post-title

Tedodor Drayzer: Yaşlı insanla görüşdən aldığım dərs

Tanınmış amerikalı yazıçı Teodor Drayzerin xatirələrindən


Bir zamanlar mən qərbdə çap olunan, bölgədə məşhur və nüfuzlu sayılan bir qəzetlə əməkdaşlıq edirdim və günlərin bir günü redaktor istifadəyə verilməsi planlaşdırılan, milyonlarla büdcəsi olan bir layihəylə bağlı müsahibə almaq üçün məni istefaya çıxmış, varlı bir sənayeçinin yanına göndərdi.

Layihə yararlı olacaqmı? Şəhərin buna ehtiyacı varmı? Onun maliyyələşməsi asan və sərfəli olacaqmı? Redaktor nələri soruşacağımı mənə tapşıraraq, müsahibimin yaşlı və ya gənc olması haqqında heç bir məlumat vermədi, sadəcə bildirdi ki, o indi sənaye işindən kənarlaşıb və sən onu istənilən vaxt evdə tapa bilərsən. 
O vaxtlar mən çox gənc idim-yaşım iyirmi ikidən çox olmazdı və həyat mənə öz ticari, iqtisadi tərəfləri ilə deyil, öz tapmacaları, sirrləri ilə daha maraqlı gəlirdi. Lakin mənim verəcəyim suallar yadımda idi və keçmiş sənayeçidən onlara aydın cavab almağa hazırlaşırdım.

O çox məhşur bir sənayeçi, mən isə gənc və tanınmamış jurnalist olduğumdan, müsahibəmizi yol boyunca düşünürdüm, fikrimdə müsahibimin obrazını təsəvvür edirdim.

Onu orta yaşlı biri, dövlətli olduğu üçün özündən razı, iti baxışlı və bir azda reportyorlara qarşı biganə insan kimi təsəvvür edirdim. Mənsə öz növbəmdə bacardıqca rəsmi, ciddi olmalı, gəlişimin səbəbini qısa, konkret deməli, onun cavablarını aydın qavramalı, yadımda saxlayıb qeyd etməli idim.

Onun imarəti yeddi böyük evlə birlikdə hasara alınmış, iki tərəfdən hündür dəmir darvazası olan həyətdə yerləşirdi. İmarət böyüklüyü ilə məni heyrətləndirdi. Sarı daşdan hörülmüş, qırmızı-qəhvəyi rəngli kərpicli damı olan, fransız stilində bəzədilmiş, gözəl giriş qapılı ev, nüfüzlu sahibi haqqda təəssürat yaradırdı.

Evə yaxınlaşdıqca anlayırdım ki, yalnız dəyərli insanlar bu evin kandarından keçmə şərəfinə nail ola bilərlər. Mən üzərimə qoyulmuş ağır missiyanın öhdəsindən gəlmək üçün fikrimi toplayırdım. Qapıda məni ciddi görkəmli, əynində qısa şalvar olan, ağ manjetli, mis rəngdə parlaq düyməli göy pencək geyinmiş lakey qarşıladı. Mənim nəylə bağlı gəlməyimlə maraqlandı. Səbəbi söylədim. Məni içəriyə dəvət etmədən harasa getdi, lakin az keçməmiş geri döndü. Biz geniş pilləkənlə yuxarıya qalxdıq, pilləkənin qarşısındakı zalda gözəl pərdələr asılmış pəncərələr və üzəri əl işləməsi olan mebel var idi. Hər yer o qədər geniş idi ki, içimdə ölçüsüzlük, sonsuzluq hissi oyanırdı. Geniş qapıdan kitabxana görünürdi, üzəri naxışlı rəflər bahalı üzlüklər çəkilmiş kitablarla dolu idi.

Boyük kaminin qarşısında məni təccübləndirəcək dərəcədə kiçik və zəifləmiş bir qoca oturmuşdu. Onun çiyinləri balaca, saçları düm ağ, əlinin və üzünün dərisi isə inanılmaz dərəcədə şəffaf və qırışlı idi. Dərində yerləşən mavi gözlərini demək olar ki, qırpmırdı və bu onun baxışlarını daha iti edirdi.

-Mister İks? - dəqiqləşdirmək üçün sual verdim.

O başını yellədi.
Mən onun qocalığına və zəifliyinə təəccüblənərək öncədən hazırladığım nitqdə gəlişimin məqsədini izah etməyə başladım. O, əllərini dizinin üstünə saldığı qara yun adyalın üzərinə qoyaraq, sakit halda mənə qulaq asırdı. Hərdən barmaqlarını yumub açırdı.

-Bəli - deyərək mənim dediklərimi astadan, çətinliklə təsdiq edirdi - Bəli.

Mən nitqimi bitirdikdən sonra, o, gözlərini yavaşca aşağı salaraq “bəli, oğlum, mən sizin bütün suallarınıza cavab verəcəm, amma mənə indi bu söhbətlər çox maraqsızdır və mənə görə bu barədə danışmağın mənası yoxdur. Bilmirəm nəyə görə fikirlərim onlara bu qədər maraqlıdır?”.

Mən onun bu sözlərini eşitdikdə təəccübümdən donub qaldım. O, o qədər qoca, o qədər halsiz idi ki, vaxtı ilə onu çox qabağa aparmış həyat adlı qüvvə, indi onu tərk eləmişdi.

Bu əzəmətli ev, böyük iş, onu hamıdan fərqli edən, şan-şöhrət gətirən içindəki alov, ehtiras sönərək heç nə ilə maraqlanmayan sönük bir qocaya çevirmişdir. Lakin bu insanın dövləti və nüfuzu çox böyük olduğundan onun adı hələ də çox əhəmiyyətli idi. Fiziki olaraq demək olar ki, artıq bu dünyaya məxsus olmasa da, kölgə kimi görünsə də onun dediyi sözlər hələ də yaşamasının sübutu idi. Verdiyim sualların hamısını aramla, çətinliklə, nazik barmaqlarını büküb aça-aça, arada öskürərək cavab veriridi.

O danışdıqca mən dəftərçəmdə qeyd edirdim və yazdıqca anlayırdım ki, müsahibənin mənə maraqlı olan hissəsi bu böyük layihənin reallaşması və gəlir gətirməsi yox (onun fikrincə layihə uğurlu idi və gəlir gətirəcəkdi), bir vaxtlar böyük gücə, nüfuza, hökmə malik olan insanın qocalığa bu cür zəifliklə uduzması idi.

Əlbətdə ki, həyat davam edəcək, layihə həyata keçəcək, gəlir gətirəcək, ondan minlər və milyonlar xeyir götürəcək. Amma nə vaxtsa gənc olmuş adam indi sönük bir qocaya çevrilib! Kimə lazımdı bu qədər var-dövlət? Necə də mənasızdır! İndi onun yığdıqlarının heç bir əhəmiyyəti yoxdur.

Qəzet üçün diqqətlə yazıdığım qeydlər deyil, məhz bu məqamlar məni o qədər təsirləndirmişdi ki, başqa heç nə haqqında düşünə bilmirdim.

Üzərindən bir müddət keçməsindən sonra belə mən onu çox düşündüm - nəyə görə bu görüş mənə belə təsir etdi, qəzetin maraqlandırdığı məsələ yox, tamam başqa bir məqam məni təsirləndirdi.

Belə başa düşdüm ki, bu insanın yaşı, yoxa çıxmaqda olan sağlamlığı, evinin möhtəşəmliyi, məni müsahibəyə göndərən redaktora zərrə qədər də maraqlı deyil və bu məni çox təəccübləndirdi. Öz-özümdən soruşurdum: “Nəyə görə məni təsirləndirən, maraqlandıran bir məqam qəzet redaksiyasını maraqlandırmır? Gördüyüm hadisəni necə istifadə eləyim?”.
Səbəbi özüm üçün etdiyim kiçik bir kəşfdə gördüm - jurnalistika, reportyorluq öz çılpaq faktlarıyla mənə maraqlı deyildi, mənə maraqlı olan jurnalistikanın açıqlamadıqları dərinliklər idi.

Hələ də nüfuzlu ada malik, bu gücsüz, heysiz bədən, gəncliyində çalışıb topladığı dövlətə baxmayaraq, indi ancaq öz nazik, qırışlı barmaqlarını büküb-açıb, başını aşağı salaraq “indi bu söhbətlər çox maraqsızdır, bu barədə danışmağın mənası yoxdur” söyləyir. Bu mənzərə həm insanlar, həm də tanrı üçün bir dərsdir.

