Luici Pirandello - Dəyişdirilən uşaq

Литература

Hekayə

Bütün  gecəni səhərə qədər qışqırtı, çığırtı səsləri kəsilmədi. Ancaq bu çığırtının insandan, yoxsa heyvandan gəldiyini kəsdirə bilmədim. Ertəsi günü qonşu qadınlardan qışqıranın qonşuluqdakı Sara Longo adlı qadın olduğunu öyrəndim.

Qadınların dediyinə görə Sara Longo gecə yuxuya gedəndən sonra onun üçaylıq oğlunu oğurlayıb yerinə başqa uşaq qoymuşdular. Mən heyrətimi gizlədə bilməyib soruşdum:

- Oğurlayıblar? Kim oğurlayıb?

- Qadınlar.

- Hansı qadınlar?

Onlar bu qadınların gecələr hamı yatandan sonra gəzib-dolaşan, havada uçan ifritələr, cinlər olduğunu dedilər.

Təəccüb və hiddətlə soruşdum:

- Bu necə ola bilər? Uşağın anası da bütün bunlara inanır?

Qadınlar hələ də elə bir təəssürat və qorxu içərisindəydilər ki, mənim təəccüblənməyim hətta  onların xətrinə dəydi.

Onlar Saranın qışqırtılarını eşidən zaman yarıçılpaq halda onun evinə qaçdıqlarını və orada yatağın ayaq tərəfində, döşəmənin üzərində ifritələr tərəfindən dəyişdirilmiş uşağı gözləri ilə gördüklərini üstümə atılacaq formada mənə nəql etdilər.

Axı Saranın öz uşağı süd kimi ağappaq, bir az da qızılı rəngə çalırmış. O, sanki İsa Məsihin uşaqlığına bənzəyirdi. Ancaq uşağın əvəzinə qoyulan uşaq qaraciyər kimi qapqara, meymundan da betər eybəcər idi.

Üstəlik bunu da unutmaq olmaz ki, Longonun uşağı hələ beşikdə yatırdı. Beşikdəki uşaq anasının diqqətsizliyi ucbatından yerə düşsə də o qədər uzağa gedib və ayaqları beşiyin əksi istiqamətində fırlana bilərdimi?!

Belə olan halda ifritə qadınların gecəykən Longonun evinə girərək, ona pislik etmək üçün gözəl uşağını oğurlayıb, yerinə çirkin bir uşaq qoyduqları açıq-aydın ortada idi. 

Sən demə bu ifritə qadınlar yazıq analara saysız-hesabsız pisliklər ediblər! Uşaqları beşiklərindən götürüb başqa otaqdakı stulun üstünə ayaqları çarpazlaşmış və gözləri çəpləşmiş halda qoyub gedirlər.

Söhbət edən qadınlardan biri qucağında tutduğu kiçik bir qız uşağının başına diqqətlə nəzər salaraq mənə baxdı:

- Bura baxın, bura baxın, bura baxın! -dedi və uşağın boynunun arxasında bir-birinə qarışmış bir çəngə saçı göstərdi.

- Bu saç çəngəsinin nə olduğunu zənn edrsiniz? Ələttə ki, bu da həmin ifritələrin hördükləri hörükdür. Onlar gecələr anaların yazıq qızlarının saçları ilə oynayıb, əylənirlər. Belə olanda saçı kəsmək, onları qaydaya salmaq olmaz. Əks halda uşaqlar ölərlər.

Bu cür əllə tutulan, gözlə görülən dəlillər qarşısında bu qadınları batil inanclarının yersizliyinə inandırmağın faydasız olduğunu görüb həmin inancların qurbanı olmaq təhlükəsi ilə üz-üzə qalan o zavallı uşağın sonunu düşündüm.

Aydın məsələ idi ki, gecə yerə yıxılan körpə ya hansısa xəstəlik keçirmiş, ya da iflic olmuşdu.

Qadınlardan indi uşağın anasının nə etmək istədiyini xəbər aldım. Onlar qadının ev-eşiyini və hər şeyini atıb dəli kimi harda gəldi gedıb uşağını axtarmaq istəyini dedilər.

- Bəs uşaq?

- Qadın onu görmək, haqqında danışmaq belə  istəmir.

Qonşu qadınlardan biri uşaq acından ölməsin deyə ona məmə ucu formasında düzəldilmiş bir parçada islanmış çörək və şəkər əmizdirmişdi. Qadınlar qorxu və diksinmələrinə üstün gələrək, sırf Allaha acıq getməsin deyə növbə ilə uşağa baxacaqlarına söz verdilər. Çünki ilk günlərdə anadan belə bir şeyi gözləmək doğru olmazdı.

Bu qəribə hadisəni polisə xəbər verməyin doğru olub, olmayacağını  öz-özümə düşünərkən uşağı oğurlanan qadının ifritə qadınlarla gizli əlaqələri olan Vanna Scoma adlı bir qadının yanına məsləhətə getdiyini eşitdim.

İfritə qadınlar küləkli gecələrdə yaxınlıqdakı evlərin damlarına çıxıb Vanna Scomanı çağırdıqları və onu özləri ilə apardıqları rəvayət olunurdu. O qədər də uzaq olmayan bir yerdə Scoma daş kimi hərəkətsiz oturar, onun ruhu isə cadugərlərlə birlikdə Allah bilir haralara gedərdi. Yaxınlıqdakılar uzun və iniltili səslərlə ifritələrin onun evinin damına çıxıb - Vanna xala, Vanna xala deyə çağırdıqlarını da təsdiqləyirdilər.

Beləliklə Sara Long da məsləhət almaq üçün bu qadının yanına getmişdi. Bu qadın əvvəlcə heç nə demək istəməsə də, sonradan qadının bitməyən yalvarışlarına dözməyib üstüörtülü şəkildə oğurlanan uşağı gördüyünü işarə etmişdi.

Sara həyəcanla ondan soruşub:

- Görmüsən? Harda?

Vanna xala uşağı görsə də harda olduğunu deməyə ixtiyarı olmadığını deyir. Ancaq o, qadını əmin edir ki, narahat olmasın. Çünki uşaq olduğu yerdə çox yaxşıdır. Heç nədən korluq çəkmir. Ancaq bircə şərt var ki, gərək Sara dəyişdirilən uşağa çox yaxşı baxsın. O, burdakı uşağa nə qədər yaxşı baxsa, o biri tərəfdə də onun uşağına elə baxacaqlar.

Cadugər qarının bu cür ağıllı tövsiyəsinə qarşı təqdir olunacaq heyranlıq duydum. Bu qadın Sara Longonun uzaqda olan uşağının xətri üçün yanındakı uşağa qarşı hiss etdiyi soyuqluğunu, onu əmizdirərkən iyrənməsini yenməyə məcbur etməklə Longonun batil etiqadını cəzalandıraraq zalım davransa da, nə zamansa onun oğluna qovuşacağı ümidini də tamamilə üzməyərək mərhəmət də göstərmişdi.

Daha sonra zalım olduğu qədər də mərhəmətli və ağıllı cadugər ədalət naminə yox, Sara Longonun hər gün onun yanına gəlməsinin ona xeyir gətirdiyini anlayaraq yazıq anadan itən uşağını istər gördüyü, istərsə də görmədiyi zamanlar (daha çox görməyəndə) nələrsə qopardırdı. Bu vəziyyət Saranın gəmidə işləyən ərinin dəniz səfərindən qayıtdığı günə qədər davam etdi.

Bu adam bir gün burda, sabah isə başqa bir yerdə səfərlərdə olurdu. Bu səfərlər o qədər çoxalmışdı ki, o, arvadı və uşağı ilə maraqlanmırdı. Ancaq evinə qayıdanda arvadının arıqlayıb az qala dəli vəziyyətində olduğunu, uşağının isə bir dəri, bir sümük qalaraq tanınmaz hala düşdüyün gördü. Arvadı ona uşağının da, özünün də ağır xəstəlik keçirdiyini söylədikdən sonra susub heç bir söz demədi. Ancaq əsl fəlakət sonrakı günlərdə baş verdi. Saranın yaşadıqları azmış kimi bu dəfə həqiqətən də xəstələndi. O, ikinci dəfə uşağa qalmışdı.

Sara hamiləliyinin ilk aylarını çox pis keçirirdi. Artıq hər gün Vanna xalanın evinə gedə bilmir və itirdiyi övladına o tərəfdə yaxşı baxsınlar deyə evindəki zavallıya əlindən gəldikcə yaxşı baxmağa çalışırdı. Döşündəki südü çəkdiyi əzablı günlərdən sonra su kimi durulmuş və dadsızlaşmışdı. Hamiləlikdən sonra isə südü tamamilə qurudu. Dəyişdirilən zavallı uşaq böyüdükcə qadın öz övladının da o biri tərəfdə böyüdüyünü düşünərək bu dəyişdirilmə məsələsində özünün ziyana uğradığını hesab edir və bunu qəti şəkildə doğru hesab etmirdi. Çünki yanındakı uşağın bürüşmüş boynunun üstündəki kiçik başı gah bir çiyni, gah da o biri çiyni üzərinə əyilirdi. Ola bilsin ki, onun ayaqları da şikəst idi.

Günlərin bir günü yenidən səfərə yollanan ər Tunisdən ona bir məktub yolladı. Əri ona yazırdı ki, ifritə qadınlarla bağlı əhvalatı ondan başqa hər kəs eşidib. O, arvadının uşağının ölməsindən və onun gedib yetimxanadan başqa uşaq götürməsindən şübhələnirdi. Əgər belədirsə o, evində kiminsə bicinə baxmaq istəmədiyini və arvadının  həmin uşağı dərhal geri qaytarmasını tələb edirdi.

Lakin, Sara əri qayıdanda ona o qədər yalvardı ki, əri uşağın evində qalmasına razılıq verdi. Sara sırf o biri tərəfdəki uşağına zərər gəlməsin deyə bu əcaib varlığa özü də güclə dözürdü.

İkinci uşaq dünyaya gələndən sonra vəziyyət daha da pisləşdi. Çünki Sara qadın təbiəti etibarilə ikinci uşağı olandan sonra əvvəlki uşağını daha az düşünməyə başladı. Elə buna görə də özünün olmayan biri zənn etdiyi cındırla daha az məşğul oldu. Ona qarşı pis münasibət göstərmirdi. Hər səhər uşağı geyindirib küçə qapısındakı yelləncəkli stula oturdur, önünə isə bir tikə çörək və bir alma qoyurdu.

Zavallı, məsum körpənin sinəsinə doğru əyilmiş başı, şikəst ayaqları toza bulaşmış, saçları kirdən pırtlaşmış halda saatlarla stulda oturulu qalırdı. Küçədəki yaramaz uşaqlar onunla əylənmək üçün üzünə qum atırdılar. O, isə qolunu üzünə tutub özünü qorumağa çalışsa da səsini belə çıxarmırdı. Onun ağrılı gözlərinin üzərini örtən göz qapaqlarını qaldırıb, yendirməsi belə böyük bir iş idi. Milçəklər üz-gözünə daraşıb onu dişləyirdilər

Qonşuluqdakı qadınlar onu "qadınların uşağı" deyə çağırırdılar. Bəzən bir uşaq ona yaxınlaşıb nəsə soruşanda o, uşağın üzünə baxıb heç nə demir, xəstə uşaqlara xas həzin təbəssümlə cavab verirdi. Çox güman ki, heç nə anlamırdı. O, gülümsəyərkən gözlərinin və ağzının kənarlarında qırışlar görsənirdi.

Sara Longo isə qucağındakı yenicə doğulmuş, əvvəlki uşağ kimi ağappaq, toppuş körpəsi ilə qapının qarşısına çıxıb nə etdiyini və nə üçün yaşadığını anlamayan xəstə, zavallı uşağa mərhəmətlə baxaraq içini çəkib deyirdi:

- Necə də kədərlidir!

Sara hərdən ilk övladını düşünərkən gözlərindən bir neçə damla yaş axırdı. Onun başı təzəcə dünyaya gətirdiyi uşağına qarışdığından Vanna xalanın yanına getmirdi. İndi Vanna xala ondan nələrsə qopara bilmək ümidi ilə o biri tərəfdəki oğlundan ona xəbərlər gətirirdi. Xəbərlər isə yaxşı idi. Oğlu gözəl, sağlam və firavan şəkildə böyüyürdü.


Tərcümə etdi: Samirə Əşrəf

edebiyyatqazeti.az
Kultura.az | Developed by Samir Yahyazade