Tarixin bayağılaşması haqqında bədii-fəlsəfi esse

Сеймур БАЙДЖАН



Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin digər Sovet respublikalarında baş verən hadisələr haqqında xeyli sənədli filmlərə baxdım, çoxlu yazılar və müsahibələr oxudum, müzakirələrə qulaq asdım. İntellektual pafos kimi çıxmasın, ümumiyyətlə, hadisələrin fəlsəfəsini tutmaq istəyirdim. 

Əvvəllər də tarixlə bacardığım qədər maraqlanmışam. Tarix çox sevdiyim azsaylı fənlərdən biri olub. Tarixi şəxsiyyətlər haqqında əsərləri, tarixi romanları böyük bir həvəslə, maraqla oxuyurdum. “Jozef Fuşe”, “Səmərqənd ulduzları”, “Spartak” əsərlərini oxuyarkən keçirdiyim emossiyaları hələ də xatırlamaqdayam. Son on ildə isə mütəmadi olaraq bir neçə aydan bir konkret bir tarixi hadisəni, tarixi dövrü mövzu kimi götürüb hərtərəfli, müxtəlif əks qütblü mənbələrlə tanış olmaqla, özüm üçün araşdırıram. Bununla həm həyatıma bir cıqqan məna qatıram, həm də tarixi daha ciddi öyrənirəm. Beləliklə, Böyük Fransa inqilabı, Dekabristlər üsyanı, Birinci Dünya müharibəsi, Rusiyada vətəndaş müharibəsi, Sovet-Fin müharibəsi, İkinci Dünya müharibəsi, Vyetnam müharibəsi və digər müharibələr, inqilablar, tarixi dövrlər, tarixi şəxsiyyətlər haqqında məlumat yükümü xeyli artırmağa müvəffəq oldum. Ən uzun çəkən  öyrənmək prosesi İkinci Dünya müharibəsi ilə bağlı oldu. İkinci Dünya müharibəsi haqqında mənbələri öyrəndikcə faciənin miqyası məni dəhşətə gətirirdi və almanların bir xalq olaraq bu ağır yükün altından çıxmaqları möcüzə kimi görünürdü...

Image result for Jozef Fuşe

Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin, digər Sovet respublikalarında baş vermiş hadisələrlə maraqlandıqda tanış olduğum mənbələrdə tez-tez Stalin haqqında fikirlərə, faktlara rast gəlirdim. Bu da təbiidir. Çünki nəhəng bir ərazidə elmdən tutmuş incəsənətə, incəsənətdən tutmuş sənayeyə, sənayedən tutmuş kənd təsərrüfatına, kənd təsərrüfatından tutmuş təhsilə, təhsildən tutmuş səhiyyəyə qədər bütün sahələrdə nə baş verirdisə, nə qərar qəbul edilirdisə, hamısı bir insanın fikirlərindən, rəyindən, hətta şəxsi ovqatından asılı idi. Bir müşahidəmi yazmaq istəyirəm. Ümumilikdə götürəndə Stalin haqqında danışan, yazan, çəkən adamları,əsasən, üç qrupa bölmək olar:

1. Birinci qrupa aid adamlar birmənalı olaraq Stalini tiran, qaniçən, cəllad, xəstə təxəyyüllü bir adam kimi xarakterizə etməklə bərabər, Stalini həqiqi ziyalı təbəqəsini məhv etməkdə, məhv edilmiş həqiqi ziyalı təbəqəsinin əvəzinə surroqat ziyalı təbəqəsi yetişdirməkdə ittiham edirlər. Həmçinin, bu qrupa aid olan adamlar Sovet respublikalarında baş verən aclığın, dövlət səviyyəsində aparılan kütləvi terrorun, repressiyaların, İkinci Dünya müharibəsi zamanı verilən böyük itkilərin günahkarı kimi də Stalini görürlər...

2. İkinci qrupa aid olan adamlar isə birmənalı olaraq Stalini böyük, dahi şəxsiyyət, uzaqgörən siyasətçi, qüdrətli hərbçi, xalqların xilaskarı kimi xarakterizə edirlər. İkinci Dünya müharibəsində Sovetlərin qalib gəlməsini bu qrupa aid olan adamlar birmənalı olaraq Stalinin dəmir iradəsinin, qətiyyətinin nəticəsi  kimi qiymətləndirirlər və Stalin tərəfindən aparılan hər cür repressiyalara, güllələnmələrə “bütün bunlar zəruriyyətdən yaranırdı” deməklə asanlıqla bəraət qazandırırlar... 

3. Üçüncü qrupa aid adamlar birinci və ikinci qrupa aid adamlardan daha maraqlıdırlar. Bu qrupa aid olan adamlar Stalini qaniçən, kütləvi terorun, repressiyaların, aclığın, baş verən digər bəlaların səbəbkarı kimi xarakterizə etməklə bərabər, həm də onu dahi şəxsiyyət, uzaqgörən siyasətçi, dəmir iradəli adam kimi də qiymətləndirirlər...

Birinci və ikinci qrupa aid olan adamlarla məsələ aydındır. Birinci və ikinci qrupa aid adamların mövqeyi nisbətən daha konkretdir. Məntiqlə bizi daha çox üçüncü qrupa aid adamlar maraqlandırmalıdır. Niyə? Doğrudan da, bir insan, bir tarixçi, bir publisist, yaxud kino adamı Stalini bəlaların, kütləvi repressiyaların, terrorun, İkinci Dünya müharibəsində verilən böyük itkilərin səbəbkarı  kimi gördüyü halda niyə həm də onu dahi bir şəxsiyyət, uzaqgörən siyasətçi, qüdrətli hərbçi kimi qiymətləndirməlidir? Yadıma Sovet vaxtı Neftçi komandasının oyunları düşür. Elə ki, Neftçi qalib gəlirdi, şərhçi canfəşanlıqla Neftçi  komandasının oyununu tərifləyirdi. Elə ki, rəqib komanda Neftçinin qapısına bir-iki top vururdu, şərhçi başlayırdı rəqib komandanın oyunçularının ustalıq səviyyəsinin tərifini göyə qaldırmağa. Yəni məğlubbiyyətimiz təbiidir, görürsünüz də, belə güclü komandaya qarşı oynayırıq, nə edə bilərik, əlimizdən nə gəlir? 

Üçüncü qrupa aid adamlar Stalini baş verən bəlaların səbəbkarı kimi göstərib, həm də onu uzaqgörən siyasətçi, hərtərəfli məlumatlı adam kimi qiymətləndirməklərini, bu ziddiyəti belə formula edirlər; O, dahi idi, amma şərə xidmət edən dahi idi. 

Əvvala, bəri başdan deyək ki, dahi şərə xidmət etmir. Bilin və agah olun, dəfələrlə yazmışıq, bir daha yazaq, yalnız insana xidmət edən istedad, ağıl, bilik qiymətlidir. İnsanlara bəla gətirən hər hansı istedad, bilik, bacarıq  lənətlənməlidir. Bu söhbət, yəni Stalini şərə xidmət edən dahi kimi xarakterizə etmək, bir az bizim adamların Sovetin hər cür mükafatını, orden-medalını almış, ömür boyu kurortlarda, sanatoriyalarda, yaradıcılıq evlərində istirahət etmiş şair-yazıçıların əsərlərində gizli dissidentlik axtarmasına oxşayır. Partiyaya, partiyanın rəhbərlərinin şəninə şeirlər, poemalar yazmış adamların guya hansısa cümləsində, hansısa sətrində gizli məna varmış. Səydəşlikdir. Gizli mənaya qalsa, bu günün ən yaltaq adamının müsahibəsindən, yazısından yüz dənə o cür gizli məna tapıb çıxartmaq olar. Sabah vəziyyət dəyişəndə soxar adamın gözünə, həyasız–həyasız deyər ki, mən vaxtında sözümü demişəm. Çox güman, elə belə də olacaq. Ta nələr, hansı sifətlər görmədik!

