Asif Ata - Don Kixot inamı

Литература

Həyatda müxtəlif inam növləri vardır. Bunlardan biri də faciəvi komik inamdır. Faciəvi komik inam insanın həyat haqqında təsəvvürlərinin gerçəkliyə uyğun gəlməməsindən yaranır. 

 Faciəvi komik inam məzmunsuz, bəsit, bayağı həyatın insan xəyalında gözəlləşdirilməsi, ilahiləşdirilməsi, ideallaşdırılması zamanı meydana çıxır. 

 Faciəvi komik inam insanın xeyirxah bir meylin əsirinə çevrildiyi zaman yaranır. Bir ideyaya vurğun olan insan ətrafda ondan başqa heç nə görmür, o, hər şeyə həmin ideyanın gözüylə baxır. Nəhayət, faciəvi-komik inam dövrün ülvi hisslərə, nəcib məqsədlərə yad olduğu zaman yaranır. İlkin niyyətlərə gülməklə dövr özünə gülür.

Don Kixot cəngavərlik fikrinə düşmüşdür. Lakin dövrdə cəngavərlikdən, ülviyyətdən əsər-əlamət belə qalmamışdır.

 Cəngavərlik rəngarəng, möhtəşəm, sirli, əsrarəngiz həyat tərziylə bağlı olur. Bunlar həyatdan silinmişdir. Zəmanədə cəngavər arzularının zirvəsi, məhəbbət, sədaqət və gözəllik timsalı Dulsineya Tobosskayalar yoxdur. Olsa-olsa, adi kəndli qızı Aldonso Lorenso vardır. Don Kixotun yaradıcı xəyalı onu Dulsineya Tobosskayaya çevirir. 

 Həyatda cəngavər silahdaşıyanı, qeyri-adi cəsarət və hünər timsalı adamlar yoxdur. Olsa-olsa Sanço Panso var. 

Həyatda əbədi səfərə çıxan, məzlumları zalımların zülmündən xilas edən cəngavərlər yoxdur. Olsa-olsa Don Kexanalar vardır. Lakin xəyal Don Kexananı Don Kixota çevirir. 

 Volter deyirdi, "Əgər Tanrı yoxdursa, onu uydurmaq lazımdır”.

 Cəngavər həyatı, cəngavər rəşadəti yoxdursa, onu uydurmaq lazımdır. Don Kixot onu uydurur və öz uydurmasına həqiqət qədər inanır. 

 Don Kixot səfərə çıxır. Nə görürsə, onun xəyalında qeyri-adiləşir, sirli məna kəsb edir, Don Kixotlaşır.

Göyün üzünü buludlarmı örtmüşdür? Xeyr, düşmən ordusu Don Kixotun üzərinə yeriyir. 

 Buludlarla döyüşmək lazımdır. Traktirdə Don Kixotu qarşılayanlar fahişə qadınlardırmı? Xeyr, ismətli, sədaqətli, yüksək mənəviyyatlı xanımlardır. Onları əyyaşların pəncəsindn xilas etmək cəngavərin müqəddəs borcudur. Xanımlar Don Kixotun qəribəliyinə gülürlərmi? Xeyr, onlar Don Kixotu alqışlayırlar. 

 Qarşıda görünən yel dəyirmanları deyilmi? Xeyr, Don Kixotun qəddar düşmənləri – cadugərlərdir. Onlara cəngavər qılıncının gücünü göstərmək lazımdır. 

 Furqonda gələn kişilər monax, qadın isə adi, orta yaşlı arvaddırmı? Xeyr, qadın prinsessa, kişilər isə onu qaçıran qara qüvvələrdir. Don Kixot misilsiz prinsessanı qara qüvvələrin əlindən xilas etməli, öz cəngavərlik vəzifəsini yerinə yetirməlidir. 

 Meşədə Don Kixotun qarşısına çıxan ovçulardırmı? Xeyr. Don Kixotun əvəzsiz Dulsineya Tobosskayasını sehrləmiş şeytanlardır. 

 Hadisələr Don Kixotun arzuladığı kimi cərəyan etmirsə də, o, inamını itirmir. Dulsineya Tobosskaya onun gözünə bəzən adi Aldonso kimi görünəndə Don Kixot bunu cadugərlərin sehri ilə əlaqələndirir. 

 Don Kixot üçün idealına uyğun gəlməyən heç bir şey yoxdur. Buna görə də həyat Don Kixot xəyalında gözəlləşir, cazibədarlaşır, rəngarəngləşir. 

 Eyni zamanda həyat ona gülür. Lakin Don Kixota gülməklə o, ən çox özünə gülür. 

 Əgər həyatda Don Kixotlar lazımsız adamlara çevrilmişsə, deməli, həyat sönmüşdür.

 Əgər Don Kixot niyyətləri dəlilik kimi qiymətləndirilirsə, deməli, həyatda soyuqürəkli, qanadsız, yarımçıq, cılız arzulu adamlar hökm sürürlər. 

 Əgər Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli, dövr bu hisslərə yaddır. 

 Əgər cəngavər Don Kixot əsərin axırında yenidən adi, normativ Kexanaya çevrilirsə, deməli, bəsitlik, bayağılıq qanunauyğun bir hadisə olmuşdur. 

 Deməli, zəmanədə Dulsineyaları Aldonsolar, Don Kixotları Kexanalar əvəz edir. Lakin dəli, gülünc Don Kixot nə qədər işıqlı, ağıllı, normativ Kexanalar isə nə qədər sönükdür! Don Kixotun süqutunu göstərməklə yazıçı Don Kixotların Yer üzündən silindiyini sübut etmək istəmişdir. Lakin Don Kixot yenə də səfərdədir. Ona gülürlər, onu daşa basırlar, ancaq yolundan döndərə bilmirlər. Çünki onsuz dünya zülmət gecəyə bənzəyərdi. /Artkaspi.az/
Kultura.az | Developed by Samir Yahyazade