Frankfurt Kitab Festivalının əhəmiyyəti və əhəmiyyətsizliyi barədə

Литература

Eşşəyə uzunqulaq deməklə mərifəti artmır. 
Atalar məsəli. 

Dünən Gürcüstan mətbuatında Azərbaycana və azərbaycanlılara birbaşa dəxli olmayan, dolayısı ilə dəxli olan iki xəbər oxudum. Birinci xəbər ondan ibarətdir ki, Gürcüstanın Zuqdidi şəhərində sentyabr ayının on yeddisindən etibarən ictimai nəqliyyat müəllimlər və tələbələr üçün pulsuz olacaq. Zuqdidi şəhər meriyası belə bir qərar qəbul edib. Bu qərarın həyata keçirilməsi üçün meriya təxminən səkkiz min dollar pul ayırıb. Laşa Qoqia adlı bir adam seçki yarışında seçicilərə onu seçəcəkləri təqdirdə ictimai nəqliyyatın müəllimlər və tələbələr üçün pulsuz olacağı vədi verib, adam seçilib və indi də verdiyi vədi yerinə yetirir. Səkkiz min dollar… Heç zad… Səkkiz min dollar Azərbaycanın ən kasıb rayonunun icra başçısı üçün klassik formada desəm, semiçka puludur. 

İkinci xəbər ondan ibarətdir ki, Meksikada keçirilən robot texnikası üzrə beynəlxalq olimpiadada gürcüstanlı şagirdlərin təmsil olunduğu komanda üçüncü yer tutub. Bu, həmin olimpiadadır ki, bir azərbaycanlı şagird orda iştirak etmək istəmişdi, lakin Meksikaya getmək üçün yol pulu tapa bilməmişdi.  

Düzdür, olimpiadada iştirak etmək üçün yolpulu tapa bilməyən azərbaycanlı şagird məlum səbəblərdən sabah durub olimpidada iştirak etməyə özünün həvəs göstərmədiyini, məsələyə tam məsuliyyətsiz yanaşdığını, dövlətin bu məsələdə heç bir günahının olmadığını, söhbəti siyasiləşdirməyin əleyhinə olduğunu deyə bilər. Hələ üstəlik bir partiya da söhbəti siyasiləşdirənləri də öz miqyasında söyər və xarici qüvvələrə işləməkdə ittiham edər. Belə bir variant ehtimal olunur. Gözləniləndir. Ta bu ötən illər ərzində nələr görmədik, nələr eşitmədik. Əgər övladları orduda döyülüb öldürülən valideynlər, atalar və analar hadisə ətrafında səs-küy qalxdıqda dövlətdən beş-on manat pul alıb, hadisəni siyasiləşdirməyin əleyhinə olduğunu deyiblərsə, hələ üstəlik hadisə ətrafında səs-küy qaldıranların özlərini mikrofon, kamera qarşısında söyüblərsə, onları xarici qüvvələrə işləməkdə ittiham ediblərsə, Meksikada keçirilən olimpiadada iştirak etmək üçün yolpulu tapa bilməyən şagirddən də bu cür analoji addımı gözləmək olar. Bağışlayın, bu qədər ehtiyatlı olmağa məhkumam. İlan vuran ala çatıdan qorxar.  Heç bir pis niyyətimiz olmadığı halda o qədər axmaq sözlər eşitmişik ki...  

Lakin bütün bunlar, Meksikada keçirilən  olimpiada ətrafında dünənə qədər baş verənlər və bu gündən sonra baş verə biləcək hadisələr acı həqiqəti dəyişmir. Acı həqiqət isə ondan ibarətdir ki, gürcüstanlı şagirdlər olimpiadada iştirak etdikləri halda azərbaycanlı şagird orda iştirak edə bilməyibdir. Çox sadə bir suala cavab tapmağa çalışaq. Necə olur, regionun lider dövləti olimpiadaya şagird göndərə bilmir, amma Gürcüstan göndərə bilir.  Bəlkə, Gürcüstan Azərbaycandan daha varlı ölkədir? Yaxud da tərsinə, bəlkə Azərbaycan Gürcüstandan daha kasıb, əliaşağı ölkədir? 

Image result for georgian in frankfurt book fair

Gürcüstanla bağlı hər dəfə belə xəbərlər ortaya çıxdıqda hakimiyyətyönlü adamlar öz sevimli minusovkalarını təkrar edirlər. Minusovka isə bundan ibarətdir; bilmirəm, oranın nəyini tərifləyirlər, getdim Tiflisi gördüm, Tiflis Bakının doxsanıncı illərinə oxşayır... Və ardınca da başlayırlar Azərbaycanda keçirilən, ölkəyə və camaata bir qram əhəmiyyəti dəyməyən Formula 1 fason və bu qəbildən olan digər mənasız yarışların, tədbirlərin əhəmiyyətindən danışmağa. 

Narazılar isə bu cür məqamlarda sistemin günahkar olduğunu iddia edirlər. Ki, xalqda heç bir günah yoxdur, günah sistemdədir. Ardınca da ortaya girir Şimali Koreya ilə Cənubi Koreyanın müqayisəli təhlili. Söhbət dolaşır, qəlizləşir, adətən, toyuq və yumurta söhbətinə çevrilir.   

Hər bir xalqın potensialı hərlənib-fırlanıb özünü müxtəlif formalarda büruzə verir. Deyəsən, bununla razılaşmaq məcburiyyətindəyik. Sistem günahkardır, burası aydındır. Lakin sistem nəticədir. Bu nəticəni yaradan çoxlu səbəblər mövcuddur və bu səbəblərin də böyük əksəriyyəti  bu və ya digər formada xalqın özündən qaynaqlanır. İranda, Turanda, Rusiyada günahkar axtarmaq lazım deyil. Kənarda günahkar axtaranların, vəziyyəti sadələşdirmək əvəzinə mürəkkəbləşdirənlərin, yeri gəldi gəlmədi terminləri, beynəlxalq siyasəti ortaya soxanların niyyəti sadə həqiqətdən bacardıqca qaçmaq, sadə həqiqətdən uzaq düşməkdir.  Bir  çoxları isə sistem günahkardır, sistemi dəyişmək lazımdır deyə-deyə, sistem günahkardır, sistemi dəyişmək lazımdır sözlərini mantra kimi təkrar edə-edə dolayısı ilə sistemə xidmət etməkdədirlər. 

Görünən kəndə nə bələdçi? Hər şey ortada görünür. Gürcülər və ermənilər demokratiya yolunda azdan-çoxdan uğur əldə etdikləri halda azərbaycanlılar hələ də qalıblar ortada, canlarıyla əlləşirlər. İddia imkan vermir, tipik şərqli həyatı yaşasınlar. İlk demokratik respublika, ilk opera və sairə və ilaxır... Elə bil boyunlarına lazımsız bir yük düşüb. Tipik şərqli həyatı yaşamamaq  üçün isə hərəkət etmək lazımdır. Bunu da istəmirlər. Yaxşı, indi belə bir vəziyyətin yaranmasının günahı kimdədir? Hərdən mənə elə gəlir ki,  azərbaycanlılar sistem günahkardır deyərkən sanki bir növ məsuliyyətdən yaxa qurtarırlar. Hə, sistem günahkardır, nə gözəl, biz nə edə bilərik, heç nə, mən kiməm, heç kim, gedək birbaşa və yaxud dolayısı ilə oğurlamağa, yaltaqlanmağa, yarınmağa  davam edək. Azərbaycan tarixindəYAP hakimiyyəti qədər Azərbaycan xalqına doğma, Azərbaycan xalqının istəklərinə, həyat fəlsəfəsinə uyğun bir hakimiyyət olmayıbdır. Doğrudan da, özünü göstərmək, uğur əldə etmək üçün hər cür imkan və münbit şərait yaradılmışdı. Kim bu imkandan, şəraitdən istifadə edə bilmədisə, günah onun özündədir. Deməli, nəyi isə düzgün başa düşməyib, yaxud daxili dünyası, təbiəti azərbaycanlıların ümumi təbiətinə uyğun deyildir.  Sadəcə neftin qiyməti bir az düşdü, paketlər kəsildi, ixtisarlar getdi, manat zəiflədi və bunun nəticəsində mətbəxdə donquldananların sayı bir az artdı.

Günlər keçdikcə Cənubi Qafqaz ölkələri arasında fərq daha da artacaq.  Əgər Rusiya regiona kobud müdaxilə etməsə, bu fərq o qədər artacaq ki, Gürcüstan və Ermənistandakı mədəni-siyasi həyatla Azərbaycandakı mədəni-siyasi həyat  arasında nəhəng bir uçurum yaranacaq.  Gürcüstanda və Ermənistanda baş verən prosesləri izləyən,  keçirilən tədbirlərdən, festivallardan xəbərdar olan adamlar bunu görürlər. Bəziləri bu haqda danışır, bəziləri isə susurlar.  Özləri bilərlər. Allah hər kəsə ürəyinə görə versin! Bunun məsələyə, gedişata dəxli yoxdur. Belə davam etsə, həmin uçurumun yaranacağı şəksizdir. 

Related image
Frankfurt Kitab Yarmarkası

Bu günlərdə Frankfurt Kitab Festivalı haqda yazmaq istəyirdim. Gürcüstan bu il Frankfurt Kitab Festivalında qonaq ölkə kimi iştirak edəcək. İstəyirdim, balaca bir postsovet ölkəsi üçün bu festivalda qonaq ölkə kimi iştirak etməyin əhəmiyyətindən danışım. Sonra öz-özümə düşündüm ki, doqquz milyonluq əhalisi olan Azərbaycan adlı ölkədə  ildə bir kitabı əvvəldən axıra qədər oxumayan yüz minlərlə insan  mövcuddur. Ömründə bir kitabı əvvəldən axıra qədər oxumayanların da sayı az deyil. Hər cür xırda-xuruş şeyləri qamarlamağı uğur, nailiyyət hesab edən, havayı yerə oksigen udan bu adamlar nə qanırlar Frankfurt Kitab Festivalı nədir, niyə yüz minlərlə adam işini-gücünü atıb, vaxt sərf edib ora ziyarətə gəlir? Azərbaycanlılar  üçün həyatda iki əlamətdar hadisə var. Toy və yas. Qalanları təffərrüatdır və birbaşa pul iyi gəlməyən, birbaşa mənfəət görülməyən hər şey onlar üçün maraqsızdır. Ona görə də ruhları yoxdur. Ruhları yoxdur deyə sifətlərində məna da yoxdur. Sifətlərində məna yoxdur deyə hətta üz cizgiləri fərqli-fərqli olsa belə, bir-birlərinə oxşayırlar. Belə adamlar, ölü canlar üçün Frankfurt Kitab Festivalından, o festivalda Gürcüstan kimi balaca postsovet ölkəsinin qonaq ölkə qismində iştirak etməsinin  əhəmiyyətindən danışmağın və yazmağın bir mənası varmı? 

Seymur Baycan

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade