post-title

Bahalı toyuqların müğənnisi

“Müxalifət mitinqə şor-çörəklə,
İqtidar isə kotletnən gedir".

(Baba Pünhan)

Azərbaycanda elmin inkişafı və uşaqlara qayğı temasında tez-tez yazıram, bunu bilən dostum Seymur Baycan Gürcüstan haqda informasiyanın linkini yollayıb. Orada yazılıb ki, hazırda gürcülər Kutaisi yaxınlığında, Georgi Kvinitadze adına Kadet hərbi liseyinin daxilində “Robot texnikası üzrə yay düşərgəsi” açıblar (https://www.newsgeorgia.ge/v-kutaisi-otkrylsya-letnij-lager-robotehniki-foto). Düşərgədə 13-18 yaşlı 1500 uşaq və yeniyetmə həm dincəlir, həm də texnoloji innovasiyalarla (yeniliklərlə) tanış olurlar. Düşərgənin arxasında Gürcüstan dövlətinin bir neçə nazirlik və idarəsi durub, məqsəd isə uşaqların idman, istirahət, elm, texnologiya və sairənin vəhdəti şəraitində böyüməsi, tərbiyə almasıdır.

Həmişə belə anlarda olduğu kimi düşünürsən: “O əjdahadan bizdə niyə yoxdur?” 1500 uşaq. Zarafat rəqəm deyil. Gürcüstanın dövlət büdcəsi, pulu bizdən çoxdurmu? Yox. Bəs niyə onlarda uşaqlara dövlətin diqqəti, qayğısı gerçəkdir, bizdə isə süni pafosdan, vedrə danqıldatmaqdan başqa heç zada rast gəlmirsən?

Yeri gəlmişkən, informasiyadakı “Kvinitadze” soyadı və “kadet” sözü tanış gəldi. Məncə, bu da təsadüfi deyil və gürcülərin bir növ dövlətçilik ənənələrinə sadiqliyindən irəli gəlir. Kvinitadze onların 1918-21-ci illərdəki Gürcüstan Respublikasında müdafiə naziri olub. Bu general 1921-ci ildə ruslar Gürcüstanı işğal edərkən müdafiə döyüşlərinə komandirlik edib və məğlubiyyətdən sonra xaricə mühacirət edib. 11-ci ordunun artıq bir ildir işğal edilmiş Azərbaycandan, başqa bolşevik-rus ordularının da şimal istiqamətindən hücumları zamanı gürcü hərbi məktəblərində oxuyan yeniyetmə yunker və kadetlər döyüşlərə atılıb Gürcüstanın müstəqilliyi, Tiflisin müdafiəsi uğrunda qeyri-bərabər döyüşdə həlak olublar. 

Qonşu qonşuya baxar, özünü oda yaxar, o üzdən qayıdaq ana vətənimizə, onun-bunun uşaq-muşaqlarına həsəd aparmaqdan əl çəkək. Ona qalsa gürcü uşaqların da YAP-ın uğurlu daxili-xarici siyasəti haqda heç bir məlumatı yoxdur. Allah bir yerdən verəndə, o biri yerdən kəsir. Amma və lakin kəsirsiz, qənirsiz, qüsursuz gözəllərimiz də vardır. Bunlardan qeyd edə bilərik manıslarımızı. Onlar həm musiqi sahəsində, həm millətin tərbiyələndirilməsi istiqamətində böyük işlər görürlər. Misal üçün, gənclərimiz prodüser Tolikin ata nəsihətlərinə qulaq asmasalar bir addım atmırlar. Kitab oxumaq istəyəndə müğənni Faiq müəllimin məsləhət gördüyü kitab siyahısına baxırıq. Ataya sevgini Talıb Taledən, anaya münasibəti Nadir Qafarzadədən, milli ənənələri Röyadan öyrənirik. Bu sahədə ən böyük el ağbirçəyimiz, əlbəttə, İlhamə xanım idi, təəssüf ki, uca milləti yetim qoyub getdi.

Xatirə İslam da mədəniyyət sahəmizdə xüsusi yeri olan gözəl müğənnidir. Ancaq bugünlərdə ona iaşə obyektlərindən birində, Bakıdakı hansısa dılğır restoranda iki ədəd toyuq qrilini 40 manata satıblar, bu isə sənətkarın haqlı narazılığına səbəb olubdur. Deyir, 3 manat 50 qəpiklik toyuğu 20 manata qiymətləndirmək haqsızlıqdır.

Jurnalistlər restoranın müdirindən bu dəhşətli, tükürpədici, qandonduran hadisə barədə soruşublar, o isə faktı təsdiqləyibdir. Deyib bizdə toyuq qrilinin belə baha olmasının xüsusi səbəbi vardır. Ancaq həmin xüsusi səbəbi açıqlamayıbdır.

Prinsipcə, doğrudan da dünyada belə bahalı, əcaib, mənasız, düşük yeməkxanalar və yeməklərə rast gəlinir. Örnək üçün, görürsən hansısa fransız adi, palçıqda eşələnən ördəyi qızardıb ora-burasını ot-motla, qaymaqla-zadla bəzədi, bir budunu 100 avroya basdı masaya. Elə bişmiş toyuq var gülüşü Cokondanı xatırladır. Mən özüm uşaq vaxtı Qarabağ zonasında dombalan adlanan göbələyi çox yığıb evə gətirmişəm, anam qızardıb, yemişəm. İndi isə internetdə birdən oxuyuram ki, İtaliyada filan restoranda tryufel göbələyi 1000 avroyadır, gülməyim tutur. Çünki bu tryufel elə həmin dombalanın xarici adıdır. Şəki lətifəsində deyilən kimi: “Bamadurdur, ancaq Maskvaya gedib salat olub”.

Təbii ki, bizim restoran müdirinin ağlı kəsməyib o qrilə hansısa əcaib-qəraib ad yapışdırıb 20 manata sırısın. Yəqin elə “qril” adıyla satırmış. Eyni zamanda onun iyirmi qram ağlı olsa deyərdi ki, rəhmətliyin uşağı, ona qalsa sizin də iyirmi qəpiklik səsiniz yoxdur, ancaq milləti qazlayıb, toyuq yerinə qoyub mərasimlərində, toy-moylarında 5 min, 10 min, 20 min manata oxumursunuz?

İndi söz əlaqədar təşkilatlarındır.

Zamin Hacı

Musavat.com
Yuxarı