“Borxes yazıçı deyil” - Seymur Baycanla “Virtual söhbət”

Сеймур БАЙДЖАН

“Mütaliəmin zəngin olması, onları ehtiyatlı danışmağa məcbur edir”

AzNews.az “Virtual söhbət” layihəsində yazar Seymur Baycanla müsahibəni təqdim edir.

- 2016-cı ildə ruslar arasında belə bir sorğu keçirilmişdi. Rusiyanın ən yaxşı yazıçısı kimdir? Faiz nisbəti ilə birinci yerdə Tolstoy, ikinci yerdə Dostoyevski, üçüncü yerdə Çexov gəlirdi. Siyahıda ən az adı çəkilən yazıçılar isə sənin sevimlilərin - Qorki və Lermontov idi. Səncə bu, onlara haqsızlıq deyil?

- Əvvala, ondan başlayaq ki, gəncliyimdə qatı Dostoyevski pərəstişkarı olmuşam. Dostoyevskini çox sevirdim və onun əsərlərini oxumayana bədbəxt adam kimi baxırdım. Düşünürdüm ki, bax, bu adam Dostoyevskini oxumadan bu dünyadan o dünyaya köçəcək. Bundan böyük bədbəxtlik ola bilərmi? Lakin son yeddi-səkkiz ildə Dostoyevskinin həyatı ilə yaxından tanış olduqdan sonra onun yaradıcılığı gözümdən düşməyə başladı. Həm də indi Dostoyevskinin əsərləri, xüsusən “Karamazov qardaşları”, “Cinayət və cəza” , “İdiot” mənə çox səsli-küylü təsir bağışlayır. Tolstoya isə həm bir yazıçı, həm də bir şəxsiyyət kimi hörmətim və rəğbətim günü-gündən artmaqdadır. Düşünürəm ki, Dostoyevski gəncliyin, Tolstoy isə ahıllığın, müdriklik dövrünün yazıçısıdır. Xüsusən, “Dirilmə”, “Sergi ata”, “İvan İliçin ölümü” , “İki qoca” əsərləri müəyyən həyat təcrübəsi yarandıqdan sonra təkrar-təkrar oxunmalıdır. Dostoyevski söhbətini isə uzağı, otuz yaşda bağlamaq lazımdı. Çexova gəldikdə, sırf ədəbiyyat nöqteyi-nəzərindən o, həm Tolstoydan, həm də Dostoyevskidən güclü yazıçıdır. Siyahıda Qorkinin və Lermontovun adının az çəkilməsi bu iki yazıçıya qarşı əlbəttə haqsızlıqdı. Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsəri xüsusi ab-havası olan, yüksək hissiyatla yazılmış bir əsərdir. Belə deyək, o əsərdəki hissləri hansısa bir qüvvəyə çevirmək mümkün olsaydı, həmin qüvvə bütöv bir şəhərin altını üstünə çevirərdi. Mən Lermontovun əzablarını, istirablarını hiss edirəm. Gənc yaşda elə bir əsər yazmaq ağlasığmazdır. Lermontov öz yaşını üçə, dördə vurmuş nadir şəxsiyyətlərdən biridir. Qorkiyə gəldikdə isə məsələ o qədər də sadə deyil. Sırf yazıçı kimi Qorki nəhəng yazıçıdır. Təəssüflər olsun ki, oxucuların əksəriyyəti, hətta rusların özləri belə Qorkini daha çox hekayələri, “Ana”, “Uşaqlıq”, “Özgə qapılarında”, “Mənim universitetlərim” əsərləri ilə tanıyırlar. Tamam bir başqa Qorki var ki, onu adamların çoxu tanımır. Bu, “Klim Samginin həyatı” əsərinin müəllifi olan Qorkidi. “Klim Samginin həyatı”ı möhtəşəm, fundamental əsərdir. Sovet dövründə Azərbaycan dilinə tərcümə olunub. Bir neçə yaxın adama “Klim Samginin həyatı” əsərini oxumağı tövsiyyə etmişəm, amma axtarsalar da tapmayıblar. Bəlkə də hardasa evlərdəki kitabxanalarda qalıb. Çox istərdim həmin əsər təzədən nəşr olunsun. “Klim Samginin həyati” əsərində Qorki rus insanının, Rusiyanın bütün mahiyyətini açıb. Təxminən bir il əvvəl o əsəri təzədən oxumaq ehtiyacı hiss etdim. Bəzən məndə belə hal olur. Hansısa özümə də məlum olmayan səbəbdən bir əsər yadıma düşür. Başlayıram həmin əsər haqqında düşünməyə və bu düşüncələr məni məcbur edir ki, əsəri tapıb təzədən oxuyum. Beləcə, ildə təxminən on, bəzən on beş əsəri təkrar oxuyuram. “Klim Samginin həyatı” əsəri də yadıma düşdü, başladım əsər haqqında düşünməyə. Bir neçə bukinstə getdim. Nəhayət, əsəri tapdım və oxudum. Əsəri oxuduqdan sonra məndə belə bir qəti qənaət yarandı ki, yaxın dövrdə Rusiyada təlatümlü hadisələr baş verəcək.

- Deyirsən, Qorki uzaqgörənlik edib? Amma Nabokovun rus ədəbiyyatı haqqında məşhur mühazirələri var. O mühazirələrdə ən çox tənqid etdiyi yazıçı elə Qorkidir.

- Uzaqgörənlik, öncəgörmə, peyğəmbərlik sözlərini yazıçılar haqqında çox işlədirlər. Bəzən yerində, bəzən yersiz. Məsələ ondadır ki, yazıçılar başqa səhələrin adamlarından fərqli olaraq cəmiyyətin bir təbəqəsini deyil, müxtəlif təbəqələrini müşahidə etməyi bacarırlar və müşahidələrini ümimiləşdirib nəticələr çıxarırlar. Əlbəttə, bunu hər yazan adama aid etmək olmaz. Güclü müşahidəçilik, müşahidələri ümumiləşdirmək bacarığından əlavə yazıçı, həm də ədalətli və sağlam düşünməyi bacarmalıdır. Yazıçı, ümumiyyətlə hər hansı sahənin adamı ədalətli və sağlam düşünməyi bacarmırsa, intellekt və istedad onu xilas edə bilməz. Şəxsən mən öz balaca həyatımda bunun dəfələrlə şahidi olmuşam. Neçə-neçə intellektli, istedadlı adam görmüşəm, lakin onlar sağlam düşünmək bacarığını itirdiklərinə görə mənəvi tənəzzül dərəsinə düşüblər. Qayıdaq yazıçıların peyğəmbərliyinə. Məsələn, Vitold Qombroviç adlı polyak yazıçısı var. “Qanun” nəşriyyatı onun “Ferdiduke” romanını nəşr edib. Qombroviç İkinci Dünya müharibəsi başlamazdan əvvəl Polşanı tərk edir. Dostları soruşanda ki hara gedirsən, Qombroviç maraqlı bir cavab verib: “Dostlar, bəyəm siz qəzet oxumursunuz?” Burada televiziya işçilərinin təbirincə desəm, cəsarət edib özümü kadra soxmaq istəyirəm. Bəzən deyirəm ki, Azərbaycanda filan hadisə baş verəcək. Dost-tanış soruşanda ki hardan bilirsən, Qombroviçin sözünü dəyişib bir az başqa cürə deyirəm: “Dostlar, bəyəm siz AzTV-yə baxmırsınız?..”

İkinci bir misal: Tolstoy inqilabın əleyhinə idi. Lakin Tolstoy “Dirilmə” əsərində dayanmadan həyəcan siqnalı çalır. Dəfələrlə vurğulayır ki, əgər bu cür davam etsə, Rusiyada inqilab qaçılmaz olacaq.

- Doğru, "Dirilmə" məhz Rusiya üçün çalınmış həyəcan siqnalı idi. Sadəcə çar onun səsini eşidə bilmədi. Daha da əzazilləşdi.

- Daha bir misal: Romen Rolan “Jan Kristof” əsərində müharibənin başlanmasını anons etmişdi. Doğrudan da əsər nəşr olunandan təxminən bir il səkkiz aydan sonra Birinci Dünya müharibəsi başladı. “Jan Kristof” əsərində müharibə başlamazdan əvvəl yaranan, hökm sürən ab-hava haqqında hissələri, təsvirləri oxuyanda səmimi deyirəm möhkəm qorxdum. İnan ki, “Jan Kristof” əsərində müharibə başlamazdan əvvəl yaranan ab-hava haqqında təsvirlər bizim bugünkü həyatımıza, bizim bugünkü dünyamıza olduqca bənzəyir. Hətta əsərdəki təsvirlərdən necə qorxdumsa bir-iki yaxın, savadlı dost-tanışa utana-utana dedim ki, deyəsən, Üçüncü Dünya müharibəsi başlayacaq. Onlar isə məni sakitləşdirməyə calışaraq bildirdilər ki, Üçüncü Dünya müharibəsi başlaya bilməz. Üçüncü Dünya Müharibəsi başlasa bu dünyanın sonu olacaq. Kifayət qədər sakitləşsəm də yenə öz fikrimdə qalıram. Böyük masştabda müharibənin başlaması mümkündür. Adamlara elə gəlir bu ola bilməz. Təəssüf ki, ola bilər. Həyatın adi ritmi, məişət qayğılarımız bizi aldadır, bizə elə gəlir ki, daha böyük müharibələr baş verə bilməz…

- Seymur, məncə Qorkidən çox uzaqlaşdıq :)

- Məncə də ... Qayıdaq Nabokovun Qorkini tənqid etməsinə. Əgər sırf ədəbiyyatdan söhbət gedirsə, Qorkinin təkcə “İyirmi altı kişi və bir qız”, “İzergil qarı” hekayəsi, Nabokovun bütün yaradıcılığından ağırdır.

- Gəl sənə opponentlik edim. Nabokov üslubçudur. Adı Floberlə yanaşı çəkilən yazıçılardandır. Qorki isə əsl qiymətini indi alır. Siyahılarda adının az hallanması da elə bu qiymətin nəticəsidir. Vaxt ötəndən sonra başqa təsirlər duman kimi çəkilir, yerində yalnız sənətkarlıq qalır. Sənətkarlıq baxımından isə Nabokov Qorkini üstələyir.

- Bəli, razıyam, çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Fadayevin “Gənc qvardiya” əsərinin tirajı qırx üç milyonu keçmişdi. Bütün sovet xalqlarının dillərinə tərcümə olunmuşdu. Amma sovet çökən kimi əsər öz aktuallığını itirdi. Qorki öz nekroloqunu məhv etmiş yazıçılardan biridir. Bu haqda Boris Akuninin yazısı var. Onun bioqrafiyası ləkəlidir. Artıq heç nə bu ləkəni yuya bilməz. Amma diqqət etdinsə, söhbətimizdə “sırf ədəbiyyat nöqteyi-nəzərindən”, “sırf ədəbiyyat baxımından” sözlərini işlədirəm. Biz ədəbiyyatdan danışırıq. Üslub ədəbiyyatı üstələməməlidir. Bəzən yazıçılar orjinalliğa, üsluba o qədər aludə olurlar ki, ədəbiyyat yaddan çıxır. Bir daha təkrar edirəm, sırf ədəbiyyat nöqteyi-nəzərindən Qorkinin “İyirmi altı kişi və bir qız” hekayəsi Nabokovun bütün yaradıcılığından ağırdı.

- Xahiş edirəm, “sırf ədəbiyyat” məsələsini izah elə. Sənin üçün bədii əsərdə önəmli olan nədir? Əsərdə nəyə qiymət verirsən? Lütfən bu "ədəbiyyat" məsələsini dərindən izah et görək nədir.

- “Ədəbiyyat nədir?” sualına cavab vermək “Sevgi nədir?” sualına cavab vermək qədər çətindir. Ciddi deyirəm, sualdan da yayınmıram.

- Vallah yayınırsan :) Əsərdə nəyi qiymətləndirirsən, onu de.

- Az qala hamıya elə gəlir ki, onu həyatda sevən olub. Əksər adamlar belə düşünür, amma qətiyyətlə iddia edirəm ki, həqiqi sevgi milyonda bir insana qismət olur. Məsələn, əgər bu gün Azərbaycanda tutaq ki, doqquz milyon adam yaşayırsa, onlardan uzağı on adamı həqiqətən sevib. Qalanları sadəcə sevildiklərini, sevdiklərini güman edənlərdir. Bəs yaxşı, bu həqiqi sevgini necə müəyyən etmək olar? Necə durub demək olar ki, mən həqiqətən də sevilmişəm, sən isə həqiqi sevginin nə olduğunu görməmisən. Axı bu başdan-ayağa eqoizmdir. Həqiqi sevgini müəyyən etmək olduqca çətindir. Əgər bir insan sənin üçün darıxırsa, sənə dayanmadan xoş sözlər deyirsə, sənin qayğına qalırsa, nə bilim, bu qəbildən olan digər hərəkətlər edirsə, bu, o demək deyil ki, o, həqiqətən səni sevir. Bütün bunları kinolara, seriallara, kliplərə baxıb öyrənmək də mümkündü. Amma elə hərəkətlər var ki, onu kinoya, seriallara, kliplərə baxıb, sevgi haqqında kitablar oxuyub öyrənmək mümkün deyil. Məsələn, bir dəfə xeyli qoca, yaşlı bir dostum içib keflənib, kövrəlib gəncliyində bir qızın onu necə sevməsindən danışırdı. Yanıb-tökülürdü ki, axı niyə o vaxt bu sevginin qədrini bilməyib. Yaşlı bir adamın gözu yaşlı halda gəncliyində bir qızın onu necə sevməsindən danışması olduqca maraqlı idi. Ona sual verdim: “Hardan bilirsən ki, o qız səni həqiqətən sevirdi?” Olduqca maraqlı bir cavab aldım. Dedi ki, nə vaxt belim qaşınırdı, qıza deyirdim belimi qaşı, qız barmaqlarını aparıb düz qaşınan yerin üstünə qoyurdu. Daha mən ona demirdim, bir az aşağını, bir az yuxarını, bir az sağı, bir az solu qaşı.

- Maraqlı müqayisə olsa da, mənim istədiyim cavab deyil, bəy...

- O kişi düz deyirdi. Həqiqi sevgi bu kimi çox fərdi hərəkətlərlə bəlli olur, amma mahir imitatorlar var ki, belə hərəkətləri də hətta təkrar edə bilərlər. Ehtiyatlı olmaq lazımdı! Ona görə də həqiqi sevgi nədir, bunu insan özü müəyyən etməyi bacarmalıdı. Ədəbiyyat da belədir. Həqiqi ədəbiyyatı, həqiqi yazıçını bir cümlədən tanımaq olur. Amma mən, məsələn, durub indi desəm ki, Platonov bu cümləsinə görə həqiqi yazıçıdı, bu qıraqdan ola bilsin, həm maraqsız, həm də gülməli görünsün.

- Hər halda sənin bədii əsərdə qiymətləndirdiyin məziyyətlər olmalıdır. Biz səninlə illərdir ədəbiyyat söhbətləri edirik. Məndə belə fikir yaranıb ki, sən sevdiyin yazıçılardan savayı digər yazıçılara müharibə elan etmisən. Qorkini, Heminqueyi, Vulfu Prusta, Borxesə, Markesə, Kortasara, Folknerə dəyişməszən. Belə çıxır ki, sənin dediyin ədəbiyyat Qorkidə var, Nabokovda yoxdu, Heminqueydə var, Folknerdə yoxdu, Vulfda var, Kortasarda, Borxesdə yoxdur.

- Haradasa, haqlısan. Mənim bu cür kateqorik yanaşmalarım bəzən ədəbiyyatçı dostlarımızı əsəbiləşdirir. Amma mütaliəmin zəngin olması onları ehtiyatlı danışmağa məcbur edir. Bəli Kortasar, Borxes yazıçı deyil.

- Seymur, bütün dünyanın az qala peyğəmbər kimi qəbul elədiyi adam haqqında çox rahat şəkildə deyirsən ki, Borxes yazıçı deyil.

- Heç kimin tirajindan, titullarından qorxmuram. Həzz almadığım film, həzz almadığım roman haqqında durub yalandan deyə bilmərəm ki, gözəl idi.

- Bəlkə Borxesi, Kortasarı oxumaq üçün xüsusi hazırlıq gərəkdir və sən də buna hazır deyilsən?

- Hə də, uşaq-muşaq Borxesi anladı, başa düşdü, həzz aldı, mən, Azərbaycanda yaşına görə ən zəngin mütailəsi olan adam başa düşmədi. İstəyirsən bir az da üstünə qoyum. Mən Borxesdən güclü yazıçıyam. Borxesin yazıçılığa dəxli yoxdur. Necə ki, Berqmanın kinoya dəxli yoxdu. Kino Satyacid Raydı, Roberto Rossellinidi, Yasudziro Odzudu...

- Niyə dəxli yoxdur? Yazıçıdan, rejissordan çox filosofdurlar, ona görə?

- Bir müşahidəmi də sənə deyim.

- De.

- Adətən istedadsız adamların Borxesden, Kortasardan, Berqmandan təm-taraqla danışdıqlarını görmüşəm. Əslində insanın bəyənmədiyi əsər haqda öz səmimi hisslərini ifadə etməsi də cəsarət tələb edir. Amma bu cəsarətin özü də cəsarət xatirinə cəsarət olmamalıdı. Yəni hə, baxın, mən “krutoy oğlanam”, dünyaca məşhur yazıçını bəyənmirəm. Yox, sadəcə baxırsan, oxuyursan, deyirsən mənlik deyil. Elə adamlar var ki, istəyirlər özlərini xüsusi bir təriqətin üzvü kimi hiss etsinlər. Bunların oxuduqları əsərləri az adam oxusun, bunların baxdıqları kinolara az adam baxsın. Əsəri az adamın oxuması o demək deyil ki, həmin əsər mütləq yüksək dərəcəli əsərdi. Yaxud bir əsəri hamı oxuyursa, bu, o demək deyil ki, bu əsər zəif yazıldığına görə çoxluğun xoşuna gəlir. Yaxşı əsər sadəcə, yaxşı əsərdi. Onun tirajı az da ola bilər, çox da.

- Demək istəyirsən ki, bəzi sənət adamları imitatordurlar, gözdən pərdə asırlar?

- İsa Peyğəmbər deyirdi; qoy ölüləri ölülər basdırsın. Biz də mövzumuza uyğun olaraq belə deyə bilərik: Qoy hoqqabazlar hoqqabazları aldatsın.

- Bir vaxtlar Markesə də hoqqabaz deyirdin. O hansı kateqroyadadır?

- Markeslə Borxesi bir sıraya qoymaq düzgün olmaz. Amma Llosa Markesdən daha güclü yazıçıdı.

- Sənin meyarını müəyyənləşdirmək çətindir. Çünki bayaqdan danışdıqlarını əsas götürsək, sırf ədəbiyyata qalanda Markes Llosadan üstün olmalıdır.

- Mən də elə sırf ədəbiyyatdan danışıram. Markesin “Xulio xala və cızmaqaraçı” səviyyəsində əsəri yoxdur.

- Mənim daha sözüm yoxdur.

- Nə dediyimin fərqindəyəm. Llosa indi dunyada yaşayan ən güclü yazıçıdır.

- Markesin olmadığı dünyada hə :)

- Söz güləşdirmək istəmirəm.

- Belə başa düşdüm ki, sənə görə yazıçılıq-sənətkarlıq fitrətdən gəlməlidir. Fitrətdə nə varsa odur, artmır, azalmır. Pamukun təbiri ilə desək, sən saf yazıçının tərəfindəsən, düşüncəli yazıçının yox.

- Hər bir sahədə olduğu kimi, yaradıcılıq sahəsində də ardıcıllıq, intizam, çalışqanlıq çox vacib şərtlərdir. "Yazıçılıq fitrətdən gəlməlidir" sözünü deyib bizim onsuz da tənbəl, oxumaq istəməyən yazıçılarımızı daha da arxayınlaşdırmaq istəmirəm. Onsuz da onların çoxu belə düşünür ki, onlara yazıçılıq vergi kimi verilib, daha oxumağa, intizama, ardıcıllığa o qədər də ehtiyac yoxdu. İnsanın bir qram istedadı varsa, onu intizamla, ardıcılıqla, zəhmətlə bacardığı qədər artırmalıdı. Bəzən yazıçıları iki yerə bölürlər; həyatdangəlmə, kitabdangəlmə. Bəzilərində elə təssürat yaranıb ki, kitabdangəlmə yazıçılar daha çox oxuyublar, həyatdangəlmə yazıçılar isə o qədər də mütailəyə fikir verməyiblər. Kökündən səhv yanaşmadı. Məsələn, Qorki həyatdangəlmə yazıçı sayılır. Bəziləri elə düşünür ki, Qorki az oxuyub. Elə oturub öz məşəqqətli həyatından əsərlər yazıb. Xeyr. Əsla belə deyil. Qorkinin çox dərin mütailəsi olub. Korney Çukovski Qorki haqqında xatirələrində bu barədə yazıb. Xülaseyi-kəlam, lap əvvəldən onu demək istəyirəm ki, bəzi şeyləri vərdişlə qazanmaq mümkündür, dahi imitatorlar bəzən özlərini həqiqət kimi təqdim etməyi bacarırlar. Həqiqi sənət əsərini isə hər kəs özü müəyyən etməlidir.

Mirmehdi
AzNews.az

Kultura.az | Developed by Samir Yahyazade