post-title

Rüstəm Ayaks: Höteylə söhbət (II Hissə)

Birinci hissəni buradan oxuyun: Rüstəm Ayaks - Höteylə söhbət


Höteylə söhbətimizə davam edək. Daha doğrusu, o Ekkermanla və onu yoluxmağa gələn bəzi yoldaşlarla dərdləşsin, biz dinləyək. Şübhəsiz ki, aparılan söhbət əsnasında yaranan mühakimələrə ara-sıra etiraz etmək olar və bu vacibdi, fəqət onun “Faust”nu, “Şeir və həqiqət”ini, “Vilhelm Meyster”ini, “Şərq-Qərb divanı”nı, təbiət fəlsəfəsiylə  bağlı araşdırmalarını və onlar vasitəsiylə sərgiləyən zəkavi aydınlığını, olimpik mövqeyini xatırlayanda, istər-istəməz dinləməyə üstünlük verirsən.

Höte evində qoruduğu qravüra kolleksiyasından əla saydığı əsərləri seçib gənc Ekkermana göstərir. Onun zövqünü, rəng-biçim seçimini, sənətdən həzzalma şəklini, təməldən orijinal və mükəmməl əsərlər əsasında formalaşdırmağa çalışır ki, gələcəkdə sənət əsərlərini qiymətləndirəndə bəlli kriteriyaya söykənsin, çaşıb dolaşmasın, həqiqi istedadı qiymətləndirə bilsin. Örnəyi, ona alman mənzərə rəssamı Filip Peter Roosun (1655-1706), qoyunları, keçiləri rəsm etdiyi əsəri göstərərək söyləyir ki, Roos otyeyən, mülayim heyvanların varlığını instinktiv olaraq duyduğu və buna görə də onları çəkməkdən yorulmadığı üçün, öz sahəsindən yayınmadığı üçün belə xoşagələn əsərlər meydana gətirməyi, sənətini təkmilləşdirməyi bacardı. Buraya Hötenin mövzuyla bağlı düşüncələrindən bir neçəsini olduğu kimi qeyd etməyin yeri var: “Nə zaman bu rəsmdəki heyvanlara baxsam, həmişə qorxu duyuram. Məhdud zəkaları, təmbəl, yuxulu, əsnər görünüşləri məni də oxşar hala gətirir; adam heyvan olmaqdan qorxur və rəssamın da onlardan biri olduğuna inanmağa başlayırsan. İstənilən halda, bir rəssamın bu heyvanların iç dünyalarını, onların daxili aləmini zahiri görünüşləriylə birgə bu cür gerçəkçi bir üslubla təsvir edəcək dərəcədə düşünüb, hiss edə bilməsi olduqca heyrətləndiricidi. Öz naturasına uyğun mövzularla işləyərsə, böyük bir istedadın nələrə qadir olacağını bu rəsmlər sayəsində görürük...Başqalarını təqlid edən sənətçi öz işini tez bir zamanda bitirməyi ön planda tutur və işləməkdən xoşlanmır. Gerçək bir sənətçinin ən böyük xoşbəxtliyi isə düşündüklərini ifadə etdiyi anda hiss etdiyi xoşbəxtlikdir. Roos, keçilərinin, qoyunlarının tüklərini və dərilərini yorulmadan rəsm edərkən, bezginliyin nə olduğunu bilməzdi, bu rəsmlərə baxarkən hiss edirik ki, o işləməkdən böyük xoşbəxtlik duyurmuş və işini tez zamanda bitirmək barədə düşünüb xiffət çəkməzmiş. Məhdud istedada sahib sənətçilərə bu cür bir çalışma tərzi, bu cür bir sənət ehtirası kifayət etməz, onlar işləyərkən sürəkli olaraq mənfəət,  qazanacaqları pul barədə düşünərlər. Belə dünyəvi məqsədlər və seçimlərlə isə heç bir zaman önəmli sənət əsərləri ortaya çıxarmaq olmaz.”

