post-title

Ədəbiyyat və həyat

Bir müddət əvvəl İsveç Akademiyasının üzvü, ədəbi tənqidçi Horace Engahlin müsahibəsində dediyi fikirlərlə tanış oldum. Bu adam Ədəbiyyat üzrə Nobel Mükafatının qalibini seçən 18 nəfərlik İsveç Akademiyasının üzvüdür. Deyim ki, bu adamı əvvəllər tanıyırdım, izləyirdim, yalan söyləmiş olaram. Tanımamışam. Hərçənd özümü tanımış kimi göstərə bilərəm. Guya bu adamın indiyə qədər xeyli müsahibələrini, məqalələrini oxumuşam, filan məsələdə düzdü, filan məsələdə səhv düşünür. Bu fikriylə razıyam, filan fikriylə razı deyiləm. Bunu etmək asandı. Sadəcə özünü olduğundan ağıllı göstərənlər axır-əvvəl gülüş hədəfinə çevrilirlər. “Bilmirəm” sözünü rahatlıqla demək, “bilmirəm” sözünü deməkdən utanmamaq, qorxmamaq nə qədər mütaliə, müşahidə və həyat təcrübəsi, zəhmət tələb edirmiş.

Əvvəllər tanımadığım bu tənqidçi müsahibəsində xeyli dəyərli fikirlər səsləndirib. Mətni tapıb tanış ola bilərsiniz. Xüsusən yazarlar və kəskin ədəbiyyat azarkeşləri üçün tövsiyə olunur. Ona görə də, tənqidçinin fikirlərinin üzünü bura köçürməyəcəm. Öz tərəfimdən deyə bilərəm ki, tənqidçi (adı dilimə yatmır, ona görə yazmıram) fikirlərində tam haqlı idi. O, deyir ki, yazıçılıq fəaliyyətlərinin süni şəkildə kurslar tərəfindən peşakarlaşdırılması ədəbiyyatı cəmiyyətdən təcrid edir. Adamlar ədəbiyyat vasitəsi ilə cəmiyyətin müxtəlif təbəqələrindən məlumat ala bilmirlər. Əvvəllər adamlar bədii əsərlər vasitəsi ilə cəmiyyətin müxtəlif təbəqələrinin həyatından xəbər tuturdular, məsələn Cek London, Qorki, Kuprin, elə olsun Corc Oruell və digərləri (adlarını bir-bir sadalasaq, bütün göllər mürəkkəb, bütün meşələr qələm olsa, yenə də bizə çatmaz) müxtəlif peşələrlə məşğul olmuş, həyatın hər cür üzünü görmüşdülər. Yazdıqları əsərdə müxtəlif peşə sahiblərinin həyatından reportaj yazırdılar. Onların qayğılarını, arzularını, gündəlik həyatlarını canlı olaraq təsvir edirdilər. Çünki öz gördüklərini, yaşadıqlarını qələmə alırdılar. İndi oxucu tutmağın, cəmiyyətdə ad qazanmağın yollarını öyrədən xeyli kitablar, kurslar var. Yazıçılar bu biclikləri öyrənib həyatla çox da tanış olmadan nəsr əsərləri yazırlar, şöhrət qazanırlar. Mükafatlar alırlar. Dünyada gedən proseslər haqqında çox yazmaq olar.

Özümüzdən danışaq. Keçək özümüzə. Bəs bizdə vəziyyət necədi? Bizdə də artıq belə sintetik ədəbiyyat nümunələri yaranmaqdadı. Artıq bir neçə belə romanla tanış olmuşam. Hiss olunur ki, müəllifləri menecerlik sənətini az-çox öyrəniblər. Hadisələr isə tamam başqa məkanlarda cərəyan edir. Bu kitablarda hər cür düşüklük, səviyyəsizlik, üstəlik yersiz lovğalıq, bünövrəsiz yekəbaşlıq var. Müəllif elə bilir ki, o artıq bütün həqiqətləri dərk edib. Sevgi nədir, azadlıq nədir, həyat nədir, ölüm nədir suallarına cavab tapıb. Kitablarda çoxlu yersiz didaktika olsa da həyatdan, həyatın özündən əsər-əlamət yoxdu. Xüsusən, bizim həyatımızdan. Belə görünür ki, bu cür kitablar çox yazılacaq. Afrikada, Amerikada, Yaponiyada, Hindistanda baş verən hadisələrdən bəhs edən kitabları yazan, böyük sirrləri açan adamlar isə öz xalqını, həyatı tanımayacaq. Ola bilsin, onlardan biri hətta hardasa kənarlarda tanınsın, mükafat alsın. Hər şey ola bilər. Elə tənqidçini də narahat edən budur. Sintetik ədəbiyyat hər tərəfi bürüməkdədi. Bəs o birilər? O kəslər ki, bu cür sintetik ədəbiyyatı ədəbiyyat hesab etməyib özlərini əsl ədəbiyyat yaradan adamlar hesab edirlər. O kəslər ki, bununla etibarlı bir zirehə büründüklərini hesab edirlər. Qaraqanı, Çingiz Abdullayevi, Varisi, Elxan Elatlını, Elçin Səfərlini yazıçı hesab etmirlər.

Bizdə nəsr ənənəsi ötən əsrin əvvəllərində yaranıb. Bu ənənəni yaradan adamların işi təkcə yazmaq deyildi. Onlar həm də jurnal buraxmalı idilər. Jurnalı da buraxmağa pul yox. Ətrafda cəhalət tüğyan edir. Hər tərəfdən lənət, hədə-qorxu yağır. Yaxınlarda Ömər Faiq Nemanzadənin xatirələrini oxudum və o dövrün ağırlığını bir daha hiss etdim. Xalq savadsız. Ənənənin əsasını qoyursansa, deməli, problem boğaza qədərdi. Sən hələ bu məhsulun istifadəçisini yaratmalısan. Xalq oxuma-yazma bacarmır. Qol çəkə bilmir. Bu mövzuda “Ənənənin gücü” adlı yazı yazmışam. Maraqlananlar tapıb oxuya bilərlər. Sovet hakimiyyəti gəldi. Ənənəni yaradan bu adamlara sovet hökuməti ilə işləmək təklif olundu. Onlara dedilər ki, sizin köməkliyinizə ehtiyac var. Bu həssas günlərdə kənarda qalmayın. İşləyən işlədi. Bəziləri könüllü, bəziləri könülsüz. Qaçan qaçdı. Qalan qaldı. Qalanlardan bəziləri elə əvvəldə sındı. Məmməd Səid Ordubadi gedib oturmuşdu Molla Nəsrəddin jurnalında senzorluq edirdi. Bəziləri vaxtında öldü. Mən bilmirəm, Mirzə Cəlil, Cabbarlı sağ qalsaydı 37-də hansı biabırçılıqlar olacaqdı. Bir çoxları güllələndi. Sürgün olundu. Acından öləni də oldu. Bir çoxunun adına elə ləkələr düşdü ki, onlar ömürlərinin sonuna qədər bu ləkələri yuya bilmədilər. Hətta övladları da nə qədər çalışsalar da, onların başqa tərəflərini ha qabartsalar da bu ləkələri yuya bilmirlər. Səməd Vurğun Azərbaycan ədəbi dilinin yaranmasında müstəsna rol oynadı, bununla belə 37-dən sağ çıxmağı ona bağışlanılmır.

Keçdik sosrealizm dövrünə. Milan Kundera demiş, konservləşdirilmiş romantikaya. Şən və gözəl qızlar tarlada pambıq yığırlar. Orda təmiz məhəbbət, səmimi dostluq, zəhmətə vurğunluq, ideyaya sadiqlik var. Arada kimsə soçkovatlıq etmək istəyir, su bulandırır, onu da ifşa edirlər, ağıllandırırlar, o da öz əməllərinə görə peşman olur, düzələcəyinə söz verir. Olmasın tarla, olsun zavod. Yaxud fabrik. Lap olsun tikinti. İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”nı oxuyun, dövrün mənzərəsi beyninizdə canlanacaq. Hərçənd ədalət naminə bu adamın “Geriyə baxma, qoca” adlı dəyərli bir əsər də yazdığını qeyd etməliyəm. Belə bir ziddiyyət. Ta o istidə pambıq yığan qızların həqiqi həyatından, taleyindən, zəhər udmaqlarından söhbət belə gedə bilməzdi. Bu sicilləmələri yazan yazıçılar qonorar alır, hökumət tərəfindən evlə təmin olunurdular. Əsərləri böyük tirajlarla nəşr edilirdi. Əvvəlcə hissə-hissə jurnallarda, sonra kitab şəklində. Bu kitablar hər yerə gedib çıxırdı. Hətta gəlib mənim xalalarımın əlinə də düşmüşdü. Müəlliflər isə orda-burda dincəlirdilər. Bütün günü ora-bura səfərə gedib yeyib-içirdilər. Çıxışlar edirdilər. Nə bilim, Qazaxıstanda Abayın neçə illiyi keçirilir. On beş respublikadan və mədəniyyət mərkəzlərindən, institutlardan, müxtəlif yaradıcı birliklərdən bir sürü heykəltaraş, rəssam, yazıçı, şair yığışır ora, hadisə yerinə, saatlarla danışırlar, məruzələr edirlər. Nə bilim, biri Abayın rəsmini çəkib, biri heykəlini düzəldib. Biri haqqında roman yazıb. Biri filmini çəkib. Biri tərcümə edib. Biri haqqında monoqrafiya yazıb. Bunların hamısı bir yerə yığılanda bir qatar adam alınır. Üstəlik, bunların yanında fırlananlar. Partiya işçiləri. Əlaqədar təşkilatların rəhbərləri, jurnalistlər, çəkənlər, yazanlar, göstərənlər... Əsl həngamə.

Orda məclisi yola verirlər. Sonra gedirlər Türkmənistana. Məhtimqulunun neçə illiyini keçirməyə. Sonra gedirlər Gürcüstana. Orda Şota Rustavelinin, nə bilim, neçə illiyi keçirilir. Bir ay da orda fırlanırlar. Sonra gedirlər Ermənistana. Orda da kiminsə ad gününü eyni qaydada qeyd edirlər. Sonra gəlirlər Azərbaycana. Burda da Nizamidən, Füzulidən, Molla Pənah Vaqifdən, Vidadidən-filandan birini tapıb, ona da ad günü keçirirlər. Bəzən yerin və ad gününü qeyd etdikləri adamın, həmin adamın mənsub olduğu xalqın əhəmiyyətinə, çəkisinə uyğun olaraq məclislərin miqyası dəyişirdi. Məsələn, tutaq ki, Şota Rustaveli ilə hansısa Orta Asiya şairi Kaldımbayın ad günü münasibəti ilə təşkil olunmuş həngamənin miqyası eyni ola bilməzdi. Çünki gürcülərlə Kaldımbayın mənsub olduğu xalqın sovetdə tutduğu mövqe eyni deyildi. Bu məclislərin iştirakçılarının imtiyazları var. Çünki həm də yazmaqla bərabər, həm də hardasa işləyirlər. Biri qəzet, başqası jurnal redaktorudu, şöbə müdiridi, bir başqası institutda dərs deyir . Bəziləri deputatdı. Qərəz, bu imtiyazlara görə xalq onlara hörmət etməyə borcludu. Əsərlərinə filmlər çəkilir. Dərsliklərə salınıb. Ən azı qiymət almaq üçün adamlar oxumalıdırlar. Böyük çoxluğu intellektual avaraçılıqla məşğul olan bu adamlar sicilləmə yazırdılar. Onaları imtiyazlarla təmin edən, mükafatlarla yemləyən quruluşu, partiyanı tərənnüm edirdilər.

Bununla belə, onların hamısının üstündən xətt çəkmək olmaz. Bir neçəsini oxumaq olar. Hamısını yox. Əvvəla, bu nəslin nümayəndələri xalqın içindən çıxmışdılar. Ona görə bəzilərinin əsərlərində həyat fakturası boldu. Üstəlik, Azərbaycan dilinin bir çox xüsusiyyətlərini onların əsərlərindən öyrənmək olar. Bu nəslin yazdıqları gülüş hədəfinə çevriləndə, artıq həm əsərlər, həm də əsərlərin müəllifləri haqqında lətifələr yarananda, səhnəyə 60-cılar nəsli çıxdı. Bu proses nəticəsində köhnə nəslin yaratdığı uğurlu nəsr nümunələrinə qarşı da maraq söndü, bu əsərlərin və yazıçıların müsbət bədii dəyərləri də unuduldu. Bir-iki fakt sadalayaq. Məsələn, Əli Vəliyev Horadizdə muzdur olmuşdu, sonra “Kommunist” qəzetinin baş redaktoru oldu. Bu adam həyatın hər bir üzünü görmüşdü. Ona görə onun əsərlərində həyat fakturaları boldu. Obrazlar ideoloji nöqteyi nəzərdən süni, yalançı görünsələr də, canlıdırlar. Bu adamlar çoxlu atalar sözləri bilirdilər. Xalqı tanıyırdılar. Məsələn, Mirzə İbrahimovun “Gələcək gün” əsəri dəyərli bir əsərdi. Yaxınlarda Cəmil Əlibəyovun “İlk məhəbbət” əsərini oxudum. Adı çox bayağı olsa da, 30-cu illər, müharibə zamanı arxa cəbhədə baş verənlər haqqında çoxlu məlumatlar vardı. Məsələn, müəllif yazır ki, ədəbiyyat müəllimimiz girirdi sinfə, pəncərədən baxırdı bayıra və bizə deyirdi:

- Açın filan səhifəni, ordakı şəkli qaralayın.

Dünən şeirini əzbərləyib qiymət aldığımız adamı qəfildən xalq düşməni elan edirdilər. İndi hadisə nəql edilən kimi olub-olmayıb bu başqa məsələ. Təsvirin özü çox əladı. Əsərdə bir çox yersiz hadisələr nəql olunsa da, yersiz təfərrüatlara varılsa da, bəzi təsvirlərdən həzz aldım. Maraqlı ifadələrlə rastlaşdım.

60-cılar nəslinin səhnəyə çıxmasını zaman özü şərtləndirmişdi. Bu haqda “Siçovulun canavara çevrilməsi” adlı yazı yazmışam, təfərrüatı ilə tanış olmaq istəyənlər tapıb oxuya bilərlər. Bu nəslin nümayəndələri maraqlı görünsələr də, adamlara maraqlı təəssürat bağışlasalar da, son dərəcə məzmunsuz, süni, başdan-başa saxta, həyatdan xəbərsiz adamlar idilər. Ona görə də, başdan-başa saxta, süni, həyatla heç bir bağlılığı olmayan əsərlər yazırdılar. O dövrdə çoxlu sintetik nəsr nümunələri yarandı. Bu əsərlərə də filmlər çəkilirdi. Müəlliflər kurortlarda dincəlirdilər. Sovet imperiyasının çökməsi nəticəsində bu adamlar təbii hallarına gəldilər. Onların qumdan düzəldilmiş bir heykəl olduqları bəlli oldu. Bu cür heykəllərə əl vuranda dağılır. Öz məzmunsuzluqlarını və istedadsızlıqlarını sovetdən sonra yazdıqları əsərlərlə sübut etdilər. Xalqı aldatmağa müvəffəq olsalar da, özləri özlüklərində qumdan qayrılmış heykəl olduqlarını bilirdilər. Məhz bu səbəbdən bu qum heykəllər bir-birlərini dəstəkləyirdilər. Biri o birisinə kiminsə əlinin toxunmasına imkan vermirdi. Bilirdilər ki, biri uçanda, o birisilər də uçacaq.

Buna görə, qumdan düzəldilmiş tarixçi Cəmil Həsənli, qumdan düzəldilmiş yazıçı Anar fərqli-fərqli siyasi düşərgəyə mənsub olsalar da, bir-birlərini qorumağa məhkumdurlar. Məhz bu səbəbdən fərqli siyasi düşərgəyə mənsub adamların bir sırada dayandıqlarını görürük. Bu sırada Rəhman Bədəlovdan tutmuş Zeynal Məmmədliyə, İsa Qəmbərdən Arif Hacılıdan, Razi Nurullayevden tutmuş Cavanşir Quliyevə, Əli Kərimlidən tutmuş Fikrət Qocaya qədər hər cür adam görmək mümkündü. 60-cılar nəslinin nümayəndələri öz məzmunsuzluqlarının ortaya çıxmasından həyəcanlanaraq, öz keçmişlərini, tirajlarını, özlərinin və bəziləri hətta atalarının bioqrafiyalarını açıq-aşkar bazara çıxararaq, özlərini satmağa müvəffəq oldular. Yaradıcılıqdan daha çox öz keçmiş tirajlarını kapitala, pula çevirməklə məşğul olduqlarından kahinə çevrildilər. Onların bu metodunu mənimsəyən bir neçə adam da sonradan tez-tələsik bu dəstəyə qoşularaq hökumətdən deputat mandatı, mükafat, təqaüd, vəzifə almağı bacardılar. Yetim-yesir jurnalistə, tənqidçiyə qonaqlıqdan-filandan verib, özlərini təriflətdirdilər. 60–cılara tələm-tələsik sonradan qoşulanların bəzilərinin sırf maddi baxımdan təqaüdə ehtiyacı yoxdu. Özləri və ya övladları kifayət qədər gəlirli işlərlə məşğul olsalar da, sadəcə saraydan gələn təqaüdün sakrallığını anladıqlarından, bu təqaüdün adamlar arasında istər-istəməz hörmət doğurduğunu bildiklərindən saraydan aldıqları ənam onlar üçün çox əzizdi.

