post-title

Firudin Allahverdi: "Dövlətin incəsənətə müdaxiləsi ironik nəticə verir"

Müsahibimiz bəstəkar Firudin Allahverdidi. Firudinlə, azərbaycanlıların Qərb cəmiyyətinə inteqrasiyası, klassik musiqimizin hazırkı vəziyyəti və digər mövzular haqqında danışmışıq. 

- Firudin, bildiyim qədərilə bu yaxınlarda Almaniyadan qayıtmısınız. Nə qədər qaldınız orda?

- İki ay.

- Almaniya, həqiqətən, dağılırmı?

- Mən axırıncı dəfə Almaniyada beş-altı il əvvəl olmuşdum. Bu dəfə yola hazırlaşanda ordan gələn bir dostum mənə əvvəlcədən xəbərdar etdi ki, artıq heç nə əvvəlki kimi deyil; qatarlar artıq gecikir və s. Yəqin onun üçün qatarın arada gecikməsi böyük sistem kollapsı kimi görünür, amma mən elə düşünmürəm. Görmədiyim beş-altı ildə sistemlərində ciddi geriləmələr hiss eləmədim. Hətta nə qədər güclü olduğunu anladım. Belə asanlıqla dağılan ölkəyə oxşamır. Mən eşitdiyimə görə, Berlində hər il 20 min yeni adam daimi qeydiyyata düşür. Qiymətlər də çox asta templə, amma inamla qalxmağa doğru gedir. Halbuki vaxtilə Berlin ən ucuz şəhər sayılırdı; indi də ucuzdu, amma necə deyərlər, bir o qədər yox… Xırda oğurluq halları da nisbətən artıb, yəni cibgirlik, telefon, kompüter oğurluğu və bu kimi hallar. Polis də belə xırda işlərlə məşğul olmur. Şikayət eləyəndə deyir ki, xəbər verdiyiniz üçün çox sağ olun, biz bildik ki, sabah bununla bağlı cinayət olsa, sizlik deyil. Bu qədər. Çox ağır cinayət olmasa, polis baş qoşmamağa çalışır. Bu arada, media qurumları da səhərdən axşama cinayət və cinayətkarlar barədə tükürpədici süjetlər verib sadə vətəndaşları travmatik eləmirlər. 

- Bizim nəslin nümayəndələrinin çox hissəsi ölkəni tərk eləyib. Sizin getmək fikriniz varmı?

- Çox lüks şərtlər olsa, gedərəm, əlbəttə. Çox lüks deyəndə mənim lüksüm, əslində rahat şərtlər deməkdi. Yəni rahat şərtlər olsa, gedərəm. Orada hər şeyi sıfırdan başlamağa isə, sözün düzü, həvəsim yoxdu. Bir var festivala, konfransa, ya bir elmi iş dalınca gedirsən, hardan gəlirsən gəl, əlləri üstündə saxlayarlar. Biri də var mühacir kimi gedirsən, bu zaman eyni adama, təxminən, parazit kimi baxırlar, daha açıq-aydın “səni mən dolandırıram, sənin dolanışığın mənim vergimdən çıxır” deməsələr də, ola bilər, bunu tez-tez hiss edəsən. Bütün hallarda mühacirlik o qədər də arzuolunan status deyil. Bir də, real bir səbəbim olsa, yəni görsəm ki, burda yaşamaq sözün əsl mənasında mümkün deyil, onda çıxıb gedərəm. Amma elə bir problemim yoxdu, burda nisbətən rahatam. Əlbəttə, istədiyim qədər deyil, amma bu bizim hamımızın, qədim tarixə malik xalqın gəlib çıxdığı mədəni, və ictimai-siyasi nəticələrə görədi. 

- Yəqin ki, Almaniyada, orda yaşayan azərbaycanlılarla da ünsiyyətdə olmusunuz. Bizim insanların ora inteqrasiyası necə gedir? 

- Ümumiyyətlə, Almaniyaya inteqrasiya olmaq çox çətindi. Orda mən bir nəfər kanadalı ilə söhbət elədim. Əsli Polşadandı, valideynləri köçüb Kanadaya, indi Almaniyada görüşdük. Ondan iki Qərb arasındakı fərqləri soruşdum. Yəni Almaniya da qərbdi, Kanada da qərbdi, o da hər iki ölkəylə təmasdadı. O dedi ki, istənilən insan Kanadaya ayaq basdığı gün “mən kanadalıyam” deyə bilər və hər kəs də buna inanar. Kanadalı olmaq üçün çox çalışmaq lazım deyil, hətta ingilis, ya fransızca bilməsən də, olar. Çünki Kanadada hər kəs mahiyyətcə elə sənin kimidi, yaxud bir nəsil, iki nəsil öncəsi sənin kimi olub. Amerikada da belədi. İngiltərə də qismən rahatdı. Amma Almaniyada çətindi, çünki bu xalqın kolonial təcrübəsi, başqa xalqlarla çox təmasları olmayıb. Olubsa da, müsbət xatirələr deyil. Ona görə də alman cəmiyyətinə inteqrasiya edə bilmək üçün, demək olar ki, alman olmalısan, dili, mədəniyyəti çox yaxşı bilməlisən, az qala, onlardan biri olmalısan. Çünki almanlar tarixən ancaq kontinentdəki qonşuları ilə təmasda olublar. Amma ingilislər artıq neçə əsrdi dünyanı tanıyır, Hindistanla, İranla, Yaponiya ilə, hər yerlə əlaqəsi olub; başqaları ilə davranmaq vərdişləri çoxdur. Baxan kimi bilirlər ki, səni nə əsəbləşdirə bilər, nə sevindirə bilər. Ancaq almanlar başqa xalqları bu qədər tanımır, ya da yeni-yeni tanımağa başlayırlar. Bu baxımdan onlarla inteqrasiya çətindi. Ona görə problemlər yarananda təkcə bizimkiləri günahlandırmaq doğru deyil. 

- Siz Azərbaycanda kinoda və teatrda bəstəkar kimi işləyən tək-tük musiqiçilərdənsiniz. Bir filmə və ya tamaşaya musiqi yazmaq sizin üçün necə prosesdi?

- Hələ dərsdə Xəyyam müəllim – professor Xəyyam Mirzəzadə bizə izah eləyirdi ki, bir var tətbiqi musiqi, bir də var təmiz musiqi. Tətbiqi musiqiyə kino, teatr, hətta hardasa opera və balet aiddi. Burda musiqi birinci növbəli komponent deyil. Musiqi filmdə, tamaşada rejissorun ümumi ideyasına xidmət eləyir. Bir də var təmiz musiqi, yəni məsələn, simfoniya, kvartet. Burda hər şey musiqinin içindədi, qəhrəman da, problem də, onun həlli də, dramaturgiyası da. Kinoda da, teatrda da biz rejissora tabeyik. O, deyə bilər ki – və bəzən deyir – yox, bu musiqi yaramır və ya mən belə bir şey istəyirəm, sənin musiqin isə bunu başqa yerə aparır. Məsələn, axırıncı işlədiyim qısa filmlərin burində mən musiqi ilə elə bir xətt aparmaq istəyirdim ki, baxan adam sonda qəhrəmanın, konkret bir təbəqənin ümumiləşdirilmiş obrazı olduğunu anlasın. Rejissor dedi ki, yox, mənim belə bir mesaj vermək fikrim yoxdur, başqa məsələni qabartmaq istəyirəm. Bu zaman sənə qalır ya ümumiyyətlə, əməkdaşlıqdan imtina eləmək, ya da müəllifin ideyası ilə razılaşmaq. Mən ikinci variantı seçdim, çünki həm vaxt az idi; adamları yarıyolda qoymaq istəmirdim, həm də filmdə əsas söz onsuz da rejissorundu. Adama deyərlər, belə ideyan varsa, get simfoniyanda göstər; filmin əsas müəllifi rejissordur. Teatrda da eyni şey baş verir. Hərdən hansısa detalla bağlı nəsə deyirsən, rejissorun ağlına batır, hərdən də əksinə olur. Amma bütün hallarda bu, təmiz musiqi deyil. Əlbəttə, orda da sənət, bədiilik sərgiləmək mümkündü, edənlər də kifayət qədərdi, amma özü-özlüyündə film musiqisi müstəqil əsər deyil. Məsələn, hansısa parçada eşitdiyimiz orkestr zərbəsi orda ona görəymiş ki, filmdə hansısa hadisə baş veribmiş, əslində bəstəkar elə yazmaya da bilərmiş. Bax, fərq budu.

- “Nar bağı” filminin premyerasından çıxanda təəssüflə dediniz ki, heyif, musiqidən az istifadə eləyiblər, mən yaxşı musiqi yazmışdım.

- Bu, zarafat idi. Əslində arasından seçim etmək məqsədilə hər biri iki dəqiqə olmaqla iki musiqi parçası yazılmışdı titrlər üçün; seçim rejissorun idi, o da daha uyğun bildiyini seçdi. Arthouse rejissorların haqlı istəyi budur zatən: bizə bəstəkar lazımdır, amma musiqi - daha doğrusu, adətən, gözlənilən “film musiqisi” yox.

- Musiqisiz filmlərə baxa bilirsiniz?

- Hətta daha maraqla baxıram. Musiqi o vaxt rejissora lazım olur ki, kadrda istifadə olunmuş vizual və danışıq vasitələri onun bütövlükdə ifadə etmək istədiyi emosiyaları göstərməyə bəs etməsin. Yəni personaj lazım olanı deyir, lazım olan yerə baxır, bu vaxt kimsə qapını da açır - bunlar hamısı öz yerindədi, şair demişkən, “amma yenə nəsə çatmır”. Bax, onda o gözəgörünməz musiqi özü köməyə gəlir və başlayır tamaşaçının hisslərini yönləndirməyə. Gözlə göstərənlər də var: amma elə həll edirlər ki, çox inandırıcı təsir bağışlayır. Mələsən, Kusturitsanın “Underground” filmindəki kimi. Qəhrəmanlar dəliqanlı oğlanlardı, əllərində silah, ciblərində çoxlu pul. Və kefləri həmişə kök olsun deyə musiqiçiləri də həmişə özləriylə gəzdirirlər. Beləcə, həm filmin musiqi tərəfi həll olur, həm də obrazlara maraqlı kolorit əlavə olunur. Bəzən isə musiqi, sadə desək, kadra yaraşmır, o zaman narahat edir. 

- Sizin kinodakı işləriniz arasında ən çox xoşuma gələnlərdən biri “Üzü qibləyə” filmindəki musiqinizdi. “Əzizim Fellini”ni demirəm. Ordakı melodiyalar hitə çevrilib, filmdən ayrı həyat yaşayırlar artıq.

- Bəs demək, mənim də hitlərim var imiş? Əslində “Arxası qibləyə” filminin çəkilişlərində iştirak eləməmişdim, prosesə sonradan qoşulmuşdum, amma filmdəki kəndin atmosferini vermək üçün qədim alətlər ansamblının alətləriylə tanış oldum və səsləri mənə arxaik təsir bağışlayan iki alət seçdim. Birinin adı çoğur idi - bir variantı Gürcüstanda çonquri adıyla məşhurdur. Elə hadisələr də zatən Gürcüstanla sərhəddə yaşayan saxurların kəndində baş verdiyindən çoğurun səsi çox yerinə düşürdü. Bir də çəğanə deyilən bir alət. Əvvəllər onun haqqında heç eşitməmişdim. Alətlərin arxaikliyi musiqini filmdə orqanik edirdi.

- Ümumiyyətlə, belə fərqli alətlərə, ritmlərə meyillisiniz, anladığım qədərilə. “Yol” filmində də İran ritmlərindən, “Teatral həyatda” klassik Avropa tipli musiqidən istifadə eləmişdiniz, deyəsən.

- “Yol”da tam da ritm yox, zərb alətinin özü İran mənşəli idi. “Teatral həyat”da isə belə bir konsepsiya fikirləşmişdim ki, milli alətlər, təxminən, Avropa barokko dövrünə yaxın musiqi çalsın. Əhvalat da rayon teatrının aktyorları haqqında idi. Qısası, çalışıram ki, bu iş özümə də maraqlı olsun, məsələ sadəcə musiqi yazmaqla məhdudlaşmasın, özüm də yeni bir alətlə tanış olum, eksperiment eləyim.

- Son vaxtlar klassik musiqimiz şou-biznesin, adına toy musiqisi dediyimiz musiqinin kölgəsində qalıb, ya da sanki klassik musiqinin təmsilçiləri göz önündə olmaq istəmirlər. Ümumiyyətlə, hazırda Azərbaycan klassik musiqisində nə baş verir?

- Bütün digər işlərimizdə nə baş verirsə, klassik musiqimizdə də o baş verir. Elə bir haldadı ki, nəinki çox köklü dəyişiklər eləmək, bəlkə ümumiyyətlə, sıfırdan başlamaq lazımdı. Musiqidəki sovet təhsil sistemi – hansı ki, Rus imperiyasının təhsil sisteminə söykənirdi - müasir dövrün çağırışlarına cavab vermir. Odur ki, dəyişikliklərə təhsildən, təhsil proqramından başlamaq lazımdı. XXI əsrdə yaşayan azərbaycanlı məktəbli, ya tələbə musiqidən nəyi bilsə, nəyi çalsa, nəyi oxusa, nəyi eşitsə, yaxşı olar? Bunların hamısı həll olunmalıdı. Bizim dərsliklərdə Avropa musiqisi hardasa XX əsrin ilk üçdə birində bitir, təxminən, 30-cu illərdə. Bu, o vaxtlar idi ki, Stalin artıq SSRİ-nin sərhədlərini bağlayırdı. Rus musiqisi isə Şostakoviçə qədər uzanır, yəni hardasa yetmişlərə qədər. Yəqin ki, doxsanlarda sovet təhsil sistemi bir az yenilənəcəkdi, ancaq tale qismət etmədi. Böyük ehtimalla Sovet İttifaqı dağılandan sonra Azərbaycan musiqi ictimaiyyəti, elmi ictimaiyyət belə qərara gəldi ki, sovet sisteminin özü bizim üçün hələ çox böyük bir şeydi, elə onun özünü saxlaya bilsək, böyük iş görmüş olarıq. Həm də gah müharibə getdi, ölkə qarışdı, sonra pul gəldi, bu dəfə də ona baş qarışdı. İndi bəlkə bundan sonra nəsə ola bilər.

- Azərbaycanda muğama rəsmi səviyyədə investisiya qoyulur və bu, belə əsaslandırılır ki, Qərbdə muğam dinlənilir. Amma məsələn, Qara Qarayevin musiqisi üçün deyirlər ki, onda ekzotika az, qərb tərzi çox olduğuna görə Qərbə maraqlı deyil. Doğrudanmı, bizim klassik musiqi – Qara Qarayev, Fikrət Əmirov Qərbə maraqlı deyil?

- Deyilənlərdə bir az doğruluq payı var. Ancaq yenə də yaxşı təqdimatla, təbliğatla klassik musiqi nümunələrini də çox gözəl tanıda bilərik. Qara Qarayevin də, Fikrət Əmirovun da elə əsərləri var ki, mütləq təbliğ olunmalıdı. Hətta bəzi əsərləri dünya klassikasının xəzinəsinə də qoya bilərik. Belə əsərlər də var. Sadəcə bu işin marketinqi qurulmalıdı, onları bazarlamalısan, reklam tryukunu tapmalısan, elə eləməlisən ki, dinləsinlər. Azərbaycan bəstəkarlarının piano üçün parçalarından tut, “Koroğlu” operasına qədər xeyli nümunə var ki, onların dünyada populyar olma potensialları var.

- Bu arada uzun onillərdir “Leyli və Məcnun”un da ifaçıları dəyişir, amma quruluş yox. Bu, tabudu? Yəni ilkin quruluş olduğu kimi qalmalıdı deyə bir qayda var?

