Zamin Hacı: Abel müəllimin şəhid olması

Публицистика

Abel müəllimin rektorluqdan çıxardılması, əlbəttə, yaxşı oldu. Gör neçə il idi orda başçılıq edirdi... Az qala Artur müəllimin Buz döyüşündə qalib gəlib baş nazir vəzifəsini ələ keçirməsindən 3-4 il sonra onu BDU-ya rektor qoymuşdular. Ötən illərdə BDU Abel müəllimə layiq şəkildə inkişaf etmişdi, Harvardı, Oksfordu qatlayıb cibinə qoymuşdu. Bütün reytinqlərdə BDU ilk onluğa girməsə də, ən azı son beşliyə düşmürdü, bu isə, gəlin, etiraf edək, indiki qarışıq zəmanədə böyük uğurdur. Odur, Suriyanın Homs şəhərində heç məktəb qalmayıbdır.

Dünyanın bütün Nobel almış alimləri Bakıya gəlməyi, “Elmlər Akademiyası” metrosundan çıxıb dönər almağı, BDU-nun işıqlı auditoriyalarında mühazirə oxumağı arzu edirdilər, həsrətdən dodaqları nanocadar-cadar olmuşdu. Axı Abel müəllim həm də universitetdə nanotexnologiyaları araşdıran kimyəvi laboratoriya qayırmışdı. Görəsən, indi o laboratoriyanın axırı necə olacaq? İndi kolbada şərab qayırıb İspaniyaya aparmaq mümkün olacaqmı? Yaşayarıq, görərik. Yaşamasaq da sağ qalanlar görəcəkdir. Əsas odur, kimsə görsün - bizə başqa nə lazımdır?

Sözgəlişi, bu səfirlikdə işləyən oğul qalmaqalı Abel müəllimin tərcümeyi-halında ilk hadisə deyildir. Mənim yadıma gəlir, hardasa 10 il qabaq müğənni Röyanın qanunsuz şəkildə BDU hüquq fakültəsinə qəbul edildiyi ortaya çıxmışdı. Sən demə, bu qız Abel müəllimin deputat seçkiləri zamanı iclaslarda mahnı oxuyurmuş, müəllim də əvəzini vermək üçün onu hansısa “oxuduğu” məktəbdən, misal üçün, “Dağıstan Universitetinin Mahaçqala filialının Saratov şöbəsinin Sıktıvkar bölməsi”ndən BDU-ya perevod eləmişdi. Özü də birbaşa əyani şöbəyə! Təsəvvür elə. Röya xanım “Su sonasının yumurtası”, ya da “Sonanın uşaqları” şadlıq sarayında “İndi dünyam da dəyişsə belə səninəm” oxuyurdu, ancaq BDU-nun Qədim Roma hüququ kafedrasında Gülbala müəllim jurnalı açıb onun adının qabağına quş qoyurdu, sanki Röya xanım indicə bilet çəkib “Abducet praedam cui occurit prior”la “Dic, duc, fac, fer”in fərqlərini izah etmişdir. Hətta universitetin mətbuat xidmətinin ilk açıqlamasında deyilirdi ki, Röya xanımın boğuq səs tembri onun gecələr yuxusuz, oyaq qalıb səhərəcən dərs oxumasının nəticəsidir.

Lakin qalmaqal şiddətlənəndən sonra BDU müğənnini qabaqca qiyabi şöbəyə “keçirtdi”, bu da yetməyəndə isə “dərsə gəlmədiyi üçün keçən ildən universitetdən xaric olunduğu” açıqlaması verildi. Beləcə, uca millətimiz bəlkə də ən qəşəng, xarici yazarlar demişkən, seksi bir prokurora malik olmaq şansını itirdi. Ya da Röya xanım hakim olub ölüm hökmü kəssə məhkumlar uf demədən bununla razılaşardılar. Nəsə, qismət deyilmiş. Keçənə güzəşt deyərlər. Var ümid gələcəyə, Səs versək Elçibəyə. Hava yaman soyuqdur, ermənilər toyuqdur. (Dünən BDU-ya hazırlaşan bir uşağa bu sonuncu şüarın 1988-ci il Meydan hərəkatımızın şüarlarından biri olduğunu dedim, tarix fənnindən soyudu).

Bəli, heç kim vəzifədə əbədi deyil, Abel müəllim də bir gün getməliydi. Sadəcə, gərək İspaniyada dava salmaq, alver eləmək ittihamıyla getməzdi. (İndi xatırlayıram ki, bu İspaniyaya gedib-gəlmək nəsə bizim millətə düşmür. Vaxtilə bir nəfərin də Barselona təyyarəsində davası söhbəti yayılmışdı). Həmçinin, rektorun getməsi universitetdə böyük təkanlara, tektonik silkələnmələrə səbəb olacaqdır. Artıq dünən bir sayt yazmışdı ki, 5 prorektoru da çıxaracaqlar. Bu bir az pis ənənədir. Təzə rektor gəlir, özünə təzə prorektorlar gətirir, təzə prorektorlar təzə katibələr yığırlar, katibələr tələbələri yeniləyir və sairə və ilaxır. Nəticədə dövlətçiliyimizin estafetində pozuqluq yaranır. Ən yaxşısı rektoru işdən çıxaran kimi universiteti dibindən bağlayıb təzəsini açmaq olardı. Elmi dildə desək, restrukturizasiya prosesi lazımdır. Qədim Misirdə rektor öləndə (iraq olsun) kafedra müdirləri və dekanları onunla birgə ehramda diri-diri basdırırmışlar.

İndi söz əlaqədar təşkilatlarındır. (musavat.com)

Zamin Hacı

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade