Seymur Baycan - Tolstoyun vida məktubu (1)

Сеймур БАЙДЖАН



Yazıçı Seymur Baycanın "Tolstoyun vida məktubu" yazısının ilk hissəsini təqdim edirik.

"...Nexlyudov tələsənləri qabağa buraxıb, görüş üçün ayrılmış binaya axırıncı daxil oldu. Qapını açıb həmin binaya girdikdə onu ilk sarsıdan şey yüzlərlə adamın bir-birinə qarışan çığırtısından əmələ  gələn qulaqbatıran uğultu oldu. Nexlyudov yalnız otağı ikiyə ayıran dəmir tor arakəsməyə lap şəkərə doluşmuş milçəklər kimi yapışmış adamları gördükdə işin nə yerdə olduğunu başa düşdü. Pəncərələri arxa divarda olan otaq tavandan döşəməyə qədər bir yox, iki məftil tor ilə iki hissəyə ayrılmışdı. İki torun arasında nəzarətçilər gəzişirdi. Torların o tərəfində nəzarətçilər, bu tərəfində görüşə gələnlər toplaşmışdılar. Onlarla bunların arasında iki tor və ya üç arşına qədər ara vardı, buna görə nəinki bir-birinə bir şey ötürmək, xüsusən gözləri zəif görənlər üçün adamın üzünü də aydın görmək mümkün deyildi. 

Danışmaq da çətin idi, gərək var gücünlə çığıraydın ki, bəlkə, eşitmək olardı. Hər iki tərəfdən arvadlar, ərlər, atalar, analar, uşaqlar üzlərini tora yapışdırıb bir-birinin üzünü görməyə və lazım olan sözü deməyə can atırdılar. Amma hər biri elə bərkdən danışmağa çalışırdı ki, həmsöhbəti onun səsini eşitsin. Qonşusundakılar da bunu istədiklərindən və onların səsləri bir-birinə mane olduğundan , hər biri o birindən bərk çığırıb, onun səsini batırmağa çalışırdı. Bunun nəticəsində arabir çığırtılarla kəsilən elə bir uğultu əmələ gəlmişdi ki, Nexlyudov bu otağa girən kimi buna mat qalmışdı. Deyilən sözü başa düşməyə heç bir imkan yox idi. Yalnız adamların üzündəki  ifadədən bilmək olardı ki, onlar nə deyirlər və danışanlar arasında münasibət necədir. Nexlyudovun yaxınlığında başı yaylıqlı bir qarı vardı ki, arakəsmə tora qısılıb, çənəsi əsə-əsə, başının yarısı qırxılmış solğun üzlü bir cavan oğlana çığıra-çığıra nəsə deyirdi. Dustaq qaşlarını qaldırıb, alnını qırışdıraraq onu diqqətlə dinləyirdi. Qarı ilə yanaşı, əynində candonu olan bir cavan oğlan özünə bənzəyən, saqqalına dən düşmüş bir dustağın dediklərini, başını yırğalaya-yırğalaya dinləyirdi. Bir az da aralıda cır-cındır geyimli bir kişi əl-qolunu oynada-oynada , gülə-gülə nəsə çığırırdı. Onlarla yanaşı isə başında yun şal olan əli uşaqlı bir qadın yerdə oturub hönkür-hönkür ağlayırdı. O, yəqin ki, o tərəfdə, əynində dustaq paltarı olan, başı qırxıq, ayaqları buxovlu, saç-saqqalı ağarmış bir kişini ilk dəfə görürdü. 

Nexlyudov başa düşəndə ki, o da həmin vəziyyətdə danışmalı olacaq, bu vəziyyəti yaradanlara və buna riayət edənlərə qarşı qəlbində qəzəb hissi oyandı. Belə bir dəhşətli vəziyyətin və insanların hissiyyatı üzərində belə bir həqarətin heç kimi təhqir etmədiyi onu təəccübləndirdi. Soldatlar da, nəzarətçi də, görüşə gələnlər də, dustaqlar özləri də bunu elə edirdilər ki, guya bütün bunların elə belə də olması lazım gəldiyini təsdiq və etiraf edirdilər".
                                       
Lev Tolstoy “Dirilmə ” əsərindən 
                                                              

“Dirilmə” əsərinin sujetini lap qısaca belə yazmaq olar; Bir yaz günü mahal məhkəməsinin andlı iclasçısı knyaz Nexlyudov müttəhimlər skamyasında bir vaxtlar saf məhəbbətlə sevdiyi, sonralar azğın bir şəhvətlə,  canavar kimi vəhşi ehtirasla  yoldan çıxartdığı, daha sonralar isə heç yadına salmadığı  Yekaterina Maslovanı görür. Maslovanı müttəhimlər skamyasında görəndə Nexlyudov öz-özünə düşünür : “Görəsən, o nə eləyib?” Bəli, əynindəki dustaq xalatına, bədəninin kökəlməsinə, döşlərinin iriləşməsinə, üzünün aşağı hissəsinin böyüməsinə, alnında və gicgahlarındakı qırışlara, gözlərinin şişkinləşməsinə baxmayaraq, şübhəsiz, bu həmin o Katyuşa idi. 

Картинки по запросу tolstoy

Katyuşanı Nexlyudov ilk dəfə universitetin üçüncü kursunda oxuyanda, yayı öz bibilərigildə keçirdikdə görmüşdü. Adətən o, yayda anası və bacısı ilə Moskva yaxınlığında, böyük malikanədə yaşayırdı. Amma bu il bacısı ərə, anası isə xaricə mədən sularına müalicəyə getmişdi. Nexlyudov  torpaq mülkiyyəti haqqında əsər yazmalı idi, ona görə də o, yayı bibilərigildə qalmağı qərara aldı. Onların əldən-ayaqdan uzaq malikanələri sakitlik idi, heç bir əyləncə-filan yox idi, bibiləri isə qardaşoğlunu və varislərini nəvazişkar məhəbbətlə sevirdilər. Nexlyudov da bibilərini, onların köhnə dəbli, sadə güzaranlarını sevirdi.  “Sosial statika”nı oxumuş Nexlyudova Spenserin torpaq mülkiyyəti haqqında fikir və mülahizələri güclü təsir etmişdi. Torpaq mülkiyyətinin bütün sərtlik və ədalətsizliyini başa düşüb, torpaqdan xüsusi mülkiyyət kimi istifadə etməməyi qərara almış, atasından miras qalan torpağı kəndlilərə vermişdi. Öz əsərini də elə bu mövzuda yazırdı. Bibilərigildə onun həyatı belə keçirdi; çox erkən yuxudan durur, gün doğmamış, səhər dumanı çəkilməmiş çaya çimməyə gedir, hələ otların, çiçəklərin şehi qurumamış geri qayıdırdı. Bəzən səhərlər qəhvə içdikdən sonra oturub əsərini yazır, oxuyur, amma çox vaxt oxuyub yazmaq əvəzinə evdən çıxıb düzləri, meşələri gəzirdi. Nahardan əvvəl bağın içində bir yerdə yatıb dincəlir, nahar vaxtı məzəli söhbətləri ilə bibilərini əyləndirib güldürür, daha sonra at minib sürür, ya da qayıqda gəzirdi.  O zamanlar Nexlyudov saf, məsum bir gənc idi. O, qadını yalnız həyat yoldaşı kimi xəyalına gətirirdi. Belə bir ovqatda, belə bir atmosferdə bibilərinin xidmətçisi Katyuşa ona, o da Katyuşaya vurulur. Katyuşa otağa girəndə, Nexlyudov hətta uzaqdan onun ağ önlüyünü görəndə, elə bil, hər tərəfə günəş işığı saçılır, gözünə hər şey daha mənalı, daha fərəhli, maraqlı görünürdü. O, qıza nəinki fiziki cəhətdən yiyələnmək niyyətində deyildi, hətta onunla belə bir münasibətin olacağını fikrinə gətirdikdə onu dəhşət basırdı. Yay tətilini başa vuraraq  çıxıb gedəndə və Katyuşa bibiləri ilə birgə artırmada durub qara, yaşla dolu gözlərlə onu yola saldıqda Nexlyudov hiss edir ki, nəsə gözəl, əziz, bir daha təkrar olunmaz bir şeyi tərk edir və çox dərindən qüssələnir. Katyuşa isə gözlərinin yaşını güclə saxlayıb dəhlizə qaçır ki, orda rahatca ağlaya bilsin. 

Nexlyudov ikinci dəfə bibilərigilə üç ildən sonra gəlir. Artıq saf, məsum Nexlyudovdan əsər-əlamət qalmamışdı, o tamam başqa adama çevrilmişdi. İndi o, yalnız özünü sevən, pozğun bir eqoist idi. Bu dəhşətli dəyişiklik ona görə baş vermişdi ki, Nexlyudov özünəi nanmaqdan əl çəkib başqalarına inanmağa başlamışdı. Ona görə özünə inanmaqdan əl çəkib başqalarına inanmışdı ki, özünə inana-inana yaşamaq onun üçün həddən artıq çətin idi. Özünə inandıqda  hər bir məsələni yüngül sevinclər axtaran öz heyvani mənliyinin xeyrinə deyil, demək olar, həmişə onun zərərinə həll etmək lazım gəlirdi. Başqalarına inandıqda isə hər bir şeyi asanlıqla həll etməli olurdu, çünki hər şey artıq mənəvi mənliyin ələyhinə, heyvani mənliyin xeyirinə həll edilmişdi. O özünə inanıb iş görəndə adamlar həmişə onu danlayırdılar, başqalarına inandıqda isə ətrafdakı adamların rəğbətini, hörmətini qazanırdı. Nexlyudov atasından qalan torpağı kəndlilərə verdikdə onun bu hərəkəti anasını, qohum-əqrabasını dəhşətə gətirmiş, bütün doğma, yaxın adamların ona lağ etməsinə səbəb olmuşdu. 

Nexlyudov qvardiyaya daxil olub əyyaşlıqla məşğul olduqda, qumarda çoxlu pul uduzub anasından pul götürdükdə ana oğlunun bu hərəkətinə qəzəblənməmişdi. Çünki ana oğlunun gənc yaşında  “yüksək  mühitdə” vurnuxmasını, zabit klublarında, meyxanalarda əyyaşlıq etməsini, pulları havaya sovurmasını, təbii, hətta yaxşı bir iş hesab edirdi. Əvvəllər Nexlyudov mübarizə edirdi, amma mübarizə etmək çətin idi, çünki özünə inanıb yaxşı hesab etdiyini o birilər pis bilir və ya əksinə, özünə inanaraq pis bildiyini bütün ətrafdakılar yaxşı hesab edirdilər. Nəhayət, Nexlyudov təslim oldu, özünə inanmaqdan əl çəkib, başqalarına inandı. İlk vaxtlar özünə inanmaqdan əl çəkməsi onda xoşagəlməz hisslər oyadırdı, amma bu proses üzün sürmədi, çox tezliklə  bu xoşagəlməz hissləri unutdu, hətta daxilində böyük bir yüngüllük duydu. Beləliklə, Nexlyudov ətrafdakıların bəyəndikləri  həyata ehtirasla qapılıb, öz daxilindən gələn, başqa həyat tərzi tələb edən  “ o səsi ” tamamilə susdurdu.  

Картинки по запросу tolstoy dirilmə

Tolstoy yazır ki, bütün insanlarda olduğu kimi Nexlyudovun da varlığında iki insan yaşayırdı. Bunlardan biri mənəvi insan, özünə yalnız elə bir xoşbəxtlik axtarırdı ki, bu xoşbəxtlik başqaları üçün də xoşbəxtlik olsun. O biri, heyvani insan isə  xoşbəxtliyi yalnız özü üçün axtarır və bu xoşbəxtlik üçün bütün dünyanın xoşbəxtliyini məhv etməyə hazırdır. İndi Nexlyudovun varlığına heyvani insan hakim idi və mənəvi insanı ayağı altına salaraq tamamilə basıb boğmuşdu.  İndi Katyuşa kimi gözəgəlimli bir qızın sevgisindən, təmiz, saf hisslərindən sui-istifadə etməmək, bu gözəgəlimli qıza “əl bulamamaq” Nexlyudova axmaqlığın təntənəsi kimi görünürdü. Heyvani hisslər Nexlyudovun qəlbində təkbaşına hökmranlıq  edirdi. İndi o, heyvani hisslərini təmin etmək üçün nə etmək lazım gəldiyini bilirdi, bunun üçün vasitə axtarırdı... 

