Oşonun dini kommunası necə ifşa olundu? Həbsə gedən yol

Альтернатива

Redaktorun qeydi: Oreqon tarixindəki heyrətamiz fəsillərdən biri Hindistandan olan bir qurunun şərqi Oreqonun ucqar rançolarından birində 2000 müridini başına toplaması barədədir. 25 il əvvəl (məqalə 2012-də yayımlanıb-tərc.) onların kommuna yaratmaq xəyalları qətl hadisələri, həbs cəzaları və deportasiyalarla puça çıxmışdı.

Bununla belə, əhvalat heç vaxt ictimaiyyətə tam açıqlanmayıb. Dövlət sənədlərinə çıxışın mümkün olması və bəzi iştirakçıların ilk dəfə danışmağa razılıq verməsiylə aydın oldu ki, məsələ bizim düşündüyümüzdən də ağır imiş.

Şahid ifadələri, məhkəmə münsifləri, polis sənədləri, qeydlər və yeni müsahibələrə əsaslanaraq, daha da dərinə gedəndə isə məlum oldu ki, Racniş başçıları miqrasiya və torpaqdan istifadə qaydalarını pozmağa cəhd ediblər. Öz planlarının işə yaramadığını görəndə isə, onlar dini utopiyaya nail olmaq yolunun bəzi oreqonluları aradan qaldırmaqdan keçdiyini düşünüblər.

1985-ci ilin bir yay gecəsində Ma Anand Puja Ceyms Kominini aradan götürmək üçün Müqəddəs Vinsent Xəstəxanasına daxil oldu.
Filippinli tibb bacısı Portlend xəstəxanasına qulağından cərrahiyə əməliyyatı keçirən oreqonlu siyasətçini öldürmək üçün gəlmişdi. O, Komininin venasına yeritmək üçün özüylə xüsusi şpris gətirmişdi, bu şprisdəki məhlul siyasətçinin ürəyini dayandırmalıydı.

Lakin Puja Komininin 7-ci mərtəbədəki təcrid olunmuş otağına girəndə, qurbanın orada olmadığını aşkarladı. O, həyəcanlı şəkildə xəstəxananın çıxış qapısına tələsdi, buradan onun sui-qəsdçi komandası mənzil başına çatmaq üçün uzun səfərə çıxdı.

Onlar şərqi Oreqondan 200 mil aralıdakı spiritual məkan Racniş Rançosuna sarı gedirdilər. Bura Hindistandan gəlmə quru Bhaqvan Şri Racniş (Oşo) və onun 2000 müridinin bazası idi.

Qətl planı qurunun imperiyasını qorumaq üçün getdikcə artan ümidsiz cəhdlərdən sadəcə birisi idi.

Racnişlər artıq 4 il idi ki, Oreqon qəzetlərinin başlıqlarına düşürdülər. Minlərlə qırmızı paltarlı adam əmək haqqı almadan işləyir və qarşılarında susqun şəkildə oturan çal saçlı adama sitayiş edirdilər. Onlar öz dini utopiyalarını qurmaq üçün köhnə bir rançonu ələ keçirmişdilər. Şəhər qurmuş və sayları da artırdı. Yeni sakinlər qurularına bir-birinin ardınca – ümumən 93 ədəd – “Rolls-Royce” avtomobilləri gətirirdilər.

İrəlilədikləri yol boyunca onlar əksər vaxt bilərəkdən özlərinə düşmənlər qazanırdılar. Racnişinin başçıları hökumət və icmadan imtiyazlar qoparmaq üçün çox üzlü davranırdılar. Adətən tolerant olan oreqonlular bəzən təhdidlər edilməklə küncə sıxışdırılırdı. Hər iki tərəf bir çox hallarda ictimai şəkildə bir-birlərini ittiham edir və bu ittihamlar tez-tez şifahi istehzaların və kəskin mətbu buraxılışların da hüdudlarını aşırdı.

Baş tutmayan Komini sui-qəsdindən üç ay sonra kommuna dağıldı. Beləcə Racnişilərin ən qaranlıq sirləri ortaya çıxmağa başladı.

Racnişilərin diqqətlə seçilmiş komanda üzvləri ən azından 700 nəfəri zəhərləməklə, ABŞ tarixindəki ən böyük bioloji terrora əl atmışdılar. Onlar həmçinin indiyədək aşkar edilmiş ən büyük qeyri-qanuni dinləmə əməliyyatına qol qoymuşdular. Onların əcnəbiləri ölkəyə keçirmək kimi iri immiqrasiya fırıldağına da indiyəcən rəqib çıxacaq kimlərsə tapılmayıb.

