Ölkəmizdə radionun tarixindən

Публицистика

“Biz də baxdıq, it ilə qurd arasında oyun olduq,
İt ilə qol-boyun olduq".

(Məhəmmədhüseyn Şəhriyar)

Köhnə, artıq saqqalı ağarmış bir lətifə var. Deyir bir gün bir xarici turist Bakıya gəlir, burada gəzişərkən öz itini itirir. Gedir yerli telekanalizasiyaya, reklam şöbəsində elan verir: “Kim mənim itimi tapsa ona 10 min dollar mükafat verəcəyəm”. (90-cı illərdə, kasıb vaxtımızda bunun maliyyə versiyası 1000 dollar ətrafında cərəyan edirdi. Getsin o günlər gəlməsin, camaat Qara şəhərdə kəməri deşib krant qoymuşdu, hərə bir yanda alver eləyirdi. Nəsə). Turist elanı verir, sonra gəlir hotelə, açır televizoru, görür nəinki elanı səsləndirirlər, ümumiyyətlə, efirdə heç bir veriliş yoxdur. Təəccüblənir, durur gedir təzədən telekanalın binasına. Burada onu qarovulçu dayı qarşılayır, deyir məndən başqa binada kimsə qalmayıbdır, nə elan-melan, itil buradan. Turist soruşur nə olub, qarovulçu deyir: “Əşşi, nə bilim, hansısa xarici itini itirib, hamı getdi onu axtarmağa”.

Bu anekdot yadıma dünən xəbər saytlarımızda cövlan edən bir şəkilli xəbərdən sonra düşdü. Beynəlxalq Bankın yeyintiyə görə türməyə salınmış müdiri Cahangir müəllimin arvadı Zamirə xanım Britaniyanın paytaxtı Londonda kameralara tuş gəlmişdir, onun geyim-keciminin qiymətləri, bahalı olması xüsusi vurğulanmışdı. Ən maraqlısı isə Zamirə xanımın gəzməyə çıxartdığı itin əhvalatı idi, çünki hər saytda itin qiyməti bir cür getmişdi. Biri yazmışdı it 1000 manatdır, o biri yazmışdı 10 min funt sterlinqdir, üçüncüsü 21 min funta qalxmışdı. Lənət şeytana. Bəs görəsən, o it həqiqətdə neçəyədir? Hələ bir xəbərdə itin, üstəlik 1000 dollarlıq aksessuarından bəhs olunurdu. Necə deyərlər, itin-pişiyin olum, ya rəbb.

Zəhmətkeşlərimiz üçün Zamirə xanımın itinin qiymətini dəqiq bilmək vacibdir. Əgər biz bunu öyrənsək, ola bilər devalvasiyadan sonra kreditlərimizə gələn faizlər azalacaqdır. Hətta Zəngilanı geri alarıq. Bunu də təzə öyrənmişik - xəbər lentində çıxmışdı, deyir Zəngilanın işğalından 25 il keçir. Bu nə deməkdir? Azərbaycanda orta ömrün rəsmi statistikaya görə 70 il olduğunu nəzərə alsaq, Zəngilanı canlı görmüş 60 yaşdan yuxarı şəxslərin hazırda sağ qalmadığı qənaətinə gəlməliyik. Yavaş-yavaş bu problemi həll edirik, nə istəyirsiniz?

Rəqəmlər, tarixlər vacib şeydir. Elə deputatxana üzvlərimizdən Rafael müəllimin Azərbaycanda radio-televiziya tarixini 1919-cu ilə çəkmək, bununla gələn il ölkəmizdə radio-televiziyanın 100 illiyini qutlamaq təklifi bu vacibatdan doğmuşdur. Ancaq mən düşünürəm niyə bunu 1819-cu ilə çəkib 200 illiyini bayram eləməyək? Daha yaxşı olmazmı? Ta niyə bu 200 illik bayram günündə ölkədə qulaq asmağa bir radio, baxmağa bir kanal yoxdur - kimin nəyinə gərəkdir? Belə axmaq, təxribatçı suallar verənlər yaxşı olar gedib Zamirə xanımın itinin yanında durub hürsünlər. Bəlkə onlara da bir bahalı aksesuar taxdıq.

Sözgəlişi, mənə elə gəlir o xəbəri yayanlar kütləvi informasiya vasitələri haqda qanunu pozmuşdur. Çünki adamın geyimini bitdə-bitdə yazırsan, sanki “Sədərək”dən özün alıb geyindirmisən. Bu isə zəhmətkeşlərin istirahət hüququnu pozmaqdır. O cümlədən itin hüquqları tapdanır. Ölkəmizdə itlərə hər cür qayğı göstərildiyi, onların mənzil şəraitinin yaxşılaşdırıldığı, pulsuz birkalarla təmin edildiyi bir vaxtda hansısa itin aksesuarına qiymət qoyub ağız büzəsən... Bizə yaraşan hal deyildir. Bacarana baş qurban. Yenə o it yalayıb doyubdur, başqa it gəlsə guya yaxşı olacaq? 

Yaxınlıqda bir neçə yiyəsiz küçə iti var, istəyirəm gedim Zamirə xanımın itinin qiymətini onlara deyim, yanıb-tökülsünlər. Ancaq qorxuram əsəbləşib məni parçalayarlar. Sağlıq olsun...

Zamin Hacı

Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade