Milet Bazarının söhbətləri

Альтернатива

Bir neçə gün bundan əvvəl Berlindəki məşhur Pergamon muzeyini bir daha gəzmək qismət oldu. Aradakı illərdə oxuduqlarımdan, gördüklərimdən, eşitdiklərimdən dolayı, bu dəfə bəzi eksponatlar mənim üçün xüsusi bir əhəmiyyət daşıdı. Onlardan biri də şəkildə gördüyünüz, qədim Milet şəhərinin bazar qapılarıdı.

Milet bir zamanlar indiki Türkiyənin Egey sahillərində mövcud olmuş, qədim yunanların yaşadığı bir şəhər idi. Bu şəhərlə ən çox assosiasiya olunan tarixi şəxs də antik dövrün ilk filosofu sayılan Miletli Falesdir (bəzi dillərdə Thales kimi yazılır.)

Deyilənlərə görə Fales (E.Ə. 624-546) çox gəzmiş, çox oxumuş, öz dövrünün qabaqcıl sivilizasiyaları Misir, Babil və digərlərindəki elmi yeniliklərdən xəbərdar biri imiş. Məhz bu biliklərə malik olduğuna görə E. Ə. 585-ci ildə baş vermiş Günəş tutulmasını əvvəlcədən şəhər sakinlərinə xəbər verir. Sözsüz ki, heç kim ona inanmır. Çünki dövrün yunan xalqının qəti rəyi belə idi ki, Günəş tutulması tanrılara aid bir işdir və heç kəs bunu əvvəldən söyləyə bilməz.

Amma Günəş tutulması baş verir və insanlar şoka düşür. Məlum olur ki, bu heç də tanrılara aid bir iş deyilmiş; insan övladı biliyin köməyi ilə bunu əvvəldən çox rahat söyləyə bilər.

Məhz bu məsələyə - qədim yunanların üzünü göylərdən yerə, elmə-biliyə yönəltməsinə görə Falesi Qərb fəlsəfəsinin ilk nümayəndəsi hesab edirlər. Həyatın sudan yaranması fərziyyəsindən tutmuş astronomiyaya qədər - elmin müxtəlif sahələri ilə yunanları məhz Fales tanış edib.

Bəşəriyyətin üzərində indiyə qədər diktəsini davam edən Antik Yunan elm və mədəniyyəti Falesdən sonra meydana gəlmişdir: Pifaqor, Heredot, Sokrat, Platon, Aristotel.. Falessiz onların heç biri olmayacaqdı. Ya da başqa coğrafyada, başqa sivilizasiyada olacaqdılar.

Elə bax bu şəkildə gördüyünüz gözəl memarlıq əsəri də yunanların Falesdən sonra yaxaladıqları inkişafın əsəridi. Onunla bu əsərin arasında haradasa 4 əsrlik zaman məsafəsi var.

Milet bazarının “Pergamon muzey”ində sərgilənən qapılarıyla bu dəfəki rastlaşmam mənə həm də bu bazarda toplaşan camaatla Falesin arasında yaşanmış məşhur əhvalatı xatırlatdı.

Yuxarıda bəhs etdiyim kimi, Falesin Günəş tutulmasını əvvəlcədən söyləməsi insanlarda beyin fırtınasına; tanrılara olan min illik inamı azaltmağa, yeni tanış olduqları elmə marağı isə çoxaltmağa səbəb olmuşdur.

Bütün bunlara baxmayaraq, geniş zəhmətkeş kütlələri maraqlandıran əsas suallardan biri Falesin həmşəhərlilərini hələ də rahat buraxmırmış. Nəhayət, qapıları indi Berlin muzeyində sərgilənən Milet bazarının camaatı həmin sualı filosofa vermək cəsarətini toplayır: Yaxşı, sən belə ağıllısansa, bəs niyə kasıbsan?

Deyirlər Fales kağız-qələmini götürür, ulduzun, ayın-günün hərəkətlərini müşahidə edərək yəqin edir ki, gələn il zeytun çox böyük məhsul verməlidir. Qışdan başlayaraq şəhərin yağçəkmə dəzgahxanalarını ucuz qiymətdən icarəyə götürməyə başlayır. Vədə tamam olur, zeytunlar yetişir və Falesin qazandığı pulu yığıb-yığışdırmaq olmur.

Antik dövrdən indiyə qədər öz məşhurluğunu saxlayan bu əhvalatın sonu belə bitir ki, Fales ona bu sualı verən bazar camaatına deyirmiş: "Gördüyünüz kimi istəsəm çoxlu pul da qazana bilərəm, amma mənim işim bu deyil."

Firudin Allahverdi

Kultura.az | Developed by Samir Yahyazade