post-title

Mərhələ aşmaq haqqında bədii-fəlsəfi esse

Qulluqçunu s...n qabını özü yuyar.
Atalar məsəli. 

Deyir, ustanı ustadan, həkimi həkimdən soruşmazlar. Sənətini gözəl bilən bir dülgərə başqa bir dülgərin işi barəsində sual vermişdilər, o da bu cürə cavab qaytarmışdı. Lap çoxdan eşitdiyim bu söz yaddaşıma möhkəm həkk olunub, bacardığım qədər də riayət etməyə çalışmışam. Lakin qəzavü-qədər elə gətirdi ki, yaxınlarda  bir həkimə başqa bir həkimin nə qədər peşəkar olması haqqında sual verdim və maraqlı cavab aldım. Aldığım cavab bu yazının yazılmasına səbəb oldu. Çünki aldığım cavabın tək bir adama, tək bir sahəyə deyil, çox adama, çox sahələrə birbaşa və ya dolayısı ilə aidiyyatı var. Sual verdiyim həkim həmkarı haqqında bunları dedi; yaxşı, savadlı həkimdir, vicdanlı, ədalətli, gözütox  insandır, peşəsini sevir, xəstələri ona inanır... Daha bir mərhələ aşa bilər, buna potensialı var, amma nədənsə aşmır. Məncə, mərhələ aşmaq ona lazımdır. Görünür, vəziyyəti onu qane edir. 

Doğrudan da, heç kimin heç kimə inanmadığı, kütləvi inamsızlığın hökm sürdüyü Azərbaycan kimi bir ölkədə bir həkimin xəstələrinin inamını, etibarını qazanması, vicdanlı, ədalətli, gözütox insan kimi tanınması heç də balaca nailiyyət deyil. Lakin daha bir mərhələ aşa biləcəyinə potensialı olduğu halda mərhələ aşmamasını, özünü daha da kamilləşdirməməsini, qəvvas kimi sahəsinin dərinliklərinə baş vurmamasını onun necə deyərlər, passivinə yazmaq lazımdır. Çox güman, həmin həkim mərhələ aşa biləcəyinə potensialı olduğu halda mərhələ aşmamasına belə haqq qazandırır; xəstələrim mənə inanır, vicdansızlıq etmirəm, normal gəlirim var, daha bir həkim kimi  mənə nə lazımdır? 

Bunlar ilk baxışdan tutarlı arqumentlər kimi görünə bilər, lakin bir ciddi məsələ var ki, hər hansı sahənin adamı daha bir mərhələ aşa biləcəyi bir halda mərhələ aşmırsa və mövcud vəziyyəti ilə qane olursa, hər şeydən əvvəl o, özünə xəyanət edir. Hətta mərhələ aşması, sahəsinin dərinliklərinə baş vurması maddi cəhətdən ona zərər gətirsə belə, dəxli yoxdur, yenə də mərhələ aşmaq onun borcudur. O, özünü püxtələşdirməyinin, sənətinin dərinliklərinə baş vurmağının ətrafdakı adamlara nə qədər lazım olub-olmadığı barədə düşünməməli, tələb və təklif söhbətlərini kənara qoymağı, ümumiyyətlə, bazar münasibətlərindən uzaqda dayanmağı bacarmalıdır. Taqorun təbirincə desək, gördün, arxanca gələn yoxdur, yolu tək get. Burda incə bir məsələyə diqqət etməliyik. Cəmiyyətdən təcrid olunmağın, əsasən, iki növü mövcuddur. Birinci növ ondan ibarətdir ki, sən irəli gedirsən, mərhələlər aşırsan, dərinliklərə baş vurursan və irəli getdikcə, mərhələlər aşdıqca, dərinliklərə baş vurduqca sənin yaratdığın, düzəltdiyin məhsula zövqsüz və savadsız bir cəmiyyətdə tələbat azalır, istər-istəməz cəmiyyətdən təcrid olunmağa başlayırsan. Bu cür təcrid olunmaqdan qorxmaq lazım deyil. Bu cür təcrid olunmaq mübarək təcrid olunmaqdır. İkinci növ təcrid olunmaq ondan ibarətdir ki, sən irəli getmirsən, dərinliklərə baş vurmursan, mərhələ aşmırsan və süni surətdə özün özünü cəmiyyətdən təcrid edirsən.Təcrid olunmuş adam rolunu oynayırsan. Bu cür təcrid olunmaq mənasız, heç kimə lazım olmayan təcrid olunmaqdır. Əgər birinci növ təcrid olunmağın nə vaxtsa perspektivi, alıcısı ola bilərsə, ikinci növ təcrid olunmağın heç bir perspektivi yoxdur. 