 Alman yazarlarının ədəbi mətnə abstrakt, uzun və dağınıq fəlsəfələmələr daxil etməyinə yüngülvari tənqidlə yanaşır; yaşayıb-yazarkən işin praktik yönlərinə fokuslanan yerli yazarları isə ən yaxşılar hesab edir. Şilleri örnək göstərərək deyir ki, onun üslubu, fəlsəfə etmədiyi təqdirdə, ən təsirli və möhtəşəm üslub kimi təzahür edir. İngilis yazarlarının seçkin cəhətlərinə dair bunları vurğulayir: xitabət istedadına, praktikliyə malikdilər, gerçəklə barışıqdılar, məhz buna görə də yaxşı yazırlar ( Burada adam, əsrlər sonra gəlib, bəşər övladının ənənəvi illüziyalarının bəzilərini dağıdanlardan birini- Darvini xatırlayır. Darvin insanın digər heyvanlarla qohumluğunu vurğulayaraq əsassız, əsassız saymamalı olsaq da, əndazəsiz insan lovğalığını sındırmalı oldu. Əlində bəlli isbatlarla, səyahətə çıxdığı Biql gəmisindən yorğun-ağrın halda düşüb gələrək, yenidən söylədi ki, biz də heyvanlardan biriyik, özümüzü aşırı dərəcədə xüsusiləşdirməyə gərək yoxdu. Deməli, gerçəklə barışıq olmağa meyilliydi Darvin. Bəlkə də burada Hötenin vurğuladığı ingilis ədəbi ənənəsinin ona olan təsiri sezilə bilər, nə bilmək olar).

Fransızların üslubu onların ümumi xarakterini əks etdirir. Sosial insanlar olduqlarından oxucuları əsla unutmur, onları inandırmaqdan ötrü sadə olmağa diqqət edirlər. Oxucu xoşlansın deyə də mətnin zərafətini canlı saxlayırlar. Ümumənsə, “bir yazarın üslubu onun daxili dünyasının sadiq surətidir”, deyir Höte. Sadə, anlaşıqlı, zərif yazmaq istəyənin gərək öncə daxili dünyasında, xarakterində bu cəhətlər olsun, mürəkkəb, qarmaqarışıq yazanlarınsa fərdi xarakteri də ehtişama, dəbdəbəyə meyilli olur. Bu yerdə Höte, aralarındakı ilıq münasibətin sonralar pozulmasına rəğmən, ona heyranlıq duyan başqa bir Alman filosofuna düşüncə baxımından bir azca da yaxınlaşır. Həmin filosof söz sənətinin üslubları barədə danışarkən belə bənzətmə xəyal etmişdi: “ Əgər bir insan gözəl görünüşlü və zövqlü olduğuna əmindisə, uyğun şəraitə düşən kimi, demək olar, məmnuniyyətlə çılpaq gəzər, geyimini qədim insanlarınki kimi açıq-saçıq edərdi. Buna bənzər olaraq, düşüncələrinin gözəlliyinə, zənginliyinə, gerçəkliyinə əmin olan bir yazarın fikirləri də həmişə ən təbii, hiyləsiz, aydın şəkildə ifadə ediləcəkdir, o, mümkün olduqca çalışacaq ki, öz tənhalığını yüngülləşdirməkdən ötrü fikirlərini dünyada onunkuna oxşar tənhalıq duyğusu keçirən digər fərdlərə yetirə bilsin. Bunun əksinə, ruhi yoxsulluq, mənəvi qarışıqlıq və sünilik isə özünü ifadə edərkən təmtəraqlı, anlaşılmaz, ibarəli, dumanlı sözlərə bürünəcəkdir ki, bu ağırçəkili və mürəkkəb ifadələrin altında özünün xırda, əhəmiyyətsiz, biçarə və bayağı fikirlərini gizlədə bilsin. Necə ki, çirkinliyinin fərqində olan bir insan, onu gizlətmək istəyəndə, onda olmayan möhtəşəm gözəlliyi paltarların zahiri dəyəriylə əvəzləməyə və fiqurasının eybəcərliyini, düşkünlüyünü varvarsayağı bəzəklərlə, lələklərlə, büzmələrlə, güləbətinlərlə, mantiyalarla maskalamaya çalışır. Əgər belə insan bayıra çılpaq çıxmalı olsaydı, necə pərt hala düşəcəyini təxmin etmək olur. Ona bənzər həmin müəllifi, kitabının təmtəraqlı dumanını seyrəldərək, cövhərindəki xırda məzmunu göstərməyə məcbur etsəydilər əgər, o da oxşar pərtliyi yaşayardı ”.

Yeri gəlmişkən, istəyən sənətsevər, hansısa ədəbi, fəlsəfi mətni, hansısa sənət, yaxud kinematoqrafiya əsərini qiymətləndirərkən bu maraqlı analizi kriteriya kimi götürə bilər.

Bu fikirlərin mizantrop müəllifindən fərqli olaraq Höte sosial həyatında xeyli ünsiyyətcil sayılardı (Həmin filosof, Kantla Höteni alman kültürünün bir-birini tamamlayan iki kültür dahisi kimi qiymətləndirirdi. Kant onun nəzərincə xalis əql insanı, hətta əxlaqı da ağılla isbatlamağa cəhd edən rasionalist bir zahid, Hötesə şəhvətsevər, sevib-sevilən, gülümsər, tez-tez əqlin otayına aşıb özünü təbiətin stixiyasına, duyğular selinə buraxan qüvvətli bir şairiydi və filosof düşünürdü ki, alman kültürü, gələcəkdə də öz irmaqlarını bu iki nəhrdən çıxaracağı təqdirdə, öz böyüklüyünü, zənginliyini qoruyacaqdı. Sözügedən filosofu Hötenin özüylə də müqayisələndirib uyğunlaşdırmaq olar. Özü təməllicə insansevməz, asosial, acıqlı, qızğın, dalaşqandı, fəqət təklikdə tez-tez şənlənərdi. Hötesə təməllicə insansevər, həyatsevər, aləmə açıq, sosial baxımdan özgüvənlidi, fəqət təklikdə tez-tez həyatın bütov halına, ətrafı bürüyən iztiraba dair qüssələr içində boğulur. Həyatları və yaradıcılıqları boyunca bəzən həmin filosof Hötenin mənəvi dalğasına girir, bəzən Höte onunkuna). “Anadangəlmə təbii cəhətlərimiz bizi ictimaiyyət içində bu və ya digər uyğunsuz davranışa sürükləyə bilər, ancaq onları nizamlayıb, tərbiyələndirməyə heç bir köməyi olmayacaqsa, aldığımız təhsil nəyə yarayar ki?” deyibən, Ekkermana məsləhət verir ki, insanların ona uyğunlaşacağını gözləməsin, əksinə, özü onlara öyrəniləsi, araşdırılası fərd kimi yanaşsın. Belə davransa, qarşısına çıxan hər kəslə ünsiyyət yarada, çeşidli xarakterləri tanıya və sosial yaşamda ehtiyac duyulan bacarıqları özündə yaradıb tərbiyələndirə bilər. Çünki, həyatımız boyunca ən müxtəlif, bir-birinə zidd xarakterlərlə baş edəsi olacayıq, bununçün özümüzə hakim olmağı öyrənib, tərbiyələnməliyik. Və bu söhbətin sonunda çəkingən, qapalı həyata meyilli “əcaib bir Xristian” olan Ekkermanı, “bu fəaliyyəti alındırmaqda zənn etdiyinizdən də böyük imkanlara sahibsiniz, bu işin başqa çarəsi yoxdu, əngin dünyaya açılmanız gərəkir, ancaq yenə də ürəyiniz necə istərsə, elə davranın” sözləriylə ruhlandırmağı unutmur.

Ekkermanın Hötesi məsləhətlə qalmır, ruhun incə, gizlənmiş yönlərini sezməyə, dəyərləndirməyə, onun sahibini həvəsləndirməyə, həyata yönəlik sevgiylə təchiz etməyə də ürəklə can atır.

Qoy, Hötenin, yazının birinci hissəsində bəhs edilən ingilis ədəbiyyatı sevgisini alovlandıranlar arasına Oliver Qoldsmit, Henri Fildinq, Şekspir də əlavə edilsin: “ Lord Bayronla, Tomas Morla, Valter Skottla dəyər yarışına girəcək  üç yazı qəhrəmanını Almaniyanın harasında tapa bilərik indi?”

Höte, yeri gəlsə vətəninin müəyyən cəhətlərinə tənqidi yanaşar, ancaq onu kimsənin yanında aşağılamaz. Örnəyi, evinə qonaq çağırdığı ingilis zabiti Cənab H. ilə ingilis və almanlar arasındakı  münasibətlərdən söz açarkən, almanların bu mənada əlli il öndə olduğunu, ingilis dili və ədəbiyyatıyla əlli ildən artıqdır məşğul olduğunu, ingilis yazıçılarını, həyat tərzini yaxşı bildiyini, yabançılara xas olan üstün özəllikləri görüb mənimsəmək qabiliyyətinin almanlarından ruhundan doğduğunu vurğulayır və  Cənab H-nın, almancanı yaxşı başa düşməyi öyrənsə də, dərin mədəni mövzularda özünü ifadə etməkdə çətinlik çəkdiyini bildirən sözlərinə bu cümləylə qarşılıq verir: “elənçi qeyri-sıravi mövzular barədə öz dilimizdə söhbət etmək bizim özümüz üçün də çətin olur. Qoy, bu da sizə təsəlli olsun”.

Göründüyü kimi Hötenin nəzakəti aşıb-daşmağına davam edir.

Arada söhbət qadın şairlərə gəlib çıxır. Saray müşaviri Rehbein, qadınların şeir yazmağını düşüncə baxımından cinsi stimul kimi xarakterizə edəndə  Höte gülür və mükəmməl rəsmlər çəkən, fəqət evlənməklə bu həvəslərindən uzaqlaşıb uşaqlarıyla məşğul olmağa başlayan xanımları xatırlayır. Lakin buna rəğmən, ən azından möhtəşəm şeirlər müəllifi olan bircə şairəylə- Teresa von Yakob adlı güclü qızla yetərlənib nikbinliyi qorumağı təklif edir (O dövrün ədəbiyyat jurnalı olan “Kunst und Altertum”da həmin şairənin şeirlərinin dəyəri barədə məqalə də yazır).

Az sonra Höte və qadınlar mövzusuna yenidən qayıdacağam.

Müəllifini xatırlamadığım bir kəlamda deyilir ki, yazıçılar o nəsnələri görməmişdən, duymamışdan, adlandırmamışdan öncə heç kim onları görmürdü, duymurdu, adlandıra bilmirdi. Bəlkə bir az irrasional düşüncə sayıla bilər, hərçənd cövhərində gerçəklik payı sezilir. Almaniyada dövri olaraq nəşr olunan ilk ədəbi jurnal “Der Deutsche Merkur”un naşırı, şair və nasir Kristof Martin Vilandın, Almaniyanın yüksək təbəqəsinin düşüncə və danışıq üslubuna göstərdiyi böyük təsirdən söhbət düşəndə bu kəlam yada düşdü. Bir düşünər-yazar yetişir, əsərlər yazır, jurnal çıxarır, doğma dilini zənginləşdirməyə can atır və yüksək təbəqə yazı üslubunu, danışıq tərzini, dolayısıyla düşünüş fəaliyyətini bu kültürlə təməlləndirir, onu oxuyub öyrənir. Və yüksək təbəqənin bəhrələnib yaratdığı həmin mədəni model sonralar yavaş-yavaş, istər-istəməz, zaman-zaman xalqın mənəvi varlığına işləyir..” Özünü doğru düzgün ifadə etmək qabiliyyəti kiçik görüləsi, önəmsiz bir şey deyildir...Pis olana pis desəm, bundan nə qazanaram ki?” söyləyən Hötenin kiçildici, aşağılayıcı, pisləyici tövrə mehr salmayıb, həmişə yüksəldici, ucaldıcı nəsnə və yaşantılarla maraqlanmağı ərdəm sayması bütün əsər boyunca hiss olunur.

Qlobal istilənmə, ekoloji çirklənmə, dünyəvi kapitalizm, nüvə silahlarıyla bağlı təhdidlər çağında, iqtisadi-sosial baxımdan nə dərəcədə inkişaf etməyindən asılı olmayaraq, modern sivilizasiya daxilində mövcud olan hər ölkənin vətəndaşlarının zatən artıq dünya vətəndaşı sayılmalı olduğunu düşünürəm. Vətəndaş özü bundan xəbərsiz ola bilər, fəqət yuxarıdakı dünyəvi və obyektiv təhdidlər onu, necə deyərlər, avtomatik dünya vətəndaşına çevirir. Biz Avropa, Yapon, Koreya, Amerikan filmlərini, seriallarını izləyirik, bir çox insan o regionlarda istifadə edilən avtomobilləri, maddi əşyaları arzulayır, əldə etməyə çalışır və əldə etdikdən sonra da elə orada yaşayan insanlar sayağı istifadə etməyi bacarırlar.

Bu baxımdan, ədəbiyyata, sənətə, fəlsəfəyə maraq duyduğum ilkin dönəmlərdən indiyədək, qarşımda, “nəyə görə bizdə filan cür ədəbi əsərlər yoxdur, kinolar çəkilmir?” kimi suallar demək olar heç zaman yaranmayıb. Ara-sıra bu tip suallar qeyri-ixtiyari şəkildə və zəif toxunuşla özünü hiss etdirsə də, vəziyyətin səbəblərini özümçün müəyyən qədər aydınlaşdırdığımı düşündüyüm üçün, onları ciddi və narahatedici problem kimi görmək meylim oyanmayıb. Həmişə düşünmüşəm ki, əgər Azərbaycanda yaxşı sənət əsəri, elmi-fəlsəfi mətn yoxdusa (yaxud azdısa), bəşəriyyətin, oxumağa, baxmağa, dinləməyə uzun bir ömrün yetməyəcəyi əngin kültür xəzinəsindən bəhrələnmək istənilən halda bu boşluğu  doldurmağa kifayət edər. Uzaq bir məmləkətdə yaşayan hansısa bir avropalı sənətkarın filminə tamaşa edirsən, mütəəssir olursan, hətta gözlərin dolur. Bu digər məqamlardan başqa daha nəyin göstəricisidir? Səninlə, həmin filmi, ssenarini düşünüb xəyal edən və çəkən rejissor, müəllif arasında duyğusal baxımdan, bilinc işləyişi baxımından xüsusi və kəskin fərqlərin olmadığının göstəricisidir. O, görür, hiss edir, ifadə edir, sən onun ifadəsini izləyir və kövrəlirsən, sevinc, qorxu yaxud sevgi duyursan. Yabançı və səndən çox-çox uzaqlarda yaşayan həmin müəllifi hiss edirsən. İkiniz də Homo Sapienssiniz (yaxud bir-birinə xeyli yaxın iki növün nümayəndəsi. Əksi olsaydı, onu bu qədər dərindən duya bilməzdin). O, həyatın bir parçasından duyğulanır, sonra səni duyğulandırmaq istəyir və duyğulandırır. Nə qədər xoş və dəyərli! Demək, nə baş verdi? Hipokampus, amiqdala və talamusla neokorteks arasındakı bilgi-duyğu gediş-gəlişi (yaxud alış-verişi) təmin olundu və içimiz mənəvi baxımdan dolğunlaşdı. Dünyəvi kültür o qədər zəngin və çoxcəhətlidir ki, adam beş insan ömrü boyunca baxsa, oxusa , eşitsə belə, bitirib sonlandıra bilməz. Hərçənd Homo Sapiens təmin olmaq üçün yaranmayıb, burası da aydın, ziddiyyətli, mürəkkəb məsələdir. Və söz yox ki, insanın öz vətənində yaşayan yaradıcı fərdlərin yaratdığı dərin və gözəl əsərlər hər zaman onu daha çox şərəfləndirər, ruhuna rahatlıq və təsəlli gətirər.

Höte, oxşar mövzuyla bağlı düşüncələrini bölüşərkən, ədəbiyyatın, sənətin, ənənəvi kültür baxımından bir-birindən fərqli və məsafəcə uzaq olan ölkələrin insanlarını yaxınlaşdırmaqda, doğmalaşdırmaqda necə böyük imkana və gücə malik olduğunu adama yenidən xatırladır.

Dünya heç dəyişmir. Bir xalqın başqa xalqlar kimi yaşadığı, sevdiyi, hiss etdiyi şeylər təkrarlanıb durur, belədisə, nəyə görə bir şair də digərləri kimi yazmasın? Yaşanan hadisələr eynidisə, nə üçün şeirlərin də mövzuları eyni olmasın?”, söyləyən Höte, dostu professor Reimerin, “bax, duyğuların və yaşamın məhz bu cür bənzərliyi, digər xalqların, millətlərin şeirlərini də anlayacaq durumda olmağımıza imkan yaradır. Əgər belə olmasaydı, yabançı millətlərin şeirlərində nədən bəhs edildiyini heç cürə anlamazdıq” sözləriylə razılaşdığını bildirir.

Höteni çox sevən və onun haqqında ədəbi-bioqrafik kitab yazan bir müəllifin dediyinə görə, Hötenin gənclik illərinin Almaniyasında eşq hər şeydən ucaymış. Alman xanım yazıçısı Varnhagen von Rahel (1771-1833) bu dövr barədə söylərmiş: “O zamanlar bir eşq dini vardı ki, qəlbdən gələn hər səmimi duyğu həmin dində müqəddəs bilinərdi.” Sevmək ən təbii istək sayılarmış. Əgər mənəvi həyatında bu qədər yüksəlmisənsə, duyğularını gizli saxlamaq, onları üzə çıxarmaqdan qorxmaq doğru seçim olardımı? Saxtakarlıqdan xilas olmuş eşq bütün ürəkləri dirildib çiçəkləndirirmiş və eşqin yaratdığı yeni əxlaqi kəlam buymuş: Eşq hər şeyi təmizləyər!

Dönəmin bu Eros enerjisinə bürünən Hötenin ilk eşqi aşağı təbəqədən olan, Qretxen olan incə bir qızıymış. Ancaq, “Üzərimdə ən sürəkli təsirini saxlayan ilk qadın o idi” dediyi bu qıza duyduğu sevgi platonik səviyyədə qalır.

Leypziqdə onu özünə heyran buraxan xanım isə iyirmi bir yaşlı Katçen oldu. Hötenin bu yaşında sevdiyi xanımlar nə çox gözəl, nə çox zəkiymişlər. Fəqət nazlıymışlar, ruhi məlahət saçarmışlar.  On doqquz yaşlı Höte, ona ilk sevgi xoşbəxtliyini yaşadan bu gənc xanıma, ehtiraslı xatirələrdən yaranmış bu misraları həsr edir:

“ Necə lətif bir qüvvət, gör, onu canlandırır!

Onu daima yeni bir gözəllik sarıyır. O, qüsursuzdur.

Yeganə günahi isə, budur, məni sevməyi.

Atəşin və sayğıyla, ayaqlarına düşürəm,

Ehtiraslar içində köksünə atılıram.”

Ümid edirəm oxucu, şəhvətlə sayğının, on doqquz yaşlı gəncin dərin həssaslığı sayəsində bir-birinə qarışdığı bu misraların tərcüməsindəki naqisliyi şair olmayışıma bağışlayar.

 

(Ardı ola bilər)


Kultura.az

Yuxarı