Yuxan Borgen: Yazıçı olmaq nə deməkdir?

Литература


Yazıçı olmaq - qəlbini insanlara etibar etmək deməkdir. Əlbəttə, fikrin ifadə üslubundan asılı olaraq yazı fəaliyyətinin digər formaları da mövcuddur. O, hər şeyə, deyək ki, elmə, texnikaya, kargüzarlığa, fəlsəfəyə, siyasətə, dinə də aid ola bilər. Sonuncu üçlüyə gəldikdə, yazı zamanı fikrin ötürülmə üsulundan asılı olaraq müəyyən meyllər haqqında danışmaq olar. Burada təbliğçilik, vaizlik əsas götürülür. Beləliklə, qarışıq ifadə tərzi yarana bilir. Çox asanlıqla bizim indi bədii əsər adlandırdığımız formaya çevrilir. Bəzən onlar arasındakı anlayış fərqini də müəyyən etmək çətin olur.

İndiki zamanda bədii ədəbiyyatla bağlı olan biz yazarların bu anlayışdan xoşu gəlmir. Çünki məsələ çox şişirdilir. Bu halda biz “zərif ədəbiyyat” ifadəsini işlətməkdən daha çox xoşlanırıq. Doğrudur, bu termini də uğurlu hesab etmək olmaz.

Axı, hər şeydən əvvəl, bizim daim can atdığımız heç də “zərif ədəbiyyat” yaratmaq deyil. Doğrudur, bu sözü işlədərkən, insanlar bir çox halda nə demək istədiyimizi başa düşürlər. Bu ifadə altında nəyi nəzərdə tuturuq? İlk növbədə söhbət “yenidən yaratmaq”dan gedir. Bu isə fantaziya anlayışı ilə əlaqəlidir. Yaxşı, bu fantaziya deyilən əlamət nədir axı?
Çox adama elə gəlir ki, fantaziya səmada qanad çalan, göyün havasız qatında süzən bir anlayışdır. Lakin bu heç də belə deyil. Fantaziya həmişə təcrübəyə və müşahidəyə əsaslanır. Belə deyək, fantaziya təcrübəni qeydə alan və ondan istifadə edən cihazdır. O, bizim fikirlərimizi lazımi istiqamətə yönəldir. Sadəcə olaraq, biz əvvəllər yaşadığımız bu və ya digər təəssüratların rolunu lazımi qədər təsəvvür etmirik (Buna baxmayaraq, keçmişin bir sıra təəssüratları həmişə bizimlədir). 

Mənə elə gəlir ki, məktəbə getdiyimiz birinci günü və ya ilk dəfə üzməyi öyrəndiyimiz anı çoxumuz yaxşı xatırlayır. Hələ ilk məhəbbəti demirəm... Lakin bu tip unudulmaz hadisələrlə əlaqəli olanlar barədə hər şeyi xatırladığımızı təsdiq edə bilmərik. Məsələn, məktəbə getdiyim birinci gün mənim yadımda qalan, o vaxtlar dəbdə olan geyindiyim arxalığın (rantsa) iyi idi. Ondan mal-qara saxlanılan tövlənin, ya da at ağılının iyi gəlirdi. Görünür iy arxalığın tikildiyi heyvanın dərisindən yayılırdı. Odur ki, həmin iy ilk məktəb illərindən bu günə kimi mənimlədir.

Sinfimizin görünüşü, lövhədəki hərflər, uşaqların ürkək siması, Reydar adlı oğlanın qulaqları indiki kimi yadımdadır. Reydarla yanaşı, digər uşaqların da adlarını, simalarını, səslərini xatırladıqca təəssüratlar sel kimi axıb üstümə gəlir. Mən coğrafiya dərsliyinin göy cildini, eyni zamanda oğlan uşaqları arasında olan dava - dalaşı xatırlayıram. Knutla Kristian adlı oğlanın dalaşdıqları səhnə lap yaxşı yadımdadır. Knut hamıdan çox xoşuma gəldiyi üçün mən onun tərəfindəydim.

İndi budur, mən yazıçıyam. Bu, at iyinin yadımda qalması sayəsindədir. Hamının buna bənzər xatirələrlə yaşadığına əminəm. Bu mənada, baş qaldıran hansısa təsəvvürlərlə yaşayan adam- şairdir. Bir fikir digər yeni fikirlərə təkan verərək fantaziyanı daha da canlandırır və zənginləşdirir.

Bir çox halda xatirələrimizin təsəvvürümüzdəki möcüzəli oyunlarla çuğlaşdığını çox yaxşı başa düşürük. Bəzən xatirələrimiz bizə şərtsiz həqiqət kimi görünür, bəzən də bilərəkdən xəyal qururuq. Əgər bu “yalan”dırsa, onda qurduğumuz “xəyal” elə bitkin forma alır ki, biz onu həqiqət kimi qəbul edib bədii əsər adlandırırıq. İndi mən əsas mahiyyətə xidmət edən “yalan” adlandırdığım yaradıcı məfhuma hörmətlə yanaşıram, belə ki, o quru, çılpaq həqiqətdən daha inandırıcıdır...

