Sosial şəbəkənin xatırlatdığı üç baməzə adam

Публицистика

Rəşad Səfər

Nə baş verirsə versin, sosial şəbəkələrdə bu hadisələr anlıq lağlağı mövzusudur. Yumor, satira, istehza filan deyil. Məhz, lağlağı. Elə təəssürat yaranır ki, sanki bir dəstə insan, hadisələr zamanı insanları qaramsarlıqdan qurtarmaq, hadisənin ciddiyyətini azaltmaq, gərginliyi sovuşdurmaq üçün öz üzərilərinə xüsusi sosial missiya götürüblər. Lakin belə deyil, bu insanlar bilincsiz şəkildə bütün hadisələrə belə lağlağı reaksiyası verirlər. Bunun pis-yaxşı, normal-anormal durum olduğunu söyləyə bilmərəm. Bu, peşəkar sosioloqların, psixoloqların işidir. İdxalı hətta zarafatların quruluşundan belə açıq-aydın hiss olunan bu vəziyyət bəlkə də ümumi çöküş prosesində olan toplumların bu çöküşə tipik reaksiyalarından biridir, yeni texnologiyalar vasitəsilə bu reaksiyalar müxtəlif forma və tərzlərdə üzə çıxır. 

 Sosial şəbəkələrin məzə həvəskarı, istənilən ciddi məsələni bir neçə sözlə gülüşə çevirməklə məşğul, şən (əslində, depressiv) istifadəçilərini görəndə indiyədək tanıdığım üç baməzə insanı xatırlayıram. Bu insanlar indi bir sıra sosial şəbəkə istifadəçilərinin etdiklərini bizimçün canlı olaraq edirdilər. Bizim, yəni mənim də daxil olduğum kiçik bir çevrənin gündəlik məişət qayğılarının, demək olar, bütün növlərini özlərində birləşdirən, bu qayğılar altında gizli-gizli əzilən, lakin bunu heç cür biruzə verməyib, hər şeyi məzə obyektinə, lağlağı mövzusuna çevirməkdə mahir insanlar idi onlar. Özlərinin və ətrafının başına nə iş gəlirsə gəlsin, bu insanlar öz yüngül zarafatlarından imtina etməzdilər. Ən ağır günlərdə də bu insanlar lağlağı etməyi öhdəlik kimi, fasiləsiz yerinə yetirirdilər. Dəfn mərasimlərində belə bu işdə tərəddüdə yol verməzdilər. 

Bu cür xidmətləri səbəbindən hər kəs onlarla birgə istənilən şəraitdəki söhbətdən yalnız məmnun qalar, bəzən şirin, bəzən sərt zarafatlarından inciməz, əslində, onları ciddiyə almaz, çətin günlərdə kaş ki, onlar da yanımızda olaydı, başımızı qatardılar, deyə düşünərdilər. Onlar haqqında belə sanki insan könlünü əyləndirmək üçün üçü birlikdə gəzən dəstə, qrup kimi danışmağıma baxmayın. Bir-birilərini az-çox tanısalar da nə dost idilər, nə qohum. Hər biri ayrı-ayrı dünyanın adamı idi. Sadəcə, üçünün də bizimçün yaratdığı effekt oxşardı deyə, indi onların birini xatırlayanda mütləq digər ikisini də xatırlayıram. 

Düşünürdük ki, bu insanlar həmişə belə kefikök gəzib şən zarafatlar edirlərsə, üzlərində qəzəb və kədər əlaməti olmadan (bəlkə də kədər və qəzəb əlaməti vardı, lakin biz, onları yalnız tanış lokal komediya ustası kimi tanıyan biz bu kədər və qəzəb izlərini görə bilmirdik) gəzib-dolaşırdılarsa, deməli, onların ya heç bir dərdi-səri yoxdu, ya da dünya veclərinə deyil, laqeyd, vurdumduymaz insanlardı.  Dəfələrlə onlardan biri olduqları məclisdən ayrılandan sonra geridə qalanlardan bəzilərinin, dünyanın bəxtəvər adamıdır, kaş mənim də bunun kimi dünya vecimə olmazdı, dediklərinin şahidi olmuşdum. 

Bu üç adamdan biri həm də tanıdığımız ən yoxsul insanlardan biri idi. Doxsanların şiddətli yoxsulluq dalğalarının altında çapalayırdı. Amma baməzəliyindən qalmırdı. Kəskin talassemiya xəstəsi olan oğlu qış aylarında öldü. Üstündən altı ay keçdi. Yayın ortaları idi. Günorta nahara gözlədiyimiz atam həmişəki vaxtından bir az gec eyvanın yanında peyda oldu. Su istədi. Görünürdü ki, deyəcək sözü var, amma su içmədən deyə bilmir. Suyu içdi, sonra ağladı. Baməzə adamın öldüyünü söylədi. Sonra hadisənin özü danışıldı. Həmin gün hava səhərdən isti başlamışdı. O da səhər oyanıb hamı kimi, yataqdan qalxıb, soyuducuda saxlanılan su balonunu başına çəkib, sonra həyətə düşüb. Əlini-üzünü, dirsəklərini yuyub, qurulanmaq üçün götürdüyü dəsmalı aidiyyəti üzrə istifadə etmədən boynuna asıb, həyətin ortasına qədər irəliləyib, sonra qırx yaşlı bu yekəpər adam  “allah” deyərək arxası üstə yıxılıb və bir daha ayağa qalxmayıb. Hadisədən sonra uzun müddət isti yay günlərində soyuq su içməyə qorxurduq. 

Üç adamdan ikincisi birinci qədər yoxsul deyildi. Hətta həyatının müxtəlif dövrlərində müəyyən qədər imkan sahibi olmuşdu. Amma zarafatlarla, baməzəliklə keçirdiyi əlli illik həyatının son illərini Rusiya bazarlarında gəzərək alver etmək məcburiyyətində qalmışdı. Sonuncu dəfə qızının toyundan əvvəl getdi, bu dəfə sondur, toydan sonra qayıdıb ölkəyə yerləşəcəm birdəfəlik, dedi getməzdən öncə. Amma alınmadı, Rusiyada vəfat etdi. Dəmir qutuda gətirdilər.

Üç adamın üçüncüsü, ən şit zarafatları ilə yadda qalan, insan kimi heç bir ortamda ciddi qəbul edilməyən üçüncüsü arvadının kəskin tənələrinə, ailə münaqişələrinə, ətrafın qeyri-ciddi münasibətinə əlli altına yaşına qədər dözdü. Onu sonuncu dəfə görəndə insult keçirmişdi, başında qırmızı papaq, ayaqlarını sürüyə-sürüyə küçədə dolaşır, kiminləsə zarafatlaşırdı. Bir neçə ay sonra o da vəfat etdi. 

Yaxınlarda tanış bir çevrədə bu üç adamın zarafatları haqqında söhbət düşdü. Hər kəs müxtəlif epizodları xatırlayıb ən maraqlı zarafatlarını söyləməyə çalışırdı. Amma bəzilərimiz heç gülmür, bəzilərimiz isə sadəcə məcburi gülümsəyirdi. Bu zarafatlar artıq heç nəyi ifadə etmirdi. Mənasız söz ardıcıllıqları idi sadəcə. Lağlağının ömrü onun aid olduğu situasiyanın başvermə periodunun çox kiçik bir hissəsi qədərdir. Sonra önəmsiz söz yığınına çevrilir. İndi sosial şəbəkələrin gətirdiyi imkanlar və yanlış təsəvvürlər bu ömrü sadəcə bir neçə günlük uzatmağa yarayır. 

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade