Joel Mokyr: Avropa necə belə zəngin oldu?

Контра

Joel Mokyr llinoysda yerləşən Şimalqərbi Universitetdə iqtisad və tarix, həmçinin Sənət və Elmlər üzrə professordur. 2006-cı ildə o, Niderland Kral Elmlər Akademiyası nəzdindəki Tarix üzrə Hayneken Mükafatı biennalesinin mükafatçısı olub. Onun sonuncu “Artım Mədəniyyəti: Müasir İqtisadiyyatın Kökləri” kitabı 2006-cı ildə nəşr olunub.

Qüdrətli dövlətlərin və imperiyaların hökmranlığı dövründə dünyanın kiçik bir hissəsi nəhəng iqtisadi artım yaşadı. Necə?

Necə və hansı səbəbə görə, müasir dünyanın və onun görünməmiş rifahının əsası qoyuldu? Tarixçilərin, iqtisadçıların, politoloqların və digər elm adamlarının kitab rəflərini dolduran qalaq-qalaq cildləri 18-ci əsrin Qərbi Avropasında “Böyük Zənginliy”in müasir iqtisadi artımının necə və hansı səbəblərdən dolayı meydana gəlməsinə dair izahlar gətirir. İzahlardan ən köhnə və inandırıcılarından birinə görə, bu, Avropadakı uzunömürlü siyasi parçalanmanın nəticəsi idi. Əsrlər boyunca heç bir hakim Avropanı monqolların və minglərin Çini birləşdirdikləri kimi birləşdirə bilməmişdilər.

Bu, xüsusi vurğulanmalıdır ki, Avropanın uğuru Avropa mədəniyyətinin (xristianlığın ümumiyyətlə) hansısa irsi üstünlüyünün göstəricisi deyildi. Bu daha çox klassik mülkiyyətin meydana gəlməsiylə, bütövlükdə kompleks və istər-istəməz ortaya çıxan bəsit qarşılıqlı təsirlərin yekunu idi. Başqa sözlə desək, müasir Avropanın iqtisadi möcüzəsi təsadüfi institutsional hadisələrin nəticəsi olub. O, nə düzəldilmiş, nə də planlaşdırılmışdı. Lakin o baş verdi, baş verəndən sonra isə iqtisadi tərəqqinin öz-özünü gücləndirən dinamikası yarandı, bu isə nəticə etibarilə həm iqtisadi tərəqqinin öz-özünü gücləndirən dinamikasına imkan verən, həm də onun qalıcı olmasını təmin edən bilik əsaslı artıma şərait yaratmış oldu.

O, necə işləyirdi? Qısaca demək olar ki, Avropanın siyasi parçalanması məhsuldar rəqabətə töhvə verirdi. Avropa hakimləri ən yaxşı və ən məhsuldar intellektuallar və sənətkarlar uğrunda mübarizə aparırdılar. İqtisadi tarixçi Erik L. Cons bunu “Dövlətlər Sistemi” adlandırır. Avropa siyasi sistemi bir-biriylə rəqabət aparan dövlətləri özündə birləşdirdiyinə görə, siyasi cəhətdən parçalanmanın səbəb olduğu itkilər böyük idi: dövlətlər bir-birləriylə daimi müharibələr aparır, itaət və digər koordinasiya uğursuzluqları yaşayırdılar. Lakin indi bir çox elm adamlarının fikrincə, uzunmüddətli perspektivdə rəqabətcil dövlətlərin qazandıqları üstünlüklər itkilərdən daha çox olub. Xüsusilə ona görə ki, çoxsaylı rəqabətcil dövlətlərin mövcudluğu elmi və texnoloji yeniliyə gətirib çıxarıb.

Avropanın siyasi cəhətdən parçalanması aşkar itkilərinə baxmayaraq, seçilmiş sülalələrin meydana gəlməsiylə böyük imtiyazları da özüylə gətirmiş oldu. Edvard Gibbon “Çöküşün tarixi və Roma İmperiyasının Süqutu” əsərinin son fəslində yazır: “Avropa indi 12 qüdrətli, qeyri-bərabər krallığa parçalanmışdı”. Gibbon onlardan üçünü “hörmətəşayan millətlər birliyi”, digərlərini isə “çoxsaylı, kiçik müstəqil dövlətlər” adlandırırdı. “Tiranlığın zorakılıqları qorxu və utancın qarşılıqlı təsiri ilə məhdudlaşdırılmışdı”, – müəllif yazır və əlavə edirdi ki, respublikalar nizam və stabillik qazanmışdılar; monarxiyalar isə azadlığın prinsiplərini və ya ən azından mötədilliyi mənimsəmişdilər; və müəyyən mənada ləyaqət və ədalət dövrün ümumi ovqatı tərəfindən ən qüsurlu təsisatlara təlqin edilirdi.

Başqa sözlə desək, dövlətlər arasındakı rəqabət və onların bir-birinə örnək olması da siyasi avtoritarizmə dair ən pis ehtimalların qarşısını alırdı. Gibbonun əlavəsinə görə, “sülh şəraitində elm və sənayenin tərəqqisi bir çox fəal rəqiblər arasındakı təqlidçiliyi gücləndirirdi”. Deyvid Hyum və İmmanuel Kant kimi Maarifçilik Dövrünün mütəffəkirləri də eyni cür fikirləşirdilər. 18-ci əsrdə Böyük Pyotrun Rusiyadakı islahatlarından tutmuş, Sovet İttifaqının 1957-ci ildə Peyk buraxmasından təşvişə düşən ABŞ-ın cavab kimi texnoloji səfərbərliyinə qədər, dövlətlərarası rəqabət iqtisadiyyatda güclü hərəkətverici qüvvə olmuşdu. Ən əhəmiyyətlisi isə yəqin bu idi ki, “dövlətlər sistemi” siyasi və dini avtoritetlərin intellektual innovasiyaya nəzarət qabiliyyətini məhdudlaşdırmışdı. Mühafizəkar hakimlər heretik və provakativ düşüncəni (burada orijinal və yaradıcı) sıxışdırdıqca, onların ağıllı vətəndaşları sadəcə olaraq harasa çıxıb gedirdilər (əksəriyyət həqiqətən də belə edib).

Bu cür nöqteyi-nəzərə böyük ehtimalla ediləcək etiraz siyasi cəhətdən parçalanmanın kifayət etməməsinə dair olar. Hindistan yarımadası və Orta Şərq tarixən əksər vaxt parçalanmış vəziyyətdə olublar, hətta Afrika daha çox olub, bununla belə, bu coğrafiyalarda Böyük Zənginlik yaşanmayıb. Əlbəttə ki, daha çoxuna ehtiyac var idi. İntellektual və texnoloji innovatorların üzləşdiyi “bazarın” miqyası elmi və texnoloji tərəqqinin elementlərindən biridir, bu isə ola bilsin, bu coğrafiyalarda lazım olan qədər diqqəti cəlb edə bilməmişdi. Amma məsələn, 1769-cu ildə Metyu Bulton partnyoru Ceyms Votta (buxar maşını sahəsində ilk mühəndislər – tərc) yazırdı: “Məncə, [sənin mühərrikini] təkcə üç qraflıq üçün manufaktura etməyə dəyməz; amma fikirləşirəm ki, bütün dünyaya yaymağa dəyər”.

Buxar maşınları üçün keçərli olan şey eyni dərəcədə astronomiya, tibb və riyaziyyata dair kitablar, esselər üçün də keçərli idi. Belə bir kitab yazmağın sabit xərcləri var idi və bazarın miqyası da əhəmiyyət daşıyırdı. Əgər parçalanmaya nəzərən hər bir innovatora düşən müştəri sayı az olsaydı, bu, təşəbbüslərin boğulmasına səbəb olardı.

Hərçənd erkən müasir Avropada siyasi və dini parçalanma intellektual innovatorlar üçün kiçik auditoriyalar mənasına gəlmirdi. Siyasi parçalanma heyratamiz intellektual və mədəni birlik boyunca mövcud idi. Avropa ideyalar üçün az və ya çox dərəcədə inteqrasiya olunmuş bazar təklif edirdi, oxumuş kişi və qadınların qitə boyunca olan şəbəkəsində fikirlər paylaşılır və dövr edirdi. Avropanın mədəni birliyi özünün klassik irsinə borclu idi, intellektuallar arasında Latın dili “ortaq dil” kimi geniş miqyasda istifadə edilirdi. Orta əsr Xristian Kilsəsinin strukturu da qitədə ortaq düşüncənin bir elementi kimi çıxış edirdi. Əslində, Avropa terminin ümumi istifadəsindən xeyli əvvəl “Xristianlıq dünyası” kəlməsi yayğın idi.

Əgər avropalı intellektuallar görünməmiş sürətlə və sərbəstliklə hərəkət edirdilərsə, onların fikirləri ondan da böyük sürətlə səyahət edirdi.

Orta Əsrlərdə əksər vaxt intellektual fəallığın intensivliyi (iştirakçıların sayı və müzakirələrin coşğunluğu mənasında) sonradan baş verənlərlə müqayisədə sönük idi, belə ki, 1500-ci ildən sonra o, millətlərarası fəaliyyət növünə çevrilmişdi. Erkən müasir Avropada milli sərhədlər Avropadakı azsaylı, lakin canlı və mobil intellektual icma üçün az əhəmiyyət daşıyırdı. Astagəl və narahat səyahət imkanlarına baxmayaraq, aparıcı intellektuallar dövlətlər arasında geriyə və arxaya hərəkət edirdilər. 16-cı əsr Avropa humanizminin ən görkəmli iki lideri Valensiya doğumlu Xuan Luis Vives və Rotterdam doğumlu Disiderus Erazmus Avropanın aparıcı mütəffəkirlərinin səyahətə açıq keyfiyyətini təcəssüm etdirirdilər: Vives Parisdə oxumuşdu, amma həmçinin Oksforddakı Xrist Kolleci Korpusunun üzvü idi. Bir müddət o, VIII Henrinin qızı Merinin müəllimi kimi çalışmışdı. Erazmus isə Leuven, İngiltərə və Bazel arasında səyahətlər edirdi. Lakin o, Turin və Venesiyada da vaxt keçirirdi. İntellektuallar arasında bu cür səfərbərlik 17-ci əsrdə daha da şaxələndi.

Əgər avropalı intellektuallar görünməmiş sürətlə və sərbəstliklə hərəkət edirdilərsə, onların fikirləri daha da böyük sürətlə səyahət edirdi. Çap mətbuatının və xeyli inkişaf etmiş poçt sisteminin sayəsində yazılı bilik daha da sürətlə dövr etməyə başlamışdı. Xüsusilə Şərqi Asiya ilə müqayisədə, erkən müasir Avropanın pluralist mühiti yeni fikirlərin sıxışdırmağa çabalayan mühafizəkar cəhdləri karıxdırırdı. Qaliley və Spinoza kimi intellektual super ulduzların reputasiyası o qədər böyük idi ki, yerli senzura onların əsərlərinin çapına icazə verməyəndə, xaricdə asanlıqla naşir tapırdılar.

Qalileyin “qadağan olunmuş” kitabları tezliklə İtaliyanın xaricinə qaçaqçılıqla keçirilir və Protestant şəhələrində nəşr edilirdi. Məsələn, onun “Diskurlar”ı 1638-ci ildə Leydendə, “Dialoqlar”ı isə 1635-ci ildə Strasburda təkrar nəşr edilmişdi. Spinozanın naşiri Yan Rieverts senzorları çaşdırmaq üçün“Traktatlar”ın sərlövhəsinə “Hamburq” yazmışdı, halbuki əsər Amsterdamda çap olunmuşdu. İntellektuallardan ötrü Avropanın parçalanmış və koordinasiya edilməyən siyasəti intellektual azadlıq mahiyyəti daşıyırdı, belə bir şey isə Çində və Osmanlı İmperiyasında sadəcə olaraq mümkün deyildi.

1500-cü ildən sonra Avropanın siyasi parçalanması və biliyin pan-Avropalı institutlarının unikal kombinasiyası yeni ideyaların yayılmasında əsaslı intellektual dəyişikliklərə səbəb oldu. Avropanın bir hissəsində yazılan kitablar digər hissələrə yayılırdılar. Tezliklə hər yerdə oxumaq, sitat gətirmək, plagiat eləmək, müzakirə etmək və şərh vermək dəbə mindi. Avropanın harasındasa bir ixtira ediləndə, o, bütün qitə boyunca müzakirə edilir və sınaqdan keçirilirdi. Uilyam Harveyin qan dövranından bəhs edən “De Motu Cordis” (1628) mətninin nəşr edilməsindən 15 il sonra ingilis həkim və intellektual Tomas Brouni, Harleyin ixtirasına belə şərh vermişdi: “qan dövranının ilk uğuruna Avropanın bütün məktəbləri ağız büzdülər… və ümumi bir səslə onu ittiham etdilər… lakin nəhayətdə o, tanınmış həkimlər tərəfindən qəbul edildi və dəstəkləndi”.

Dövrün intellektual super ulduzları lokal deyil, Avropa auditoriyalarını qidalandırır və qitə boyunca qazandıqları şöhrətin zövqünü yaşayırdılar. Onlar özlərinin “Məktublar respublikası”nın vətəndaşları kimi görür və bu birliyi fransız filosofu Pyer Boylun (mərkəzi fiqurlardan biri) sözləriylə azad millətlər birliyi, həqiqət imperiyası adlandırırdılar. Bu siyasi metafora bəsit şəxsi təkəbbür yox, daha çox arzu edilən bir düşüncə idi və o, ideyalar üçün bazar idarəçilinə qaydalar tətbiq edən icmanın xüsusiyyətlərini əks etdirirdi. Öz növbəsində isə bu, çox rəqabətcil bazar idi.

Hər şeydən əvvəl avropalı intellektuallar demək olar, hər şey və zaman uğrunda yarışırdılar və onlarda “müqəddəs inəkləri qətl etmək meyli” (siyasi sferada bu siyasətçilərin toxunmayacağı mövzuları ifadə edən idiom -)  . Onlar özlərini birlikdə açıq elmə həsr etmişdilər. Gibbona qayıtsaq, o, patriotdan fərqli olaraq, filosofun Avropanın vahid “böyük respublika” hesab etdiyini müşahidə etmişdi, bu respublikada isə gücün balansı qərarsız ola və bəzi xalqların tərəqqisi “çiçəklənə, yaxud da tənəzzülə uğraya bilərdi”. Lakin vahid “böyük respublika” qavramı “xoşbəxtliyin, sənətlər sisteminin, hüququn və davranışların ümumi dövlətinə” zəmanət verirdi. Gibbon yazırdı ki, Avropa “üstün fərqliliyi ilə” digər sivilizasiyalardan seçilirdi.

Bu mənada Avropa intellektual cəmiyyəti iki ən yaxşı sahənin– inteqrasiya olunmuş millətlərarası akademik icma olmağın və rəqabətcil dövlətlər sisteminə malik olmağın həzzini yaşayırdı. Bu sistem Böyük Zənginliyə gətirib çıxaran bir çox mədəni komponentləri – ictimai və iqtisadi sistemə olan inancı, elmi və intellektual innovasiya baxımından artımı, iqtisadi artımın töhvəsi nəticəsində Bekonsayağı metodiki və emprik biliyin tədqiqat proqramına dair öhdəçiliyini meydana gətirdi. 17-ci əsr Məktublar Respublikasının natural filosofları və riyaziyyatçıları eksperimental elm ideyasını əsas alət kimi mənimsədilər və təbiəti kodlaşdırmaq və başa düşmək metodu kimi istifadəsi getdikcə genişlənən mürəkkəb riyaziyyatı qəbul etdilər.

Bilik əsaslı iqtisadi tərəqqinin Sənaye İnqilabının və erkən iqtisadi artımın birbaşa səbəbi olması fikri hələ də şübhəlidir və belə də olmalıdır. 18-ci əsrdə xalis elmi əsaslı ixtiraların sayı çox az idi, baxmayaraq ki, 1815-ci ildən sonra onların sayı sürətlə artdı. Bununla belə, elmi inqilabın müasir iqtisadi artımın uyğunsuz faktoru kimi çıxdaş etmək, bu mənada məqbuldur ki,təbiətin dərk edilməsi getdikcə genişlənməsəydi də, 18-ci əsrin sənətkar əsaslı proqresləri (xüsusilə tekstil sənayesi) yavaş da olsa, son nəticədə qaçılmaz olaraq baş tutardılar.

Bundan başqa, xalis elmi əsası olmayan bəzi ixtiraları belə ancaq bilicilər istifadə edə bilirdilər. Məsələn, Sənaye İnqilabı dövründə (onun bir parçası olması çox nadir hallarda deyilsə də) ən əhəmiyyətli ixtiralardan biri olan dəniz xronometri erkən riyaziyyatçı astronomların işləri nəticəsində mümkün olmuşdu. Bunlardan birincisi 16-cı əsrdə yaşamış Gemma Frisius kimi tanınan holland (daha doğrusu frisian) astronom və riyaziyyatçı Jemme Reynerszun idi, o, Con Harrisonun (bu ağrılı problemi həll edən möhtəşəm saatsaz) yalnız 1740-cı ildə düzəltdiyi şeyin mümkünlüyünü hələ o vaxt təklif etmişdi.

