Con Berger: Ağlımızdakı xor ya da Piyer Paolo Pazzolini

Кино

Desəm ki, mələk kimiydi, bu, onun haqqında söylənəcək ən cəfəng söz olar. Kozima Turanın rəsm etdiyi mələk mi? Yox, xeyir. Turanın fırçasından çıxan Müqəddəs Gorgi rəsmi var ki, eynilə ona bənzəyir! Rəsmi şəkildə qəbul edilən müqəddəslərə və xoşbəxtliyi simvolizə edən mələklərə nifrət edirdi Pazzolini. Bəs nəyə görə onu belə adlandırıram? Çünki onun vərdişə çevrilmiş, hüdudsuz kədəri zarafatlaşmasına izn verirdi; üzündəki qayğılı ifadəylə isə təsəlliyə ən çox ehtiyacı olanları kəşf edib, onları qəhqəhələrlə güldürərdi. Fırça zərbələri həssaslaşdıqca, cizgilər daha anlaşıqlı oldu! İnsanlara, onların başlarına gələcək ən bəd hadisələri yumşaq bir üslubla anlatmağı bacarırdı, onlar da bunun sayəsində daha yüngül əzab çəkirdilər, “…zira ümidini itirsən belə, hələ də bir damcı ümid qalır.” “Disperazione senza un po di speranza.” Piyer Paolo Pazzolini (1922-1975)

Özüylə bağlı şübhəsi çox idi, amma öncəgörmə qabiliyyətinə heç zaman şübhə etmədi; onun bu qabiliyyəti bu gün yaşadıqlarımızı mənalandırmağımıza yardım edir. Bir az əvvəl 1963-cü ildə çəkilmiş bir film izlədim. Bu filmin indiyə qədər kütləvi tamaşaçı önündə nümayiş etdirilməməsi təəccüblüdür. Bir şüşənin içinə yerləşdirilən və qırx ildən sonra dalğaların sahilə gətirib çıxardığı xüsusi bir məktubdur, sanki.

Əvvəllər insanlar dünyada baş verən hadisələri televiziyadan deyil, kinoteatrlarda, dünya xəbərlərini nümayiş etdirən filmləri izləyərək öyrənirdilər. 1962-ci ildə bu cür filmlərinin prodüseri G.Ferranti parlaq bir təklif irəli sürdü. Həmin dövrlərdə artıq məşhurlaşmış Pazzoliniyə, 1945-1962-ci illərə aid xəbər arxivlərini araşdırması üçün şərait yaradılacaqdı və ondan “Niyə dünyanın hər tərəfinə müharibə qorxusu hakimdi?” sualına cavab tapması istəniləcəkdi.

Əlindəki materialları istədiyi kimi qurğulayıb, öz səsiylə, öz baxışıyla şərh edəcəkdi. Ortaya çıxarılacaq bu filmin, şirkətin şöhrətini artıracağına ümid edirdilər. Bu “təsirli”, “yandırıcı” bir məsələydi, çünki həmin tarixdə yeni Dünya Müharibəsi gündəmi təhdid edirdi. 1962-ci ilin Oktyabrında da Kuba ilə ABŞ arasında nüvə silahlarıyla bağlı gərginlik yaranmışdı.

Daha öncə Acatonne, Mamma Roma və La Ricotta filmlərini ərsəyə gətirən Pazzolini özünə məxsus səbəblərlə bu təklifi qəbul etdi; çünki tarixi çox sevirdi və həmişə tarixlə dava-dalaş içindəydi. Filmini bitirdi və onu La Rabbia (Qəzəb) adlandırdı.

Ancaq filmə tamaşa edən prodüserlərin ödləri nəcislərinə qarışdı: anında, son dərəcə sağçı siyasi mövqeyiylə şöhrət salan Giovanni Guareçi adlı qəzetçiyə filmin ikinci hissəsini çəkmək tapşırıldı. İki film, bircə filmmiş kimi bir yerdə nümayiş ediləcəkdi. Hərçənd, axırda heç biri nümayiş edilmədi.

Mənim qənaətimə görə, La Rabbia filmi qəzəbdən deyil, inanılmaz dərəcədə yüksək dözüm duyğusundan ilhamlanıb. Pazzolini dünyadakı hadisələrə cəsarətlə və məntiqlə nəzər salır (Rembrantın rəsm etdiyi mələklər də eyni baxışlara sahibdilər). Bu davranışının əsas səbəbi, üzərində əsərək qorumalı olduğumuz yeganə dəyərin həqiqət olmasıyla bağlıydı. Bunun fövqündə dəyərli olan başqa heç nə yoxdur.

Pazzolininin, acgözlərin və hökm sahiblərinin riyakarlıqlarını, ala-yarımçıq doğrularını və saxtakarlıqlarını bütövlükdə rədd etməyinin səbəbi, onların, həqiqətlə üz-üzə gəlməyimizi əngəlləyən kor cəhaləti bəsləyib yaymaqla məşğul olmalarıdır. Üstəlik bu qüvvələr, dil hafizəmiz başda olmaqla, ən dəyərli mədəni mirasımız olan yaddaşımızı da poxlayırlar.

Ancaq onun, aşiqi olduğu “həqiqət”in həyata keçirilməsi heç də asan deyildi, zira, həmin dövrlərdə çox dərin tarixi məyusluq yaşanırdı. 1945-ci ildə faşizmin məğlubiyyətindən sonra çiçəklənməyə başlayan yeni ümidlərə xəyanət edilmişdi.

SSR-i Macarıstanı işğal etdi. Fransa Əlcazairə qarşı alçaq bir savaşa başladı. Keçmiş Afrika koloniyalarının müstəqillik qazanması haqqında söz-söhbətlər məşum yalandan başqa bir şey deyildi. Lulumba (Patrice Lumumba, Konqolu siyasətçi-tərc.) Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri tərəfindən ortadan qaldırıldı. Yeni kapitalizm artıq həmin tarixdən etibarən qlobal qəsb planını tətbiq etməyə hazırlaşırdı.

Bütün bu fəaliyyətlərə rəğmən bu miras fəda edilməyəcək qədər dəyərli və dirəşgən idi. Başqa cür söyləsək, həqiqətin aydınlığa qovuşmamış sonsuz tələblərini görməzdən gəlmək qeyri-mümkün idi. Həmişə olduğu kimi üstünə şal örtülmüş tələblərini. Gənc insanın çöhrəsində. İnsanların haqsızlıqlara qarşı üsyan etdiyi küçələrdə. Ümidin qəhqəhəsində və zarafatların vecsizliyində. Pazzolininin “Qəzəb”inin gücü bunlardan qaynaqlanır.

Pazzolininin əsas suala verdiyi cavab bəsitdir: Savaş sinif mücadiləsiylə bağlıdı.

Film, yaşadığımız planeti kosmosdan izləyən Qaqarinin xəyali söhbətiylə bitir: bu qədər uzaq məsafədən nəzər saldıqda, bütün insanlar qardaş kimi görünür, buna görə də dünyada baş verən qanlı dava-dalaşlara qarşı birgə mübarizə aparmalıdılar.

Əslində bu film sualın da, cavabın da yan keçdiyi yaşantılar haqqındadır: Yurdsuz-yuvasızlar üçün qış mövsümünün nə dərəcədə soyuq keçməsi, inqilab qəhrəmanlarını xatırlamağın insanın qəlbini necə dərindən isitməsi, azadlıqla nifrətin uzlaşmazlığı, tısbağanınkına bənzər gözləriylə gülən Papa Joannesin kəndli sezgisi, Stalinin bizim xətalarımıza bənzər xətaları, Merlin Monronun ölümü və keçmişin axmaqlıqlarıyla gələcəyin barbarlığından geriyə qalacaq yeganə dəyərin gözəllik olduğu, mülkiyyətçi siniflərin nəzdində Təbiət ilə Sərvətin eyni şey hesab olunması, analarımız və onların gözyaşları, sayğılı bir zəfərdən sonra belə haqsızlıqların bitib-tükənməməsi, ilanbalığının qarnını yaran balıqçının əllərini izləyən Sofi Lorenin gözlərindəki bir anlıq vahimə haqqındadır..

Bu ağ-qara filmi səsləndirən iki insanın adı göstərilmir. Əslində hər ikisi də Pazzolininin dostu, rəssam Renato Guttuzo ilə yazıçı Giorgi Bassanidir.

Xəbərləri oxuyan insanın səsi həyəcanlıdı, digərinki isə yarı tarixçi, yarı şair səsi, qeybdən xəbər verən bir səs. Bu xəbərlər arasında 1956-ci ilin Macar inqilabı, Eyzenhauerin sədr seçilmək üçün ikinci cəhdi, Kraliça Elizabetin tacqoyma mərasimi, Kastronun Kuba zəfəri də var.

Birinci səs bizi bilgiləndirir, ikinci səs yadımıza salır. Nəyi? Tamamilə unudulanları deyil (daha şeytani səsdi bu), unutmağı seçdiklərimizi, özü də əksərən uşaqlıqdan başlayaraq seçib unutduqlarımızı. Pazzolini uşaqlıq dövründə baş verənləri unutmayıb – dolayısıyla iztirabda və nəşədə axtardığı yaşantılar sürəkli bir-birinə dolaşır. Unutduğumuz üçün bizi utandırır.

İki səs Yunan xoru funksiyasını yerinə yetirir. Nümayiş edilənlərin nəticələrini dəyişdirmələri mümkün deyil. Şərh etmirlər, suallar verir, dinləyir, müşahidə edir və tamaşaçının ifadə etməkdə çətinlik çəkdiyi hisslərinin ifadəçisi olurlar.

Bunu uğurla həyata keçirirlər, çünki, aktyorlarla, xorla və tamaşaçıyla paylaşdıqları dilin, əsrlərin ortaq yaşantılarının cəmi olduğunu dərk edirlər. Dilin özü də göstərdiyimiz reaksiyalarda cinayət ortağımızıydı. Artıq hiyləgərlik qeyri-mümkündü. Səslər açıqsözlüdür. Artıq bir müzakirəni ört-bastır etmək üçün danışmırlar, əksinə, bəşəriyyətin təcrübəsini və yaşanılan ağrı-acıların ölçüsünü nəzərimizdə canlı saxlasaq, deyilməsi gərəkən sözlər barədə susmaq utancverici olardı. Bu sözlər dilə gətirilməsəydi bəşəri qürurumuz yaralanardı.

Qədim Yunanıstanda xor aktyorlardan deyil, choregusun, yəni xor rəhbərinin həmin il üçün seçdiyi kişi vətəndaşlardan təşkil olunurdu. Onlar, Agoraya, yəni məclisə mənsub olmaqla şəhəri təmsil edirdilər. Ancaq bu xor eyni zamanda fərqli nəsillərin də səsiydi. Xor xalqın hafizəsində yatan, tanış hiss və düşüncələri dilə gətirərkən ataların səsi, hiss edilən, fəqət ifadə edilməyən yaşantıları söyləyərkən isə hələ dünyaya gəlməmiş uşaqların səsiydi.

Pazzolini bütün bunları təkbaşına, ən son kəndliylə birlikdə yer üzündən silinəcək əski dünyayla, gələcəyin vəhşi praqmatizmlə dolub-daşacaq dünyası arasında qəzəblə var-gəl edərək, iki səsin köməyiylə gerçəkləşdirməyi bacardı.

Film zaman-zaman bizə, ağıl yoluyla izah edilmiş açıqlamaların və “bədbinlik”lə “nikbinlik” kimi sözlərdən tez-tez istifadə etməyin qabalığa gətirib çıxardığını anladır.

Filmdə, Avropanın və ABŞ-ın ən yetkin beyinlərinin Kubada baş verən vəhşətləri və insan ölümlərini nəzəri açıqlamalarla izah etdikləri barədə fikirlər var. Halbuki, Kubada – yaxud Neapolda, ya da Sevilyada – boş yerə tələf olmağın nə anlama gəldiyini ancaq türkülər və gözyaşları içində, riqqətlə anlatmaq mümkündü.

La Rabbia filmi ehtirasın yaratdığı filmdir. Lakin, soyuqqanlı mahiyyətinə görə Kafkanın “ Doğrudu, bəlli dərəcədə narahatedici, kefqaçırıcıdır” sözüylə qiymətləndirilə bilər.

Buna görə Pazzoliniyə mələk deyirəm

Film bir saat davam edir. 40 il əvvəl, bir saatlıq müddət üçün nəzərdə tutulub, hesablanıb, təsəvvür edilib. Dövrümüzdə izlədiyimiz xəbər şərhləriylə və zehnimizə yeridilən bilgilərlə elə bir təzad yaradır ki, bir saat bitdikdən sonra, zamanımızda təkcə bir çox bitki və heyvan növlərinin məhv olduğunun və nəsillərinin kəsildiyinin deyil, bəşəri dəyərlərimizin də yavaş-yavaş yoxa çıxdığının fərqinə varırıq. Sonuncu itkimiz sistemli bir şəkildə, böcəklərin məhvində istifadə edilən dərmanlar vasitəsiylə deyil, əxlaqımızı, tarix və ədalət qavramlarını məhv edəcək üsullarla həyata keçirilir.

Bəşəriyyətin ehtiyac duyduğu paylaşma meyli, nəsildən nəslə ötürülən insani dəyərlər, təsəlli ehtiyacı, matəm tutmaq istəyi, ümid kimi yetkin özəlliklərimiz ələxsus tənqid hədəfinə çevrilir. Üzdə olan əsas media da əxlaqımızı ölgünləşdirən xəbərlərlə gecə-gündüz bizi topa tutur.

Əxlaqı məhv etməyə yönəlmiş üsullar bəlkə də bunu istəyən müfəttişlərin gözlədiyi kimi işləmədi, istənilən nəticəni vermədi. Lakin, istənilən xalq məhkəməsinin ehtiyac duyduğu və təmsil edildiyi yaradıcı sferanı gömməkdə və üzərini basdırmaqda uğurlu oldular. (İndi məhkəmələrimiz hər yerdədi, fəqət təsirini hiss etdirəcək qüvvəyə sahib deyil.) Və gözləri örtülmüş məhkəmələrin yaratdığı tənhalıq (Faşistlərin Pazzolinini qətlə yetirdiyi tənhalıq, kimsəsizlik kimi) içində Pazzolini də, bu xoru zehnimizdə canlı saxlamağımız üçün, dözüm gücünün simvolu olan Rabbiası ilə bizə qoşulur.

Bilge.az
Kultura.az | Developed by Samir Yahyazade