post-title

Kitablar necə bestsellerə çevrilir

Hər bir müəllifin arzusu kitabının "New York Times"ın bestseller siyahısına düşməsidir. Ancaq bu, hər adama qismət olmur: ABŞ-da hər il 100 mindən artıq yeni kitab işıq üzü görür, "New York Times"ın bestseller siyahısına isə onlardan cəmi 500-ü düşür.

Bəs, bu uğurlu kitabları kim yazır? Onlar bu siyahıya necə düşür? Siyahıda nə qədər qala bilirlər? ABŞ-ın Şimal-Qərb Universitetinin (Northeastern University) tədqiqatçıları bu suallara tutarlı cavab tapmaq üçün səkkiz illik məlumatı "EPJ Data Science" jurnalında təhlil ediblər.

Öncə yaxşı xəbərdən başlayaq: insanlar hələ də köhnə dəbli, çapdan çıxmış kitabları alırlar. Tədqiqatın əhatələdiyi 2008 – 2016-cı illərdə, səkkiz il ərzində 2468 bədii və 2205 qeyri-bədii (publisistika, elm və s.) kitab ən azı bir həftə "New York Times"ın bestseller siyahısında olub.

HANSI KİTABLAR ALINIR

"Bu gün təqribən ötən illərdəki qədər çap olunmuş, qalın cildli kitab satılır. Rəqəmsal formatda işıq üzü görən kitabların get-gedə artması çap olunmuş kitabların satışına heç bir təsir göstərməyib", – Albert-László Barbási-nin rəhbərlik etdiyi tədqiqat qrupu yazır.

Yaxşı, bəs adətən, hansı növ kitablar uğur qazanır? Barbasi və həmkarları yazırlar ki, çox zaman bunlar bədii əsərlər, bioqrafiya və memuarlardır:

"Amerikalı oxucular bədii janrın detektiv, sevgi və s. kimi növlərinə daha çox üstünlük verirlər. Nəticədə bütün bu müddət ərzində triller və detektivlər "New York Times"ın bestseller siyahısında üstünlük təşkil edir. Bədii olmayan kitablar arasında isə bioqrafiya və memuarlar daha populyardır. Onlar bu kateqoriyadan olan bestsellerlərin yarısını təşkil edir".

Tədqiqatçılar uğurlu müəlliflər arasında müəyyən gender bərabərliyinin olduğunu da aşkarlayıblar: "Bestseller siyahısında bədii kitablar arasında qadın və kişi müəlliflər bərabər təmsil olunur. Əksinə, qeyri-bədii kitablara gəlincə, əksər bestsellerləri kişi müəlliflər yazır".

Bundan başqa, bədii kitabların müəlliflərinin bir neçə kitabının bestsellerə çevrilməsi ehtimalının daha yüksək olduğu bildirilir. "Qeyri-bədii kitab müəlliflərindən fərqli olaraq, bədii əsərlər yazanlar çox zaman uğurlu seriyalar yaradırlar", – tədqiqatçılar yazır.

UĞUR DÖVRÜ

İstənilən janrda kitabların çap olunandan çox sonra uğur qazandığını görmək çətindir. "Aid olduğu kateqoriyadan asılı olmayaraq, demək olar, bütün kitablar işıq üzü görəndən sonrakı ilk 15 həftə ərzində uğurun ən yüksək səviyyəsinə yüksəlir", – yazıda deyilir. Satışa gəlincə, "əksər bədii kitabların satışı bir qayda olaraq çap olunandan sonrakı ilk iki – beş həftə ərzində pik həddə çatır. Bədii olmayan kitablara gəlincə, onların satış piki ilk iki – beş həftə ərzində müşahidə olunsa da, bu, ilk 15 həftə ərzində istənilən vaxt baş verə bilər". Bundan sonra satış "kəskin düşür".

Bu mənada uğur dövrü yetərincə qısadır. Üstəlik, əksər müəlliflərin bəxti cəmi bir dəfə gətirir.

"Karyeralarına 2008-ci ildə və ya daha öncə başlayan əksər bestseller müəlliflərinin birinci kitabı uğurlu olub. Ancaq daha gec uğur qazananlar da olub. İki kitab yazmış çoxsaylı müəllif məhz ikinci kitabı ilə "New York Times"ın bestseller siyahısına düşə bilib. 8 bədii, 44 qeyri-bədii belə kitab bəllidir", – tədqiqatçılar yazır. Hətta üçüncü və daha sonrakı kitabları ilə bestseller siyahısına düşən müəlliflər də var. Belə kitabların sayı 17-dir.

Çox nadir hallarda "anomaliyalar" da baş verir. Məsələn, ekran versiyası işıq üzü görəndən sonra kitabın özü populyarlaşır və öz yeni auditoriyasını tapır. Kathryn Stockett-in məşhur "Qulluqçu" ("The Help") əsəri bu qəbildəndir. O bu nüfuzlu siyahıda nə az, nə çox, ardıcıl 131 həftə qala bilib. Bu isə araşdırmanın əhatələdiyi 8 il ərzində ən uzun müddətdir!

Ancaq əksər müəlliflərdən ötrü kitab nəşr etdirmək riskli işdir: kitab dərhal auditoriyanın diqqətini cəlb edə də bilər, sakitcə gözdən itə də.

Azadliq.org
Yuxarı