Image result for Spartak əsəri

Tolstoy deyirdi ki, oğurluğun miqyası artdıqca oğruya da heyranlıq artır. Məsələn, toyuq oğrusu ömür boyu toyuq oğrusu olaraq da qalır. Bank oğrusu haqqında isə filmlər çəkilir, romanlar yazılır. Əslində isə məntiqlə əksinə olmalıdır. Yalan da belədir. Miqyası böyük olduqda inananlar daha çox olur. Məsələn, elə kitablar var ki, başdan-ayağa miflərdən, nağıllardan ibarətdir. Amma nə qədər insan bu nağıllara inanır, həyatlarını bu nağılların əsasında yaşayır, prinsiplərini bu miflərin üzərində qurur.  

Sualımız isə hələ açıq olaraq qalır. Niyə ağlı başında olan, kifayət qədər savadlı, məlumatlı bir insan Stalinin törətdiyi cinayətləri sadalamaqla, ətraflı izah, şərh etməklə bərabər həm də onu dahi adlandırmalıdır. Burda daha çox iki mümkün variant ağla gəlir. Birincisi, yalanın böyük  miqyası bu insanları çaşdırır. Elə Azərbaycanı, öz insanlarımızı götürək. Xeyli adam  zövqsüzlükdən, yaradıcı təfəkkürün olmamasından əziyyət çəksə də, xeyli adam da tirajlı, mükafatlar almış, poemaları, romanları nəşr olunmuş şair-yazıçıların  dayazlığına, bozluğuna, savadsızlığına, istedadsızlığına sadəcə inanmaqda çətinlik çəkirlər, buna inanmaq onların iqtidarı xaricindədir. Onlar inana bilmirlər ki, mükafatlar almış, əsərləri nəşr olunmuş Bəxtiyar Vahabzadə, Rəsul Rza, Anar Rzayev, Elçin Əfəndiyev kimi adamlar istedadsız, dayaz, mənasız  ola bilərlər. Kiçik bir haşiyəyə çıxmaq məcburiyyətindəyik. Maşından əsla başım çıxmır. Mersedesin üstündəki nişanı “Zapı”nın üstünə bağlayıb mənə asanlıqla satmaq olar. Bir dostum təzə maşın almışdı. Maşını dəyişdiyini hiss etməmişdim. Yol gedəndə soruşdu necədir? Bilmədim nəyi nəzərdə tutur. Dedim nə? Hər iki əlini yana aşıb  maşının salonunu göstərdi. Baxdım ki, doğrudan da, maşın dəyişib. İndi oturduğum təzə maşındır. Dostum başladı bu maşının yaxşı tərəflərini sadalamağa. Bir az da ona qəribə gəldi, deyəsən, azca da xətrinə dəydi ki, necə olub maşına oturanda maşının dəyişdiyini hiss etməmişəm. Belə, buna oxşar hallar  çox olub. Bilmirəm, maşından başım çıxmır, məlumatlı deyiləm. Adam hər şeyi bilməli deyil. Əsas odur, adam bilmədiyi şeylər haqqında boş-boş danışmasın, mübahisə etməsin, bir sahənin bilicisi danışanda oturub mərifətlə qulaq assın, öyrənsin, bəhrələnsin...  Davam edək.  Üzü üzlər, dizi dizlər görmüş, min əməldən, min  hoqqadan çıxmış bir zənən xeylağı özünü mənə məsum bir varlıq kimi  tanıda bilər. Mümkündür. Amma ədəbiyyata dəxli olmayan bir mətni heç kim, heç bir mükafat,  böyük tiraj mənə həqiqi ədəbiyyat kimi soxuşdura bilməz. Bütün varlığımla qətiyyətlə bəyan edirəm ki, Bəxtiyar Vahabzadənin, Rəsul Rzanın, Elçin Əfəndiyevin, Anar Rzayevin ədəbiyyata yaxından və uzaqdan aidiyyatı yoxdur. İndi görün, Bəxtiyar Vahabzadəni fəlsəfi, dahi şair kimi qiymətləndirənlərin bədii zövqü, yaradıcı təfəkkürü  necə bərbad vəziyyətdədir və üstəlik nə qədər adamı da yalanın böyük  miqyası çaşdırmaqdadır. Cəsarət çox mənalı sözdür. Cəsarət təkcə o demək deyil ki, əlində qumbara özünü tankın altına atırsan. Məşhur,  mükafatlar almış, böyük tiraja malik hər hansı adamın dayazlığını, bozluğunu, mənasızlığını görəndə, hiss edəndə bunu açıq dilə gətirmək də cəsarət tələb edir. “Nə oldu, bu qədər millət filankəsin, filankəslərin istedadına inanır, elə bir sən ağıllı çıxdın” kimi  sözlər eşitdikdə isə belə sözlərdən qorxmaq lazım deyil. Açıq demək lazımdır ki, bu qədər millətin zövqü, yaradıcı təfəkkürünün nə gündə olması göz qabağındadır, hə, mən ağıllı çıxmışam...

Stalinin cinayətlərini sadalayıb, həm də onu dahi kimi qiymətləndirməyin, bu ziddiyyətin yaranmasının  ağla gələn iki mümkün səbəbindən  birini yazdıq. Deməli, adamlar  Stalinin cinayətlərini sadalayıb, həm də onu dahi kimi ona görə qiymətləndirirlər ki, yalanın nəhəng miqyası onları çaşdırır.Onlar uzun illər böyük bir ərazini öz iradsinə tabe edə bilmiş, böyük bir ərazidə yaşayan adamları ürəyi istəyən kimi idarə etmiş bir adamın dayaz ola biləcəyinə inana bilmirlər. Uydurulan miflər, nağıllar onlara da müəyyən mənada öz təsirini göstərib. Guya Çörçill deyib ki, Stalin ölkəni kotanla təhvil alıb atom silahıyla təhvil verdi. Yalandır. Çörçill belə söz deməyib. Guya Stalin deyib ki, mən əsgəri ferdmarşala dəyişmirəm. Yalandır, belə söhbət olmayıb. Və bu cür yüzlərlə yalanlar, miflər quraşdırılıb. Hələ də quraşdırılmaqdadır. 

Ağla gələn ikinci mümkün variant daha ağırdır. Stalinin cinayətlərini sadalayıb, onu həm də dahi kimi qiymətləndirən adamlar, tarixçilər, publisistlər  bir faktı həzm edə bilmirlər. Onlar həzm edə bilmirlər ki, nəhəng bir ərazi və bu ərazidə yaşayan adamlar bir yolkəsən quldurun əlində tamam aciz qalmışdı. Onlar həzm edə bilmirlər ki, rus generalları yolkəsən bir qafqazlının qarşısında qorxudan əsirdilər. Onlar həzm edə bilmirlər ki, rus ziyalılarının taleyi, kimin güllələnməsi, kimin sürgünə göndərilməsi, kimin mükafat alması bir qafqazlı quldurun ovqatından, şəxsi münasibətindən asılı idi. Onlar həzm edə bilmirlər ki, bütün Rusiya əhalisinin geyimdən tutmuş kinoya, ədəbiyyata qədər zövqünü bir qafqazlı yolkəsən müəyyən edirdi. Bax bu ağır faktları həzm edə bilmədiklərinə görə, onlar Stalinin cinayətlərini, törətdiyi bəlaları sadaladıqları, rəqəmlərlə, faktlarla danışdıqları halda həm də onu  şişirtməyə, dahi adlandırmağa məcbur qalırlar. Bir növ öz məğlubiyyətlərinə haqq qazandırırlar. Ki, bu cinayətləri adi bir adam törətmirdi, bunu hərtərəfli məlumatlı,istedadlı, bacarıqlı bir adam törədirdi. 

Related image

“Babək” filmindən bir kadrı yadınıza salın. Xəlifə bütün dünyanın müsəlman hökmdarlarına ünvanladığı məktubun mətnini mirzəyə bu cür diqtə edir: "Eşidin və agah olun ki, bir olan Allahın köməkliyi ilə rum hökmdarının nəslindən olan, şimal hökmdarına qalib gəlmişik. Babək Xürrəmini əsir edib diz çökdürmüşük...”. Bu zaman mirzə üzünü xəlifəyə sarı çevirib sadəlövh bir sual verir: “Necə dedin, rum hökmdarının nəslindən olan?” Xəlifə isə mirzənin sualına əsəbləşir və deyir ki, düz eşitmisən, qoca, rum hökmdarının nəslindən olan... Daha biz bütün dünyaya car çəkib deyə bilmərik ki, iyirmi il müharibə edəndən sonra ayağı çarıqlı bir çobana, dünənki karvançıya, dinsizin birinə qalib gəlmişik. 

Rusiyada da bax elə vəziyyət xəlifənin bütün dünyanın müsəlman hökmdarlarına ünvanladığı məktubun mətnini diqtə etməsinə bənzəyir.  Tarixçilər, publisistlər, ümumiyyətlə, otuzuncu-qırxıncı illərdə baş verən hadisələr haqqında danışan nə qədər adamlar tarixin bayağılaşmasından utanırlar. Utanmaqdan yaxa qurtarmaqdan ötrü Stalinin şəxsiyyətini şişirdirlər. Beləliklə, həqiqətdən daha çox uzaqlaşırlar, özləri özlərini dolaşdırırlar. Doğrudan da, bəzən tarix səhnəsinə bayağı bir insan çıxır. Sonradan insanlar bu bayağılıqdan utanırlar və tarixi bayağılıqdan xilas etmək, həm də öz qorxaqlıqlarına bərayət qazandırmaq üçün hər hansı hadisəyə, şəxsiyyətə ciddilik donu biçib, əhəmiyyət qazandırmağa girişirlər. “Bu yolda” bütün biliklərindən istifadə edərək, terminləri ard-arda düzürlər, beynəlxalq siyasətdən, sosiologiyadan-zaddan danışırlar. Halbuki, nə qədər çətin olsa da tarixi olduğu kimi qəbul etmək, olanları olduğu kimi demək, tarixin bayağılığından utanmamaq, qorxmamaq daha yaxşı, daha düzgün mövqedir.   

Sənətin vacib missiyalarından biri də vəziyyəti, dövrü, hər hansı hadisəni sadələşdirməkdir. Bu mənada Korney Çukovskinin “Tarakan” şeiri sadəcə və sadəcə şedevrdir. Zəhmət olmasa, aşağıdakı cizgi filminə diqqətlə baxın ("youtube" linki) və Çukovskinin vəziyyəti nə qədər sadələşdirdiyinin şahidi olun. 

Çukovskinin çox qəribə, dərəli-təpəli  bioqrafiyası var. Onun Kuprin, Çexov, Qorki, Blok və digər rus yazıçıları, şairləri haqqında yazdığı portret yazılar, xatirələr çox maraqlıdır. Əgər gələcəkdə vaxtım və həvəsim olsa, Korney Çukovskinin bioqrafiyası, yaradıcılığı haqqında ayrıca bir yazı yazacam. Hələlik onu deyə bilərəm ki, çox adam Çukovskini uşaq şeirlərinin müəllifi kimi tanısa da,  Çukovskinin yaradıcılığı kifayət qədər geniş və maraqlıdır. Hələlik bu qədər.

https://www.youtube.com/watch?v=rRg3Sxtjd6Q

Seymur Baycan

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade