post-title

Qrimm qardaşları - Kasıb kəndli



Nağıl

Biri vardı, biri yoxdu, camaatı varlı olan bir kənd vardı. Həmin kənddə bir kasıb da yaşayırdı. Camaat onu Bürle1 çağırırdı. Bu kəndlinin ömründə inəyi olmamışdı. Nə də sən deyən pulu vardı ki, gedib bir inək alsın. Di gəl özünün də, arvadının da ürəyindən keçirdi ki, inəkləri olsun.

Günlərin bir günü kişi arvadına dedi:

- Qulaq as, arvad, ağlıma yaxşı bir fikir gəlib. Kirvəmiz Şrayner var ha, dülgəri deyirəm də, gedib ona deyəcəm, ağacdan bizə bir dana düzəltsin. Deyəcəyəm ki, dananı qəhvəyi rənglə boyasın, qoy o biri danalardan seçilməsin. Dana get-gedə böyüyəcək və bizim də inəyimiz olacaq.

Bu fikir arvadın da xoşuna gəldi. Kirvələri Şrayner rəndəni götürüb işə girişdi. Ağacdan dana düzəldib ona qəhvəyi rəng çəkdi. Dananı elə düzəltmişdi ki, baxanda deyərdin başını aşağı salıb otlayır.

Səhərsi gün naxırçı naxırı otlamağa aparanda kasıb kəndli onu yanına çağırıb dedi:

- Mənim danam balaca olduğuna görə özü yeriyə bilmir, onu qucağınıza alıb aparın.

Naxırçı: "Yaxşı, oldu!" deyib dananı qucağına aldı və naxırla birlikdə çəmənliyə apardı. Dananı otun üstünə qoydu. Necə qoymuşdusa, eləcə də durdu. Baxanda elə bilərdin ot yeyir.

Naxırçı dedi:

- Bu dana tezliklə özü yeriyəcək, gör nə yaxşı otlayır.

Axşam naxırçı kəndə qayıtmaq istəyəndə yaxınlaşıb kasıb kəndlinin danasına dedi:

- Ay dana, bax özün müstəqil otlamısan, doymusan. İndi özün də naxırla qayıt kəndə. Mən səni daha qucağıma götürüb kəndə aparan deyiləm!

Kasıb kəndli isə qapısının ağzında durub danasını gözləyirdi. Naxırçı gəlib kənddən keçəndə kəndli gördü ki, danası yoxdur. O, naxırçıdan danasını soruşdu. Naxırçı cavab verdi:

- Sənin danan çöldə qalıb otlayır. Nə qədər dedim, sözümə qulaq asmadı.

Kəndli dedi:

- Nə danışırsan, mənim danamı tez ol özümə qaytar!

Onlar birlikdə otlağa qayıtdılar. Kəndlinin danası orda yox idi. Yəqin ki, kimsə onu oğurlamışdı.

Naxırçı dedi:

- Yəqin ki, itib.

Kəndli isə dedi:

- Mənə dəxli yoxdur, danamı ver özümə!

Похожее изображение

O, naxırçını kəndxudanın yanına apardı. Kəndxuda naxırçını diqqətsizliyi üstündə məzəmmət edib ondan itmiş dananın əvəzinə kəndliyə bir inək verməsini tələb etdi.

Kəndxudanın tələbi yerinə yetiridi. İndi kəndli və arvadı çoxdankı arzularına çatmışdılar. Yamanca sevindilər. Amma onların inəyə verməyə yemləri yox idi. Ona görə də tezliklə onu kəsməyi qərara aldılar. İnək kəsildi, əti duzlanıb yığıldı. Kəndli inəyin dərisini satmaq üçün götürüb şəhərə yollandı. Fikri dəridən aldığı pul ilə bir buzov almaq idi.

Şəhərə gedərkən yolu dəyirmanın yanından düşdü. Dəyirmanın yanından keçərkən qanadları sınmış bir qarğa gördü. Qarğaya yazığı gəldi, onu götürüb dəriyə bükdü.

Hava çox pis idi. Bərk külək əsir, güclü yağış yağırdı. Buna görə də kəndli şəhərə gedə bilmədi. Gecələmək üçün dəyirmana qayıtdı. Dəyirmançının arvadı evdə tək idi. O, kəndliyə pendir-çörək verib dedi:

- Uzan küləşin üstündə yat!

Kəndli pendir-çörəyini yeyib küləşin üstündə uzandı. Dərini də qoydu yanına. Arvad fikirləşdi: "Kəndli yorğundur, yəqin artıq yuxuya getmiş olar."

Bu vaxt keşiş gəlib qapını döydü. Dəyirmançının arvadı keşişi səmimi qarşılayıb dedi:

- Ərim evdə yoxdur, keç içəri yeyib-içək.

Kəndli yatmamışdı, onların danışığına qulaq asırdı. "Yeyib-içmək" sözünü eşidəndə hirsləndi, çünki dəyirmançının arvadı ona yalnız pendir - çötək vermişdi.

Arvad stolun üstünü dadlı yemək-içməklə doldurdu. Stolun üstündə qızardılmış və bişirilmiş xörəklər, salat, qoğal və şərab vardı. Yenicə əyləşib yemək istəyirdilər ki, qapı döyüldü.

Arvad dedi:

- Aman Allah, bu ərimdir!

O, qızartmanı cəld sobanın içinə qoydu. Şərabı da qoydu balışın altına. Salatı çarpayının üstündə, qoğalı isə çarpayının altında gizlətdi. 
Keşişə dedi:

- Get gir şkafın içinə!

Arvad qapını açdı, əri girdi içəri. Ərinə dedi:

- Şükür Allaha, gəlib çıxdın! Bayırda elə pis hava var ki, elə bil qiyamət qopacaq!

Dəyirmançı küləşin üstündə yatan kişini görüb dedi:

- Bu kimdir belə?

Arvad dedi:

- Heç, yazıq yağışa, borana düşüb. Gəlib ki, ona sığınacaq verim. Pendir-çörək verdim, yedi, sonra da dedim ki, getsin uzansın, yatsın küləşin üstündə.

Əri dedi:

- Qoy yatsın, ancaq mən heç nə yeməmişəm. Tez ol mənə yeməyə bir şey ver!

- Pendir-çörəkdən başqa yeməyə heç nəyimiz yoxdur.

Kişi dedi:

- Eybi yoxdur, gətir görək!

Kişi üzünü kəndliyə çevirib dedi:

- Ey, gəl bizimlə bir tikə pendir-çörək kəs!

Картинки по запросу grimm brothers fairy tales

Kəndli dəyirmançının ikinci təklifini gözləməyib ayağ durdu və onlarla birlikdə süfrə başına oturdu. Dəyirmançı yerdəki dərini görüb (qarğa dərinin arasında idi) soruşdu:

- O dərinin arasındakı nədir?

Kəndli cavab verdi:

- Dərinin arasındakı falabaxandır.

Dəyirmançı soruşdu:

- O, mənim də falıma baxa bilər?

- Niyə də ki baxa bilməsin. Qabaqcadan deyim ki, o yalnız beş şey bilir, dördünü deyir, beşincini isə gizlin saxlayır.

Dəyirmançının marağı bir az da artdı:

- Yaxşı, qoy mənim falıma baxsın!

Kəndli qarğanın başından yüngülcə basdı. Qarğa qarıldayıb "qarrr", "qarrr" elədi.

Dəyirmançı soruşdu:

- O nə dedi?

- Birincisi deyir ki, balışın altında şərab gizlədilib. 

Dəyirmançı:

- Bu lap əla olardı! - deyib balışa yaxınlaşdı və şərabı götürdü. 

Dəyirmançı soruşdu: 

- Bəs sonra? 

Kəndli ikinci dəfə qarğanın başından yüngülcə basdı. Qarğa yenə qarıldadı.
 
Kəndli dedi: 

- İkincisi deyir ki, sobanın içində qızartma var.

Dəyirmançı:

- Bu ki, lap yerinə düşdü! - deyib sobaya yaxınlaşdı və qızartmanı götürüb gətirdi.
 