Mən artıq qeyd etdim ki, fantaziya səmada qanad çalan, göyün havasız qatında süzən anlayış deyildır. Onun təcrübəyə, yaşantıya əsaslanan kökü var. Bu belədir, lakin biz çox zaman öz təəssüratlarımızın mahiyyətini dərk etmirik. Buna iki səbəb var. Onlardan biri budur ki, bizim təəssüratlarımız yarandığı anda sıxışdırılaraq aradan çıxarılıb, ya da unudulması lazım gələn yerdə gizlədilib. Bunun müxtəlif səbəbləri ola bilər. Gəlin buna toxunmayaq.

Digər səbəb budur ki, hadisə bizim lap erkən yaşlarımızda baş verib, lakin adi halda bu hafizə üçün əsas deyil. Mən “hafizə” sözünü “xatirə” ilə əvəz edərdim. Bu bir qədər dəbdən düşən köhnə söz kimi səslənsə də, həqiqətə daha uyğundur. Poetik yaradıcılıq anında nə baş verirsə-versin, həmin anda hadisənin fraqmentləri gizləndiyi yerdən xatirələr qatına çıxır. Bu hal bir saniyə ərzində, bəlkə də ondan da az vaxtda yaranır. Bizim hamımız bu anı yaşayırıq. Həmin fraqmentlər bir anlığa hafizəmizdə görünərək yoxa çıxır. Bəziləri bunu ilham adlandırır. Yaxşı sözdür. Siz gənclər də zaman-zaman bu halı yaşayırsız. Ancaq bu barədə nadir halda danışırsız. Sizə elə gəlir ki, bu olan iş deyil, xəyalpərəstlikdir, buludlar üzərində süzmək deməkdir. Yox, elə deyil, bu hal təkcə havalanmaq, sadəcə buludlar üzərində süzmək deyil. Mən sizə tövsiyə edirəm, imkandan istifadə edərək onu tutub saxlamağa, həmin anın ömrünü uzatmağa, ona tabe olmağa çalışın. Siz yalnız həmin ilhamlı anlarda şair olursunuz. İndi düşünün, həyatınızda bu cür ilhamlı anlar tez-tez təkrarlanarsa, görün nələr yarada bilərsiniz.

Şairin əsas məqsədlərindən biri belə anları təsvir etmək, ya da yenidən yaratmaqdan ibarətdir. Odur ki, deyirəm:- “Ayılın”. Bu ifadəni ona görə işlətmirəm ki, sizlər bisim gercəklik adlandırdığımız məfhumdan uzaqlaşasız. Əksinə, gerçəkliyi daha parlaq, daha inandırıcı şəkildə təsvir etməyə can atmalısız.

Bəllidir ki, hamı peşəkar şair olmaq imkanına malik deyil, lakin hər kəs ilham anlarından lazımi qədər istifadə etməyi bacarmalıdır. Onu da deyim ki, bizim zəmanədə əsl xeyirin sərhədini təyin etmək çox çətindir. Bir müddət keçəndən sonra xeyir sandığın dönüb zərər ola bilir (Məsələn, təbii olaraq sizin hamınızın yaxşı bildiyi ekoloji böhranı nəzərdə tuturam. Əgər sizin bu barədə lazımi qədər məlumatınız yoxdursa, müəllimlərdən soruşun. Müəllim heç də həmişə anlaqsız olmur).

Əgər cavab sizi tam təmin etməsə, onda məndən soruşun ki, axı, ümumiyyətlə, bu bədii yaradıcılıq işi nəyə lazımdır. O zaman mən deyərəm: insanı fəallaşdırmaq, onu yaşamağa, fantaziyasını işlətməyə həvəsləndirmək və bununla da ona bəxş olunan ömrü mənalı yaşamasına təşviq etmək üçün məhz bədii yaradıcılıq işi çox lazımlıdır.

Dediyim kimi, bədii ədəbiyyat elə bir ötürücü cihazdır ki, müəllif özünün ən qiymətli hisslərini, qəlbini sənə etibar edir. Bir daha təkrar edirəm, qəlbini sənə etibar edir. Bu əsərdən necə istifadə etmək artıq səndən asılıdır. Ondan imtina etməyə, biganə yanaşmağa, hətta lazım bilirsənsə tüpürməyə belə sənin ixtiyarın var. Yox, əgər onu bir anlığa qəbul etmiş olsan, onda bizim söhbətimiz baş tuta bilər. Elə biz yazıçılar da bunun üçün yaşayıb-yaradırıq../edebiyyatqazeti.az/
Kultura.az | Developed by Samir Yahyazade