Başqaları ilə birgə olmazdan əvvəl, tək qalmağı öyrən

Контра

Cennifer Stitt Viskonsin-Medison Universitetindən fəlsəfə tarixi məzunudur.

1840-cı ildə Edqar Allan Po səhərdən axşamadək London küçələrində sərgərdanlıq edən yaşlı və “dəli enerjili bir adam”ı təsvir etmişdi. Bu adam dözülməz ümidsizliyindən müvəqqəti olaraq yalnız şəhər sakinlərinin səs-küylü qələbəliyinə qarışanda xilas olurdu. “O tək qalmaqdan imtina edir”, – Po yazırdı: “O, ciddi bir cinayətdə özünü dahi edən bir tipdir… O, qələbəlik adamıdır”.

Müxtəlif dövrlərdəki bir çox şairlər və filosoflar kimi Po da təkliyin əhəmiyyətini vurğulayırdı. Özü ilə təkbaşına qalmaq bacarığını itirmək, qələbəliyə ilişib qalmaq, ağlı uyuşduran komfort üçün öz təkliyindən imtina etmək, “hədsiz böyük bədbəxtlikdir”, – o düşünürdü.

Bundan təqribən 20 il sonra təklik ideyası Ralf Valdo Emersonun təsəvvüründə bu dəfə azca fərqli şəkildə öz əksini tapdı: Pifaqordan sitat gətirməklə, Emerson yazırdı: “Səhər çağı – təklik; …təbiət bu zaman təsəvvürünə pıçıldaya bilər, o, bunu başqalarının yanında heç vaxt etmir”. Emerson ağıllı müəllimləri şagirdlərə “təklik dövrlərini və vərdişlərini” aşılamağa həvəsləndirirdi, çünki bu vərdişlər “ciddi və mücərrəd” düşüncə tərzi yaratmaq iqtidarındadır.

20-ci əsrdə təklik fikri Hanna Arendtin də düşüncə tərzinin mərkəzində yer aldı. Nasizmdən qaçan və ABŞ-da sığınacaq tapan alman-yəhudi mənşəli miqrant olan Arendt həyatının böyük hissəsini fərd və polis (vətəndaşlar birliyi-tərc) arasındakı əlaqələri araşdırmağa həsr etmişdi. Ona görə, azadlıq həm fərdi sahəylə (vita contemplativa), həm də ictimai, siyasi sahəylə (vita activa) əlaqədar idi. O, belə başa düşürdü ki, azadlıq insanın cəmiyət içərisində spontan və yaradıcı şəkildə davranmasından daha çoxunu ehtiva edir. Azadlıq həm də fərdin öz davranışlarını götür-qoy etməsini, şüurunu inkişaf etdirməsini və nəhayət, özünün səsini eşitmək üçün qələbəliyin çığır-bağırından qaçmasını ehtiva edirdi, çünki fərd bu zaman düşünmək və mühakimə etmək bacarığı əldə edirdi.

1961-ci ildə “The New Yorker” jurnalı Holokostu gerçəkləşdirənlərdən biri olan Nasist SS zabiti Adolf Eyxmanın məhkəməsini işıqlandırması üçün Arendtlə əməkdaşlığa başladı. Arendt bir insanın belə şeytani cinayəti necə törədə bildiyini bilmək istəyirdi. Holokostda birmənalı olaraq ancaq qəddar bir sosiopat iştirak edə bilərdi. Lakin məhkəmə prosesi zamanı Arendt Eyxmanın təsəvvür məhdudluğundan heyrətə gəldi. Eyxmanın davranışları nə qədər şeytani olsa da, o, özlüyündə “olduqca adi, sıradan bir insandır, onda nə şeytanilik, nə də iblislik var”, – Arendt iddia etdi: “Onda ideoloji mühakimələrə məruz qalmaq üçün elə bir əlamət yoxdur”. Arendt onun qeyri-əxlaqiliyini (cinayət törətmək bacarığını və meylini) “düşüncəsizliyi” ilə əlaqələndirdi. Dayanıb düşünə bilmək qabiliyyətinin olmaması, Eyxmanın kütləvi qətllərdə iştirak etməyə gətirib çıxarmışdı.

Po necə qələbəlik adamında alçaqca bir şeyin gizləndiyindən şübhə edirdisə, Arendt də bundan şübhələnirdi: “Bir insan ki həmin lal əlaqə üçün (bizim nə sölədiyimizlə necə hərəkət etdiyimizi götür-qoy elədiyimiz əlaqə) onu çaşqınlığa uğratmağın bir əhəmiyyət daşımadığını bilmirsə, onda o, heç vaxt dediyi sözə və ya elədiyi əmələ görə nə cavabdeh olmaq istəyəcək, nə də bunun iqtidarında olacaq; o hansısa cinayət törətməyi də vecinə almayacaq, çünki bu davranışının tezliklə unudulacağını yaxşı bilir”.

Eyxman sokratsayağı özünüanalizdən imtina etmişdi. O, özünün doğma evinə, təklik məqamına qayıtmaqda müvəffəqiyyətsizliyə uğramış, vita-contemplativadan vaz keçmiş və beləliklə, həyati vacib sual-cavab prosesinə cəlb olunmaqda uğursuz olmuşdu, halbuki bu proses ona nəsnələrin mənasını araşdırmağa, fakt ilə uydurmanı, həqiqət ilə yalanı, pis ilə yaxşını fərqlənmədirməyə imkan verərdi.

“Səhvən əzab çəkmək, səhv etməkdən daha yaxşıdır, – Arendt yazırdı: çünki sən əzab çəkənin dostu kimi qala bilərsən; amma qatillə dost olmağı və onunla birgə yaşamağı heç kim istəməz. Hətta başqa bir qatil də”.

Bu, düşüncəsiz insanların iblis olduğu, ayaqüstə yuxulayanların təkliklə üzləşməkdənsə, cinayət törədəcəkləri mənasına gəlmir. Eyxmanın Arendtə göstərdiyi o idi ki, cəmiyyət ancaq düşüncə fəaliyyəti ilə məşğul olan (təklik tələb edən məşğuliyyət) fərdlər tərəfindən təşkil olunduğu halda, azad və demokratik şəkildə fəaliyyət göstərə bilər. Arendt buna inanırdı: “başqaları ilə birlikdə yaşamaq özün ilə birgə yaşamaqdan başlayır”.

Lakin əgər birdən, – biz sual verə bilərik – biz öz təkliyimizdə yalqız qalsaq necə olar? Təcrid olunmuş fərd olmağın, dostluğun gətirdiyi həzlərdən uzaq düşməyin təhlükəsi yoxdurmu?

Filosoflar uzun müddət təklik və tənhalıq arasındakı ehtiyat tələb edən vacib fərqi araşdırıblar. “Respublika” əsərində (b.e.ə 380) Platon Sokratı tək filosof kimi göylərə qaldırdığı ibrətli bir hekayət danışır. Mağara alleqoriyasında filosof yeraltındakı kahanın qaranlığından qurtularaq (və digər insanların birliyindən), seyrçi düşüncədən gün işığına çıxır. Tək, amma tənhalıq hiss etmədən, filosof özünü məninə və dünyaya uyğunlaşdırır. “Qəlbin özüylə birgə olduğu” inzivada səssiz dialoq nəhayət ki, eşidilir.

Platona istinad etməklə, Arendt yazırdı: “Düşünmək, egzistensial olaraq danışmaq tək, amma tənha olmayan prosesdir; təklik insani bir situasiyadır ki, bu zaman mən özümü kampaniyada saxlayıram. Yalqızlıq… mən tənha və kampaniyasız olanda ortaya çıxır”, mən onu (kampaniyanı) istəyirəm, amma tapa bilmirəm.

Tək olarkən, Arendt heç vaxt başqalarının həsrətini çəkməmiş, yaxud dostluğa can atmamışdı, çünki o heç vaxt həqiqətən yalqız olmamışdı. Onun daxili məni söhbət apara biləcəyi bir şeylə, özünü Sokratsayağı zəruri sual qismində göstərən sakit səslə dostlaşmışdı: “Sən … deyəndə, nəyi nəzərdə tutursan?” “Mənlik, – Arendt iddia edirdi: düşünməyi tərgitməyi istisna etsək, ayrı qala bilməyəcəyin yeganə şeydir”.

Arendtin xəbərdarlığını bizim müasir çağımızda da xatırlamaqda fayda var. Bizim indiki hiper-ünsiyyətcil dünyamızda, internet üzərindən daim və dərhal kommunikasiya qura biləcəyimiz dünyada, təklikdə dərin düşüncəyə dalmaq üçün biz olduğumuz yerdən çıxmalı olduğumuzu nadir hallarda xatırlayırıq. Biz gün ərzində elektron poçtumuzu yüz dəfələrlə yoxlayır, hər ay minlərlə tekst mesajı kənara tullayırıq; tanışlarımız və bu qəbildən olan insanlarla əlaqə yaratmaq üçün Tvitterə, Feysbuka, İnstagrama aludə oluruq. Biz dostlarımızın dostlarını, eks-sevgililəri, demək olar ki, tanımadığımız və heç bir işimizin olmadığı insanları axtarmaqla məşğul oluruq. Biz daim kampaniya üçün can atırıq.

Lakin Arendt bizə xatırladır ki, əgər biz tək qalmaq bacarığımızı itirsək, özümüzlə qalmaq qabiliyyətini itirsək, onda biz düşünmək qabiliyyətini də itirmiş olacağıq. Beləliklə, qələbəliyə ilişib qalmaq riski ilə üzləşəcəyik. Arendtin dediyi kimi “biz hər kəsin elədiyi və inandığı şeyə qapılmaq” riskini etmiş olacağıq – düşüncəsizlik komfortuna düşməklə, “həqiqəti yalandan, gözəli çirkindən” fərqləndirmək bacarığını itirəcəyik. Təklik təkcə fərdin təfəkkürünün – və vicdanının – inkişafı üçün labüd deyil, həmçinin o, insanı ictimai və siyasi həyatda iştiraka hazırlayan bir təlimdir. Buna görə də biz başqaları ilə birgə olmazdan əvvəl özümüzlə birgə olmağı öyrənmək məcburiyyətindəyik.

Bilge.az
Kultura.az | Developed by Samir Yahyazade