Tomas Vulf deyirdi: "Yaddaş yazıçının ən böyük sərvətidi". Söz belə yadımda qalıb. Bəs bizim gənc və yaşlı yazıçılarımız bu sərvətdən necə istifadə edirlər? Yaşlılar tam hakimiyyətdən asılı vəziyyətdədirlər. Vəzifələri, imtiyazları var. Uşaqları büdcə təşkilatlarında işləyir. Təqaüd verirlər, təqaüd alırlar. Ona görə ölkədən, hakimiyyətdən, xalqdan heç bir yazılı və şifahi narazılıq edə bilməzlər. Məmur kürsüsündə əyləşən adamı iki aqibət gözləyir. Olum və ölüm. Onlar keçmişdən də yaza bilməzlər. Çünki keçmişi heç yada salmaq istəmirlər. Bu onlara sərf etmir. Bu günü də görmək istəmirlər. Gözlərini yumublar, qulaqlarını tutublar. Bəs o zaman nə yazmalı? İtdən və pişikdən. Reallıqdan uzaq, pafoslu, saxta, süni əsər yazmaqdan savayı əlacları qalmır. Məclislərdə də həmişə nədənsə narazıdırlar. Ən uzağı deyəcəklər ki, xalq kitab oxumur. Özləri də hərəsi bir vəzifə sahibidirlər. Yazdıqları sicilləmə bir yana, xalqa kitab oxutdurmaq onların vəzifəsidi. Xalq kitab oxumursa, deməli onlar vəzifələrini yerinə yetirmirlər. Onlar mövcud hakimiyyətin tərkib hissəsidirlər. Mövcud vəziyyətin bu dərəcədə bərbad gündə olması həm də onların günahıdı, bu vəziyyətin yaranmasına görə onlar cavabdehdirlər. Yaşlı nəslin nümayəndələri əslində nə yazmağı bilirlər. Sadəcə azad deyillər.

İmtiyazlar, mükafatlar onları zəncirləyib. Bir yazıçı kimi öz nəfslərinin qurbanlarına çevriliblər. Xalq kitab oxumur deyəndə, onlar əslində xalq bizim kitabları oxumur demək istəyirlər. Onlar həm yaxşı yaşamaqla bərabər, həm qayğıkeş ata, vəzifə, imtiyaz sahibi, həm də qəhrəman olmaq istəyirlər. Həyatlarına yaşayış tərzlərinə, tutduqları yola uyğun gəlməyən kədərli və düşüncəli pozalara düşürlər. Özlərini elə göstərirlər ki, guya düşünürlər, bəşəri iztirab çəkirlər, amma fotolarına və sifətlərinə baxanda hiss olunur ki, tacir təfəkkürlü bu intellektual lakeylər beyinlərində pul hesablayırlar. Hakimiyyətə yarınmaq və hakimiyyətə öz etibarlılığını, lazımlılığını sübut etmək üçün yollar və süjetlər axtarırlar. Ötənlərdə xeyli böyük insanların memuarlarını oxudum. Onlar nəyinsə üstündən (ya ailənin, ya qohumların, ya dinin, ya ölkənin, ya da xalqın, ya da öz şəxsi həyatlarının) birdəfəlik xətt çəkməklə böyük olmağı, bir ömürdə bir neçə adamın ömrünü yaşamağı bacarıblar. Axırda olacaq hadisələrin əvvəldə olmasını istəyiblər. Prosesi sürətləndiriblər. Bizim yaşlı nəslin nümayəndələri azad ola bilmədikləri üçün yazdıqları da azadlıq havasından uzaqdır. Onların əsərləri əsərdən daha çox lotoreya biletinə oxşayır. Uduş düşərsə, lap yaxşı.

Əsərlərdə enerji yoxdu. Pafos baş alıb gedir. Gənc nəslin nümayəndələrinin isə ayaqları yerə dəymir. Göylərdə uçurlar. Ətraflarında mövzu qaynayır, onlar isə nəsə əndrabadi əsərlər yazırlar. Sadə görünməkdən qorxurlar. Həyat qalıb kənarda, özlərindən əhvalatlar quraşdırırlar, hekayələr uydururlar. Biz böyük bir tarixi hadisənin şahidi olmuşuq. İmperiyanın çöküşünü görmüşük. Bu cür tarixi bir hadisə bizim ədəbiyyatımızda görünmür. İki səbəbə görə. Yaşlılar azad deyillər. Yaza bilməzlər. Gənclər isə öz təcrübəsizliklərindən bu tarixi hadisənin əhəmiyyətini hiss etmirlər. Halbuki, sovet dövründəki və sovetdən sonrakı həyat mənzərələrini özündə əks etdirən heç şedevr olmasın, ortabab salnamə tipli bir bədii əsər də dəyərli mənbəyə çevrilə bilər.

Seymur Baycan

Meydan Tv.

Yuxarı