Kəndli həmin şeyi qarğa ilə bir də təkrar etdi. Sonra dəyirmançıya dedi: 

- Üçüncü dəfə deyir ki, çarpayının üstündə salat var. 

Dəyirmançı: 

- Hə, bu da pis olmazdı! - deyib çarpayıya yaxınlaşdı və salatı götürüb gətirdi. 

Nəhayət kəndli bir də qarğanın başından basdı. Qarğa qarıldayandan sonra kəndli dedi:

- Dördüncü dəfə deyir ki, çarpayının altında qoğal var. 

Картинки по запросу grimm brothers fairy tales

Dəyirmançı:

- Bu ki lap qiyamətdir! - deyib çarpayıya yaxınlaşdı, qoğalı götürüb gətirdi.
 
Dəyirmançı ilə kəndli təzədən stolun başında əyləşdilər. Arvad isə qorxusundan ölümünü gözünün altına almışdı. Bütün açarları götürüb çarpayıya uzandı. 

Dəyirmançı beşincini də bilmək istəyəndə kəndli dedi:

- Gəl əvvəlcə bu dördü rahatca oturub yeyək, çünki beşincisi bir az pis olacaq.
 
Yeyib içdilər, beşincinin deyilməsi üçün dəyirmançının  nə qədər pul verəcəyi barədə aralarında sövdələşmə oldu. Nəhayət, üç yüz talerə razılaşdılar. 

Bu vaxt kəndli bir də qarğanın başından basdı. O bərkdən qarıldadı. 

Dəyirmançı soruşdu: 

- İndi nə dedi? 

Kəndli cavab verdi: 

- Deyir ki, bayırdakı şkafın içində şeytan gizlənib. 

Dəyirmançı dedi: 

- Mən onu bu saat şkafdan çıxararam. 

O, arvadından açarı alıb şkafı açdı. Şkaf açılan kimi keşiş şkafın içindən çıxıb bir anda gözdən itdi. 

Dəyirmançı dedi:
- Mən o tipi gözlərimlə gördüm! Fal düz çıxdı! 

Səhər dan yeri qızaranda kəndli üç yüz talerini alıb aradan çıxdı. 

Kəndlinin işi düzəldi: özünə qəşəng ev  tikdirdi. Kəndlilər deyirdilər: "Yəqin bu kəndlinin olduğu yerə qızıl qar yağıb, pulu da elə bil şeffellə2 yığıb". 

Kəndlini kəndxudanın yanına apardılar. Kəndxuda ondan tələb etdi desin görək bu var-dövlət ona hardandır. 

Kəndli dedi ki, inəyini kəsib, dərisini aparıb şəhərdə üç yüz talerə satıb. 

Kəndlilər bunu eşidən kimi qaçıb bütün inəklərini kəsdilər. Dərilərini soydular ki, aparıb şəhərdə baha qiymətə satsınlar. 

Kəndxuda dedi:

- Birinci mənim kənizim getməlidir!

Kəndlilər dərilərini götürüb şəhərə - tacirin yanına getdilər. Tacir onlara hər dəri üçün üçcə talerdən artıq pul vermədi. O biri kəndlilərə də bu qədər pul verib dedi: 

- Bu qədər dəri nəyimə gərəkdi ey? 

Kəndlilər aldadıldıqlarını biləndə bərk hirsləndilər. İntiqam almaq üçün gedib kəndxudaya şikayət etdilər. Günahsız kasıb kəndli bir səslə ölümə məhkum edildi. Onu çəlləyin içinə qoyub çaya diyirlətməli idilər.
 
Dua oxutmaq üçün keşiş gətirdilər. Başqa adamları bundan tam uzaqlaşdırdılar. Bu zaman kəndli dəyirmançının evindəki şkafa girib gizlənən keşişi tanıdı. 

O, keşişə dedi:

- Mən sizi azad etdim, siz də məni bu çəlləkdən qurtarın! 