Mənim ətrafımda şəhər həyatı qaynayırdı. Trolleybuslar məftillərlə sürüşür, tramvaylar relsləri taqqıldadırdı. Küçədə yüz minlərlə cavan, energetik, həyata ac, iddialı, insanlar özlərinə yol açaraq kütlənin arasından keçib gedirlər. Nə vaxtsa bu prosesin bir hissəsi olmuş şəxs indi öz möhtəşəm imarətində, kaminin yanında unudlumuş şəkilə tək oturub.
Mən redaksiyaya tələsirdim.

“İks məsələylə bağlı nə dedi?” - redaktorum dərhal maraqlandı.
Mən ona dəftərcəmdə qeyd etdiyim cavabları oxudum.

-Əla! Gözəl!- redaktor sevindi - Bizədə elə bu lazım idi. Mənə dediyiniz hər şeyi yazın, suallar və cavablarla birlikdə. 
-Bəs onun necə qocaldığı haqqında nə yazım? - öz gördüklərimin təsirindən çıxmadığım üçün soruşdum - bilirsiniz, o çox qocadı, heysizdir. Çətinliklə danışır. Bu məqəmlar kədərli olsa da çox vacibdir.
-Yox. Yox və yenədə yox - başı qarışıq redaktor cavab verdi - Öz işinizlə məşğul olun. Ancaq cavablarını yazın. Onun yaşını unudun. Bizə lazım olanı almışıq. İşi pozmayın. Fikrinizi layihəyə və onun buna münasibətinə yönləndirin. Onun yaşı isə bizi maraqlandırmamalıdır.

Mən oturub qeydlərimdə yazdıqlarımı məqalə şəklinə salmağa başladım və çalışırdım ki, gördüklərim və hiss etdiklərim məqaləyə təsir etməsin. Sabahkı gün məqalə qəzetin ilk səhifəsində çap olundu və məqalədə energetik və həyat dolu bir insanın bu layihəyə hədsiz marağı yazıldı.

Şübhəsiz ki, oxucuların çoxu onu əvvəl tanıdıqları kimi təsəvvür edirdilər. Lakin illər keçsə də mən o möhtəşəm evdə, kaminin qarşısında gücsüz, halsız halda oturub barmaqlarını büküb-açan qocanı fikrimdən çıxara bilmirdim.
Şəhər qəzetinin redaktoru özünü maraqlandıran layihəylə bağlı demək olar ki, həyat əhəmiyyətli cavabları alandan sonra, mənim qarşımda həmişəlik bir sual qoydu: buna bənzər anoloji hadisələrlə,daha böyük problemlərlə, talelərlə, faciələrlə nə etməli?

Qəzetdə yazılması lazım bilinməyən bu cür faktları, situasiyaları necə diqqətdən kənar qoymaq olar?
Bir necə il sonra, nəhayət ki, mən bu suallara cavab tapdım.

Anladım ki, jurnalistika bunun üçün uyğun sahə deyil. Buna redaksiyasının tələb etdiyi dar çərçivədə deyil, fərqli yanaşma tərzi tələb olunur.

Bu tərz həyatın bütün rənglərinin təsvir olunduğu, hamıya tanış kontrastların göstərildiyi bir rəsm əsərinə bənzəməlidir.
Şəhər qəzetinin redaktorunu maraqlandıran dəqiq faktlar isə keçici idi, çox deyil - aid olduğu saat və gün üçün aktual olurdu.
İndi anladım ki, ədəbiyyat rəssamın gördüyünü çəkməsinə bənzəyir. Ədəbiyyat həyatı gördüyü kimi, riyakarlıq etmədən, həqiqəti gizlətmədən təsvir etmək, insanların arzularına, xəyallarına nüfuz etməkdir.

Mənim gördüyüm və haqqında düşündüyüm, təsirləndiyim və gündəlik qəzetlərin məhəl qoymadığı hadisələri yazmağa məhz ədəbiyyat imkan verirdi.

Məhz bu hadisə mənə jurnalistika ilə ədəbiyyatın fərqini aydın etməyə kömək etdi.

1938

Teodor Drayzerin məqalələrindən

Tərcümə etdi: Leyla Cahangirova

Kultura.az

Yuxarı