanda ciddi sosiologiya elmi olsaydı, heç bir vəchlə bu fenomeni araşdırmaqdan vaz keçməzdi. Ancaq bu fenomen obyektiv və subyektiv səbəblərdən araşdırılmamış qalıb. Araşdırma üçün ilkin mənbələr – xam materiallar isə sosial şəbəkələrin bataqlıqlarında it-bat olub.

Əkbər Əliyevin gündəlikləri bu mənada xoş bir istisnadır. Burada 20 yaşlı gənc, rusdilli və gəncəli, öz təbiri ilə desək, “dolça bürcü–individualist–nonkonformist” cavan snob 2012-ci ilin iyunundan 2013-cü ilin oktyabrına kimi həm ABŞ-a gedişindən əvvəli, həm ABŞ-da olduğu müddəti, həm də geri dönəndən sonrakı günlərini səmimi şəkildə yazıya köçürür. 2012-ci ilin iyun ayında IREX təşkilatından gələn zəng bu gəncin həyatında yeni mərhələ açır (təsadüfən həmin tarixdə mən də IREX-də işləyirdim və çox güman ki, müəllifə zəng edən şəxsdən dörd otaq o tərəfdə iş başında olmuşam), Əkbər Əliyev ABŞ-a gedir və ilk semestrdən sonra anlayır ki, bu yeni təcrübə onun həyata və öz ölkəsinə münasibətini dəyişir. ABŞ-dakı tələbə həyatının bütün gözəlliklərini görən bu gənc ölkəsinə qayıdandan sonra böyük bir boşluğa düşür. Nəhayət, bütün həyatını dəyişəcək həlledici addım atır. Mən həmin yeri oxuyanda bir az da wow dedim.

Mən müəllifi tanımıram və bioqrafiyasını bilmirəm. Ona görə də deyə bilmərəm ki, kitabın sonunda təsvir etdiyi addımı həqiqətən atıb, yoxsa fiksiyadır. Hər bir halda, bu kitab xaricdə təhsil təcrübəsi ilə tanış olan azərbaycanlı gənclərdən birinin mürəkkəb daxili dünyasının olduqca səmimi və məhrəm təsviridir. Nə qədər ümumi təsvirdir? Bunu isə deyə bilmərəm.

Əli Novruzov

Azlogos.eu

Yuxarı