Qismət - Dişlərdən hərflərə...

Литература

TEAS PRESS nəşriyyatında yenicə çapdan çıxan “Edqar Podan Etqar Keretə qədər – 32 müəllif 32 hekayə” antologiyasına Qismətin yazdığı önsözü təqdim edirik. Qeyd edək ki, antologiyadakı hekayələri ingilisdən dilindən İlahə Əkbər tərcümə edib. 

Kitabın tərtibçisi Qismət, redaktoru Əyyub Qiyasdır.

Bir neçə il əvvəl İstanbul Kitab Yarmarkasından qayıdarkən, Atatürk hava limanında uçuş vaxtını gözləyə-gözləyə dünyaca məşhur ədəbiyyat dərgilərindən birini vərəqləyirdim. Həmin jurnalda kiçik bir xəbər diqqətimi cəlb etmişdi. Xəbərdə deyilirdi ki, Paris metrosunda “Hekayə maşın”ları quraşdırılıb. Bu maşınların çox sadə işləmə mexanizmi var: oxumaq istədiyiniz müddəti seçirsiniz (1,3, 5 dəqiqə) və qəpiyi atırsız, maşın sizə uzunsov çek vərəqində bir hekayə verir. Bu maşınların hər birinin yaddaşında 7 minə yaxın kiçik hekayə var. İdeyanı çox bəyənmişdim, bu proyektin Bakı metrosu üçün olan variantını da düşünüb bəzi qeydlər etmişdim.“Hekayə maşın”ı ideyası mənə təkcə reallaşdırılması mümkün potensial proyekt kimi maraqlı gəlmirdi. Bu ideya maraq dairəmin repertuarında dəyişməz mövzulardan biriylə bağlı maraqlı suallar da doğurmuşdu. O suallardan ən başlıcası bu idi: “Hekayə maşın”ı ehtiyacı nədən yaranıb? Bu suala cavab axtardıqca, şaxələri ədəbiyyatın sərhədlərini aşıb sosio-ekonomik disiplinlərə yönələn qənaətlər dünyasına qədəm qoysam da, qədim bir həqiqəti özüm üçün yenidən təsdiq etdim: insanların hekayələrə olan əbədi ehtiyacı.

Bakıya qayıdandan sonra  növbəti illərdə çap etdirmək üçün hekayə topluları, antologiyalar tərtib etmək qərarına gəldim. Bu antologiyalar həm həcminə, həm də tərtib prinsipinə görə müxtəlif cür olmalıydı. Məsələn, indi əlində tutduğunuz, hətta ola bilsin ki, bu önsözün bu cümləsini oxuduğunuz  kitab qərb ədəbiyyatında bir neçə janrın banisi hesab edilən Edqar Ponun bir hekayəsi ilə başlayır. Edqar Po dünyada ilk dəfə bir həmkarının – Nataniel Houtornun hekayələri haqqında məqalə yazaraq, həmin dövrdə çox da ciddi qəbul edilməyən bu janrla bağlı analitik müzakirələri də başladan adamdır. Bu mənada kitabın onun hekayəsi ilə açılması təsadüfi deyil.

Kitabda 32 müəllifin hərəsindən bir hekayə olmaqla 32 hekayə var: Edqar Po kimi janrın klassiklərindən tutmuş çağdaş dövrün ən yaxşı hekayəçilərindən sayılan Etqar Keretə qədər xronoloji ardıcıllıq üzrə tərtib edilən bu hekayə antologiyasında dünya hekayəçilik təcrübəsinin təxminən 200 illik dövrünün subyektiv bir perspektivi təklif olunur. Məcazi desək, 32 dişdən 32 hərfə...

Bu kitabı oxumaq sizə nə verə bilər?

Sirr deyil: bu gün ədəbiyyat magistralında aparıcı janr romandır. Tıxacdan şikayət edənlər də var! Hekayə həm asta-asta ana magistrala çıxmaq istəyənlər üçün məşq şansıdır, həm də artıq çoxdanın sürücüsü olanlara tıxac vaxtı ara küçələrə dönmək imkandır.

Köhnə olan, amma köhnəlmək bilməyən bir metafora-analogiyaya var: maddi qidalara qarşı incəsənəti nümunələrini mənəvi qida hesab etmək. Metaforanı davam etdirək: bu kitabdakı “qida”lardan bəzisini udmaq, bəzisini çeynəmək olar, bəzisini birnəfəsə içmək, bəzisini qurtumlamaq lazımdır.

Uzunluğundan asılı olmadan bir hekayəni metroda, avtobus gözləyəndə dayanacaqda (yer tapsanız avtobusun içində də olar), kafedə kimisə gözləyəndə (məsələn, Qodonu) oxuya bilərsiniz.

Bir romanı bitirmək üçün çox vaxt lazım olsa da (bilirəm, qəti vaxtınız yoxdur), hekayə oxumaq qəribə bir psixoloji həzz verir: belə ki, bir hekayə toplusunu oxuyub bitirmək bir kitabın içində bir neçə əsəri bitirmək deməkdir. Hər hekayə  ayrıca bir əsərdir.

Hekayə oxumaq adını-sanını eşitdiyiniz yazıçıların iri həcmli əsərlərinə girişməmişdən qabaq əla dequstasiya imkanıdır. Əgər kitab evlərindən çox super-marketlərdə gəzirsinizsə, sizə belə izah edim: elə bil bir super-marketin pəncərəsiz dünyasında alış-veriş səbətinizi sürərkən qarşısınıza bir stend çıxır, gülərüz bir qız deyir: yeni məhsulumuzun dadıda baxmaq istəməzsiniz? İnanıram ki, sizin o qızın təbəssümünü yerə salmazsınız.

Hekayə oxumaq heyrətamiz sürətlə virtuallaşan çağdaş dünyanın ən ciddi məsələlərindən biri olan ünsiyyətsizlik, özgələşmə probleminə qarşı çox yaxşı anti-virusdur.

Hekayə oxumaq bir yandan həm hekayəni yazan müəlliflə, həm də hekayədəki personajlarla virtual ünsiyyət imkandır –məncə, ən doğru virtuallıq budur. Bununla yanaşı, hekayə oxumaq “danışmağa adam tapmıram”, “danışmağa söz tapmadıq” deyib gileyləndiyiniz vəziyyətlərdən xilas yoludur: artıq bölüşməyə mövzunuz olacaq.  

Hekayə oxumaq özünü inkişafın, zövqü cilalamağın ən sadə, amma sınaqdan çıxmış yoludur.

Hekayə topluları bizə demokratik olmağı öyrədir: dünyagörüşü bir-birinə daban-daban zidd olan yazıçıların əsərləri iki yerdə – kitab rəflərində və hekayə toplularında – dava-dalaşsız yanaşı dura bilirlər.                 
Və nəhayət hekayələr asta-asta qulağımıza pıçıldayır: sən özün də bir hekayəsən...    

Sim-sim.az
Kultura.az | Developed by Samir Yahyazade