Aktivizm maarifçiliyə qarşı

Контра

Dəyişim uğrunda ictimai-siyasi hərəkatlar da eyni zamanda maarifçilik (vətəndaş təhsilinin müxtəlif növləri) və aktivizm (təşkilatlanma, etiraz etmə və səfərbər olma) proseslərini daşıyan ictimai praksisdir. Maraqlısı budur ki, bir-birinə bağlı, hətta bəzən nəzəri olaraq birini digərindən ayırmağın çətin olduğu bu iki yol, bir-birini yemləməli olan bu iki fəaliyyət necə oldu ki, Azərbaycan ictimai sferasında toqquşdu? Necə oldu ki, aktivizm maarifçiliyi boğmağa cəhd etdi?

Xəyyam Namazov
Siyasət təhlilçisi



Paulo Freire “Əzilənlərin Pedaqogikası” əsərində dünyanı və reallığı dəyişdirən insan fəaliyyətini düşüncə və hərəkətin vəhdəti olaraq təsvir edir. Yəni, fərd ilkin olaraq ətrafını saran reallığı dərk edir, bu haqda tənqidi düşüncə formalaşdırır və bu onu zamanla hərəkətə gətirir. Freire bu dəyişim prosesini praksis (düşüncə+hərəkət) adlandırır. Ona görə bu cür insan fəaliyyəti nəzəriyyə və praktikadan ibarətdir. Bunlardan birinin əksikliyi inqilabi dəyişim, reallığın köklü və struktural dəyişimi üçün böyük əksiklikdir. Hərəkətdən məhrum olan praksis boşboğazlıq, düşüncə və dərkdən məhrum olan praksis isə öz mənfi mənası ilə aktivizimdir. Yəni, nəsə etmək xətrinə hərəkətə keçmək, nəzəriyyə və düşüncədən məhrum addımlar atmaq, belə mühitdə dialoq qurmaq, dərin düşüncə formalaşdırmaq da çətinləşir.

Demokratik dəyişim uğrunda ictimai hərəkatların həyata keçirdiyi fəaliyyət də mahiyyət etibariylə praksisdir, ən azından belə olmalıdır. İctimai hərəkat fərd üçün ətrafı dərk ediləcək hala gətirir, onu maarifləndirir. Eyni anda fərd bununla hərəkətə keçir, aktivləşir, təşkilatlanır, səfərbər olur - öz müsbət mənası ilə aktivizmə qoşulur. Təbii, mövcud ictimai-siyasi şərtlərə əlaqədar olaraq müxtəlif növ aksiyaları həyata keçirmək hər zaman mümkün olmaya bilər. Belə hallarda, hansı addımların atılıb-atılmayacağına qərar verə biləcək strateji və tənqidi düşüncənin formalaşması da Freire tərəfindən tam praksis fəaliyyət olaraq qəbul edilir.

Bir sözlə, dəyişim uğrunda ictimai-siyasi hərəkatlar da eyni zamanda maarifçilik (vətəndaş təhsilinin müxtəlif növləri) və aktivizm (təşkilatlanma, etiraz etmə və səfərbər olma) proseslərini daşıyan ictimai praksisdir. Maraqlısı budur ki, bir-birinə bağlı, hətta bəzən nəzəri olaraq birini digərindən ayırmağın çətin olduğu bu iki yol, bir-birini yemləməli olan bu iki fəaliyyət necə oldu ki, Azərbaycan ictimai sferasında toqquşdu? Necə oldu ki, aktivizm maarifçiliyi boğmağa cəhd etdi?

Siyasiləşmədən aktivizmə: maarifçilik hədəfdə

2011-2013-cü illər etiraz aksiyaları ərəfəsində Azərbaycan ictimai sektorunda qəribə bir haçalanma yaranmışdı. Aktivizm maarifçiliyə qarşı. Aktivistlər maarifçilərə qarşı demirəm, çünki, kimin aktivist, kimin maarifçi olduğunu müəyyən edən dəqiq sərhəd xətti çəkmək çox çətindir. Hətta belə bir təsnifat aparsaq da, bir çox maarifçilər hələ köhnədən qalma siyasiləşmə prosesinin təsiri altında idilər, siyasiləşməni və onun məntiqi davamı olan 2011-2013-ci il aktivizmini - etiraz aksiyaları, mitinqləri - açıq və ya qapalı şəkildə dəstəkləyirdilər.

Azərbaycanda müxalif yönümlü siyasiləşmənin siyasi partiyaların sərhədlərini aşıb digər ictimai aktyorları əhatə etməsi 1990-cı illərin ortalarından etibarən demokratik hərəkatın formalaşması ilə başladı. Siyasiləşmə 2003-ci il prezident seçkiləri və 2005-ci il parlament seçkiləri zamanı öz pik həddinə çatdı (daha ətraflı bax). Artıq bu vaxta kimi bir çox QHT-lər, tələbə hərəkatları və klublar, müəyyən jurnalistlər və ziyalılar hərəkatın parçasına çevrilmiş, siyasiləşmiş, bəzi məqamları ilə hətta partizanlaşmışdı. 2005-ci il Elmar Hüseynovun qətli isə bütün bu prosesləri daha da şiddətləndirdi, rejimə qarşı dərin nifrət yaratdı, eyni zamanda siyasiləşmənin çərçivəsini daha da genişləndirdi. Mövqeyində qeyri-müəyyən olan yazıçı, sənətkar və jurnalistlər qalmışdısa da, onları siyasi fəaliyyətə cəlb etdi, sərt siyasi tənqidə yönləndirdi.

2005-ci il represiyalarından sonra etiraz aksiyaları və mitinqlərin uzun müddətli durğunluq dövrü başlayır. Amma bu dövr - 2005-2011-ci illər, həm də yeni nəsil maarifçilik üçün böyük imkanların olduğu dövrdür. Ortaya çıxan və ya əvvəlcədən mövcud olan təşkilat və hərəkatlar özlərini maarifçi adlandırır, fəaliyyətlərini bu istiqamətdə qurur, bununla həm ictimai fayda vermək, həm də sərtləşmiş rejimin hədəfindən yayınaraq sağ qalmağa çalışırlar. Belə ifadə etmək mümkündürsə, bu dövrdə siyasətdən və siyasi partiyalardan uzaq durmağa çalışan yeni nəsil hesab edilə biləcək gənclərin maarifçi diskursu ilə, 2003-2005-ci il hadisələrindən təsirlənən siyasiləşmiş maarifçi diskursun hakim olduğu və bunların bir çox hallarda toqquşduğu tarixi perioddur. Bir çox hallarda siyasiləşmiş qrup digərini hədəf alır, onları yumşaq dillə desək cəsarətsizlikdə ittiham edirdi.

Siyasiləşmiş qrup 2011-2013-cü illərdəki yeni etiraz aksiyaları və mitinqlərlə - yeni aktivizm dalğası ilə daha da gücləndi, siyasətdən uzaq durmaq istəyən qrupları sərt tənqid atəşinə tutdu, onları “şən maarifçilər” olaraq etiketləyərək alçaltmağa çalışdı. Bəli, siyasiləşmiş ziyalılar və onlardan mənəvi dəstək alan aktivistlər maarifçiliyi hədəf aldılar.

Bu hədəfə almanı düzgün anlamaq lazımdır. Heç kim maarifçiliyi prinsip olaraq inkar etmirdi. Sadəcə rejimlə mübarizədə onu effektiv vasitə kimi görmürdülər. O dövrün ən populyar maarifçi layihələrindən biri olan Azad Fikir Universitetinin (AFU) seminarlarından birində adını xatırlamadığım spikerlərdən biri belə bir sual vermişdi: Azərbaycanda demokratik dəyişikliyə hansı yolla çatmaq olar?

Əksəriyyətin əli inqilabın lehinə havada idi. Deyəsən, mənim də əlim qalxmışdı. Gənclik, eyforiya, aktivizm abu havası...

2011-2013-cü illərdə yeni dalğa aktivizm, etiraz aksiyaları və mitinqlərin baş verməsi siyasiləşməni aktivizm mərhələsinə gətirdi. Artıq sadəcə sərt siyasi tənqid etməyənlər yox, həm də mitinqlərə gəlməyənlər çıxdaş olunurdu. Və daha təhlükəsiz, maarifçilik xətti izləyən kəsim sərt tənqidlərə məruz qalırdı. Bu tənqidi rolda o dövr üçün aktivizmi öz himayəsinə almış N!DA və siyasi partiyaların gənclər qolları idi. Tənqid olunanlar isə başlıca olaraq “Dalğa” və “OL” hərəkatı və onların layihələrində aktiv olan gənclər oldu.

Bu əhval-ruhiyyə 2013-ci il qapanmasından sonra dağıldı. Aktivizmin ehtiraslı inqilabi ruhu həbslərlə yoxa çıxdı, vətəndaş cəmiyyəti pərən-pərən düşdü. Qaça-qaç başladı (yeni mühacirət və online aktivizmi və maarifçiliyi başqa bir yazının mövzusudur). Və qəribəsi budur ki, yox olmaqda olan aktivizm özüylə birlikdə hədəf aldığı maarifçiliyi də apardı. Böyük maarifçi layihələrə ya siyasi təzyiqə görə, ya resurs qıtlığı, ya da ki həvəssizliyə görə son qoyuldu. Təşkilatlar da eyni səbəblərdən öz fəaliyyətini dayandırdılar.

Geriyə dönüb baxdıqda görürsən ki, ictimai sektora vurulan ən böyük zərbə rejimin siyasi təzyiqlərindən daha çox, ictimailərin maarifçiliyə olan şübhələri və bu yoldakı çaşqınlıqlarından gəlib. Deyəsən, bizlər maarifçilik yolunda xeyli səbatsız olmuşuq.

Freire məlum kitabında qeyd edir ki, müsbət niyyətli amma səhv yolda olan, dəyişiklik tərəfdarı bəzi şəxslərin maarifçiliyə qarşı şübhələri yarana bilər. Demək olar ki, tarixin hər anında biz bununla qarşılaşırıq. Bu şəxslər iddia edir ki, maarifçilik uzun, yorucu və bəzən nəticəsizdir. Buna görə də, əvvəlcə siyasi hakimiyyət ələ keçirilməli, daha sonra maarifçilik və azad edici təhsil köklü şəkildə cəmiyyətə tətbiq edilməlidir. Freire-ə görə bu qısa yol yanılqısı çox təhlükəlidir. Bu dəyişimə tək tərəfli baxışdır, onun mahiyyətini anlamamaqdır.

Dəyişimin məqsədi hakimiyyəti ələ keçirmək deyil, məqsəd mədəni inqilabdır. Buna görə də, inqilab üçün hakimiyyəti ələ keçirməkdən “əvvəl” və “sonra” zaman bölgüsü yoxdur. Çünki məqsəd ictimai zülmün və ədalətsizliyin və ona səbəb olan zehniyyətin kökünü qazımaqdır. Mədəni dəyişim inqilabın hansısa mərhələsinə aid deyil, o elə inqilabın özüdür. Ona görə də, o prosesin bütün mərhələlərində var.

Maarifçi ənənənin zəruriliyi

Əvvəlki maarifçi məktəblərin və təşkilatların demək olar ki əksəriyyəti bu gün yoxdur, fəaliyyət göstərmir. Artıq AN (Alumni Network), OL, Dalğa nə də ki, Müsbət Dəyişiklik var. Nə “Demokratiya Məktəbi”, nə “Azad Fikir Universiteti”, nə də ki, digər fəlsəfi və ictima-siyasi təlim layihələri qalıb. Hər biri ayrılıqda böyük maarifçi məktəb idi. Təbii ki, bu gün də nələrsə edilir, əziyyətlər çəkilir. Amma sanki onların kifayət qədər populyarlığı və ictimai diskursa təsir edəcək gücü yoxdur. Bəlkə də, sistemin həddindən artıq qapanması kifayət sayda və həcmdə layihələrin həyata keçirilməsinə imkan vermir.

Artıq maarifçilik də dəyişib, sadəcə klassikləri - Axundovu, Zərdabini, Mirzə Cəlili oluxuyub tənqidi fikir formalaşdırmaq bəs etmir. Bəlkə bu, sadəcə maarifçiliyə giriş olardı. Maarifçilik artıq layihədir, instrumentallaşıb, vətəndaş təhsili, siyasi təhsil, demokratiya təhsili, gender təhsili, sülh quruculuğu və digər bir çox başlıqlar altında disiplinləşib, formal və qeyri-formal təhsilin parçasına çevrilib, öz pedoqogikasını formalaşdırıb, bir çox beynəlxalq təşkilatlar və QHT-lərin əməyi nəticəsində xüsusi təlim metodikasına çevrilib.

Yeni nəsil maarifçi təşkilatların bəziləri bunlardan məharətlə istifadə etdi və xeyli də uğurlu oldu. Amma təəssüflər olsun ki, dəyişim iddiasında olan siyasi partiyalar və siyasi hərəkatlar bu məsələlərdən ya uzaq qaldı ya da kifayət qədər istifadə edə bilmədi. Onlarda aktivizm yolu hələ də ağır gəlir.

Böyük qapanmaya qədər Azərbaycanın ictimai-siyasi həyatından alınacaq ən böyük dərs budur ki, nə baş verirsə versin, siyasilər nə deyirlərsə desinlər, aktivistlər nə qədər cuşa gəlirlərsə gəlsinlər, ziyalı heç vaxt öz maarif xəttindən qırağa çıxmamalı, maarifçiliyi hansısa prosesin güdazına verməməlidir. Siyasi hadisələr çox vaxt periodik və müvəqqəti olur, maarifçiliyin hədəfi isə çox-çox uzundur. Mədəni dəyişim üçün maarifçilik məktəbləri on illiklərlə effektiv şəkilə davam edə bilməli, ənənələr yaratmalıdır. Cəmiyyəti dəyişməyin qısa yolu yoxdur.

Sonluq olaraq

Freire qeyd edir ki, “məntiqən deyilə bilər ki, zülm bir şəxsin digərini əsarətdə saxlaması, əzməsidir. Ancaq inqilab haqqında bir fərdin digərini, yada ki, özünü azad etməsidir deyə bilmərik. İnqilab birgə yaşayan insanların bir-birilərini azad və xilas etməsidir”.

Freire üçün köklü dəyişiklik insanlar arası münasibətin, azad kommunikasiya və dialoqun, azad edici təhsilin nəticəsi olaraq baş verir.

İndi sabah oyanıb görəsən ki, keçmiş maarifçi təşkilatlar, AN, Dalğa, OL, Müsbət Dəyişiklik və.s öz yeni nəsillərini ortaya çıxarıb, yenidən fəaliyyətə başlayıb, köhnə məktəblərlə yanaşı, yeni ideoloji məktəblər - liberal, feminist, yaşıl, sol, respublikaçı, millətçi və.s maarif məktəbləri qurulub. Yuxudan oyanıb görəsən ki, biz yenidən düşünməyə, bir-birimizi dəyişdirməyə başlamışıq. (openazerbaijan.org)

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade