Əkrəm Əylislinin yeni povesti - Metro vaqonunda gün işığı (II)

Литература



Yazıçı Əkrəm Əylislinin “Metro vaqonunda gün işığı” povestininin davamını təqdim edirik.

8

Günəşin dünyadolusu gur işığında kəndin qəbiristanlığı da elə bil bayram libası geymişdi. Atamoğlan bu qəbiristanlığı heç vaxt belə görməmişdi. Biri-birindən uca başdaşları, biri-birindən bəzəkli məzar üzlükləri. Sanki o dünyaya gedənlərin hansının daha diri olduğunu sübuta yetirmək üçün qəbir sahibləri öz aralarında gizli yarışa başlamışdılar. Ancaq onların heç biri Nağdalının atasına qoyduğu məzar abidəsini üstələyə bilməmişdi.

Hacı Əmraha qara mərmərdən minbər şəkilində yonulmuş başdaşının hündürlüyü 3 metrdən az deyildi.  Məzarın üstünün örtüyü ağ mərmərdən idi. Məzar – naxışlı bişmiş kərpicdən hörülmüş alçaq hasara alınmışdı.

Atamoğlan Hacı Əmrahın qəbrinin yanında ayaq saxladı. Qəbiristanlıqda ins-cins gözə dəymirdi. Qəbiristanlığın lap yaxınlığındakı evinin iki həyət qapısının biri birbaşa qəbiristanlığa açılan Bəbə Bəhlul qapının qabağında oturub siqaret çəkirdi. Bəhlulun 70-dən çox yaşı, yay-qış əynindən çıxarmadığı sırıqlı boz kürkü, əprimiş, rəngi solmuş qara börkü vardı. Ağılda, xasiyyətdə 5 yaşlı uşaqdan bir o qədər də fərqlənmirdi. Buna görə də adını «Bəbə Bəhlul» qoymuşdur. Və camaatın yekdil rəyinə görə, Bəhlulun ağıldan səy olmağının səbəbi evinin qəbiristanlığa çox yaxın olmağıydı.

– Ə, salam, kimsən orda?
– Mənəm də, Bəhlul dayı, tanımadın?
– Tanıdım, niyə tanımıram. Atamoğlansan – Həsən müəllimin bacoğlusu. Rubanın, Mənsurənin yanına gəlmisən. O qəbirlər o yandadı, lap o başda. İstəyirsən, gəlim göstərim.
– Gəlmə, özüm taparam.
– Qoy gəlim göstərim də, sənnən pul istəmirəm ki.
– İstəsən, pul verrəm sənə. Gəlməyin lazım deyil.
– Neçə verəcəksən?
– Sən neçə istəyirsən?
– Üç bəsimdi.
– Beş versəm, götürməyəcəksən?
– Yox, beş çox olar.
– Onda on manatın məndə.

Qəbiristanlığın lap qurtaracağında anası ilə bacısı yan-yana dəfn olunmuşdu. Oradan üzüaşağı su dəyməyən, ot bitməyən düz-düzəngah göz işlədikcə uzanıb gedirdi. Qəbiristanlıqdan aralanıb, genişliyi günəşin işığında göz oxşayan o düzün-düzəngahın ortasında – adına «Kəkotu dağı» deyilən yastı təpəni və o təpənin ətəyində qoyun otaran adamı görəndə Atamoğlanı durduğu yerdəcə sanki tok vurdu, qara basdı. O adam, söz yox ki, Şəmiydi. Bəs onu uzaqdan-uzağa görən Atamoğlanı bu qədər qorxuya salan nəydi, görəsən!..

Atamoğlan Şəmsəddini yaxından görmək istəyirdimi? Bu görüş Atamoğlana doğrudanmı lazım idi? Bunu özü üçün həll eləmək ondan ötrü yaman çətin olmuşdu. Və bu vəziyyətdən çıxış yolunu Atamoğlan qayıdıb, Bəbə Bəhlula 10 manat pul verməkdə gördü.

O pulu verəndən sonra Atamoğlan ordanca evə getmək istəyirdi. Ancaq getmədi. Hansısa adsız bir ehtiyac onu evə getməyə qoymadı. Və o yastı təpənin yanına necə gedib-çıxmağından da Atamoğlanın sanki xəbəri olmadı.

Şəmi təpənin ətəyində, əlində iri bir daş, «döyüşə hazır» vəziyyətdə dayanmışdı. Arıqlığına arıq idi. Üzünün dərisi bürüşmüş, gözləri kiçilib çuxura düşmüşdü. Ancaq  Həsən müəllimin dediyi qədər də zəif və cansız deyildi.

– Dur orda, yaxın gəlmə. Gəlsən vuracağam, and olsun Allaha!

Atamoğlan yerindən tərpənmədən:

– Məni daşnan qorxutma, – dedi. – Mən sənnən dava eləməyə gəlməmişəm.
– Bə nəyə gəlmisən?
– Sənnən adam kimi söhbət eləmək istəyirəm.

Şəmi Atamoğlanı başından ayağınacan diqqətlə süzə-süzə, bir xeyli fikirləşib, sonra əlindəki daşı yerə atdı.

– Bax, sənə bəri başdan deyirəm: mənə əl qaldırsan, özündən küs.

Dalaşmaq niyyətində olmadığını əyani şəkildə göstərmək üçün Atamoğlan yavaş-yavaş irəli yeriyib, Şəminin yanındakı bir hamar daşın üstündə oturdu.

– Yerin əladı. Qoyunları da, maşallah, yaxşı bəsləmisən.
– Doqquz heyvandı. Beşi dişidi, ikisi erkək. İki dənə də keçidi.
– Həmişə burda otarırsan?
– Yox, heyvanı həmişə bir yerdə otarmaq olmaz.
– Traktoru işlətmirsən?
– Yox, day işlətmirəm. Eşitdim, Məkkəyə getmisən. Allah niyyətini qəbul eləsin.
– Məkkəni boşla getsin. Mən ora niyyət tutub getməmişdim. – Atamoğlan hirsli-hirsli dedi. Söhbətin bu dərəcədə sakit keçməyi ona sərf eləmirdi.

Şəmi Atamoğlanın səsindəki aqressivliyi hiss elədi. Ancaq bunu üzə vurmaq istəmədi.

– Bə niyə getmişdin?
– Şeytana daş atmağa getmişdim. Amma atmadım. Gördüm ki, bəzi adamlardan şeytan yaxşıdır.
– Kimdi o adam? Əgər məni deyirsənsə düz demirsən. – Şəmi yazıq-yazıq dilləndi.
– Səni deyirəm də, bəs kimi deyirəm. Sən o vaxt bacımı niyə qaytardın?
- Sən olsan, qaytarmazdın?
- Xeyr, mən o boyda əclaflığı heç vaxt eləməzdim.
– Bəs sonra camaatın üzünə necə çıxardın?
– Camaatın bura nə dəxli var. Bəyəm camaat bilirdi ki, mənim bacım... – Atamoğlan sözünün dalını gətirə bilmədi.
– Hamı hər şeyi bilirdi.
– Hamı nəyi bilirdi? – Hədsiz heyrətlənmiş Atamoğlan qəfildən sıçrayıb yerindən qalxdı. – Sözündən belə çıxır ki, bacım doğrudan da... – Atamoğlan bu dəfə də sözünü bitirə bilmədi.

Davar təpənin həndəvərindən xeyli uzaqlaşmışdı. Şəmi bunu görüb, möhkəm əl-ayağa düşdü.

– Gör, heyvan hara gedib-çıxıb! Qoy gedim, qaytarım gəlim.
– Aradan çıxmaq istəyirsən?
– Aradan çıxıb hara gedəcəyəm. Kənddən ki, çıxa bilməyəcəyəm. Yeməyim də odu bax, ordadı. Termosda çayım da var. Götür tök, iç bir stəkan.

Atamoğlan iki qayanın arasındakı köhnə xurcunu görüb sakitləşdi.

– Yaxşı, get qaytar, heyvanı. Mən burda gözləyirəm.

Şəmi qoyunları qaytarıb qayıdanacan Atamoğlanın ovqatı bəlkə 10 dəfə dəyişdi. Hiss eləyirdi ki, Şəmidə söz var, ancaq demək istəmir. Görəsən, o nə söz idi?.. O sözün nə söz olduğunu anşıra bilməsə də, onun sehrli qorxusunu Atamoğlan ürəyinin bir yerində əvvəlcədən hiss eləyirdi.

Qoyunları qaytarıb qayıdan kimi Şəmi əlbəəl qayanın dalındakı xurcunu götürdü. Şəminin azuqəsi xurcundakı çörək dəsmalının içində, iki sulanmış lavaşın arasındaydı: bir qac pendir, iki soyulmuş yumurta, bir iri küftə; qırmızı baş soğan, çaşır və kəbər turşusu. Çay termosu yaxında, vağamlamış kəklikotu kollarının arasındaydı. Araq-zad gözə dəymirdi.

Araq şüşəsini Şəmi – suyu canına çəkib, nəmliyini həmişə özündə saxlayan – qum topasının arasından çıxartdı. Əlini şüşəyə çəkib:

– Görürsən də, buz kimidi, – dedi. – Mən bundan  50 qram içəcəyəm. İçməsəm, çörək boğazımdan keçməz.
– Nədi ki, tutovkadı?
– Odu. Lap əlasındandı – azı 70 dərəcə.

Atamoğlanın içmək üçün ürəyi əsirdi. Ancaq içmək istədiyini deməyi lazım bilmədi. Özünü tox tutmağı lazım bildi.

– Arağı özün çəkirsən?
– Yox, özüm çəkəmmirəm. Yeri var, gedib alıram.
– Litri neçəyədi tutovkanın?
– Altıya da verən var, yeddiyə də. Ancaq mənimki, necə deyərlər, barter üsuluynandı. İyirmi beş kilo tut qurusu verib, üç litr araq alıram. Həyətimdə 11 tut ağacı var.

Şəmi termosun qapağını çıxarıb araq süzdü. Və elə bil Atamoğlanı həvəsləndirmək üçün arağı xüsusi ləzzətlə içib, duzlu çaşırı ağzında şirin konfet kimi çeynədi.

– Bəlkə sən də 50 qram vurasan. Yoxsa olmaz sənə?
– Niyə olmaz?
– Axı Həccə getmisən.
– Mən ora içməyi tərgitmək üçün getməmişəm.
– Bax bu əsl kişi sözü oldu. İndinin hacıları araqdan vaz keçmir. Bir-ikisin özüm tanıyıram. – Şəmi termos qapağına araq süzüb, bic-bic gülümsədi. – Bəlkə birin vurasan?

Atamoğlan arağı birnəfəsə içdi, ancaq yeməyə əl uzatmadı. Şəmi küftənin yarısını lavaşa büküb, sevinə-sevinə Atamoğlanın qabağına qoydu. Və Atamoğlan o dürməyi götürüb yeyəndən sonra elə bil Şəminin çiynindən dağ götürüldü.

– Birin də?
– Yaxşı, tök gəlsin. İçmişik, içək axıracan.

Arağın ikinci dəfəsi də Atamoğlana ləzzət verdi. Ancaq üçüncüdən sonra Atamoğlanın əhvalı birdən-birə tamam dəyişdi. Heç özü də bilmədi ki, nədən dəyişdi, niyə dəyişdi. Atamoğlan öz aləmində birdən-birə bu qərara gəldi ki, onunla üzbəüz oturan adam onun dostu deyil, düşmənidir. Anasının qənimidir, bacısının qatilidir.

– Bayaq deyirdin ki, hamı hər şeyi bilirdi. İndi mənə de görüm, hamı nəyi bilirdi?
– Hamı onu bilirdi ki, taxsır məndə deyil.
– Bəs taxsır kimdəydi?
– Deyərəm, amma qorxuram ki, gedib kəndə car çəkəsən.
– Qorxma, heç kəsə demərəm.
– Ananın qəbrinə and içərsən?
– Anamı qatma bura. Sənə söz verirəm ki, heç kəsə demərəm.

Şəmi Atamoğlan üçün yenə araq süzdü.

– Bunu da iç, sonra deyəcəyəm.

Atamoğlan arağı içib, gözlərini Şəmiyə zillədi. Şəmi pendirlə çaşırdan bir yekə dürmək düzəldib Atamoğlanın qabağına qoydu.

– Götür, ye. Bir az özünə gəl.
– Məni dolamısan?
– Allah eləməsin! Səni ələ salmaq mənim harama yaraşır? – Şəmi Atamoğlanın dürməyi axıracan yeməyini  gözlədi. Sonra şüşənin dibində qalan arağı içib, çörək dəsmalını büküb dağarcığa qoydu. – Məsələ qəliz məsələdi, qardaşoğlu, – dedi. – Allah Hacı Əmraha lənət eləsin!
– Yəni demək istəyirsən ki, o işi Hacı Əmrah eləmişdi?
– Bəli, o eləmişdi. Əclaf uşaqbazmış da, elmi dildə – «fedapil». Oğlan uşaqlarının da başına pis iş gətirirmiş.
– Mənsurənin məsələsin kim demişdi sənə?
– O gecə Mənsurənin özü dedi.
– Bəs sən o vaxt bunu niyə heç kəsə deməmişdin?
– Niyə deməliydim, dəli-zad deyildim ki. Nağdalı, inan ki, nəslimi kəsərdi. Ev-eşiyimi yandırıb, külümü göyə sovurardı.
– Bəs indi niyə demirsən? İndi ki, Nağdalı rayonun ağası deyil.
– Mən bunu indi kimə deməliyəm? Onsuz da hamı bilir.
– Hamı deyəndə kimi nəzərdə tutursan?
– Elə hamını nəzərdə tuturam.
– Anam da bilirdi?
– Anan əvvəl bilmirdi. Sonra bildi.
– Bəs dayım?
– Dayın hamıdan yaxşı bilirdi.

Atamoğlanın əl-ayağı yerdən-göydən üzülmüşdü. Əgər imkanı olsaydı, bu saat od vurub bütün kəndi yandırardı.

– Demək, hamı hər şeyi bilir, heç kəs heç nəyi demək istəmir. Belə alçaq millət olar!
– Olar, niyə olmur. Hamı alçaqdı da, bəs sən indi bilirsən? – Şəmi termosun qapağına çay süzdü. – Al iç, sonra mən içərəm.
– Əvvəl özün iç. – İsti çayı qurtuldada-qurtuldada içən vaxtsız qocalmış Şəminin kiçilib çuxura düşmüş gözlərinin içində nə gördüsə, Atamoğlanı birdən-birə qəhər boğdu. Hönkürdü, elə hönkürdü ki, Şəmi gördüyünə inana bilmədi. – Axı o qız öldürür məni, Şəmi! Rahat yaşamağa qoymur!

Şəmi bilmədi nə desin. Ağır-ağır ayağa durub, yenə təpədən uzaqlaşmış qoyun-keçini qaytarmağa getdi.

9

Atamoğlan evə qayıdanda Həsən müəllim, başını aşağı salıb, limonun dibinin  torpağını maşa ilə eşələyirdi. Atamoğlanın həyətə girdiyini görsə də, işindən ayrılmadı.

– De görüm, limonun başqa ağaclardan fərqi nədir, ata?  – Başını qaldırıb Atamoğlanın üzünə baxmadan dedi.

Atamoğlan günahını bilirdi: dünən axşam verdiyi vədə əməl eləməmişdi – günorta yeməyini dayısıgildə yeməyə getməmişdi. Həsən müəllimin söhbəti limondan başlamağından bildi ki, dayısı incikliyini üzə vurmaq istəmir, onu bütün vasitələrlə Atamoğlandan gizlətməyə çalışır.

– Limonun başqa ağaclardan fərqi budu ki, qız kimi nazlanmağı var. Bu nazənin insandan daima nəvaziş, etibar, sədaqət gözləyir. Bu ağaca bildir yaxşı baxammadım, 3-4 çiçək açdı, onu da üstündə saxlamadı. Bu il, görürsən, 11 dənə əla limon gətirib. Dər bir-bir, sal çayına. Buranın limonuna limon çatmaz. Deyirlər, Bakıda bunun birin 10 manata satırlar. ­– Həsən müəllim yanındakı vedrədən limonun dibinə su tökəndən sonra, nəhayət, başını qaldırıb, Atamoğlanın üzünə baxdı.
– Gedib Şəmini görməkdə düz iş görmüsən. Qoy camaat bilsin ki, bizim heç kəsinən ədavətimiz yoxdu. Ancaq bu işi gizli görməyin xoşuma gəlmədi. Daycanın da bərk narahat olmuşdu.
– Şəmini görməyimi bəs sən hardan bildin?
– Ora gedəndə Bəhlul görmüşdü səni. Mən evdə olmayanda gəlib daycanına xəbər verib ki, Atamoğlan qapımın qabağında mənə 10 manat pul verdi. Ordan da Kəkotu dağına Şəmini öldürməyə getdi. Mən yaxşı bilirdim ki, sən Şəmiyə heç vaxt əl qaldırmarsan. İndi arxayın oldum ki, aranızda belə şey olmayıb. Hələ Şəmiynən oturub, araq da vurmusan, deyəsən.
– Araq içməyimi nədən bildin?
– Gözlərindən, ata, gözlərin özününkü deyil.
– Heç, dayı, özüm də özüm deyiləm. – Atamoğlan kədərli səslə dedi və özü üçün bir daha yəqin elədi ki, Hacı Əmrahın barəsində dayısına heç vaxt heç nə deməyəcək.
– Şəmidən ağıllı söz çıxmaz. Yəqin ki, kolxozda traktorçu işləyəndə kolxoz sədri Kamandarın onun «Lenin» ordeni almağına necə pəl vurmağını sənə də duzlaya-duzlaya danışıb.

Atamoğlan yəqin elədi ki, dayısını narahat eləyən məhz Hacı Əmrah məsələsidir, Həsən müəllim onunla Şəminin arasında belə bir söz-söhbətin olub-olmadığını bilmək istəyir.

– Yox, kolxoz barəsində bir şey demədi. Arağı «barter» üsulu ilə almağından danışdı. Dedi ki, qoyun-keçi saxlamaq hər şeydən sərfəlidir – həm südün-qatığın olur, həm də bütün günü təmiz havada nəfəs alırsan. Adam araq içəndə adətən çox danışır. Ancaq Şəmidə bu xasiyyət yoxdu, deyəsən. Ağzından bir saata bir söz çıxır.

Həsən müəllimin ürəyi yerinə gəldi.

– Xörəyin qaz pilətəsinin üstündədi. Əvəlikli əriştə aşıdır.  Daycanın sənin üçün bişirib. Kərə yağı əridib bankaya tökdüm. Qalıb xarab olmasın. Daycanın özü gəlib burda hər işi görərdi. Gələmmir. Ayaqları tutulub bir aydan çoxdur. Ev-eşikdə birtəhər sürünür. Mən gedim, işim çoxdu. Sən də xörəyini isit ye. Yorğunsan, dincəl bir az.

Həsən müəllim gedəndən sonra dünyada bir amansız boşluq qaldı. O boşluqda Atamoğlanın nə yeməyi, nə yatıb dincəlməyi, nə yaşamağı, nə də ölməyi gəlirdi.

10

Ertəsi gün Atamoğlan səhərdən axşamacan evdən bayıra çıxmadı. Kənd onu az vaxtda bəs deyincə bezdirmişdi. Ancaq, nədənsə, Bakıya getməyi də gəlmirdi. O qədər darıxmışdı ki, axşamüstü həyətdə Şəminin səsini eşidəndə uşaq kimi sevindi.

– Erkəyin birin kəsdim, gedək yaxşı-yaxşı oturaq. – Şəmi qapının qabağından təntənəli şəkildə bəyan elədi.
– Orda bizdən başqa da adam olacaq?
– Yox, elə ikimiz oturacayıq.
– Onda gedək. Bu gün ölüncə vurmağım gəlir, Şəmi!

Şəminin arvadı Sona Atamoğlanı hədsiz mehribanlıqla qarşıladı.

– Gör bizə kim gəlib, ay Allah! – dedi. Qollarını açıb sevinə-sevinə Atamoğlanın üstünə yeridi. O üzündən, bu üzündən marçmarç öpdü. – Sən gələn yollara qurban olum!

Atamoğlanı əziz qonaq kimi qarşılamaq üçün Şəminin arvadı əlindən gələn hər şeyi eləmişdi. Həyətin qabağı tərtəmiz sulanıb-süpürülmüşdü. Yuxarı başda stol qoyulmuşdu, süfrə açılmışdı. Stoldan aralıdakı tut ağacının budağından 500-lük iri lampa asılmışdı. Və o lampanın işığı düşən hər yerdə və hər şeydə qadın əlinin səliqəsi görünürdü.

Bir-iki saat lampa işığında yeyib-içdilər. Sonra ay çıxdı, aləmi süd rənginə boyadı.

Şəminin arvadı çay gətirəndə artıq gecə yarıdan keçmişdi. Əvvəl göyün ətəyində görünən ay indi göyün tən ortasında dayanmışdı. Və o ayın sehrli baxışında nəsə görmüş Atamoğlanın ürəyi birdən-birə yaralı quş kimi çırpındı:

– Mən bu gecə o alçağın qəbrini dağıtmalıyam! – Gözlərini göy üzündən ayırmadan dedi: sanki bu sözləri Atamoğlan Şəmiyə yox, göydəki aya deyirdi.

Arvadının yaxında olmadığını bilsə də, Şəmi gözlərini gəzdirib, qorxa-qorxa yan-yörəsinə baxdı.

– Bu gecə qoy dursun hələ. Sabah gecə dağıdarsan.
– Mən sabah Bakıya gedirəm.
– Nə tez?
– Bakıda işim çoxdu. Səndə lom olar yəqin.
– Var. Lom da var, qazma da var. Tutaq ki, getdin sökdün qəbiri, bəs sonra nə olacaq?
– Bu gecə o murdarın sümüklərin çaqqallar gəmirəcək! Mən onun kəlləsinə üç dəfə tüpürməsəm, Bakıya gedəmmərəm!
– Bu iş tək adamın işi deyil. Hacı Əmrahın qəbri Leninin mavzaleyindən möhkəmdir. Ağlın o biri qəbirlərə getməsin.
– Dağıdacağam! O minbər-başdaşını da uçurub yerlə yeksan eləyəcəyəm. Get, lomu, qazmanı gətir.
– Bəlkə oturaq bir az. Əl-ayaq kəsilsin sonra gedərik.
– Yəni, demək istəyirsən ki, ora sən də gedirsən?
– Gedirəm. Getməsəm olmaz.  O murdarın kəlləsinə mən də tüpürmək istəyirəm.

Onlar həyətdən çıxmaqda ikən Şəminin arvadı cəld özünü yetirdi.

– İçəridə televizora baxırdım – dedi. – Bu vaxtlar türk kinosu göstərirlər. Bəs sən hara, gecənin bu vaxtı? – Şəmidən soruşdu.
– Bunun nəyi gecədi? Görmürsən, ay işığı adamın ağzına girir.
– O lomu, qazmanı hara aparırsan?
– Atamoğlana lazımdı. Sabah həyətdə iş görəcək. – Şəminin birdən yadına düşdü ki, orda bel də lazım olacaq. Beli gətirməyə getdi.

Ürəyi türk serialının yanında qalmış Sona ərinin qayıdıb gəlməyini gözləmədi.

– Sabah plov bişirəcəyəm, – dedi. – Axşam bizə gəl. – Və sürətlə uzaqlaşdı.

11

Qara mərmərdən yonulmuş minbərşəkilli baş daşını yerindən tərpətmək mümkün olmadı. Qəbirin üstündəki ağ mərməri lomla iki bölüb, itələyib yerə saldılar. Torpağı bellə kürüyüb atdılar. Və o torpağın altındakı iki sal daşın birini təzəcə yerindən tərpətmişdilər ki, Bəbə Bəhlul qəflətən peyda oldu.

– Ə, neynirsiz?! – Bəhlul vahiməli səslə soruşdu.
– Nağdalı dədəsinin qəbrində bir küp qızıl basdırıb. Onu çıxardırıq. – Şəmi dedi.
– O qızıldan mənə də bir şey düşəcək?
– Olsa, yarısı sənindi.
– Bəs olmasa?
– Olmasa, hamısı sənindi. – Bunu da Atamoğlan söylədi.

Salları götürəndən sonra ölünün nəşi göründü: kəlləsi o biri sümüklərindən xeyli aralıdaydı.

– Tfu, murdar oğlu murdar! Allah sənə lənət eləsin! – Şəmi Hacı Əmrahın qəbrinə tüpürüb dikəldi.

Atamoğlan əyilib kəlləni götürdü:

– Tfu sənin zatbazatına, Hacı Əmrah – gedib Məkkədə şeytana daş atan Yekə Şeytan!
– Bəs o Nağdalının qızılı nə oldu? Tapılmadı? – Qızıldan ümidi üzülmüş Bəhlul ölüvay səslə dedi.
– Görmürsən, aparıb da qızılı. Aparıb Qıl Körpüsünün böyüyünə rüşvət verib, cəhənnəmdən canın qurtarıb. – Bunu Şəmi, əsnəyə-əsnəyə, Bəhlula deyib, üzünü Atamoğlana tutdu. – O zibili at yerinə, çıxaq gedək. Yaman yuxum gəlir.
– Atım deyirsən? Xeyr, atmayacağam.
– Bəs neynəyəcəksən?
– Aparıb Bakıda muzeyə qoyacağam.
– Ə, Bəhlul bu nə danışır?
– Düz danışmır! – Bəhlul qətiyyətlə bəyan elədi. – Arağı o qədər içib ki, heç bilmir nə danışır. O kəllə muzeylik kəllə deyil. Tutaq ki, alıb qoydular muzeyə, baxanlar hardan biləcək ki, o kəllə Hacı Əmrahın kəlləsidir?
– Yaxşı, Bəhlul dayı, qoy sən deyən olsun! – Atamoğlan kəlləni var gücü ilə Bəhlulun qapısına tərəf tulazladı. Kəllənin hara düşdüyü bilinmədi. – Getdik, dedi, Şəmi, getdik! Bu gecəni bərk yatacağam, elə bərk yatacağam ki!..

Atamoğlan evə çatan kimi yatağa uzandı. Ancaq bir dəqiqə də yata bilmədi. Sübh-tezdən yerindən qalxıb – bəlkə 50 ildən bəri heç kəsin gedib-gəlmədiyi – dərəli-təpəli piyada yolu ilə rayon mərkəzinə üz qoydu.

Atamoğlanı, hələ gün çıxmamış, 2 nəfər polis serjantı çayxanada yaxaladı.

Gün çıxandan az sonra rayon mərkəzindən – paqonlu-paqonsuz – xeyli adam kəndə tökülüşdü. Qəbiri müayinə elədilər. Bəhlulu evində danışdırdılar. Şəmini çöldən tutub gətirib, kəndin icra nümayəndəsinin kabinetində 2 saatdan çox sorğu-suala çəkdilər. Günortaya yaxın məlum oldu ki, Hacı Əmrahın kəlləsi yoxa çıxıb. Vəziyyət bir az da gərginləşdi.

İşdən xəbər tutan Həsən müəllim, evində oturub günortayacan gözlədi ki, bəlkə ondan da nəsə soruşan olacaq. Ancaq Həsən müəllimdən heç kəs heç nə soruşmadı.

Həsən müəllimin bacanağı rayon prokurorluğunda çoxdan müstəntiq işləyirdi. Özlərinin elə bir yaxınlığı olmasa da, arvadları telefonda hər gün danışırdı. Və Həsən müəllim, uzun tərəddüddən sonra, müstəntiq bacanağına zəng eləmək qərarına gəldi.

– Rübabənin oğlunu, – dedi, – tutub polisə aparıblar. Taxsırı ağırdı, bilirəm. Sən bilən bu işin axırı necə olacaq?
– Vandalizm maddəsiynən həbs müddəti azı 3 ildir. İşin onun üçün müəyyən qədər sərfəli tərəfi budu ki, cinayət törədəndə bərk kefli olub, ağlı başında olmayıb. Bunu şahid qismində dindirilənlərin hamısı təsdiq eləyir.
– İstəyirəm, gəlim görüm uşağı.
– Gəlməyinə, mən bilən, ehtiyac yoxdur. Qorxma, incidib-eləməzlər. İndi jurnalistlərdən hamı ehtiyat eləyir.

Gecəni səhərəcən yata bilməyən Həsən müəllim ertəsi gün telefonda bacanağının səsini eşidəndə elə bil öldüyü yerdə təzədən dirildi.

– Bacoğlunu bu gün buraxacayıq. Tapşırıq Bakıdan gəlib. Bir-iki formal iş var: yazı-pozu işi. Özün gəl, yola sal getsin, getməyi məsləhətdi. Ancaq əvvəl mütləq dəy mənə. Oturaq kabinetdə, çay içək, dərdləşək bir az.

12

Həsən müəllim, əlində müşəmbə sumka, polis idarəsindən bir az aralıda, yolun qırağında dayanıb, Atamoğlanın gəlməyini gözləyirdi. Əl tutub görüşəndən sonra, maşın yolunun qırağı ilə, bir müddət dinməz-söyləməz yol getdilər.

Söhbəti Atamoğlan başladı:

– Bağışla, dayı, özüm bilirəm ki, düz iş görməmişəm.
– Desəm ki, düz iş görmüsən, yalan deyərəm. Ancaq düz iş görməmisən deməyə də dilim gəlmir. Şükür, min şükür, ata, hələ ki, yaxşı qurtarmışıq.
– Sən o məsələni mənə indiyəcən niyə demirdin, dayı?
– Mən o məsələni biləndə hələ sənin ağlın kəsmirdi. Böyüdün, qorxdum deməyə. İndi bildim ki, nahaq yerə qorxmamışam.
– Anam da hər şeyi məndən gizlədirdi. Mən o vaxt Məkkədən qayıdanda gördün də nə hoqqalar çıxartdı. Onun o hoqqaları çıxarmağının səbəbi mənə dünən o Kəkotu dağında məlum oldu. Bildim ki, o əclaf Hacı Əmrahın məsələsini eşidib-biləndən sonra yazıq anam o Məkkəyə də, ora gedən adamlara da ürəyində illər boyu gizlicə nifrət eləyirmiş.
– Ruba səni çox istəyirdi, ata. Dünyadan gedəndə də adın dilində getdi.

Yolun qırağındakı çayxanaya çatanacan heç biri heç nə demədi. Çayxananın yanında Həsən müəllim sükutu pozdu.

– Oturaq, çay içək, – dedi. Və rayonun o məşhur çayxanasının sakit bir yerində, böyük çinar ağacının kölgəsində yer tapıb oturandan sonra çörək dəsmalına bükülmüş azuqəni sumkadan çıxarıb, stolun üstünə qoydu. – Görək daycanın sənə nə göndərib?

Dəsmalın içindəki nanəli küküydü, yarpaq dolmasıydı, toyuq çıxırtmasıydı. Hərəsindən bir tikə iştahla yedilər. Yeməyin qalınını qaytarıb sumkaya qoyandan sonra Həsən müəllim kənddən daha nə gətirdiyini Atamoğlana deməyi lazım bildi: – Doşabdı. Təzə pendirdi, qoz-fındıq ləpəsidi. Bir də limondu – 11 dənə. Öz ağacından dərmişəm. – Bir müddət ürəyində nəyisə götür-qoy elədi. – Hə, nəyi deyəcəkdim?.. Daycanının bacısının əri burda müstəntiqdi. Rayonun hər işin bilir. Belə məsləhət görür ki, sən bir müddət kənddə görünməyəsən.

– Görünmərəm! – Atamoğlan səsindəki qəhəri gizlədə bilmədi.

Həsən müəllim dərindən ah çəkdi:

– Haqqın üstün açanlara mükafat verilmir, ata, cəza verilir. Bu dünya xəlq olandan həmişə belə olub
– Günah özümüzdədi, dayı. Ona görə ki, yalançı avtoritetlərə inanmaqdan əl çəkə bilmirik. Şüurumuzu, beynimizi onların ixtiyarına vermişik. Ancaq tək-tük adamlar görür ki, bizim avtoritet saydıqlarımızın bir çoxunun içində bir saqqallı-əmmaməli Şeyx Nəsrullah oturub. Biz bu Şeyx Nəsrullahların hamısından qorxuruq, dayı. Ona görə də bu adamlar ölkənin hər yerində meydan sulayır.

Atamoğlana diqqətlə qulaq asan Həsən müəllimin gözgörə gözləri işıqlandı.

– Bu sözündən çox xoşum gəldi, ata. Az vaxtda çox dəyişmisən, ağıllı kişi olmusan. Ancaq indicə hiss elədim ki, bundan sonra sənin üçün daha çox narahat olacağam. De görüm, o muzey məsələsi hardan ağlına gəlmişdi?
– Bunu da söz eləyiblər? Yəqin Bəhlul kişi dilin dinc qoymayıb.
– Düz tapmısan, Bəhlul silisçilərə danışıb. Amma, nə bilmək olar, bəlkə Şəmidən də bir-iki söz çəkiblər.
– Yox, Şəmidən çıxan iş deyil. Şəmini də tutacaqdılar, onu mən ələ vermədim. Dedim ki, yanımda olmağına yanımda olub. Ancaq o işə əl qatmayıb.
– Düz eləmisən. Sənə baxma, onu tutsaydılar, buraxmazdılar. De görüm, kimdi o Natəvan xanım?

Atamoğlan dərhal başa düşdü ki, onu türmədən kim buraxdırıb:

– Mənim müdirimdi, – dedi. – Nə əcəb soruşursan?
– İşin qəlizləşməyinə o xanım imkan verməyib. Bizim o müstəntiq qohum deyirdi. Bu gün olmasa da, sabah gedib o Natəvan xanıma mütləq təşəkkür eləyərsən. Hələ evlənmirsən?
– Evim olsa, evlənərəm.
– Bəs o jurnalistlər üçün tikilən evlərdə sənə niyə ev vermirlər?
– Versələr etiraz eləmərəm.

Həsən müəllim «ya Allah», deyib, yerindən qalxdı:

– Vaxtdı, gedək yavaş-yavaş. Avtobus 10-15 dəqiqədən sonra yola düşür. Bilet almışam sənə. Bir-iki aydan sonra mütləq kəndə gəl, ata. Yolunu gözləyəcəyəm.

Atamoğlan susdu.

Ürəyindən gələn sözü dilinin ucundan geri qaytardı.

Və avtobusa minib yerində oturandan sonra Atamoğlan dayısına demədiyi o sözü xəlvətcə öz-özünə dedi:

 – Mən o kəndə bir də gəlmərəm, dayı...

2018

Kultura.az | Developed by Samir Yahyazade