Mərhələ aşmaq məsələsində əhatə olunduğun, oturub-durduğun adamların necəliyi, səviyyəsi çox ciddi amildir. Güclü insan sağlam rəqabətdən qorxmamalıdır. Çünki sağlam rəqabət onu daima öz üzərində işləməyə vadar edir. Sağlam rəqabət insanı ən azı formada saxlayır. Zəif insan isə sağlam rəqabətdən qorxur. İstəyir ki, özündən zəif adamların əhatəsində fəaliyyət göstərsin. Çünki özündən zəiflərin əhatəsində o, özünün güclü görünməsini istəyir. 

Böyük, dahi sözlərini qoyaq kənara, ortabab bir yazıçı olmaq üçün nə qədər şərtlər tələb olunur. İstedad, zəhmət, sağlam düşüncə, ədalət hissi, intizam, ardıcıllıq... Bunlardan biri olmadıqda çatışmazlıqlar, fəsadlar üzə çıxır, axsaqlıqlar yaranır.  Adam özü yaradıcılıqla məşğul olduqdan sonra böyük, dahi sözlərinin nə qədər ağır, nə qədər məsuliyyətli sözlər olduğunu anlayır. Kənardan kənara böyük və dahi sözlərinin ağırlığını, məsuliyyətini anlamaq xeyli çətin məsələdir.  Bizim kimi ənənəsi, təhsili zəif ölkədə bir az savadlı, bir az istedadlı, bir az fərqli olmaq insanda asanlıqla dahilik illuziyası yarada bilər. Bu, çox böyük təhlükədir. Ona görə gərək bir əlin və bir ayağın əyləcdə olmalıdır ki, reallıq hissini itirməyəsən, dahilikdən min kilometrlərlə uzaqda dayandığın halda özünü dahi hesab etməyəsən...

Azərbaycanlılar heç bir itki vermədən, heç bir fədakarlıq etmədən bütün yaxşı adları qamarlamağa çalışırlar. Məsələn, qıymazın biridir, qəpiyi çıxanda canı çıxır, amma istəyir, onu əliaçıq, xeyriyyəçi kimi tanısınlar. Yaltağın yekəsidir, amma sözünü deyən adam kimi ad çıxarmaq istəyir. Yüzlərlə, minlərlə qız azad, müasir qız kimi tanınmaq istəyir, həm də bununla yanaşı istəyir ki, xonçayla, xınayla, zurnayla, bütün dəm-dəstgahla ərə getsin. Maraqlısı odur ki, azərbaycanlılar  buna, heç bir itki vermədən, fədakarlıq etmədən yaxşı adları qamarlamağa müəssər olurlar. Yəni qıymaz, qəpiyi çıxanda canı çıxan adam xeyriyyəçi kimi, yaltağın yekəsi sözünü deyən adam kimi  tanınmağı bacarır. Bəs bu proses necə baş verir? İş ondadır ki, heç bir itki vermədən yaxşı adları qamarlamaq üçün ölkədə münbit bir şərait mövcuddur. Azərbaycanda total riyakarlıq hökm sürməkdədir. Bu dəqiqə Azərbaycanda on minlərlə adam İslam dininin gözəlliyindən, avropalıların əxlaqsızlığından danışa-danışa Avropa ölkələrinə getmək üçün müxtəlif vasitələr axtarmaqdadırlar.  Min cür  bəhanələrlə hərbi xidmətdən yayınmış vətənpərvər fərarilər Qarabağın yalnız müharibə yolu ilə qaytarılmasının mümkünlüyü barədə fikirlər və şüarlar səsləndirməkdədirlər. Rüşvətxorlar, cəlladlar ana, vətən, boynubükük bənövşə, suyu göz yaşı kimi dumduru bulaqlar, əlvan kəpənəklər haqqında şeirlər yazmaqdadırlar. Cibində saxta mandat gəzdirən deputatlar beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı ikili standart nümayiş etdirməsindən harda imkan düşdü, harda gəldi qəzəblə şikayətlənərək  bir növ özlərini vətən, xalq yolunda yorulmadan, usanmadan dünyaya Azərbaycan həqiqətlərini daşıyan fədakar həqiqət poçtalyonları kimi göstərməkdədirlər. Tarixçi-professor, müxalifətin lideri Stalinin yaratdığı, tarixi başdan-başa ləkəli, yerləşdiyi binanın divarlarına həm repressiya olunan, həm də repressiya olunanlardan danoslar yazanların portretləri vurulmuş bir təşkilatın üzvü olmaqla bərabər, üstəlik həmin təşkilatın sədrliyində  iyirmi beş ildən artıq oturmuş, atası Lenin poeması yazmış adamı dostum adlandırır. Beləliklə, ana, vətən haqqında şeir yazan rüşvətxor, ana, vətən haqqında şeir yazan cəllad, yaltağın yekəsini sözünü deyən adam, yaltağın yekəsi isə öz növbəsində qəpiyi çıxanda canı çıxan adamı xeyriyyəçi kimi tanıyır. Qəpiyi çıxanda canı çıxan, xeyriyyəçi kimi tanınmaq istəyən  adam Sovetin bütün mükafatlarını almış şairi dissident kimi qələmə verir. Vəzifədən, kreslodan dördəlli yapışmış əldəqayırma yazıçılar həyasızcasına Lermontov, Kafka, Tomas Vulf iztirablarına, sarsıntılarına şərik çıxırlar. Demək istəyirlər ki, nə olsun mən vəzifədə oturmuşam, amma  mən həm də Lermontov, Kafka, Vulf hisləri keçirməkdəyəm. Yadımdadır, bu əldəqayırma yazıçılardan, atasının qucağında ədəbiyyata gəlmiş həyasızlardan biri müsahibələrindən birində Tomas Vulfu dostum adlandırmışdı. Tomas Vulf otuz doqquz yaşında ölüb. Bu isə az qala otuz doqquz ildir, müxtəlif vəzifələrdə oturmaqdadır. Ay həyasız insan, nə edirsən et, yaltaqlıq et, oğurla, rüşvət al, Azərbaycan teatrlarının səhnəsini atanın mənasız əsərləri ilə doldur, heç olmasa o idbar, murdar  əllərini otuz doqquz yaşında ölmüş bədbəxt adamın bioqrafiyasına tərəf uzatma. Axı onun keçirdiyi iztirablar, sarsıntılar sənə yaddır. Axı sən o iztirabları, sarsıntıları keçirməyi mağmınlıq, axmaqlıq hesab edirsən. Yox, olmaz, hər şeyi qamarlamalıdırlar. Hər şey bunların olmalıdır.  