Elə bu vaxt bir çoban bir sürü qoyun aparırdı. Kəndli bilirdi ki, çoban çoxdandır kəndxuda olmaq arzusundadır. O, çobanı görcək var gücü ilə qışqırmağa başladı:

- Xeyr, mən kəndxuda olmaq istəmirəm! Xeyr, bütün dünya yığışıb gəlsə də mən kəndxuda olmaq istəmirəm! 

Bunu eşidən çoban yaxına gəlib soruşdu: 

- Nə dedin? Nə olmaq istəmirsən? 

Kəndli dedi:

- Deyirlər ki, bu çəlləyə girsəm məni kəndxuda qoyacaqlar. Mən isə olmaq istəmirəm. 

Çoban dedi:

- Kəndxuda olmaqdan savayı əgər başqa bir şey nəzərdə tutmayıblarsa, mən bu saat girim oturum çəlləyin içində. 

Kəndli dedi: 

- Əgər girib otursan, o saat olacaqsan kəndxuda. 

Çoban razılaşdı, girib oturdu çəlləyin içində. Kəndli də çəlləyin qapağını örtüb bərkitdi. Sonra çobanın sürüsünü qabağına qatıb evə gətirdi. Keşiş də kənd camaatının yanına qayıdıb bildirdi ki, kəndlinin duasını oxudu. Çəlləyi çaya diyirlətmək üçün camaat axışıb gəldi. Çoban çəlləyin içindən qışqırırdı: "Mən məmnuniyyətlə kəndxuda olmaq istəyirəm!"

Onlar çəlləyin içində qışqıranın kəndli olduğunu zənn edib dedilər:

- Biz də bunu bilirik, amma bir get o dünyanı gör qayıt, sonra! 

Bunu deyən kimi onlar çəlləyi suya diyirlətdilər və evlərinə qayıtdılar. Kəndə çatan kimi gördülər ki, kasıb kəndli bir sürü qoyunla özündən razı halda budur ha gəlir. Kəndlilər onu görəndə təəccüblə soruşdular:

- Ay kəndli, de görək hardan gəlirsən? Nə təhər çıxdın sudan? 

- Əlbəttə - deyə kəndli cavab verdi, - məni çaya diyirlədəndən sonra batdım suyun dibinə. Gördüm ki, artıq ayağım yerdədir. Ayağımla vurub çəlləyin qapağını sındırdım. Gedib yaşıl bir çəmənliyə çıxdım. Gördüm ki, çəmənlikdə çoxlu qoyun-quzu otlayır. Həmin bu sürünü qabağıma qatıb gətirdim evə. 

Kəndlilər dedilər:

- Orada yenə qoyun-quzu çox qaldı? 

Kəndli cavab verdi:

- Eh, bilirsiniz nə qədər, belə kefiniz istəyən qədər! 

Kəndlilər sözü bir yerə qoyub qərara aldılar ki, gedib hərəsi bir sürü qoyun gətirsin. 

Kəndxuda isə dedi:

- Birinci özüm gedəcəyəm!

Onlar birlikdə çayın başına gəldilər. Suyun üstündə mavi səmadakı balaca boz buludlar görünürdü. Qoyun-quzuya oxşayan bu bulud parçalarının əksi suya düşürdü. Kəndlilər bunu görüb qışqırdılar:

- Odur ey, qoyun-quzuları çayın dibində görürük. 

Kəndxuda qabağa yeriyib dedi:

- İndi əvvəlcə özüm düşüb baxacağam. Hər şey yaxşı olsa, sizi də çağıracağam.
 
O bunu deyib özünü "tarapp" çaya atdı. 

Kəndlilər elə bildilər kəndxuda deyir: "Gəlin!" 

Bütün kənd bircə anda çaya tullandı. Kənddə daha bircə nəfər də olsun adam qalmadı. 

Kəndin yeganə sahibi olan kasıb kəndli varlı həyat sürməyə başladı. 


1 - Bürle - "Kəndliciyəz" deməkdir;
2 - Şeffel - keçmişdə taxıl təmizləmək üçün kürəyə oxşayan alət. 








Yuxarı