Elmi təşəkkülün və davamlı iqtisadi artımın zəfəri Homo Sapiensin planetin hökmdarı kimi təkamülündən daha əvvəl müəyyən edilməmişdi

Bunu qeyd etməkdə fayda var ki, elmin tərəqqisi təkcə açıq elmin meydana gəlməsinə və ideyalar üçün millətlərarası bazarın təkmilləşməsinə əsaslanmırdı. Onların ortaya çıxması həmçinin natural fəlsəfədə tədqiqatları asanlaşdıran daha təkmil alət və instrumentlərin yaranmasına da borcludur. Bunların arasında ən vacibləri mikroskop, teleskop, barometr və müasir termometrdir. Bunların hamısı 17-ci əsrin ilk yarasında inkişaf etdiriliblər. Fizika, astronomiya və biologiya sahələrində təkmilləşdirilən alətlər klassik antik dövrdən qalma bir çox səhvləri aşkara çıxarmışdı. Vakuum və atmosfer sahəsində yenicə kəşf edilən anlayışlar atmosfer mühərriklərinin meydana çıxmasına rəvac vermişdi. Öz növbəsində, buxar maşınları elm adamlarını istinin hərəkətə çevrilməsini fizikada tədqiq etməkdən ötrü ilhamlandırmışdı. Nyukomensin ilk nasosunun (1712-ci ildə ixtira olunan buxar maşını) ortaya çıxmasından təqribən bir əsr sonra termodinamika yaradılmışdı.

18-ci əsrin Avropasında xalis elmlə və mühəndislərlə mexaniklərin işləri arasındakı qarşılıqlı oyun getdikcə daha da gücləndi. Propozisional biliyin (“nə” elmi) və preskriptiv biliyin (“necə” elmi) bu qarşılıqlı əlaqəsi müsbət əks rabitəyə və ya avtokatalitik modelə gətirib çıxardı. Bu cür sistemlərdə proses işə düşdüsə, artıq öz özünə hərəkət edə bilir. Bu mənada bilik əsaslı artım bütün tarixi fenomenlər arasında ən inadkarlarından biridir – baxmayaraq ki, onun inadkarlığının şərtləri kompleks mahiyyət daşıyır və hər şeydən əvvəl rəqabətə əsaslanan və ideyalar üçün açıq bazar tələb edir.

Biz qəbul etmək məcburiyyətindəyik ki, Avropanın (və dünyanın) Böyük Zənginliyi heç də qaçılmaz deyildi. İlkin şərtlərdəki olduqca ötəri dəyişikliklərin, hətta təsadüflərin sayəsində o heç bir zaman baş tutmaya da bilərdi. Avropada siyasi və hərbi inkişaf başqa istiqamətdə olsaydı, mühafizəkar qüvvələr üstün gələ və dünyanın yeni və daha proqressiv interpretasiyasına düşməncə münasibət sərgiləyə bilərdilər. Ortada elə bir şey yox idi ki, elmi tərəqqinin və davamlı iqtisadi artımın zəfərinin məsələn, deyək ki, Homo Sapiensin (və ya başqa spesifik növlərin) planetin hökmdarı kimi təkamül etməsi kimi nə əvvəlcədən müəyyən edildiyini, nə də qaçılmaz olduğunu sübut etsin.

1600-cü ildən sonra İdeyalar bazarındakı fəaliyyətlərdən birinin nəticəsi Avropa Maarifçiliyi idi, onun sayəsində elmə və intelektual tərəqqiyə olan inam ambisiyalı siyasi proqrama çevrildi, bu proqram da çoxsaylı qüsurlarına və çatışmazlıqlarına baxmayaraq, hələ də Avropa siyasətində və iqtisadiyyatında dominantlıq edir. Onun bu yaxınlarda aldığı əks reaksiyaya baxmayaraq, elmi və texnoloji tərəqqinin bir dəfə hərəkətə keçən qüvvələri rəfedilməz ola bilər. Nə də olsa, bugünkü dünya rəqabətcil qüvvələrdən təşkil olunub və birləşməyə 1600-cü ildə olduğundan daha çox yaxın görünür. Onun ideyalar bazarı heç vaxt olmadığı qədər fəaldır və innovasiyalar heç vaxt olmadığı qədər sürətlə baş verir. Texnologiyanın bəxş etdiyi bütün üstünlüklərə baxmayaraq, ən yaxşılar hələ qabaqdadır.

Bilge.az
Kultura.az | Developed by Samir Yahyazade