  Yeniyetməlik dövründə knyaz Nexlyudovu  möhkəm, saf məhəbbətlə  sevmiş, fərəhli, təmiz, zirək, gözəgəlimli bir qız olan Maslova indi yüngül əxlaqlı qadına çevrilib və onu bir taciri zəhərləyib öldürməkdə, pulunu oğurlamaqda ittiham edirlər. Budur, heyrətamiz bir təsadüf ; bir yaz günü mahal məhkəməsinin müttəhimlər skamyasında Maslovanı görməsi hər şeyi, olub keçənləri  Nexlyudovun təzədən yadına salır, xatirələr onun vicdanına od qoyur, tələb edir ki, belə bir günahı ola-ola ona asudə, rahat  yaşamağa imkan verən insafsızlığı, alçaqlığı boynuna alsın. Burada Tolstoy möhtəşəm bir ustalıqla, həddən ziyadə bir incəliklə  Maslovanın məhkəməsini həm də Nexlyudovun məhkəməsinə çevirir. Bu iki məhkəmə bərabər gedir. Biri açıq, biri isə gizli.  Aydın məsələdir Nexlyudovun məhkəməsi, onun özünə ünvanladığı suallar daha amansız olur. Çiyinləri amansız sualların ağırlığına dözməyən Nexlyudov öz-özünə  deyir: “Bir gör, nə təəccüblü təsadüfdür! Gərək bu iş elə mənim sessiyama düşəydi ki, on il müddətində heç bir yerdə rast gəlmədiyim adama burda - müttəhimlər skamyasında rast gələydim! Görəsən, bunun axırı necə olacaq? Tez qurtaraydı, ax, bircə tez qurtaraydı ” .  Əvvəlcə Nexlyudov  qəlbində baş qaldırmış peşmanlıq hissinə heç cür təslim olmaq istəmir. Ona elə gəlir ki, bu ötüb keçəcək bir təsadüfdür və onun həyatını pozmayacaqdır. O özünü elə bir it kucüyü vəziyyətində hiss edirdi ki, özünü otaqda yaxşı aparmadığına görə sahibi boynundan yapışıb burnunu elədiyi murdarlığa dürtür.  Küçük zingildəyir, öz işinin nəticəsindən uzaqlaşmaq, onu unutmaq üçün geri dartınır, amma amansız sahibi onu buraxmır. Nexlyudov hələ də inanmaq istəmirdi ki, qarşısındakı cinayət onun öz cinayətidir. Amma gözəgörünməyən o amansız əl onu yaman pis yaxalamışdı və Nexlyudov əvvəlcədən hiss edirdi ki, yaxasını bu amansız əldən qurtara bilməyəcək. O hələ də lovğalanırdı, vərdiş elədiyi kimi ayağını ayağının üstünə aşırıb, ağayana bir vəziyyətdə məhkəmə zalında,   birinci cərgədə öz ikinci stulunda oturmuşdu. Eyni zamanda qəlbinin dərinliyində özünün yalnız bu hərəkətini deyil, ümumiyyətlə, əxlaqsız yaşayışının bütün insafsızlığını, rəzilliyini, alçaqlığını duyur, bütün bu müddətdə onun cinayətkar həyatını örtən qorxunc pərdə artıq yavaş-yavaş aralanırdı. Qorxunc pərdə aralandıqca Maslovanın bu vəziyyətə düşməsinə görə knyaz Nexlyudov özünü günahkar bilir,  bir vaxtlar onu saf məhəbbətlə sevmiş bu qadına qarşı açıqdan-açığa alçaqcasına rəftar etdiyini, saf, məsum bir qızın qəlbini, ruhunu  necə bərbad  günə qoyduğunu başa düşür, günah hissi isə getdikcə artır və o dərəcədə şiddətlənir ki, Nexlyudov  özünü  əclaf, oğraş, pozğun, ləyaqətsiz, şərəfsiz, nə başınızı ağrıdım daha konkret desəm, bir cındır kimi hiss edir.  Şiddətli günah hissinin təsiri altında Nexlyudov Maslovanı bu vəziyyətdən qurtarmaq,  ona hər cür köməklik göstərmək, ən əsası ondan bağışlanılmasını xahiş etmək, razı olarsa, hətta onunla evlənmək qərarına  gəlir və sairə və ilaxır...

     Göründüyü kimi kifayət qədər pafoslu, tozanaqlı, hətta bir az da bayağı sujetdir. Lakin əlahəzrət “nədən yox, necə yazmaq” məsələsi bu əsərdə də söhbəti həll edib.  Həm də Tolstoy sujet boyu o dövrdə Rusiyada hökm sürən ictimai-siyasi-dini məzmunlu problemləri, cəmiyyəti mənəvi tənəzzülə sürükləyən bəlaları cəsarətlə,  birbaşa, açıq mətnlə, geniş təsvir edibdir. O problemlər, o bəlalar ki,  hal-hazırda Rusiyada və Rusiyanın təsiri altında qalmış ölkələrdə, təəssüflər olsun, hələ də hökm sürməkdədir. Beləliklə, “Dirilmə” bir əsər kimi nəinki  zərrə qədər də   aktuallığını itirməyib,  hətta bu gün daha çox aktuallıq qazanıb. 

Tolstoy “Dirilmə” əsərində Yekaterina Maslovanın məhkəmə prosesini, prosesin keçirildiyi məhkəmə salonunu, məhkəmə üzvlərinin zahiri görünüşünü, onların daxili dünyasını, düşüncələrini, həyata baxışlarını  geninə-boluna  təsvir edibdir. Təsvirlərin hamısını  burada təkrar yazmaq mümkün deyil. Gəlin, o təsvirlərdən bəziləri ilə tanış olaq. “Dirilmə” əsərindəki ictimai-siyasi-dini məzmunlu mesajları az da olsa, tutmaq üçün bu təsvirlərlə tanış olmaq bizə çox lazımdır:  

“Məhkəmə sədri məhkəməyə tez gəlmişdi. İri, dən düşmüş bakenbardlı, boy-buxunlu bir adamdı. Evli idi, amma çox pozğun bir həyat keçirirdi, elə arvadı da onun tayı idi. Bir-birinə mane olmurdular. Bu səhər kişi yayda onların evində yaşamış isveçli mürəbbiyədən məktub almışdı. O, cənubdan Peterburqa gəlirdi, yazırdı ki, şəhərdə olacaq və saat üç ilə altı arasında onu “İtaliya” mehmanxanasında gözləyəcək. Buna görə də sədr bugünkü iclasa tez başlamaq, tez də qurtarmaq istəyirdi ki, keçən yay yaylaqda eşqbazlığa başladığı həmin sarışın Klara Vasilyevna ilə görüşə çata bilsin.

Kabinetə girib qapının çəftəsini vurdu, kağızla dolu şkafın alt ləməsindən qartel götürüb yuxarı, irəli, yana və aşağı iyirmi dəfə hərəkət edəndən sonra qartelləri başı üstə qaldırıb üç dəfə yüngülvari çömbəlib qalxdı. Sonra adsız barmağında qızıl üzük olan sol əli ilə sağ qolunun gərilmiş əzələsini yoxlaya-yoxlaya öz-özünə düşündü: “ Adamı heç bir şey suda yaxalanmaq və gimnastika kimi gumrah saxlamır”...

Картинки по запросу tolstoy dirilmə

       ... Məhkəmə salonu böyük və uzun bir otaq idi. Bir başında səhnə sayaq, üçpilləli bir uca yer vardı. Orada ortada, bir stol qoyulmuş, üstünə tünd yaşıl saçağlı, yaşıl mahud salınmışdı, stolun arxasında üç kreslo qoyulmuşdu. Bunların çox uca söykənəcəkləri oyma naxışlı palıd ağacından düzəldilmişdi, kresloların arxasından isə zərli çərçivədə padşahın boyaboy əlvan rəngli portreti asılmışdı, əynində mundir, çiyninə lent taxılmış padşah bir ayağını irəli atıb, əli ilə qılıncın qəbzəsini tutmuşdu. Sağ küncdən İsanın surəti olan bir kiot asılmışdı, İsanın başında tikanlı çələng vardı, ora bir kürsü də qoyulmuşdu. Vəkillərin stolları aşağıda idi. Bütün bunlar barmaqlıqla ikiyə ayrılmış salonun ön hissəsində idi. Arxa hissəyə isə başdan-başa stullar düzülmüşdü, bunlar pillə-pillə bir-biri üzərində ucala-ucala arxa divara gedib çatırdı. Salonun arxa hissəsində, qabaq skamyalarda fabrik işçiləri və ya ev qulluqçularına bənzəyən dörd qadın və iki kişi oturmuşdu, onlar da fəhlə idilər. Görünür, salonun  əzəmətli bəzək-düzəyi onları vahiməyə salmışdı, buna görə də bir-biri ilə qorxa-qorxa danışırdılar...

      ... Nəhayət, üçüncü məhkəmə üzvü, həmişə gecikən Matvey Nikitic də gəldi. O, yekəsaqqal, altı torbalanmış iri, mehriban gözlü bir adamdı. Onun mədəsində katar xəstəliyi vardı və həkimin məsləhəti ilə bu gün səhərdən yeni rejimə başlamışdı və bu yeni rejim onu həmişəkindən daha artıq ləngitmişdi. İndi o çox fikirli görünürdü, çünki ürəyində tutduğu məsələlər barəsində hər cür mümkün vasitələrlə fal açırdı. İndi də belə fal açırdı; əgər kabinetin qapısından kresloya qədər olan addımların sayı qalıqsız üçə bölünsə, deməli, yeni rejim onu sağaldacaq, əgər bölünməsə, sağaltmayacaq. Məsafə iyirmi altı addım idi, amma o, xırdaca bir addım da atıb, düz iyirmi yeddinci addımda kresloya oturdu. 

...Andlı iclasçıların bir-bir adları oxundu, gəlməyənlərin məsələsi danışıldı, onları cərimələdilər, icazə alanlar və gəlməyənləri ehtiyatda olanlarla əvəz etmək məsələsi həll edildi. Sonra sədr biletləri yığıb şüşə vaza tökdü və mundirinin naxışlı qollarını çirmələyib, yaman qıllıca əlləri ilə hoqqabazlıq edə-edə biletləri bir-bir çəkib açmağa və oxumağa başladı. Sonra sədr mundirinin qollarını saldı, keşişə təklif etdi ki, iclasçılara and içdirsin. 

     Şişkin, solğun-sarımtıl sifətli, əynində qəhvəyi rəngli ləbbadə, boynunda qızıl xaç, döşündə yandan taxılmış nəsə kiçik bir orden olan bəstəboy keşiş ləbbadənin altında şişkin ayaqlarını ağır-ağır ata-ata İsanın surətinin altındakı mehraba yaxınlaşdı. Həmin keşiş qırx altıncı il idi ki, keşişlik edirdi və baş kilsə keşişinin bu yaxınlarda etdiyi kimi o da üç ildən sonra öz yubileyini keçirməyə hazırlaşırdı. Mahal məhkəməsində isə o, məhkəmələr açılandan bəri işləyir və çox fəxr edirdi ki, on minlərlə adama and içdirib və yaşı ötmüş olsa da, kilsənin, vətənin və ailəsinin rifahı naminə işini davam etdirir. Arxayın idi ki, ailəsi üçün evdən başqa faizli kağızlar halında otuz min manat qoyub gedəcəkdir. Qaldı İncilin qadağan etdiyi məsələyə - adamlara and içdirmək işinin heç də yaxşı iş olmaması məsələsinə, bu onun heç ağlına da gəlmirdi və bu işdən nəinki xəcalət çəkmir, vərdiş etdiyi bu işi xoşlayır və bunun sayəsində yaxşı-yaxşı cənablarla tanış olurdu. İndi də məhşur bir vəkil ilə tanış olduğuna görə sevinirdi, həmin vəkil yalnız bircə işdən on min manat qazandığı üçün keşiş ona dərin rəğbət və hörmət bəsləyirdi... 

   Prokuror müavini təbiətinə görə çox küt idi, hələ üstəlik bədbəxtlikdən, gimnaziya kursunu qızıl medalla qurtarıb, universitetdə Roma hüququ üzrə servintut haqqındakı əsərinə görə mükafat almış, buna görə də özündən son dərəcə razı və nəticə etibarilə həddən artıq səfeh idi. O bütün gecəni yatmamışdı. Bir yoldaşını yola salırdılar, saat ikiyə kimi içib, qumar oynamış, sonra da Maslovanın altı ay bundan əvvəl olduğu həmin fahişəxanaya, qadınların yanına kefə getmişdilər. Bu zəhərlənmə işini oxumağa o macal tapmamışdı. Katib isə onun zəhərlənmə işini oxumadığını bildiyindən sədrə qəsdən həmin işə birinci baxmağı tövsiyyə etmişdi. Prokuror müavini çox şöhrətpərəst idi və möhkəm qərara almışdı ki, bu sahədə yüksək rütbə qazansın, buna görə də ittihamçı kimi çıxış etdiyi bütün işlərdə təqsiri sübut etməyi mütləq lazım bilirdi. Ona söz verildikdə ağır-ağır ayaqa qalxdı, naxışlı mundirdə bütün qəşəngliyini büruzə verməyə çalışaraq, hər iki əlini stola dirəyib, müttəhimlərə baxmadan, bütün salonu nəzərdən keçirdi və protokollar, akt oxunduğu zaman hazırladığı nitqini oxumağa başladı. Prokuror müavinin fikrinə görə, onun nitqi adlı-sanlı vəkillərin söylədikləri məşhur nitqlər kimi ictimai əhəmiyyətə malik olmalı idi. Doğrudur, tamaşaçılar arasında vur- tut üç qadın, bir də bir faytonçu vardı, amma bunun heç bir mənası yoxdu. Elə o məşhur adamlar da işə bu cür başlamışdılar. Prokuror müavinin qaydası belə idi ki, cinayətin psixoloji mənasının dərinliyinə nüfuz edib, cəmiyyətin yaralarını açıb göstərsin. O çox uzun danışdı. Bir tərəfdən, o, uydurduğu bütün ağıllı şeyləri xatırlamağa çalışır, bir tərəfdən də, həm də başlıca olaraq, bircə dəqiqə də durmamağa və elə etməyə çalışırdı ki, nitqi fasiləsiz olaraq, bir saat on beş dəqiqə davam etsin. Yalnız bircə dəfə o duruxdu və xeyli müddət udqundu, amma həmin saat özünü düzəldib, daha surətli cümləpərdərzadlıqla bu ləngimənin əvəzini çıxdı. O gah bir ayağından o biri ayağına  adlaya-adlaya , andlı iclasçıları nəzərdən keçirə-keçirə, zərif, yaltaq bir səslə, gah öz dəftərçəsinə göz yetirib, sakit və işgüzar bir səslə, gah da tamaşaçılara, həm də andlı iclasçılara müraciətlə, uca, ifşaedici bir səslə danışırdı. Ancaq  gözlərini ona zilləmiş müttəhimlərə bircə dəfə də olsun baxmırdı. Onun nitqində o zaman  dəbdə olan, elə indinin özündə də elmi müdrikliyin son nailiyyəti sayılan ən son yeni ibarələr vardı :  “Cənab prisyajni iclasçılar, - prokuror müavini  incə belini ədabazlıqla burcuda-burcuda sözünə davam etdi, - bu şəxslərin taleyi sizin əlinizdədir, ancaq çıxardığınız hökm ilə təsir edəcəyiniz cəmiyyətin taleyi də müəyyən dərəcəyə qədər sizin əlinizdədir. Siz bu cinayətin məğzinə varıb, Maslova kimi, necə deyərlər, patoloji fərdiyyətlərin cəmiyyət üçün necə  bir təhlükə təşkil etdiyini nəzərə alıb, cəmiyyəti bu azarın siyarətindən, bu cəmiyyətin məsum və sağlam ünsürlərini bu azara tutulmaqdan və əksəriyyətlə məhv olmaqdan qoruyasınız”. Və prokuror müavini sanki özü çıxarılacaq qərarın ağırlığının təsiri ilə taqətdən  düşüb, yəqin ki, öz nitqindən son dərəcə həyəcanlanıb, öz stuluna çökdü...” 

        “Dirilmə” əsərində məhkəmə prosesinin olduqca geniş təsviri bəzi oxuculara uzunculuq kimi görünə bilər. Hətta burda tirajladığımız  cüzi təsvirlərdən Tolstoyun məhkəmə prosesini yüngülvari məsxərəyə qoyduğu aydın görünməkdədir. Ən pisi odur ki, bütün bu hoqqabazlıqlar, bütün bu məzhəklər, bu tragikomediya padşahın və İsanın surəti qarşısında baş verir. Məhkəmə işçiləri öz şəxsi rifahları, rahatlıqları,  daha çox pul qazanmaq, daha çox mükafat,  daha böyük rütbələr almaq  barəsində düşündükləri, bunun üçün hər cür ədalətsizlik etdikləri  halda həm də Allah, qanun, dövlət, vətən, xalq  naminə zəruri, mühüm işlər  gördüklərini, cəmiyyəti lazımsız ünsürlərdən təmizlədiklərini düşünməkdədirlər və sürgünə, həbsxanaya göndərdikləri insanların iztirablarını nəinki  veclərinə də almırlar,  sürgünə, həbsxanaya  göndərdikləri, ədalətsizlik etdikləri adamların iztirablarını, ümumiyyətlə, görmürlər, onların iztirab çəkə biləcəyini ağıllarına belə gətirmək istəmirlər.  Onların fikrincə “zəruri, mühüm  işlər” gördüklərinə görə cəmiyyət  məhkəmə işçilərinə, nəzarətçilərə, dustaqxana rəislərinə  və digər bu kimi adamlara təşəkkür etməli, daima minnətdarlıq bildirməlidir.  Başqalarına pislik, ədalətsizlik edib özünü günahkar bilməmək üçün adam ürəyi istəyən qədər dəlillər toplaya bilər. Dəhşətlisi odur ki,  həqiqətən də,  cəmiyyətin bir xeyli üzvləri ədalətsizliklə, insafsız işlərlə  məşğul olanlara təşəkkürlərini, minnətdarlıqlarını bildirir, onlara hörmət və rəğbət bəsləyirlər. Tolstoy məhkəmə prosesini geniş təsvir etməklə olduqca vacib bir mesaj verir;  O yerdə  ki, ədaləti qorumalı olan adamlar ədalətsizliklə məşğul olurlar, o yerdə ki, ədaləti qorumalı olan adamlar qanunlara , universal həqiqətlərə, insan həyatına zərrə qədər də hörmət göstərmirlər, həmin yerdə gec ya tez  bu və ya digər formada dəhşətli hadisələrin baş verməsi qaçılmaz olacaq.  Bu heç də məhkəmə prosesinin uzun-uzadı, geninə-boluna təsvirlərindən  çıxardığım şəxsi qənayət deyil. Tolstoy bu vacib mesajı əsərin digər yerlərində dəfələrlə təkrarlayır. Həmin yerlərin hamısına bu yazıda toxunmaq mümkün deyildir. Belə bir işə girişsəm, ən azı əsərin beşdə birini gərək oturub burda təkrar yazam. 

Ardı var...

                                                                 

Kultura.az | Developed by Samir Yahyazade