Babək Abbaszadə - Müharibədə Ölənlər

Литература

Hekayə

Onun atası müharibədə ölmüşdü, babası da, özü də öləcəkdi. Atasının babası da müharibədə öləcəydi, ağıllı tərpəndi, tez öldü.

O, atasının qisasını almaq istəyirdi, atası da babasının. Babası heç nə istəmirdi, heçnədən getmişdi. O, kasıb idi. Ona görə müharibəyə həvəslə getdi. 

O elə bilirdi atasını güllə ilə vurub öldürəndir günahkar, özü müharibədə adam öldürən qədər. Özü güllə atanda başa düşdü ki, müharibədə əsl günahkarlar güllə atanlar deyil, güllə atmayanlardır. Silahı olanlar deyil, silahı olmayanlardır. Silah götürüb döyüşmək lazımdır deyən, amma özü döyüşməyənlərdir.
Onu evdən idarəyə, idarədən qatar stansiyasına, ordan cəbhəyə aparmışdılar. Geyim vermişdilər, təlim keçmişdilər, güllə vermişdilər, silah vermişdilər, silahın ağzını çevirib demişdilər, at! O, sadəcə tətiyi çəkmişdi. 

Vaxtilə qisas almaq istədiyinə görə çox peşman idi. Müharibədən oğluna məktub yazdı: “Məni vursalar, qisas alma, dərslərini oxu, mamanın sözünə bax, bacından muğayat ol”.

Artıq geriyə yol yox idi, heç irəliyə də. Arxadan, geriyə qaçanları pulemyotla vururdular, qabaqdan, irəliyə qaçanları da. Bu iki pulemyotun arasında o, başını aşağı salıb gülləsini atırdı. Daha onluq bir şey yox idi. Güllə kimə dəyərdi, kimə dəyməzdi, özü bilərdi. Onun işi başını gizlədib tətiyi çəkmək idi. 

İki pulemyotun arasındakı fərq bircə o idi ki, arxadakı dah yaxın idi. Ona görə, əgər, harasa qaçmaq istəsən, irəliyə qaçmaq daha sərfəli idi. 

O, başa düşürdi ki, müharibədə irəli qaçanda əsir düşsən, sağ qalmaq şansın var, arxaya qaçanda, əsir düşsən, yox. İrəli qaçanda vurulsaydı qəhrəman olacaqdı, geri qaçanda vurulsaydı xain. Ona görə o, irəliyə doğru qaçdı, 8 addım. Qoyub uzatdılar. 

Ara sakitləşəndə onu götürüb sanitar maşınla göndərdilər yaxınlıqdakı kənddə yerləşən hospitala. Hospitalda əvvəl hamı həvəsli idi, fikirləşirdilər əfsanəvi qəhramanları müalicə edəcəklər. Sonra gördülər yaralıların hamısı adi adamlardır, onlar kimi, ətdən və qandan. Həvəsləri qaçdı. Darıxmağa başladılar. Yaralıların biri ağlayırdı, biri darıxırdı, biri evə getmək istəyirdi, biri müharibə çıxaranı söyürdü. İlk dəfə müharibəyə cəlb olunan cavan həkimlər əməlli dilxor olmuşdular. Kinolarda gördükləri, tez sağalıb cəbhəyə qayıtmaq istəyən qəhrəmanlardan əsər əlamət yox idi. Cəmi bir yaralı sağalıb yenidən döyüşmək istəyirdi, onun da banklara çoxlu borcu var idi. Deyirdi gedən kimi yenə zəng eləyib bezdirəcəklər, elə salamatı buralardır.

Tibb bacıları lap dilxor olmuşdular. Onlar həm də ağ atlı oğlan gözləyirdilər, yaralılarınsa heç biri sevgi hayında deyildi. 

Əvvəllər iynə-dərman çox idi, yaralı az, ona görə hamını müalicə edirdilər. Sonra iynə-dərman azaldı, yaralılar çoxaldı. Yuxarıdan zəng gəldi, yalnız sağalıb yenidən döyüşə biləcəkləri müalicə edin. Baş həkim dedi, baş üstə. 

Yaralıları qəbul edən baş həkim xəstəyə 3 saniyə baxıb, başı ilə tibb bacı və qardaşlarına ya sağa işarə edirdi, ya da sola. Sağda morqa yaxın gözləmə palataları idi, solda müalicə palataları. 
Bəzən baş həkim olmayanda təzə və təcrübəsiz həkimlər ürəyiyumşaqlıq edib əlini, ayağını itirmiş yaralıları da müalicə palatalarına yazırdılar. Baş həkimin gözünə girmək istəyən tibb bacı və qardaşları bunu tez baş həkimə çatdırırdılar. O da təzə həkimlərə əsəbləşib deyirdi, vallah, siz axırda məni tutduracaqsınız.

Adətən, yaralının sağlıq ya solluq olması baxan kimi bilinirdi. Onu isə qarın boşluğundan vurmuşdular. Bilinmirdi güllə daxili orqanlarını zədələyib ya yox. Ona görə də, baş həkimin otağında bərk mübahisə qopdu. Əyləncənin nadir tapılan lüks olduğu kənd həyatına öyrəşməmiş şəhərli həkimlər, əylənmək üçün heç bir xırda fürsəti boşa vermirdilər. Onun məsələsini də əyləncəyə döndərdilər. Əmrə itaət etməyə meylli adam olan baş həkim hər ehtimala qarşı onu da sağa, morqa tərəf görndərmək istəyirdi. Allah eləməsin, sağalar amma döyüşə bilməz, o boyda iynə-dərman heyif olar, müharibənin qızğın vaxtında. Üstəlik də töhmət. Ona görə də, baş həkim onun üzünə baxıb dedi, rəngi sapsarıdır, içi dağılıb. Təzə və təcrübəsiz həkimlər isə həm özlərini baş həkimə sübut eləmək üçün, həm də mırta dirəşdilər ki, ona heç nə olmayıb, güllə boşluqdan keçib. Biri oxuduğu kitabların adını çəkdi, biri nəzəriyyələrin, biri alimlərin. Otaqda hər kəs tərəf tutmuşdu, hətta tibbdən heç nə anlamayan tibb bacı və qardaşları da, ondan başqa. Düzdür o ölmək istəmirdi, amma sağalıb yenidən döyüşmək də istəmirdi. Ona görə, akademik neytrallığını tam qoruyub saxlayırdı. Arada baş həkimin tərəfinə keçirdi, arada təzə həkimlərin. Tibbin bu qədər maraqlı olduğunu bilmirdi. Bilsəydi həkim olardı. 

Çənələr qızışdı. Söhbət böyüdü. Aləm dəydi bir-birinə. Bir də baxdılar ki, o ölüb. Araya sükut çökdü.  Onun nəbzini yoxlayan baş həkim sakitcə qımışa-qımışa dedi, gördüz?

Kultura.az


Kultura.az | Developed by Samir Yahyazade