Qrimm qardaşları: Ağıllı Qretel

Литература

Nağıl

Biri vardı, biri yoxdu, Qretel adında bir aşpaz vardı. Qırmızı dabanlı ayaqqabısını geyinib evdən çıxar, o tərəf-bu tərəfə fırlanar, olduqca sevinər və fikirləşərdi: "Mən çox gözəl qızam". Evə qayıdan kimi şənlənmək üçün bir qurtum şərab içərdi. Şərabdan sonra da, əlbəttə, yemək istəyirsən. Bundan sonra başlayırdı bişirdiyi ən yaxşı xörəklərin bir-bir dadına baxmağa. Bütün xörəklərin dadına baxa-baxa doyana qədər yeyər və deyərdi:

- Axı aşpaz bişirdiyi xörəyin dadlı olub-olmamasını bilməlidir.

Günlərin bir günü ağası dedi:

- Qretel, qonağım gələcək. İki toyuq kəs, yaxşı-yaxşı qızart, çalış dadlı çıxsın ha!

Qretel dedi:

- Yaxşı, ağa, hazırlayaram!

O, toyuqları kəsdi, üstünə qaynar su töküb tüklərini təmizlədi, qızartmaq üçün şişə taxıb sobanın içinə qoydu. 

Artıq qaş qaralırdı. Toyuqlar qızardılıb tam hazır oldu. Qonaqsa gəlib çıxmadı. 

Qretel gedib ağasına dedi:

- Ağa, qonaq gəlməyəcəksə, toyuqları sobadan çıxarmaq lazımdır. Hayıfdır, əsl yeyilməli vaxtıdır. 

Ağası dedi:

- Onda qoy gedim qonağı çağırım. 

Ağası gedən kimi Qretel toyuqlar taxılmış şişi sobadan götürdü və fikirləşdi: "Sobanın yanında çox dursam tərləyib susayacağam. Kim bilir nə vaxt gəlib çıxacaqlar. Düşüm zirzəmiyə bir qurtum şərab içim". Zirzəmiyə düşüb dolçanı doldurdu. 

"Allah özü sənə kömək olsun, Qretel", deyib şərabdan yaxşı bir qurtum içdi. Təzədən: "Şərab şərab tələb eləyər, arasını kəsmək yaxşı deyil!" - deyib bir qurtum da içdi. Gəlib toyuqları təzədən qoydu odun üstünə, toyuqlara yağ çəkib başladı şişi həvəslə çevirməyə. Qızardılmış toyuqlardan xoş ətir gəldiyinə görə Qretel fikirləşdi: "Deyəsən, nəsə çatışmır, qoy bir bunun dadına baxım!" Barmağını toyuğa vurub yaladı və dedi:

- Pəh, necə də dadlı toyuqlardı! Bunlar indicə yeyilməsə günahdır! 

Pəncərəyə tərəf qaçdı ki, baxıb görsün ağası qonaqla gəlir, ya yox. Gördü ki, heç kim yoxdur. Təzədən toyuqların yanına gəlib fikirləşdi: "Qanadın biri çox qızarıb, yaxşısı budur onu yeyim." O, qanadı qoparıb ləzzətlə yeyib qurtarandan sonra fikrindən keçirtdi: "Yaxşısı budur, o biri qanadı da qoparım yeyim, yoxsa ağam görər ki, nəsə çatışmır."

Qanadların ikisini də yeyib qurtarandan sonra təzədən gedib baxdı görsün ki, ağası gəlirmi. Gördü yoxdular. Fikirləşdi ki, kim bilir bəlkə heç gəlməyəcəklər, harasa çıxıb gediblər. 
Qretel dedi:

- Ay Qretel, kefini pozma, madam ki, başlamısan, get bir yaxşı qurtum da şərabdan iç, gəl o başladığın toyuğun hamısını ye, yeyib qurtaran kimi ürəyin sakitləşəcək. Allahın belə gözəl neməti niyə xarab olsun axı! 

Təzədən zirzəmiyə qaçıb şərabdan bir iri qurtum da içdi və sevinə-sevinə bir toyuğun hamısını yedi. Yeyib qurtarandan sonra ağasının hələ də gəlib çıxmadığını görən Qretel o biri toyuğa nəzər yetirdi: 

- Biri hardadısa, o biri də orda olmalıdır. Bu toyuqları bir-birindən ayırmaq günahdır. Məncə, bir qurtum da içsəm, heç bir ziyan çəkmərəm. 

Şərabdan bir qurtum da içdi, sonra ikinci toyuğu da birincinin yanına göndərdi. Yaxşı-yaxşı yeyib doyandan sonra ağası gəlib çıxdı və dedi:

- Hə, Qretel, tələs, qonaq indicə gəlir! 

- Yaxşı, ağa, artıq hər şeyi hazırlamışam, - deyə cavab verdi. 

Bir ara ağası baxdı ki, görsün stol necə açılıb. O, bıçağı götürüb toyuqları doğramaq istədi. Bıçağı təzəcə itiləməyə başladı ki, qonaq qapını ədəblə döydü. Qretel qaçdı ki, baxıb görsün gələn kimdir. Qonağı görəndə barmağını dodağının üstünə qoyub astadan dedi:

- Sakit! Sakit! Tez olun, çıxıb gedin! Ağam sizi tutsa işimiz əngəl olacaq. O sizi şam yeməyinə dəvət edib, amma fikri tamam başqadır: qulaqlarınızın ikisini də kəsəcək. Bir qulaq asın, görün necə bıçağı itiləyir. 

Qonaq bıçağın səsini eşidən kimi var gücü ilə pilləkənlərlə üzü aşağı qaçmağa başladı. Qretel də, eləmə tənbəllik, get qışqır ağanın üstünə:

- Əcəb qonaq dəvət eləmisiniz, ağa, daha heç sözüm yoxdur! 

Ağası soruşdu:

- Qretel, nə olub axı? Nə demək istəyirsən? 

- Görürsünüz də, - dedi, - hazırlaşırdım ki, toyuqları gətirim, qonaq ikisini də götürüb qaçdı. 

-Ax, belə de! Hayıf o qəşəng toyuqlardan! Heç olmasa birini mənə saxlasaydı, dərd yarı idi, yeyərdim. 

O, qonağı ləngitmək üçün arxasınca yüyürüb çağırdı. Amma qonaq özünü elə göstərdi ki, guya heç nə eşitmir. 

Qretelin ağası əlində bıçaq qonağın dalınca götürüldü. Qaça-qaça qışqırırdı:

- Tək bircəciyini! Tək bircəciyini! 

Bununla bildirmək istəyirdi ki, qonaq heç olmasa toyuqların birini ona qaytarsın,  daha ikisini də götürüb aparmasın. Qonaq isə elə bildi ki, o onun təkcə bir qulağını kəsmək istəyir.
Od tutmuş adam kimi evlərinə tərəf qaçdı. Qaçırdı ki, necə olursa-olsun qulaqlarını xilas eləsin. 

Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade