post-title

Vermaxtla Qırmızı ordu arasında

Səhv etmirəmsə, 2012-ci ilin sentyabrın 15-i idi. Bakının qurtuluşunun növbəti ildönümü münasibətilə Türk şəhidliyini ziyarət etmişdik. Sonra isə iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun məzarına yaxınlaşdım. Axşam hər iki ziyarətdən şəkilləri Facebookda yerləşdirəndə bəzi istifadəçilərin təəccübünə tuş gəldim. Onların fikrincə, bu iki hadisə bir-birilə uyuşmurdu. Cavab verdim ki, uzun müddətə dövlətçiliyini itirmiş xalq üçün belə hallar təbiidir.

Hər dəfə nasizm üzərində qələbə günü yaxınlaşdıqda sosial şəbəkələrdə vermaxt tərəfində döyüşən legionerlərə münasibətlə bağlı diskussiyaların qızışdığının şahidi olursan. 30 il öncəyə qədər bu mövzuda yekdil fikir hakim idi – hər hansı bir səbəbdən almanların tərəfinə keçənlər xaindirlər, vəssalam. Lakin tarix üzərində ideoloji basqı zəiflədikcə, qeyri-sovet mənbələrinə çıxış əldə olunduqca Sovet ittifaqına münasibətlə tərs mütənasib olaraq legionerlər haqqında fikir də dəyişməyə başladı. İndi bir çoxları üçün onlar Azərbaycanın istiqlalı uğrunda döyüşən mücahidlər idilər. Lakin əvvəlki fikrin tərəfdarları da qalmaqda idilər və heç də azsaylı olduqlarını söyləmək olmazdı.

Əksər hallarda olduğu kimi bu dəfə də fərqli fikir sahibləri antaqonist mövqe sərgiləyirlər. Bu səbəbdəndir ki, mövzu ətrafındakı mübahisələr bir qayda olaraq qarşılıqlı ittihamlarla yekunlaşır. Bir tərəf digərini faşist adlandırır, əvəzində isə rusofillikdə ittiham olunur və s. Növbəti ildə də hər şey yenidən təkrarlanır.

Əslində hər iki tərəfin mübahisə zamanı gətirdikləri arqumentlər kifayət qədər əsaslıdır. İstər sovet, istərsə də nasist rejimlərinin cinayətləri haqqında saysız-hesabsız faktlar sadalayıb öz mövqeyini haqlı çıxarmaq mümkündür. Lakin əks arqumentlər də eşidəcəksən.

Mənim yanaşmamda isə belə bir antaqonizmə gərək yoxdur. Azərbaycan əsgərlərinin ikinci cahan savaşındakı iştirakına dövləti olmayan xalq prizmasından baxmaq lazımdır. Bu baxış isə hər iki tərəfdə döyüşənlərə normal, sayğılı münasibət sərgiləməyə imkan verir.

Bəşər tarixinin ən böyük hərbi toqquşmasına Azərbaycan qeyri-ixtiyari cəlb olunmuşdu. 21 il öncə ölkəni işğal və ilhaq edən Rusiya bu dəfə özü təcavüzə uğramışdı. Beləcə, təbəəsi olduğumuz dövlətin müdafiəsinə qoşulmalı olduq. Bu vəziyyətin hüquqi əsasları haqqında istənilən qədər dartışmaq olar. Amma mənəvi aspektdən yanaşdıqda işğal edilmiş xalqın nümayəndələrinin işğalçını müdafiə etməyə məcbur olduqlarını kimsə deyə bilməz. Məgər bugün Azərbaycan işğal olunarsa, 20 il sonra bizim gənclər həmin işğalçı dövləti qorumağa borcludurlarmı? Təbii ki, xeyr. Buna görə də mövzuya siyasi yöndən qiymət verilməsi, sədaqət, vətənpərvərlik kimi dəyərlərlə yanaşılması kökündən yanlışdır.