Gənc idim, ədəbi mühitə təzə gəlmişdim. Şəhərin mərkəzində bir zirzəmi kafe vardı. Dostlarla o kafeyə yığışıb yemək yeyirdik, çay içirdik, araq vururduq, söhbətlər edirdik. O zaman çoxumuz  qəzetlərdə ədəbiyyat səhifələri hazırlamaqla, yazılar yazmaqla dolanırdıq. Həmin kafenin adı yazılarımızda ara-sıra hallanırdı. Bir dəstə gəncin zirzəmi kafeyə yığışıb yemək yeməsi, çay içməsi, araq vurması  biznesmen-şairlərdən birinin  narahatlığına səbəb olmuşdu.  Biznesmen-şair tez həmin zirzəmi kafeni tapdı, orda yüz qram araq içdi və elə sabahı günü həmin kafedə tək–tənha  oturub yüz qram araq içməsi, hansı hissləri keçirməsi, nələr düşünməsi barədə bir yox, bir neçə qəzetdə palaz boyda  yazı dərc etdirdi. Əslində özü də bilmədən təbiətini açıb ortaya qoymuşdu.  Demək istəyirdi ki,  nə olsun mən şəhərin ən dəbdəbəli, ən bahalı restoranlarında fırlanıram, bir dəstə yetimçə gənc özlərinə bir zirzəmi kafe tapıb ora yığışırlarsa, mən orda da olmalıyam. Hər şey mənim olmalıdır. Pul da, şeir də, dəbdəbəli restoran da, zirzəmi kafe də...

Azərbaycanlıların rahatlıqla, heç bir koqnitiv dissonans keçirmədən dilə gətirdikləri “kimi s...k, qabağa düşək”, “sevgiylə qarın doymaz”, “bacarana can qurban”, “g...t ol, bəxtin olsun” və bu qəbildən olan digər sözləri zarafat kimi qəbul etmək olmaz, bu sözlər azərbaycanlıların funksional həyat fəlsəfəsidir, yaşamaq haqqında şüarlarıdır.  “Bir şey mir şey çıxır?” sualı azərbaycanlılar üçün ən ciddi, ən əhəmiyyətli, ən bəşəri sualdır. Onların bütün hərəkətləri “bir şey mir şey çıxır?” sualının  yaratdığı sərhədlər  daxilində baş verir. Əgər bacaran adamdan söhbət gedirsə, necə sualı azərbaycanlılar üçün bir qram da əhəmiyyət kəsb etmir. Oğurlamaq, rüşvət almaq, yaltaqlıq etmək, özündən vəzifəlinin qarşısında quyruq bulayıb özündən zəifin qanını içmək,  ictimai-siyasi motivli yalanlar danışmaq, seçki qutularına saxta bülleten daşımaq kimi  əslində  normal insan üçün ikrah doğurmalı olan  hərəkətlər məqsədə, nəticəyə asanlıqla  haqq qazandırır. Məqsəd və nəticə isə puldan və vəzifədən ibarətdir. Azərbaycanlılar kasıb adamdan sadəcə və sadəcə iyrənirlər. Siz mənə Azərbaycanda üç adam göstərin ki, pulu və vəzifəsi yoxdur, amma camaat arasında hörməti var. Siz mənə Azərbaycanda üç adam göstərin ki, pulu və vəzifəsi yoxdur, amma hansısa yaxşı hərəkətlərinə görə camaatın rəğbətini qazanıbdır. Çətindir. Xeyli düşünməli, fikirləşməli, axtarmalı olacaqsınız. Amma mən sizə  birnəfəsə, çox da düşünmədən, beynimə çox da əziyyət vermədən azı üç yüz adam göstərə bilərəm ki, bioqrafiyası başdan-başa ləkəlidir, yaltağın yekəsidir, oğurlayır, rüşvət alır, şər atır, cəlladlıq edir, saxta ittihamlar çıxarır, lakin puluna və vəzifəsinə görə camaat arasında böyük hörmət sahibidir. Niyə? Ona görə ki, pul və kreslo azərbaycanlılar üçün müqəddəsdir, sakraldır. Onlar puldan və kreslodan başqa heç nəyə inanmırlar. Azərbaycanlılar pul qazanmaq imkanı olduğu halda qazanmayan, oğurlamaq imkanı olduğu halda oğurlamayan, rüşvət almaq imkanı olduğu halda rüşvət almayan  adamlara nifrət edirlər, ən yaxşı halda belə adamlara axmaq kimi baxırlar. Uşaq idim, bir nəfərin axmaqlığı haqqında elə hey müxtəlif yerlərdə, müxtəlif adamların dilindən söhbətlər eşidirdim. Həmin adam idarə rəisi olmuşdu və rüşvət almamışdı, oğurlamamışdı. Azərbaycan dilinə tərcümə etsək, yəni özü yeməmişdi, başqalarına da yeməyə imkan verməmişdi. Adam çoxdan ölüb getmişdi, lakin onun axmaqlığı haqqında söhbətlər bitib-tükənmək bilmirdi. Nə bilmək olar, bəlkə hələ də bu söhbətlər davam etməkdədir. 

Azərbaycanda çörək verən kişi adında bir kişi növü var. Nə deməkdir çörək verən kişi? Kimlərə aid edilir bu söz? Çörək verən kişi çörəyin ununu hardan tapır, çörəyin xəmirini necə yoğurur, necə bişirir? Çörək verən kişi o deməkdir ki,  adam hər hansı vəzifə sahibidir, həm özü oğurlayır, həm də tabeçiliyindəki adamların oğurlamasına şərait yaradır. Belələri haqqında camaatımızın dilindən ancaq xoş sözlər eşidə bilərsiniz. Əgər axirət dünyasına  gedibsə, azərbaycanlılar çörək verən kişinin adını çəkərkən mütləq “Allah rəhmət eləsin” sözünü də işlədəcəklər. Vəzifə sahibi olduğu halda oğurlamayan və başqalarının da oğurlamasına şərait yaratmayan kişilərə çörək verməyən kişi deyilir. Oğurlamayan və başqalarının da oğurlamasına şərait yaratmayan  kişilər haqqında söhbət gedərkən azərbaycanlılar nifrətlə sifətlərin turşudurlar, qəzəblənirlər, şikayətlə əllərini yelləyirlər və çörək verməyən kişinin adını çəkdikdə çox nadir hallarda “Allah rəhmət eləsin” sözünü işlədirlər.

Bütün bunları ərinmədən yazmaqla onu demək istəyirəm ki,  pulun və vəzifənin müqəddəs hesab edildiyi bir cəmiyyətdə elə ilk fürsətdəcə kreslodan yapışmamaq, tələb və təklif söhbətlərini kənara qoyaraq, bazar münasibətlərindən uzaqda dayanaraq mərhələlər aşmaq, aid olduğun, fəaliyyət göstərdiyin sahənin dərinliklərinə, incəliklərinə baş vurmaq olduqca çətindir. “Bir şey mir şey çıxır?” sualının ən əhəmiyyətli, ən vacib suala çevrildiyi bir cəmiyyətdə mərhələlər aşmaq, özünü təkmilləşdirmək, kamilləşdirmək yolunda addımlamaq insandan böyük dözüm, güclü iradə tələb edir. Lakin onu da düşünürəm ki, ətrafda hansı iyrəncliklərin baş verməsindən, ətrafdakı canlıların necə, hansı əməllərlə, hansı üsullarla yaşamasından asılı olmayaraq  hər bir ciddi adam öz sənətinin, öz sahəsinin şəhadət şərbətini içməlidir. 

Əgər təbiət tərəfindən insana  hər hansı sahədə bir ovuc istedad verilibsə, o, bu bir ovuc istedadı maddiyyatdan, vəzifədən, bazar münasibətlərindən, bütün həyat fəlsəfəsi intellekti və istedadı təhqir etməkdən ibarət olan azərbaycanlı, türk, ümumiyyətlə, müsəlman qadınlarından, həşərat həyatı yaşayan qohum-əqrəbadan göz-bəbəyi kimi qorumalı, zəhmətlə, intizamla, inadla, ardıcıllıqla, səbirlə, sağlam və ədalətli düşünməklə  bir ovuc istedadı bacardığı qədər genişləndirməli, dərinləşdirməli və böyütməlidir. 

Herman Hesseyə istinad etsək, həyatın elə bir anı gəlib çatır ki, daha söhbəti fırlatmağa, manevr etməyə, Tağı Əhmədov demişkən burcutmağa  imkan olmur. Həyat özü hərlədib fırladıb səndən ortaya mövqe qoymağı tələb edir. Bax o zaman insanın əsl təbiəti, həqiqətən hansı mənsəbə qulluq etdiyi  üzə çıxır. Elə insanlar var ki, təbiətcə meşşandırlar, lakin ictimai-siyasi-kultroloji-sosioloji motivli   iddiaları da aşıb-daşır. Onlar ortaya mövqe qoymaqla öz rahatlıqlarını itirmək istəmirlər, eqo ciddi mane olduğuna görə iddialarından da vaz keçmək bir növ onlar üçün asan deyil. Belə olduğu halda onlar özlərini elə aparırlar ki, guya bütün hadisələrin fövqündə dayanırlar, hər şeyi zarafata salmağa çalışırlar. Belə, yəni həm rahat yaşamaq istəyən, həm də iddiası aşıb-daşan adamlarla, enerji vampirlərilə unsiyyətə girmək lazım deyil.

Torpağa, vətənə, xalqa, dinə, təriqətə, valideynlərə, övladlara qarşı ifrat bağlılıq, ifrat sevgi insanın sağlam və ədalətli düşünməsinə mane olur, azadlığını məhdudlaşdırır. Azadlığın məhdudlaşması isə  şəxsiyyətin alçalması ilə nəticələnir.  Keçirdiyin səmimi hislərdən heç kimin hətta ən doğma adamların belə sui-istifadə etməsinə qətiyyən icazə vermək olmaz. Mərhələ aşmaq, özünü təkmilləşdirmək, kamilləşdirmək yolunda maneələr törədirlərsə, azadlığını məhdudlaşdırırlarsa, hətta valideynlərin, hətta övladların da loru dildə desək, arxasına təpik vurmağa özündə güc və iradə tapmalısan. Amma sənin üçün doğma adamların arxasına təpik vurmazdan əvvəl ciddi-ciddi düşünməlisən. Dəyərmi? Özünə arxayınsanmı? İtirdiyin rahatlığın müqabilində ortaya heç olmasa ortabab bir məhsul, ortabab bir nəticə qoya biləcəksənmi? Bunun  üçün lazım olan  potensialı, axıra qədər səbirlə, inadla getməyə gücü, iradəni özündə görürsənmi? Görürsənsə, özünə arxayınsansa, tərəddüd etmə, heç kimin sənin səmimi hislərindən sui-istifadə etməsinə imkan vermə, azadlığını məhdudlaşdırırlarsa, mərhələ aşmaqda maneələr törədirlərsə valideynlərinin, övladlarının arxasına  təpiyi vur getsin, əlini-qolunu bağlayan zəncirləri qır tulla. Yox özündə lazımi qədər potensial, güc, iradə görmürsənsə, boş yerə rahatlığını pozma. Həm Əli, həm də Vəli aşından olmaq da bir şey deyil.  

Seymur Baycan

Kultura.az

Yuxarı