- Mən də elə bir qayda bilmirəm. Yəqin ki, bu quruluşla yaxşı bilet satılır deyə, əl dəymirlər. Amma, ümumiyyətlə, incəsənətin bütün sahələrində olduğu kimi, teatrlarda da yenidənqurmaya ehtiyac var. Çünki hazırkı sistem tarixdə özünü doğrulda bilməyən Sovet sisteminə əsaslanır. Ümumiyyətlə səmimi desəm, mən dövlətin incəsənətlə çox yaxın, belə pis çıxmasın, intim münasibətinə yaxşı baxmıram. Dövlət deyilən məfhum - kobud bürokratik aparatdır; onun maraqlandığı sahələr olmalıdır ordu, polis, məhkəmə, iqtisadiyyat və s. İncəsənət isə adından göründüyü kimi incə sahədir. Dövlətin birbaşa müdaxiləsi, demək olar, həmişə ironik nəticələr verir. Bu baxımdan münasibətlər ayırd olunmalıdır. Doğrudanmı, teatrları saxlamağa bu qədər dotasiya ayrılmalıdır? Bəlkə bu dotasiya əslində yaxınlıqda cücərən əsl sənətin qabağını kəsməyə xərclənir? Ötən əsrin 30-cu illərində teatr güclü kütləvi silah idi, ona görə SSRİ bu sahəyə belə maya qoyurdu. Bütün bunları ətalətlə nə qədər saxlamaq olar? İncəsənətin bütün sahələrində monitorinqlər aparılmalı, həqiqi ehtiyaclar müəyyən edilməli, infrastruktur onlara uyğun olaraq yenidən qurulmalıdır. Yoxsa nə qədər gedib dövlət qurumlarına bilet satmaqla sənətlə məşğulluq imitasiyası yaratmaq olar? Dotasiya ilə işləyən teatrda sənət mühiti deyil, bürokratik mühit olur, əksəriyyət özünü inkişafla maraqlandırmır. Bilir ki, onsuz da maaşını alacaq. Daha çox qazanmaq üçün isə istər-istəməz başqa yollara əl atırlar, min dənə işlə məşğul olurlar. 

Bir dəfə rejissor Cənnət Səlimova aktyorlara yaxşı bir söz dedi. Demək, məşq zamanı hərə gəlib bir bəhanə ilə icazə alırdı. Biri deyirdi, uşağı baxçadan götürməliyəm, o biri deyirdi, kartof almalıyam. Cənnət xanım hamını yığdı səhnəyə, dedi ki: “Mən sizi ona görə ləngidirəm, ona görə sizdən nəsə tələb eləyirəm ki, sabah siz səhnədə olanda sizi kartof almağa göndərənlər baxıb desinlər ki, ayıbdı mən bu adamı kartof almağa, uşağı baxçadan götürməyə göndərirəm.” Cənnət xanıma dedim ki, qızıl kimi sözlər dediniz, mənim özüm üçün də bəzi məsələlər aydınlaşdı. Cavab verdi ki, bunu əvvəllər də demişəm, xeyri olmur. Sonra da şikayət eləyirlər ki, teatra gələn yoxdu. Niyə gəlsinlər? Bir dəfə Cavanşir Quliyev kino və teatrı müqayisə edirdi ki, kinematoqraf insana tank da, zavod da, dəniz də, kosmos da - nə istəsən göstərə bilir; bu zaman teatrların qarşısında yeni vəzifələr durur, o zövqdən də üstün zövqlər verə bilməlidir ki, tamaşaçı yığa bilsin. Əlbəttə, çətindi. Ancaq mexanizm düz işləsə, o zaman maraqlı işlər görə biləcək adamlar meydana çıxacaq. Amma indi belə meydan yoxdu, çünki hamı maaşını alır, əməkdar artist adını gözləyir. Planetdə bəlkə minlərlə teatr truppaları mövcuddur ki, ən böyük arzuları bizim teatrlardan birinin üçdə biri qədər yerə sahib olmaqdı. Orda onlar nələr eləyərlər?! Amma bizdə var deyə, göydən gəlib, özləri qazanmayıblar deyə dəyərini bilmirlər. Ona görə də, teatrın XXI əsrdə nə demək olduğundan bizim teatrsevərlərin çox azının xəbəri var.

- Demək problem mexanizmdədir?

- Bəli. Təsəvvür edin, üç il əvvəl “Baladadaşın Toy Hamamı” adlı müziklım dövlət teatrında səhnələşdirilib və indiyəcən də gedir. Teatr Mədəniyyət Nazirliyinə məktub göndərir ki, bu bəstəkarın əsərini səhnələşdirmişik, indi buna honorar ödəmək lazımdı. Gedirəm, Mədəniyyət Nazirliyi deyir ki, biz sənə dövlətin (Nazirlər Kabinetinin) müəyyən etdiyi məbləğin yarısını vermək istəyirik. Deyirəm niyə? Gülümsəyib deyirlər “çünki sən gəncsən, o rəqəm isə görkəmli bəstəkarlar üçün nəzərdə tutulub”. Guya o görkəmli bəstəkarlar üçün nəzərdə tutduqları da yaman sanballı honorardı. Beləliklə, üç ildir tamaşa səhnədə getsə də, hələ də honorarımı ala bilməmişəm.

Söhbətləşdi: Aygün Aslanlı

Azlogos.eu

Yuxarı