Müharibə dövrünün hərbçiləri və çağırışçıları əsasən sovet işğalı ərəfəsində və ya sovet dövründə anadan olmuş insanlar idilər. Onların əksəriyyətinin alternativsiz sovet təbliğatın təsirinə uyaraq SSRİ-ni vətən saymaları, müstəqil Azərbaycan Demokratik Respublikası və Müsavat haqqındakı iftiralara, 1920-ci ilin aprelində həqiqətən də inqilab baş verməsinə və XI ordunun xalqımıza köməyə gəlməsinə inanmaları başadüşüləndir. Digər tərəfdən, müharibədə iştirak həvəsi heç də həmişə vətənpərvərlikdən irəli gəlmir. Bu zaman avantüraçılıq, məcaraçılıq, özünütəsdiq cəhdi də öz sözünü deyir. Bu amili Qurban Səid “Əli və Nino” əsərində Əli xanın qoçusunun dili ilə gözəl təsvir edir. Birinci cahan savaşını şövqlə qarşılayan qoçu deyir:

- Təbii ki, mən müharibəyə gedəcəyəm. Amma bilirsən ki, mən müharibəyə getməyə də bilərəm. Çünki biz müsəlmanlar hərbi xidmətdən azadıq. Ancaq ona baxmayaraq mən yenə də müharibəyə getmək istəyirəm, – deyə sadəlövh qoçum birdən-birə həyəcana gəldi. - Müharibə yaxşı şeydi. Müharibənin sayəsində çox səyahət etmək və uzaq diyarlara getmək mümkün olacaqdı. Qərbdə küləklərin vıyıltısını eşidəcək və düşmənlərin tökdükləri göz yaşlarını görə biləcəyəm. Müharibəyə getsəm mənə bir at və bir tüfəng verəcəklər. Mən silah dostlarımla birlikdə tutduğumuz kəndlərin içərisindən böyük ruh yüksəkliyi ilə keçəcəyik. Müharibədən qayıdanda isə özümlə çoxlu pul gətirəcəyəm, qəhrəman olduğum üçün hamı mənim qəhrəmanlığımı bayram edəcək. Əgər həlak olsam, əsl kişi kimi döyüş meydanında qəhrəmancasına həlak olacağam. O zaman da hamı mənim qəhrəmancasına həlak olmağımdan danışacaq, oğluma və atama böyük hörmət göstərəcəklər. Kimə qarşı olursa-olsun müharibə yaxşı şeydir. Kişi gərək ömründə heç olmasa bir dəfə müharibəyə getsin.

Əsərin digər iki personajı – İlyas bəy və Məmməd Heydər də savaşı ruh yüksəkliyi ilə qarşılayırlar, imtahan verib çar ordusunun zabiti olurlar. Lakin az sonra Osmanlı sultanının Rusiyaya müharibə elan etməsi onları pərişan edir. Çünki türklərə, xəlifə-sultana qarşı döyüşmək istəmirlər. Axı onları savaşa cəlb edən heç də vətənpərvərlik deyildi, məcaraçılıq idi. Əsərin qəhrəmanı Əli xan Şirvanşir isə atasının qınağına, sevgilisi Ninonun təəccübünə rəğmən “bu mənim müharibəm deyil” deyərək birinci cahan savaşına qatılmaqdan imtina edir.

Lakin ikinci cahan savaşı zamanı azərbaycanlıların könüllü gedib-getməmək kimi seçimləri yox idi. Təbii, könüllülər də vardı, lakin əksəriyyəti çağırışçılar təşkil edirdi. Onların hamısının sovet təbliğatına inandıqlarını söyləmək çətindir. Hər halda, məhz onların gözü önündə repressiya dəyirmanı onminlərlə insanı udmuşdu. Bu insanlar sovet ordusunun tərkibində xoş-naxoş döyüşürdülər, başqa yolları da yox idi. Lakin alman əsirliyinə düşən zaman sovetlərə sadiq qalmaq üçün əsas görmürdülər.

Sovet insanları tarixi hadisələrə və personajlara birmənalı yanaşmağa alışıq idilər. Onlar hər hansı bir konfliktdə mütləq haqlı və haqsız tərəf tapırdılar, münasibətləri də bu yöndən formalaşırdı. Bu alışqanlıq indi də özünü göstərir. Günümüzdə hətta Babək haqqında mənfi fikirlərə rast gəlmək olur. Şünki o İslam xilafətinə qarşı döyüşmüşdü, deməli haqsız idi. Halbuki, Babək tarixdə bərabərinə nadir hallarda rast gəlinən qəhrəmandır.

Bu yanaşmanın təzahürü idi ki, sovet ədəbiyyatında, kinematoqrafında müsbət alman əsgəri obrazına rast gəlmək mümkün deyildi. Hətta Manşteyn, Rommel, Guderian kimi hərbi dühaları olan alman generaliteti də küt, ən yaxşı halda orta səviyyəli təsvir edilirdi. İdeologiyalaşmış cəmiyyətlər düşmənə hörmətlə yanaşmağa, onun bacarığını və qəhrəmanlığını layiqincə qiymətləndirməyə hazır olmurlar. Ona görə də 64 təyyarəni vurmuş Kojedub qəhrəmandır, 352 nəticəsi olan Hartmann isə yox. Stalinqradda 330 min almanın mühasirəyə alınmasını hərbi istedad kimi tərifləmək olar, Kiyevdə 650 min sovet əsgərinin mühasirəsini isə yox. Rusiya vətəndaşlarının belə münasibəti yenə aydındır, bizimki isə yox.

Ümumiyyətlə, tarixdə həmişə haqlı və haqsız tərəf olmur. Hər iki tərəfin haqlı və ya haqsız olduğu nümunələr tapmaq olar. Azərbaycan övladları da ikinci cahan savaşında elə bir durumla üzləşmişdilər ki, istəyindən asılı olaraq tərəflərdən hər birini haqlı və haqsız çıxarmaq mümkündür. Onlar bəşər tarixinin iki ən amansız, ən cinayətkar rejimlərindən birini seçmək zorunda idilər. Məgər sovet dövləti Polşaya və Finlandiyaya təcavüz edərkən haqlı tərəf idimi? Axı o zaman bizim əsgərlər Vermaxtın müttəfiqi kimi çıxış edirdilər.

Bu səbəblərə görə də mən ikinci cahan savaşında döyüşən azərbaycanlılara tutduqları tərəf baxımından, siyasi və mənəvi aspektlər yönündən yanaşmıram. Bu müharibədə göstərdikləri şücaətlər daha önəmlidir. Sovet komandanlığının 416-cı diviziya haqqında təriflərindən də qürur duyuram, Vermaxt rəhbərliyinin “Aslan” batalyonu haqqındakından da. 
Bilirəm, bir çoxlarına bu qəribə gələcək, anlaşılmaz görünəcək. Amma qəribə bir şey görmürəm.

İspaniyada 1936-1939-cu illərin Vətəndaş müharibəsi kifayət qədər amansızlıqlarla müşaiyət olunmuşdu. Hər iki tərəfdən ümumilikdə 450 minə qədər insan həlak olmuşdu. Özü də bunların 100 minə yaxınını siyasi repressiya qurbanları təşkil etmişdi. Lakin müharibədən 20 il sonra, 1959-cu ildə hər iki tərəfdən ölənlərin xatirəsinə Valle de los Caídos abidəsi açıldı. Bu zaman ölkədə heç bir siyasi dəyişiklik baş verməmişdi. Hakimiyyətdə hələ də general Franko idi. Biz isə savaşdan 70 il, SSRİ-nin dağılmasından 25 il keçəndən sonra da bizim olmayan müharibədə haqlı və haqsız tərəf axtarırıq.

Onu da qeyd etməyi lazım bilirəm ki, analoji yanaşmamı Almaniya tərəfə keçən ruslara, vlasovçulara aid etməzdim. Çünki Vətənində rejim nə olursa olsun, onu işğal və ilhaq etməyi düşünən düşmənə qoşulmaq xəyanətdir. Hakimiyyətin bolşeviklərdə olması belə almanlara qoşulmaq üçün ruslara əsas verə bilməzdi.

İkinci cahan savaşında hər iki tərəfdən həlak olmuş Azərbaycan övladlarına Tanrıdan rəhmət diləyirəm.

Yadigar Sadıqlı

Meydan.tv
Yuxarı