Amma məsələ bununla bitmir.

“The Oreganian” qəzetinin ələ keçirdiyi məxfi dövlət sənədləri, sonradan danışmağa razılıq verən keçmiş Racnişilər və digərləri ilə aparılmış söhbətlər, illər əvvəl Racniş Rançosunda nələrin baş verdiyin nəzər salmaq imkanı yaradır.

Onların Oreqonun baş federal prokurorunu öldürmək niyyətində olduqları artıq çoxdan bəllidir, amma indi o da aydın olub ki, racnişilər ştatın baş müvəkkilini də aradan qaldırmağı planlaşdırıblarmış.

Onlar bir çox restoranlarda salat barlarını zəhərləyiblər, amma “The Oregonian”ın araşdırması nəticəsində ilk dəfə məlum olub ki, qrup mağazada, dövlət binasında və siyasi təşviqat zamanı bilərəkdən təhlükəli bakteriya yayıb.

Hələ əl-Qaidənin təyyarədən silah kimi istifadə etməsindən 16 il əvvəl Racnişinin liderləri bomba daşıyan təyyarəni “The Dalles” dövlət məhkəmə binasına çırpmaqla hökumətə zərbə vurmağı planlaşdırıblarmış.

Racnişi başçılarının öz aralarındakı bəzi şəxsləri qətlə yetirməyi planlaşdırmasıyla isə hakimiyyət uğrunda mübarizə daha da qızışıb. Qurunun əsas adamının öz yatağında öldürülməsi planlaşdırılıb, amma bu, sadəcə xırda bir səhvin nəticəsində baş tutmayıb.

Qəribədir ki, bu heyrət doğuran cinayətlərin bir çoxu ən yayğın dövlət tənzimləməsi olan torpaqdan istifadə hüququna qarşı yönəlibmiş. Racnişilər olduqca darıxdıcı planları trillervari həyasız cinayətlər seriyasına çevirməyi bacarıblar.

Yeni başlanğıc

Bhaqvan Şri Racnişə (Oşo) özünün dünyamiqyaslı kommunasını qurmaq üçün yeni məkan lazım idi.

Hindistanda o, balaca bir şəhərdə professor kimi çalışmış, bir gün isə aydınlanmaya görə daha çox pul qazana biləcəyini aşkar etmişdi. Beləliklə, o, qərbliləri özünün mühazirələrinə və qrup terapiyalarına cəlb etmək üçün çiçəklənən bir layihə həyata keçirməyə başlamışdı. Qərblilər Vyetnam Müharibəsinin travmalarından və çökməkdə olan dünya iqtisadiyyatının problemlərindən qaçmaqla, həyatlarında yeni bir məna axtarışında idilər. Racniş isə seksual azadlığı özündə ehtiva edən ideologiyasını təbliğ edirdi.

Hindistanda hökumət Racnişin artmaqda olan nüfuzunun qarşısını almaq üçün onun qrupunun qaçaqmalçılıq və vergidən yayınma kimi həyasız və qeyri-qanuni fəaliyyəti üzərinə hücuma keçdi. Quru qaçdı, dünyanın yarısı qədər məsafə qət etdikdən sonra Biq Maddi Rançosuna gəlib çıxdı, bura Madras şəhərindən 100 mil qədər şimalda yerləşən bir ferma ərazisi idi.

Racnişilərin ilk kontingenti 1981-ci ilin yayında Oreqona sakitcə köç etdilər, amma onların nəzərə çarpmaları uzun çəkmədi. Qurunun qrupunun təşkil edənlərin bir qismi qırmızımtıl çalarlı paltarlar geyirdilər. Bu geyim tərzi Oreqonun mavi cinslərindən seçilirdi. Sannyasinlər kimi tanınan müridlər malaslar geyinməklə və Racnişin şəkli olan boyunbağı taxmaqla, quruya öz ehtiramlarını bildirirdilər.

Oreqonda məskunlaşma, qurunun komandasının rəhbəri, o vaxtlar 31 yaşında olan Ma Anand Şelanın fəaliyyətinin nəticəsi idi. O, Hindistanda imtiyazlı bir ailədə Şela Patel kimi dünyaya gəlmişdi. Şela zəki və hakimiyyətə susamış bir qadın idi, buna görə də qurunun ambisiyalarının həyata keçirmək üçün əla vasitə idi.

Əvvəlcə Şela yumşaq danışığı və ünsiyyətcilliyi ilə Oreqonlu ranço sahiblərinin və siyasətçilərinin könlünü aldı. İlk dövrlərdə o, səhər şəfəqlərinə qədər partilər keçirən kovboylar üçün rəqslər təşkil edirdi. O, Vasko Kointidən 50 baş mal almağa da nail oldu, halbuki kommuna vegeterianlardan təşkil olunmuşdu.

Şela qurunu inandırırdı ki, onun arzularındakı kommuna Biq Maddidə qısa zaman sonra qurulacaq. O, yeni yaşayış qurğuları, anbarlar və əlavə tikililər yaratmaq niyyətində idi. Bir vaxtlar Hindistanda olan biznes qurumları da rançoya köçürüləcəkdi.

Qısası, Şella ucqardakı 64,000 akrlıq ərazidə arzuları həyata keçirmək niyyətində idi.

Qabağa getmək arzusu ilə yanıb tutuşan Şela Oreqon qanunlarını bilmədən mülkiyyət sazişi imzaladı – amma bu, kobud səhv idi. O, bilmirdi ki, ştat ranço ərazisində insanların məskunlaşmasına və tikililərin ucaldılmasına məhdudiyyət qoyur.

Amma artıq gec idi. Pul ödənilmiş, quru gətirilmiş və yüzlərlə sannyasinin burada məskunlaşdırılması və bəslənməsi gözlənilirdi. Hindistanda hiyləgərlik və rüşvət işə yarayırdı. Oreqonda niyə yaramamalı idi ki?

Racnişilər bir gün başa düşdülər ki, qanun ferma işçiləri və onların ailələri istisna olmaqla, başqalarına yeni evlərin tikilməsinə icazə vermir. Şela 1981-ci ilin yayında Vasko Kountinin inşaat plançıları ilə görüşəndə bu istisnanı dilə gətirdi.

Onu keçmişdə Nyu-York bankiri olan əri Con Şelfer (rançoda Svami adıyla tanınırdı) və Svami Krişna Deva kimi tanınan kaliforniyalı Devid Knapp müşayiət edirdilər. Görüş zamanı onlar sekta ilə hansısa bağlılıqlarının olduğunu gizlətdilər. Onlar malaslar deyil, adi gündəlik paltarlar geyinmiş və özlərini sannyasin adları ilə deyil, öz adları ilə təqdim etmişdilər.

Bir araya gəldikləri rəsmilərə bildirdilər ki, ferma icması kimi fəaliyyət göstərmək istəyirlər. Onlar korlanmış ərazini bərpa etməkdən ötrü buraya yeni işçilər gətirəcək və işçilər üçün yaşayış məkanları hazırlayacaqdılar.

Görüşdə iştirak edənlərdən biri Vasko Kountiyə cəmi bir ay əvvəl gəlmiş gənc planlaşdırmaçı Den Durou idi. Ortaqərbdə tərbiyə aldığından onun səmimi təbiəti vardı və ferma kommunası fikrindən vəcdə gəlmişdi. Onlar təqribən 150 işçi üçün rançonun necə qurulacağından danışırdılar.
Amma ziyarətçilər kimləri təmsil etmələri barədə qeyri-müəyyən danışırdılar.

Axırda Durou soruşdu: “Siz dini təşkilatsınız?”
“Xeyr”, - deyə Şela dərhal cavab verdi. “Biz həyatı və gülüşləri bayram edirik. Biz sadə fermerlərik”.

Sonrakı aylarda Durou hadisələrin inkişafını görmək üçün dəfələrlə rançoya baş çəkdi. O aşkar etdi ki, 4 ədəd modul yataq evi əslində mətbəxi və ümumi otağı olmayan yataqxanalardır. Onun hər gəlişindən xəbərdar olan Racnişilər rançonun əhalisinin sayını gizlətmək üçün artıq yorğan-döşəyi gizlədirdilər.

Düşmənlər yaratmaq

Racnişilər məhdudiyyətləri qanuni yolla aradan qaldırmaq üçün öz şəhərlərini qurmağacan irəli etdilər.

Onların Portlenddəki şəxsi vəkilləri məsləhət gördülər ki, normal fəaliyyət göstərmək istəyirlərsə, Oreqonun “1000 Dost”unun (Oreqonun “1000 Dost”u ferma bölgələrini, meşələri, milli qoruqları mühafizə edən qeyri hökumət təşkilatıdır) dəstəyini almalıdırlar. Bu ekoloji qrup torpaqdan istifadəni müşahidə edir, xüsusilə ferma ərazisinin inkişafına diqqət yetirirdi.

1981-ci ildə Şela, KD adı ilə daha çox tanınan Krişna Deva və kommunadan olan bir neçə nəfər “1000 Dost”un vəkilləri ilə görüşdü. Vəkillər onlara bura köçəcək minlərlə adamı məskunlaşdırmaq üçün şəhər tikməli olduqlarını bildirdilər və başa saldılar ki, rançonu işçi fermasına çevirmək gözlənildildiyindən də çətin məsələdir.

Ətraf mühit vəkilləri onların torpağı bərpa etmək təşəbbüslərini alqışlayır, ancaq şəhərin tikilməsinə ehtiyac olmadığını bildirirdilər. Urban bir ərazini aqrar fəaliyyət məkanına çevirməyin bir mənası yox idi. Onların inadkarlığı artıq özünü biruzə verməyə başlayanda isə, Şela əlavə töhvə ilə bu məsələnin həll olunub-olunmayacağını soruşdu.

Rüşvət təklifi rədd edildi. Onda Şela alçaldıcı ifadələr işlətməyə başladı. Ofisdəki köhnə mebellərə baxaraq dedi ki, belə “çürük” mühitdə çalışan insanların “çürük” işlər görməsi təəccüblü deyil. Buna ehtiyac yox idi, amma bu, Şelanın xarakterini göstərirdi.

Bundan sonra “1000 Dost” ilə Racnişilərin mübarizəsi başladı. Təşkilat şəhərin yaradılmasının qarşısını almaq üçün aqressiv, amma heç də həmişə uğurlu olmayan leqal kampaniyaya başladı. Onların fandrayzinqində Şelanın şəkilləri yayıldı, ianələrin və üzvlərin sayı artdı.

Buna qarşılıq kimi Racnişilər “1000 Dostu” hakim siyasi maraqların piyadası kimi təsvir etdi. Onlar ekologiya təşkilatını düşmən kimi görürdülər, fikirləşirdilər ki, onlar ərazini mühafizə etməkdən daha çox dini icmanı dağıtmaq istəyirlər. Beləcə onlar təşkilatın direktorunu kanalizasiya quyusu adlandırırdılar.

Onların davası illər uzunu davam edəcəkdi

Qovğa özünü daha çox Oreqonun məhkəmə salonlarında və mətbuatda göstərirdi. Bhaqvanın yönləndirməsiylə Şela mətbuatla işi üstünlüyə çevirməyə qədər mahirləşmişdi. Onun mətbuat konfranslarında istifadə etdiyi hiddətli çıxışlar qarşı tərəfi kəsib doğrayırdı. Belə görünür ki, onun nəfəsi də həqarət saçırdı.

Ancaq onun rəftarı həm də digər Racnişi liderlərini narahat edirdi.

KD quruya yazdığı məktubunda bildirirdi ki, onun təhqirləri kommuna qurmaq cəhdlərinə xələl gətirir. Qurunun isə cavabı kəskin oldu: sən əclafsan. KD təhqiri uddu və rançonun daxili çevrəsindəki yerini qorudu. Sonradan o, daxildən əldə etdiyi məlumatlar əsasında öz vəziyyətini yaxşılaşdırmaq və Şelanı həbsə göndərmək üçün planlar qururdu.

Kommunanın daxilində Ma Yoqa Vidya kimi tanınan riyaziyyatçı Ann Makkarti də Şelanın işini bitirməyə çalışırdı. Quru ilə şəxsi görüşündə o, Şelanın davranışlarının kommuna üçün “dağıdıcı” və zərərli olduğunu deyirdi. Quru dinləyərkən başını tərpədir, amma cavab vermirdi.

Vidyanın bu hərəkəti Şelanı özündən çıxardı. Bir gün Şela xəstə halda yatağından çıxıb və venasında sistemlə Vidyanı qurunun yanına apardı. Bu dəfə qurunun deyəcəyi çox şey vardı. O, kommunanın prezidenti olan Vidyanı danladı. Dedi ki, Şela onun şəxsi köməkçisidir və o, danışarkən Şela söhbətlərinə qulaq asıb. O, Vidyaya heç vaxt Şelaya qarşı çıxmamağı və bunu kommunanın digər üzlərinə də çatdırmağı tapşırdı.

Əksər Racnişilər qurunun belə xətaya necə yol verdiyinə təəccüblənmişdilər. Onlar inanırdılar ki, quru spiritual ustaddır, rançodakı gündəlik işlərə qarışmayan nadir aydınlanmış insandır. Bugünədək keçmiş sannyasinlər düşünürdülər ki, quru öz kommunasında nələrin baş verdiyindən tamamilə xəbərsizdir.

Amma onlar bunu da çox yaxşı bilirdilər ki, Şela qurunun nəzarəti altında hərəkət edir. O, heç bir qərar və direktivə görə sorğu-suala tutulmurdu. O məhdudiyyətlə üzləşmədən hakimiyyətdən istifadə edir və rütbəcə ondan aşağı olan “mama” adlandırdığı elit komandanın üzvləri (onlar Racnişiləri mükafatlandırmaq və cəzalandırmaq yolu ilə əldə saxlayırdılar) ilə fikirlərini bölüşürdü.

Qruplaşmalar və çatlar

Qurunun şəxsi həkimi, dentisti və baxıcısı daxil olmaqla heç də hər kəs asanlıqla nəzarət altına alınmağa razı deyildi.
Onlar və bir dəstə digər sannyasin Racnişə onun Lao Tzı adlanan qapalı məkanında xidmət göstərirdilər. Onların müstəqilliyi kommuna liderlərini qıcıqlandırır, xüsusilə Şelanı özündən çıxarırdı.

1984-cü ildə Oreqon rançosuna köçən bir qrup kaliforniyalı donora da nəzarət etməyin o qədər də asan olmadığı üzə çıxdı. Ən çox gözə batanlar keçmiş əri “Xaç atası” filminin prodüsseri olan Fransua Raddi və təcili yardım otağı səhiyyəsindən sərvət qazanan Con Valli idi. Fransua Ma Prem Hasya, Con isə Svami Dhyan Con-a çevrilmişdi.

Onların 7 günlük işçi həyat tərzinə, şərik yeməklərə və ya primitiv yataq qaydalarına bir qram da həvəsləri yox idi. Bunun əksinə, kaliforniyalılar özlərinə ənənəvi məişətdən kənarda ev qurmuşdular. Onlar özləriylə bahalı mebellər, sənət əşyaları, hətta “Yaquar” markalı avtomobillərini də gətirmişdilər. Onlar rançonun ciddi yeməklərindən canlarını qurtarmaq üçün demək olar ki, hər gün Madrasa maşın sürürdülər.

Bu olduqca dözülməz hal idi, amma onlar qurunun diqqətini cəlb edirdilər. Çünki quruya brilyant bəzəkli saatlar alır, “Rolls-Royce”lar bağışlayırdılar. Hələ üstəlik uzun müddət idi ki, Hasya qurunun doktoru ilə evlənmişdi.

Şela tezliklə Hollivud qrupundan və qurunun şəxsi heyətindən can qurtarmağa qərar verdi, onlar həm kommuna, həm də quru üçün təhlükəli idilər. O, Hollivud qrupunu rançonun kənarındakı ayrı evlərə köçürməklə onları parçaladı. Qurunun həkimini əvəzləməyə cəhd etdi.

Qurunun məkanında nələrin baş verdiyini bilmək üçün Şela ora gizli mikrofonlar və dinləmə qurğuları yerləşdirdi. Çiplərdən biri qurunun sevimli stulunun yanındakı masaya quraşdırılmışdı. Ona bunun təcili yardım düyməsi olduğu deyildi. Etibarlı sannyasinlər dinləmə qurğusuna nəzarət edir, məlumatı kommunanın 4 başçısına çatdırırdılar.

Ən nəhayət kommunanın liderləri ilə qurunun etibarlı adamları arasındakı uçurum o qədər dərinləşdi ki, o da bunu fərq etdi. 1984-cü il yaz gecələrindən birində o, hər iki tərəfi öz evinə çağırdı və hamının qarşısında Şelanı danladı. Ona dedi ki, kommunanın mərkəzi onun evidir, Şelanın yox.
O hamıya xəbərdarlıq etdi. “Mənə yaxın olan istənilən adam əvvəl-axır Şelanın hədəfinə çevrilir”, - quru dedi.

Onun dediyi düz çıxdı.

Həmin gün qurunun baş ucunda oturan iki adam bir müddət sonra ölü tapıldılar.
Kultura.az | Developed by Samir Yahyazade