Diaspora ilə iş necə qurulmalı - Fuad Muradova açıq müraciət

Публицистика

Bu yazı ağıl öyrətmək cəhdi deyil. Ola bilsin bir az ərkyana alınacaq, amma səbəbi var - professional sahədə, Fuad Muradovla çox qarşılaşmışıq, onu müstəsna əxlaqlı, ağıllı, faydalı bir vətəndaş kimi tanıyıram və bu üslubun, xətrinə dəyməyəcəyindən əminəm.

Azərbaycan diasporası, azərbaycanlılar siyasi xalq kimi tarix səhnəsinə çıxdıqları və azərbaycanlı kimliyi ilə dünyaya, əsasən də Qərb ölkələrinə yayıldıqları gündən formalaşmağa başlayıb - yəni bu fenomenin azı yüz yaşı var. Son 30 ildir, bu yayılma fantastik sürət alıb. Yaxşı adamların yanında, yaramazlar da, bu və digər səbəblərdən, Azərbaycandan mühacirət edirlər. 

Mən isə ona görə şanslı adamam ki, Avropada, Amerika qitəsində, başqa yaxın və uzaq diyarlarda tanıdığım, dostluq etdiyim azərbaycanlılara görə permanent fəxr hissi keçirirəm. Riyakarlığa nə hacət - Azərbaycanın bu adamlara layiq ölkə olmadığını da tez-tez düşünürəm. Çünki Azərbaycan elə bir ölkədir ki, onu sevmək, ona aid olduğunu hiss etmək üçün özündən təsəlli, ümid və nostalji ilə yoğrulmuş səbəblər uydurmalısan.

Bu qədər lirika bəsdir, qayıdaq mövzuya. İkinci nəsil diaspora adamlarının yarısı evlənmə çağındadır, evlənənlər də az deyil. Yəni artıq üçüncü nəsil azərbaycanlılar doğulur, böyüyür, məktəbə gedirlər. Avropa, ABŞ, Kanada başda olmaqla, bütün dünyada məktəb yaşında, ikinci və üçüncü nəsil azərbaycanlılar yaşayır.

Bu uşaqlar Azərbaycan haqqında heç nə bilmirlər, valideynlərindən eşitdikləri məlumatlarla kifayətlənirlər. Valideynlərin də hamısı “akademik” deyil, aralarında mövhumatçısı, müxalifətçisi, iqtidarçısı, başdanxarabı, qərəzlisi-qərəzsizi, vecsizi var. Uşaqların özündən də təşəbbüs gözləməyə dəyməz - yüz il qalsa, nəsə açıb oxuyan, baxan deyillər. Onların həyat ritmi, rejimi, dərsləri özlərinə bəsdir. Elə yaş dövrü var ki, “ana vətən, ata yurd” kimi mövzular uşağı maraqlandırmır, bu da çox normaldır. 

Amma bu uşaqların Azərbaycana gəlmək, onu tanımaq hüququ da var. Hər ailənin isə belə səyahətlərə imkanı çatmır. Hətta bəzilərinin Azərbaycanda qalmağa evləri yoxdur, qohumu-tanışı da narahat etmək istəmirlər. Həm də məsələ axı maddiyyatda da deyil - bu uşaqların Azərbaycana gəlişini, iaşəsini, asudə vaxtını dövlət təşkil etməlidir, valideynlər yox. Diaspora Komitəsi varsa, fəaliyyət istiqamətlərindən biri də bu olmalıdır.  

Təklif belədir ki, iki həftə yay, iki həftə də qış mövsümündə olmaqla, 8-16 yaş arası diaspora azərbaycanlıları üçün düşərgələr təşkil olunsun. Diaspora Komitəsinin saytında müraciət bölməsi yaradılsın, ora gələn müraciətlərə baxılsın, uşaqların viza və uçuş xərcləri ödənilsin.

Düşərgədə yarım gün Azərbaycan dili dərsləri keçilsin, günün qalan hissəsində isə uşaqlara tarixi yerlər, muzeylər, rayonlar gəzdirilsin, onlara ölkənin mətbəxi tanıdılsın, düşərgələrdə oyunlar, yarışlar keçirilsin və (istəyən) uşaqların, bu düşərgələrdə hər il iştirakı təmin edilsin.

Bu işə Avropada yaşayan, pedaqoji təhsili, ali savadı olan azərbaycanlılar da cəlb edilsin. Uşaq psixologiyasından anlamaq yetməz, uşaqların gəldikləri ölkələrin spesifikasını bilən ekspertlərlə də əməkdaşlıq etmək lazımdır. Onlar azərbaycanlı kolleqaları ilə bir yerdə işləsinlər, uşaqlarda yarana biləcək kültür şokunun qarşısını alsınlar, ifadə edə bilmədikləri hisslərinə tərcüməçilik etsinlər.

Bütün bu xoş planların reallaşmasının qarşısında isə ciddi bir əngəl var - yeniyetmə diaspora azərbaycanlıları, gənclərin həbsdə olduğu ölkədə düşərgəyə yollanmaq istəyəcəklərmi? Onlar biləndə ki, valideynlərinin vətənində belə qanqaraldıcı işlər olur, bəzən siyasi səbəblərə görə ölkədən çıxışa “stop” qoyulur, nə düşünəcəklər?

Deyirəm, bizim ölkədən feodal çuşkalığı yığışdırsan, Azərbaycanın qiyməti olmaz. Qalan problemlər belədir ki, onların heç olmasa obyektiv səbəbləri var. Necə deyərlər, evdə bişməyib, qonşudan gəlməyib. Dövlət nədir, dövlətçilik nədir bilinmir - ənənə yox, məktəb yox. Son illərdə biznes elita formalaşıb, onun da heç biznes etikası tam oturuşmayıb, qaldı ki, siyasi mədəniyyəti.

Əli Əkbər

Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade