Kölə böyüdən atalar və analar

Сеймур БАЙДЖАН

Ölkədə baş verən hadisələrə heç bir münasibət bildirməyən insanların bir ciddi arqumenti var - başımı aşağı salıb bir tikə çörəyimi qazanıb, balalarımı saxlayıram. Əslində, kobud səslənsə də onların vəziyyəti belə ifadə olunmalıdı: "Mən ətrafımda baş verənlərə heç bir reaksiya bildirmədən, yaltaqlıq edərək, təhqir olunaraq bir tikə zəhər qazanıb özüm kimi kölə böyütməkdəyəm".

Nə qədər acı olsa da, vəziyyət belədi. Bəli, kim bilməsə də adamlar özləri təhqir olunduqlarının fərqindədirlər. Onlar bilirlər ki, yaltaqlıq edirlər. Bu prosesin şahidləri elə iş yoldaşlarıdır. Hər kəs bunu bilir və heç kim özünü o yerə qoymur. Adamlar əziyyət çəkirlər. Rahat deyillər. Bir-birlərinə məhz buna görə güzəştə getmirlər. Bir-birlərini didirlər. Çünki adamlara bir tikə çörəyi min minnətlə verirlər. Onları haldan-hala salır, təhqir edir, alçaldırlar. Onların ruhi vəziyyəti, ovqatı müdirin, rəisin, direktorun ovqatından asılıdı. Əgər müdirin, rəisin, direktorun başı ağrıyırsa, işçilərin də başı ağrımalıdı. Əgər müdirin, rəisin, direktorun kefi kökdürsə, işçilərin də kefi kök olmalıdı. Nəticədə başdan-başa zəhərlə dolmuşlar öz zəhərlərini ən yaxın adamlarının üstünə axıdırlar. İşini itirmək qorxusu altında yaşayan adamlar həyatdan heç cür zövq ala bilmirlər. Onlar daima gərgin vəziyyətdədirlər. Daima içlərində zəhər qaynayır. Daima bu vəziyyətdə yaşayan bir adamın ailədəki vəziyyətini təsəvvür edin. Onun sifətindən zəhrimar yağır. O, hətta öz ailəsində belə çörəyi rahatlıqla yeyə bilmir. Bizim ölkədə insanların böyük çoxluğu işini itirmək qorxusu altında yaşayır. İşini itirmək qorxusu altında yaşayan adam işini itirməmək üçün öz iş yoldaşından daha çox yaltaqlıq etməyə, rəhbərin daha çox xoşuna gəlməyə, rəhbərə başqalarından daha çox yarınmağa məcburdur. Bütün bu prosesə "başımı aşağı salıb bir tikə çörəyimi qazanıb balalarımı saxlayıram" adı qoyulub. 
 
Gəlin, bir az detallara varaq. Əgər bu gün bir insan yaltaqlıq edirsə, təhqirlərə dözürsə, alçalırsa və "bunu öz övladlarıma görə edirəm", - deyib özü-özünə təsəlli verirsə, bu təsəlli heç də onu məsuliyyətdən azad etmir. Bunu olsa-olsa yalnız həmin adamların öz köləliklərinə ad qoymaq cəhdi adlandıra bilərik. Əgər bir insan övladına görə təhqirlərə dözürsə, bu o demək deyil ki, onun övladı da bu cür idarə olunmayacaq. Bu, dövrün məsuliyyətindən yaxa qutarmaq deməkdi. Bu o deməkdir ki, insanlar öz ailəsinin və nəslinin köləlik qanunları ilə idarə olunmasıyla artıq razılaşıblar. Yəni, mən təlxəklik edərək, təhqir olunaraq, yaltaqlanaraq səni böyütdüm, indi sən də get eyni hərəkətləri et və başını saxla. Bu o deməkdir ki, adamlar əjdaha üçün övlad böyüdürlər. Əjdahanın ən azı üç başı (ORDU, SƏHİYYƏ, TƏHSİL) onların övladlarını hop edib udacaq. Hər kəsin bir-birinin qarşısında gözükölgəli edildiyi bir ölkədə yaxşı övlad böyütmək mümkündürmü? Müəllimi şagirdin qarşısında, həkimi xəstənin qarşısında, əri arvadın, atanı övladın qarşısında gözükölgəli ediblər. Axır-əvvəl sizin böyütdüyünüz uşaqlar bu cəmiyyətdə yaşamağa məhkumdur. Yox, əgər siz vəziyyətin belə davam etməsinə razısınızsa, deməli, övladlarınızın da bu şərtlər altında yaşamasına artıq qəlbən razı olmusunuz. Bəs bu köləlik zəncirini kim qırmalıdı və ümumiyyətlə, bu köləlik zənciri nə vaxt qırılmalıdı? Əgər bizim insanlar çox yox, bircə saat necə idarə olunduqlarını dərindən düşünsələr, yəqin ki, dəhşətə gələrlər. Düşünmək istəməyənlər dövrünün məsuliyyətindən yaxa qurtarmaq istəyənlərdir. Deməli, onlar öz əziz övladlarının bu sistemdə yaşayacaqlarını artıq qəbul ediblər. O zaman icazə verin sizin atalıq və analıq sevginizə şübhəylə yanaşım. Deməli, hətta sizlər "bunu öz övladımız üçün edirik",- deyəndə belə səmimi deyilsiniz. Çünki övladını sevən ata və ana övladının belə bir vəhşi cəmiyyətdə yaşamasına razı ola bilməz. Bəyəm siz bilmirsiniz onlar necə yaşayacaqlar, necə idarə olunacaqlar? O zaman yalnız bir ad qalır ortada - köləliyi qəbul etmək. Mən söhbəti çox uzatmaq istəmirəm. Zatən adamlar özləri necə bir cəmiyyətdə yaşadıqlarının fərqindədirlər. Bircə qalır papağı qarşılarına qoyub bircə saat dərindən düşünmək. 
 
İndi isə gəlin dünya ədəbiyyatının ən şedevr nümunələrindən birinə - Conatan Sviftin "Qulliverin səyahəti" əsərinə müraciət edək. Qulliver nəhənglər arasına düşənə qədər Cırtdan ölkənin ən balaca adamı idi. Cırtdan özündən balaca adamı, Qulliveri gördükdə lovğalanır, fürsət düşdükcə Qulliverə sataşır, onu lağa qoyur. Lakin Qulliver sarayın sevimlisinə çevrildikdə Cırtdan özündən balaca adamın peyda olmasını həzm edə bilmir. O, Qulliverə nifrət edir. Beləcə, daha balaca olmaq istəyənlərin amansız mübarizəsi başlayır. Nə qədər balaca olsan, bir o qədər sevimli olacaqsan. 
 
Yazını Sviftin şedevr cümlələri ilə bitirirəm: "Mən həmişə bu fikirdə idim ki, gec və ya tez azad olacam. Kral mənim üçün münasib bir arvad tapmağı arzu edirdi. O, istəyirdi ki, mənim uşaqlarım olsun. Ancaq biz bülbülləri qəfəsdə saxladığımız kimi mənim balalarımın da qəfəsdə saxlanılacağını və nəvə-nəticəmin qəribə heyvanlar kimi əyanları əyləndirmək üçün satılacaqlarını düşündükdə dəhşətə gəlirdim. Doğrudur, mənimlə çox mehriban dolanırdılar. Çünki mən qüdrətli kral və kraliçanın sevimlisi idim. Amma bu rəftarda da insanlıq ləyaqətimi təhqir edən əlamətlər var idi. Mən özümə bərabər olan insanlar arasında olmağı çox arzu edirdim. Bir qurbağa və ya küçük kimi ayaq altında qalıb əzilmək qorxusu duymayan, küçələrdə və çöllərdə gəzmək ehtiyacı duyurdum".
 
Seymur Baycan
Reytinq qəzeti
Kultura.az | Developed by Samir Yahyazade